Faqat Litresda o'qing

Kitobni fayl sifatida yuklab bo'lmaydi, lekin bizning ilovamizda yoki veb-saytda onlayn o'qilishi mumkin.

Kitobni o'qish: «Seçilmiş əsərləri», sahifa 3

Shrift:

– Yaxşı, bəsdir, ürəyimi üzməyin! – Nastenka gözünün yaşını sildi – İndi hər şey mənə aydındır. Biz indi həmişə bir yerdə olacağıq; başıma nə hadisə gəlsə də, sizdən ayrılmayacağam. Qulaq asın, mən sadə bir qızam, nənəmin mənim üçün müəllim tutmasına baxmayaraq, az oxumuşam, lakin mən sizi başa düşürəm, çünki söylədiklərinizin çoxu ilə mən də tanışam, nənəm mənim paltarımı öz paltarına sancaqladığı gündən mən də əzab çəkirəm. Əlbəttə, mən heç bir zaman öz həyatımı sizin kimi gözəl danışa bilmərəm, mən oxumamışam – Nastenka bu sözləri utana-utana təkrar etdi; görünür, mənim coşğun bir ilham və gözəl ifadə ilə danışdığım sözlərin təsirindən hələ də özünə gəlməmişdi. – Ancaq siz öz həyatınız haqqında belə açıq danışdığınıza görə mən çox şadam. İndi mən sizi tanıyıram, tamamilə tanıyıram. Bilirsinizmi nə var? Mən də öz həyatımı sizə danışmaq istəyirəm, heç bir şey gizlətməyəcəyəm, çünki mənə məsləhət və kömək lazımdır. Siz çox ağıllı adamsınız, mənə öz məsləhətinizlə kömək edəcəyinizə söz verirsinizmi?

– Ah, Nastenka, – dedim, – hərçənd mən ömrümdə məsləhətçi, həm də ağıllı məsləhətçi olmamışam, amma indi hiss eləyirəm ki, əgər biz gələcəkdə də belə yaşamalı olsaq, çox ağıllı iş görərik və bir-birimizə öz ağıllı məsləhətimizlə tez-tez kömək eləyərik; yaxşı, mənim mehriban Nastenkam, deyin görüm sizə necə məsləhət lazımdır? Açıq deyin, indi mən elə şən, elə xoşbəxt, cürətli və ağıllıyam ki, söz üçün məəttəl qalmaram.

– Yox, yox! – deyə Nastenka gülə-gülə sözümü kəsdi. – Mənim istədiyim təkcə ağıllı məsləhət deyil, mənə qardaşlıq məsləhəti, dost köməyi gərəkdir; elə təsəvvürünüzə gətirin ki, siz bir qardaş kimi yüz ildir məni sevirsiniz. Mən sevinclə çığırdım:

– Razıyam, Nastenka, hər şeyə razıyam. Əgər mən sizi iyirmi illik bir məhəbbətlə sevsəydim belə, bu sevgi indi, qəlbimdə odlanan məhəbbətdən artıq olmayacaqdı!

Nastenka dedi:

– Əlinizi mənə verin!

– Budur, bu da mənim əlim! – əlimi ona verdim.

– Deməli, indi də mən öz sərgüzəştimə başlayıram.

NASTENKANIN SƏRGÜZƏŞTİ

Bu sərgüzəştin yarısını artıq siz bilirsiniz, yəni bilirsiniz ki, mənim qoca bir nənəm var…

– Əgər söhbətinizin ikinci yarısı da belə qısadırsa… – deyə mən gülərək onun sözünü kəsdim.

– Susun və qulaq asın. Qabaqcadan şərtim var: sözümü kəsməyin, yoxsa özümü itirib çaşaram. Hə, sakit əyləşin, diqqətlə qulaq asın.

Mənim qoca bir nənəm var. Lap balaca olanda atam-anam ölüb, o vaxtdan nənəmin yanındayam. Görünür ki, nənəm keçmişdə dövlətli olub, çünki o, keçmiş və yaxşı günlərini tez-tez xatırlayır. Mənə fransız dilini nənəm öyrədib, sonralar mənim üçün bir müəllim də tutmuşdu. Mən on beş yaşına çatanda (indi on yeddi yaşım var) oxumağı qurtardım. Elə bu vaxtlar mən bir dəcəllik elədim, ancaq nə elədiyimi sizə danışmayacağam; hər halda günahım çox da böyük deyildi. Amma bir səhər nənəm məni yanına çağırdı və dedi ki, kor olduğu üçün məndən muğayat ola bilməyəcək. Bu sözlərdən sonra bir sancaq götürüb, paltarımı paltarına sancaqladı və» dedi ki, əgər mən özümü yaxşı aparmasam, bütün ömrümü onun yanında beləcə əyləşib qalacağam. Xülasə, əvvəl günlər doğrudan da onun yanından tərpənmək qeyri-mümkün idi; elə bu vəziyyətdə həm işləyir, həm oxuyur, həm də yazırdım. Mən bir dəfə nənəmi aldatmaq fikrinə düşdüm və Fyoklaya yalvarıb, onu öz əvəzimə nənəmin yanında əyləşdirdim. Fyokla bizim qulluqçumuzdur, özü də kardır. O mənim yerimdə oturdu; bir azdan nənəm əyləşdiyi yumşaq kürsüdə yatdı, mən isə yaxınlıqda yaşayan rəfiqəmin yanına getdim. Nəticəsi çox pis oldu. Nənəm məndən sonra oyanıb nə isə soruşur, elə bilir ki, mən öz yerimdə sakit əyləşmişəm. Fyokla, nənəmin ondan nə isə soruşduğunu görürsə də, eşitmir, fikirləşir ki, nə eləsin, axırda sancağı açıb qaçmağa üz qoyur…

Bu yerdə Nastenka dayanıb qəhqəhə ilə gülməyə başladı. Mən də ona qoşuldum. Nastenka o saat gülməyini kəsdi. .

– Siz mənim nənəmə çox da gülməyin. Ancaq mən gülə bilərəm.. Nə eləyim, nənəm hərdən elə gülməli işlər görür ki, özümü saxlaya bilmirəm, hər halda mən onu bir az sevirəm. Hə, bu hərəkətim mənə çox baha oturdu. Dərhal məni yenə öz yerimdə əyləşdirdilər və bundan sonra heç bir yana tərpənə bilmədim.

Mən bir məsələni sizə danışmağı unutmuşam; bizim, yəni nənəmin öz evi, üç pəncərəli balaca bir evi var, bu, taxtadan tikilmiş, nənəmin özü kimi çox qoca, köhnə bir evdir; bu evin üstündə yarımmərtəbə var, bir gün həmin otağa təzə bir kirayənişin köçdü…

Mən özümü saxlaya bilməyib, yenə Nastenkanın sözünü kəsdim:

– Deməli, bundan qabaq da kirayənişin varmış?

– Bəli, vardı, – deyə Nastenka cavab verdi, – özü də susmağı sizdən yaxşı bacarırdı. Doğrusu dili ağzında güclə fırlanırdı. Sümükləri çıxmış, lal, kor və axsaq bir qoca idi. Nəhayət elə hala düşdü ki, yaşamağa ümidi qalmadı və öldü; bizə isə mütləq bir kirayənişin lazım idi, onsuz yaşaya bilməzdik: biz nənəmin aldığı təqaüd və kirayə pulu ilə dolanırdıq, bütün gəlirimiz ancaq bundan ibarət idi. Tərs kimi, təzə kirayənişin gənc idi, buralı deyildi, ayrı yerdən gəlmişdi. O, başqaları kimi qiymət barəsində uzunçuluq eləmədi, nənəm otağı ona verdi, sonra məni çağırıb soruşdu: «hə, Nastenka, təzə kirayənişin qocadır, yoxsa cavan?» Mən yalan danışmaq istəmədim. «Nənə, – dedim, – demək olmaz ki, çox cavandır, hər halda qoca deyil». «Üzdən necədir? Yəqin ki, yaraşıqlıdır, hə?» – deyə nənəm soruşdu. Mən yenə yalan danışmaq istəmədim. «Bəli, ay nənə, – dedim, – yaraşıqlıdır!» Nənəm isə bunun cavabında dedi: «Vay, vay! Heç yaxşı olmadı. Qızım, bunu ona görə deyirəm ki, sən bu adama çox baxmayasan. Eh, qəribə zəmanədir! Miskin bir kirayənişin, özü də yaraşıqlı! Ah, keçən günlər, keçən günlər!»

Nənəm yenə hər şeyi keçmişlə bağlayırdı! Onun sözlərindən belə çıxırdı ki, əsl cavanlıq keçmişdə olub, günəş keçmişdə indikindən yaxşı qızdırardı, hətta qaymaq da keçmişdə belə tez turşumazdı, – xülasə, nənəm keçmiş haqqında danışmaqdan yorulmurdu. Oturub susuram. Düşünürəm ki, nənəm məndən kirayənişinin gözəl, cavan olduğunu soruşanda, deməli, özü də bilmədən mənə yol göstərir… Lakin mən bu fikri çox tez yaddan çıxardım, yenə də nənəmin yanında əyləşib, ilmə saymağa, corab toxumağa başladım.

Bir gün təzə kirayənişin bizə gəldi və soruşdu ki, onun otağının divarlarına nə vaxt kağız çəkəcəklər. Nənəm deyəsən bu barədə ona söz vermişdi. Söz-sözü çəkdi, söhbət uzandı, nənəm çoxdanışan idi, nəhayət mənə dedi: «Nastenka, get mənim yataq otağımdan sayğacı gətir». Mən tez ayağa qalxdım, özüm də səbəbini bilmədən qızardım və sancaqlanmış halda əyləşdiyimi, ayağa durmamışdan əvvəl, kirayənişin görməsin deyə, sancağı yavaşca açmağı unutmuşdum, – qəflətən elə dartındım ki, nənəmin yumşaq kürsüsü də ardımca süründü. Mən kirayənişinin bu hadisəni görməsindən pərt olub lap qızardım, yerimdə donub qaldım, birdən ağlamağa başladım, o dəqiqədə özümü elə yazıq, elə köməksiz hiss elədim ki, dünya gözlərimdə qaraldı. Nənəm çığırdı: «Niyə dayanmısan?» Mən daha da bərkdən ağlamağa başladım… Kirayənişin məni belə görəndə dərhal xudahafizləşib getdi.

O vaxtdan dəhlizdə bir ayaq tappıltısı eşidən kimi özümü lap itirirdim. Elə bilirdim ki, gələn kirayənişindir, ehmalca sancağı açırdım. Lakin o görünmürdü, daha gəlmirdi. İki həftə keçdi; bir gün kirayənişin Fyokla ilə xəbər göndərdi ki, onun fransız dilində çoxlu kitabı var, hamısı da yaxşı kitabdır, oxumaq olar, nənəm darıxmasın deyə, mən bu kitabları ona oxuya bilərəm. Nənəm öz təşəkkürünü bildirib razı oldu, amma onu da soruşdu ki, kitablar əxlaqidir, ya yox? Əgər qeyri-əxlaqidirsə, Nastenka, sənə oxumaq yaramaz, pis şeylər öyrənərsən.

– Axı, nə öyrənərəm, ay nənə? O kitablarda nə yazılıb ki?

– Hə, o kitablarda gənc oğlanların tərbiyəli qızları necə yoldan çıxardıqları təsvir olunur. Onlar bu qızlara evlənəcəklərini yalandan deyib, yazıqları özlərilə aparırlar, sonra bu bədbəxtləri taleyin ümidinə tapşırıb qaçırlar, yazıq qızlar da beləcə, yaman bir halda məhv olub gedirlər. Mən belə kitabları çox oxumuşam, hamısı da elə gözəl yazılıb ki, gecə yuxusuz qalıb, səhərə qədər oxuyursan, əl çəkə bilmirsən. Sən belə kitabları, Nastenka, məbadə oxuyasan. Yaxşı, onun göndərdiyi kitablar necə kitabdır?

– Nənə, hamısı Valter Skottun romanlarıdır.

– Valter Skottun romanları! Burada bir kələk olmasın? Bax, gör, onların arasında sənə elani-eşq məktubu yoxdur ki?

– Yox, ay nənə, heç bir məktub yoxdur!

– Eh, sən kitabın cildinə bax, bu quldurlar bəzən belə məktubları cildin altında gizlədirlər.

– Yox, nənəcan, cildin altında da heç bir şey yoxdur.

– Hə, bu ayrı məsələ!

Bəli, biz o gündən Valter Skottun romanlarını oxumağa başladıq və bir ayın içində bu romanların demək olar ki, yarısını oxuyub qurtardıq. O isə elə hey kitab göndərirdi. Bunların arasında Puşkinin də kitabı vardı. Axırda elə oldu ki, mən daha kitabsız keçinə bilmirdim, bir az sonra Çin şahzadəsinə ərə getmək fikrini də tamam yadımdan çıxardım.

Belə bir vaxtda, nənəm məni bir dəfə hara isə qulluğa göndərəndə, pilləkənin üstündə kirayənişinlə üz-üzə gəldim. O dərhal dayandı, mən qızardım, o da qızardı; lakin bir az keçməmiş güldü, mənimlə salamlaşdı, nənəmin halını xəbər aldı. Sonra soruşdu: «hə, kitabları oxudunuz?» Mən cavab verdim: «Oxudum». O yenə də soruşdu: «Ən çox hansı kitab xoşunuza gəldi?» Mən də dedim: «İvanqoye»1, (V. Skottun “Ayvenqo” romanı) bir də Puşkin hamısından çox xoşuma gəldi». Söhbətimiz bununla da qurtardı.

Bir həftə sonra biz yenə pilləkəndə bir-birimizə rast gəldik. Bu dəfə nənəmin tapşırığı ilə yox, özüm nə üçün isə bayıra çıxmışdım. Gündüz saat üç idi, kirayənişin həmişə bu vaxtlar evə qayıdırdı. «Salam!» – deyə mənimlə salamlaşdı. Mən də ona cavab verdim: «Salam!» O mənimlə söhbət etməyə başladı.

– Bütün günü nənənizlə bir yerdə oturmaqdan darıxmırsınızmı?

Elə ki, o məndən bunu soruşdu, bilmirəm nə üçün, amma bərk qızardım, utandım, incidim, yəqin ki, yad bir adamın mənimlə bu barədə söhbət etməsi məni karıxdırmışdı. Hətta cavab vermədən dönüb getmək istədim, ancaq yerimdən tərpənməyə qüvvəm qalmamışdı. O isə danışırdı:

– Bura baxın, siz xeyirxah qızsınız! Sizinlə belə danışdığıma görə məni bağışlayın, lakin inandırıram ki, mən sizə nənənizdən artıq yaxşılıq eləmək istəyirəm. Məgər sizin elə bir rəfiqəniz yoxdur ki, onun yanına qonaq gedəsiniz?

Cavab verdim ki, yoxdur. Bircə Maşenka idi, o da Pskova gedib.

– Mənimlə teatra getmək istəyirsinizmi? – deyə soruşdu.

– Teatra? Bəs nənəm necə olsun?

– Siz yavaşca nənənizin yanından…

– Yox, mən nənəmi aldatmaq istəmirəm. Sağ olun!

Yaxşı, sağ olun! – Kirayənişin bunu deyib, dinməzcə uzaqlaşdı.

Ancaq nahardan sonra, bizə gəldi; əyləşib nənəmlə xeyli ot elədi: «Nə üçün çıxıb gəzmirsiniz? Qohumlarınızdan, tanışlarınızdan bir kəsiniz yoxdurmu?» – deyə soruşdu və bir birdən dedi: «Mən bu gün operaya loja bileti almışam. Sevilya bərbəri»ni göstərəcəklər; tanışlarım var, onlar getmək istəyirdilər, sonra necə oldusa fikirlərini dəyişdilər, aldığım biletlər də məndə qaldı!»

– «Sevilya bərbəri»? – deyə nənəm sevinclə çığırdı. – Bu, keçmişdə göstərilən həmin «Bərbər»dir?

– Bəli, özüdür ki, var. – Kirayənişin bu sözləri deyib mənə baxdı. Mən artıq məsələni başa düşmüş, qıpqırmızı qızarmışdım, ürəyim səbirsizliklə çırpınırdı.

– Yadımdadır, – deyə nənəm dilləndi, – lap yaxşı yadımdadır. Keçmişdə evimizdə tamaşalar verərdik, mən özüm «Bərbər»də Rozinanı oynamışam! Kirayənişin dedi:

– Onda bu axşam tamaşaya getmək istəyirsinizmi? Yoxsa biletlərim batar.

– Hə, yaxşı olar, gedək, – deyə nənəm cavab verdi, – niyə getməyək? Nastenka üçün lap maraqlı olar. O, heç teatr görməyib.

Ya rəbbim! Mənim neçə sevindiyimi təsəvvürünüzə gətirin!

O saat yığışdıq, geyindik və teatra getdik. Nənəm kor da olsa, musiqini eşitmək istəyirdi, bir də, o, əslində mehriban arvaddır; özündən artıq məni düşünürdü, belə fürsəti əldən vermək olmazdı, özümüzə qalsa idi, heç bir zaman teatra gedə bilməyəcəkdik. «Sevilya bərbəri»ndən aldığım təəssüratı sizə danışmayacağam, ancaq tamaşa qurtarana qədər kirayənişinimiz gözlərini məndən çəkmədi; o mənə elə şəfqətlə baxır, mənimlə elə yaxşı danışırdı ki, birdən səhər onun mənə elədiyi təklif yadıma düşdü, bildim ki, mənim onunla təklikdə gəzməyə çıxmağımı nə üçün xahiş edirmiş. Nə isə, sevincimin hədd-hüdudu yox idi. Elə məğrur, elə şən idim, ürəyim elə döyünürdü ki, evə qayıdıb yatağıma uzananda vücudumda zəif bir üşütmə hiss elədim, bütün gecə «Sevilya bərbəri» fikrimdən çıxmadı.

Mən düşünürdüm ki, bu hadisədən sonra bizə tez-tez gələcək . Lakin belə olmadı. O bizə demək olar ki, heç gəlmirdi. Biz onun üzünü ayda bir dəfə görürdük. Bizi yalnız teatra aparmaq istədiyi zaman yanımıza gəlirdi. Biz sonra iki dəfə də teatra getdik. Amma mən belə görüşlərdən çox narazı idim. Görürdüm ki, o bunu ancaq mənə yazığı gəldiyindən edir, çünki mən nənəmin yanında əsir idim. Bəli, ancaq yazığı gəldiyindən, vəssalam! Elə darıxmağa başladım ki, nə bir yerdə əyləşə bilirdim, nə kitab oxuyurdum, nə də əlim işə yatırdı; bəzən gülürdüm və heç bir şeydən nənəmi əsəbiləşdirirdim, bəzən səbəbsiz yerə ağlayırdım. Nəhayət, mən elə arıqladım ki, xəstəhal oldum. Opera mövsümü keçdi, kirayənişinin ayağı bizim evdən tamam kəsildi. Görüşdüyümuz vaxtlarda isə, – məlum şeydir ki, yenə də pilləkən üstündə görüşürdük, – o, sakitcə mənə baş əyib keçirdi, özü də bunu elə ciddi eləyirdi ki, guya mənimlə heç danışmaq da istəmirdi, heç bir şey olmamış kimi, pilləkəndən düşüb gedirdi. Mən isə pilləkənin ortasında quruyub qalırdım, üzüm od tutub yanırdı, çünki hər dəfə onunla qarşılaşanda elə bil bütün bədənimin qanı başıma vururdu.

Hələ bu harasıdır? Dalına qulaq asın. Düz bir il bundan əvvəl, may ayında kirayənişin bizə gəldi və nənəmə dedi ki, burada işlərini görüb qurtardığından bir il müddətinə Moskvaya gedir. Mən bunu eşitcək kətan kimi ağardım, dizlərimin taqəti getdi, özümü saxlaya bilməyib, ölü kimi kürsünün üstünə yıxıldım. Nənəm heç nə hiss eləmədi. Kirayənişin isə tezliklə yola düşəcəyini bildirib, nəzakətlə baş əydi və getdi.

Mən nə edəydim? Fikirləşdim, fikirləşdim, əzab çəkdim, nəhayət, qəti qərara gəldim. O, sabah yola düşəcəkdi. Mən isə axşam nənəmi yuxuya verəndən sonra düşündüyüm kimi də eləyəcəkdim. Belə də oldu. Mən lazım olan paltarlarımı, camaşırımı bir yerə yığıb bağladım, qoltuğumda bağlama kirayənişinin otağına getdim. Halım özümdə deyildi. Mənə indi elə gəlir ki, pilləkəni bir saata ancaq qalxa bildim. Kirayənişinin otağının qapısını açdığım zaman o məni görüb heyrətdən çığırdı. Əvvəlcə elə bildi ki, onu qara basır, sonra mənim ayaq üstə güclə dayandığımı görüb, irəli atıldı və su verdi. Ürəyim elə döyünürdü ki, başım ağrıyırdı, heç bir şey fikirləşə bilmirdim. Nəhayət, huşumu itirdim. Ayılanda isə heç bir söz demədən bağlamanı onun yatağının üstünə qoydum, özüm də oradaca oturdum, sonra üzümü əllərimlə örtdüm və hönkürtü ilə ağlamağa başladım. O, gərək ki, hər şeyi başa düşmüşdü, üzü ağarmışdı, qarşımda hərəkətsiz durub mənə elə qüssəli baxırdı ki, ürəyim parçalanırdı.

– Qulaq asın, – deyə o, nəhayət, sözə başladı, – qulaq asın. Nastenka! Mən indi sizin üçün heç bir şey eləyə bilmərəm„ mən yoxsul bir adamam; hələlik heç bir şeyim, hətta yaşamaqdan ötrü layiqli bir yerim belə yoxdur. Axı, mən sizə bu halda evlənsəm, həyatımız necə olar? .

Biz çox danışdıq, axırda mən qəzəblənib dedim ki, artıq nənəmin yanında yaşaya bilməyəcəyəm, qaçacağam, nənəmin paltarına sancaqlanmış halda yaşamaq məni təngə gətirib; sonra dedim ki, mən də onunla Moskvaya getməyi qət eləmişəm, çünki onsuz yaşaya bilməyəcəyəm. Bu dəqiqələrdə mənim səsimdə həm həya, həm sevgi, həm də qürur vardı, – hamısı birdən dilə gəlmişdi, özümü saxlaya bilməyib tir-tir əsirdim. Yatağa yıxıldım. Onun məni rədd edəcəyindən elə qorxurdum ki!

O, bir neçə dəqiqə hərəkətsiz oturdu, sonra ayağa durub mənə yaxınlaşdı və əlimdən tutdu.

– Qulaq asın, mənim mehriban, əziz Nastenkam, – deyə gözləri yaşlı sözə başladı, – qulaq asın! Sizə and içirəm ki, əgər bir vaxt evlənməli olsam, mənim gələcək xoşbəxtliyim ancaq siz olacaqsınız; inanın ki, bundan sonrakı xoşbəxtliyim yalnız sizin əlinizdədir. Yaxşı qulaq asın. Mən indi Moskvaya gedirəm və düz bir il orada qalacağam. Əminəm ki, öz işlərimi sahmana salacağam. Geri döndüyüm zaman isə, əgər siz öz sevginizə sadiq qalsanız, and içirəm ki, biz xoşbəxt olacağıq. İndi mümkün deyil, heç bir şey eləyə bilmərəm, elə vəziyyətdəyəm ki, sizə qəti söz vermək imkanından da məhrumam. Lakin yenə də təkrar eləyirəm: əgər bir ildən sonra da bu iş düzəlməsə, hər halda, ya gec, ya da tez siz mənim olacaqsınız. Əlbəttə, bir şərtlə ki, siz başqa birisini məndən üstün tutmayasınız, ona ərə getməyəsiniz; mən quru, boş sözlə sizin sərbəstliyinizi əlinizdən alıb, əl-ayağınızı bağlamaq istəmirəm və buna haqqım da yoxdur:

Bəli, bu sözləri mənə deyəndən sonra, ertəsi günü yola düşdü. Belə şərtləşmişdik ki, nənəmə bu barədə bir söz deməyək. O özü bunu məndən xahiş elədi. Budur, demək olar ki, mənim sərgüzəştim qurtardı. O vaxtdan düz bir il keçib. O, Moskvadan qayıdıb. Üç gündür ki, buradadır və… və…

Mən əhvalatın sonunu eşitmək üçün səbirsizliklə soruşdum:

hə, sonra?

– Bu vaxta qədər yanıma gəlməyib! – deyə Nastenka güclə danışırdi. – Heç bir xəbər-ətər yoxdur.

Söhbət bura çatanda o susdu, bir az danışmadı, başını aşağı saldı və birdən əllərilə üzünü örtüb elə hönkürdü ki, parçalandı.

Mən onun başına gələn hadisələrin belə nəticə ilə bitəcəyini gözləmirdim.

Cürətsiz və titrək səslə sözə başladım:

– Nastenka! Nastenka! Allah eşqinə, ağlamayın! Axı, siz onun qayıtdığını haradan bilirsiniz? Bəlkə hələ heç gəlməyib…

– Yox, o buradadır, buradadır! – deyə Nastenka sözümü kəsdi. – O buradadır, mən bilirəm. Biz elə o vaxt, onun getdiyi gündən bir gün əvvəl, həmin axşam aramızda şərt qoymuşduq: indicə sizə söylədiyim kimi, hər şeyi bir-birimizə danışandan sonra şərtləşmişdik ki, bura, bax, elə bu Sahil küçəsinə gəzməyə çıxaq. Saat on idi; biz həmin bu skamyanın üstündə əyləşmişdik, mən daha ağlamırdım, onun söhbətini böyük bir ləzzətlə dinləyirdim… Dedi ki, Moskvadan qayıdan kimi bizə gələcək və əgər mən onu rədd eləməsəm, hər şeyi nənəmə danışacaq. İndi o qayıdıb, mən bunu bilirəm, lakin yanıma gəlmir ki, gəlmir!

Nastenka təzədən ağlamağa başladı.

– İlahi! Doğrudanmı bu dərdə çarə tapmaq çətindir?! – deyə ucadan səsləndim və məyus bir halda ayağa qalxdım. – Nastenka, mən onun yanına getsəm, necə olar?..

Nastenka birdən başını qaldırdı:

– Bu mümkündürmü?

– Yox, əlbəttə, mümkün deyil, – deyə mən özümü ələ aldım. – Yaxşı, gəlsənə ona məktub yazasınız, hə?

– Yox! Bu, heç mümkün deyil, olmaz! – Bu sözləri qətiyyətlə deyib, mənə baxmadan yenə başını aşağı dikdi.

Mən bu fikirdən əl çəkmək istəmədim:

– Necə yəni olmaz? Nə üçün olmasın? Ancaq Nastenka, bilirsinizmi necə məktub? Tamamilə başqa bir məktub və… Ah, Nastenka, elə-belədir ki, var! İnanın mənə, inanın! Mən sizə pis məsləhət vermərəm. Bu işi düzəltmək olar. Siz özünüz ilk addımı atmısınız, indi də nə olar ki, yenə…

– Olmaz, olmaz!.. Elə çıxar ki, guya özümü zorla ona sevdirmək istəyirəm…

– Ah, mənim xeyirxah Nastenkam! – deyə mən onun sözünü kəsdim və gülümsündüm. – Nahaq yerə təşvişə düşürsünüz, lap nahaq yerə. Haqlısınız, çünki o sizə söz verib. Söhbətinizdən mənə aydın oldu ki, o tərbiyəli adamdır, çox düzgün hərəkət eləyib. – Mən öz məntiqi fikirlərimdən və inandırıcı sübutlarımdan get-gedə daha artıq vəcdə gəlirdim – Yəni necə hərəkət eləyib? O sizə söz verib, deyib ki, əgər evlənməli olsa, sizdən başqa heç kəsi almayacaq, sizə isə tam sərbəstlik verib, yəni istəsəniz lap indicə onu rədd eləyə bilərsiniz… Madam ki, belədir, siz yenə cəsarətlə ilk addımı ata bilərsiniz, sizin buna haqqınız var, sizin ixtiyarınız onunkundan artıqdır; məsələn, sizdə elə ixtiyar var ki, bu saat onu öz sözündən imtina etməyə məcbur eləyə bilərsiniz…

– Bura baxın, siz mənim yerimə olsaydınız, necə yazardınız?

– Nəyi?

Dediyiniz məktubu.

– Bax, mən belə yazardım: «Mərhəmətli cənab…»

– Yəni mütləq belə yazılmalıdır: «Mərhəmətli cənab»?

– Mütləq! Nə üçün də yazılmasın? Mən belə düşünürəm ki…

– Hə, hə! Sonra?

– «Mərhəmətli cənab! Bağışlayın ki, mən…» Yox, heç bir üzr-filan lazım deyil. Məsələnin özü hər şeyə bəraət qazandırır, sadəcə belə yazmaq olar: «Bu məktubu mən yazıram. Səbirsizlik etdiyimə görə məni bağışlayın, lakin mən bir il idi ki, xoşbəxt bir ümidlə yaşayırdım; məgər indi bir günlük şübhəyə dözə bilmədiyim üçün günahkarammı? Siz qayıtmısınız, bəlkə də öz fikrinizi dəyişmisiniz? O zaman bu məktubdan duyarsınız ki, mən şikayət eləmirəm və sizi də müqəssir bilmirəm. Bəli, qəlbinizə hakim olmadığım üçün sizi təqsirləndirə bilməyəcəyəm! Nə eləyim? Mənim taleyim belədir. Siz xeyirxah adamsınız. Əminəm ki, mənim bu tələsik yazılmış sətirlərimə gülməyəcək və peşmançılıq hiss etməyəcəksiniz. Yadınıza salın ki, bunları zavallı bir qız yazır, o təkdir, öyrənmək və məsləhət almaq üçün onun heç bir kəsi yoxdur, o, heç bir zaman öz qəlbinin hakimi olmayıb. Lakin bir anlıq da olsa, sizdən şübhələndiyim üçün məni bağışlayın. Siz, xəyalən belə, sizi sevən və sevməkdə davam edən qızı incitmək istəməzsiniz».

– Hə, hə! Bax, mən də elə-belə fikirləşirdim! – deyə Nastenka qışqırdı və onun gözləri sevinclə parladı. – Ah, siz məni şübhələrdən qurtardınız, allah özü sizi mənim köməyimə göndərib! Təşəkkür eləyirəm, təşəkkür eləyirəm!

– Axı, nəyə görə? Ona görə ki, məni allah göndərib? – Mən fərəhlə onun gülər üzünə baxdım.

– Tutaq ki, lap buna görə…

– Eh, Nastenka! Biz bəzən başqa adamlara ona görə təşəkkür eləyirik ki, onlar bizimlə yanaşı yaşayırlar. Mən ona görə təşəkkür eləyirəm ki, mənə rast gəlmisiniz; bütün həyatım boyu sizi unutmayacağam!

Yaxşı, bəsdir, bəsdir! Hə, indi isə məsələ belədir, qulaq asın: şərtimiz belə idi ki, o, səfərdən qayıdan kimi gəldiyini bildirmək üçün mənim adıma bir məktub yazıb, tanışlarımdan birinin evində qoyacaq; mənim bu tanışlarım çox mehriban və sadə adamlardır, bu məsələ haqqında da bir şey bilmirlər; əgər mənə məktub yazmağa imkan tapmasa, – axı, məktubda hər vaxt, hər şeyi yazmaq çətindir, – o zaman səfərdən qayıtdığı günün axşamı saat onda bura, görüş üçün seçdiyimiz bu yerə gələcək. Onun gəldiyini mən artıq bilirəm, lakin budur, üç gündür ki, nə özü var, nə də məktubu. Səhər tezdən nənəmdən uzaqlaşmaq mümkün deyil. Bu məktubu sabah dediyim xeyirxah adamlara verərsiniz, onlar da ona göndərərlər: əgər cavab olsa, siz onu axşam saat onda mənə yetirərsiniz.

– Yaxşı, bəs məktub? Axı, əvvəlcə ona məktub yazmaq lazımdır. Yoxsa heç iki günə də cavab gəlməz!

– Məktub… – deyə Nastenka bir qədər tutularaq cavab verdi. – Məktub… ancaq…

O, sözünü qurtarmadı, üzünü yana çevirdi, qızılgül kimi qızardı və mən birdən ovcumda kağız hiss elədim, məktub idi, çoxdan yazılmış, zərfə qoyulmuş, ağzı bağlanmışdı. Xəyalımdan nə isə yaxın, əziz və gözəl bir xatirə gəlib keçdi.

– Rosina! – deyə hər ikimiz birdən oxuduq, mən sevincimdən az qala onu qucaqlayacaqdım, o yenə qızardı və qara kirpiklərində mirvari dənələri kimi parlayan göz yaşları arasından yavaşca güldü.

– Hə, yaxşı, yetər! İndi isə əlvida! – deyə o, tez-tez danışmağa başladı. – Bax, bu məktub, bu da məktubu verəcəyiniz yerin ünvanı. Əlvida! Sağ olun! Sabaha qədər!

O, əllərimi möhkəm sıxdı, başını yellədi və bir göz qırpımında döngənin arxasında yox oldu.

Mən xəyalımda bir neçə dəfə təkrar elədim: «Sabaha qədər! Sabaha qədər!».

37 389,92 soʻm
Yosh cheklamasi:
16+
Litresda chiqarilgan sana:
29 oktyabr 2022
ISBN:
978-9952-8448-2-5
Mualliflik huquqi egasi:
JekaPrint

Ushbu kitob bilan o'qiladi