Faqat Litresda o'qing

Kitobni fayl sifatida yuklab bo'lmaydi, lekin bizning ilovamizda yoki veb-saytda onlayn o'qilishi mumkin.

Kitobni o'qish: «Seçilmiş əsərləri», sahifa 2

Shrift:

İKİNCİ GECƏ

Gözləməyə səbriniz çatdı, deyilmi? – deyə o, gülə-gülə əllərimi tutub sıxdı.

– Mən iki saatdır ki, buradayam, bütün günü nə əzab çəkdiyimi bilsəydiniz!

– Bilirəm, bilirəm… Ancaq mətləbdən uzaq düşməyək. Bilirsinizmi, mən bura nə üçün gəlmişəm? Hər halda, dünənki kimi boş-boş danışmağa yox. Məsələ belədir: biz gərək indi özümüzü ağıllı aparaq. Mən bu barədə dünən çox düşünmüşəm.

– Neçə yəni özümüzü ağıllı aparaq? Mənim tərəfimdən arxayın olun, mən hər şeyə hazıram, amma onu da deyim ki, ömrümdə bundan da ağıllı hadisəyə rast gəlməmişəm.

– Doğrudanmı? Əvvələn, xahiş eləyirəm ki, əlimi belə bərk sıxmayasınız; ikincisi, sizə bildirmək istəyirəm ki, mən bu gün sizin haqqınızda dəfələrlə fikrimi dəyişmişəm.

– Bəs sonra? Nəhayət, bir nəticəyə gələ bildinizmi?

– Nəticə? Nəticə belə oldu, hər şeyi təzədən başlamaq lazımdır, çünki mən sizi hələ lazımınca tanımıram, özümü dünən bir uşaq kimi, balaca bir qız kimi apardım. Bunların da

Hamısına günahkar mənim xeyirxah qəlbimdir. Yəni özüm haqda danışanda, başqa adamlar kimi, özümü təriflədim. Bu səhvi düzəltmək üçün mən sizin barənizdə hər şeyi bütün incəliyinədək öyrənməyi qət eləmişəm. Bunu özgəsindən öyrənə bilməyəcəyəm, deməli, özünüz mənə bütün həqiqəti danışmağa məcbursunuz. Mən sizin necə bir insan olduğunuzu bilmək istəyirəm. Siz necə adamsınız? Tez olun, başınıza gələn sərgüzəştləri danışın…

– Sərgüzəşt? – deyə mən qorxu ilə soruşdum. – Sərgüzəşt! Axı, sizə kim deyib ki, mənim sərgüzəştlərim var? Mənim heç bir sərgüzəştim yoxdur..

Qız gülərək sözümü kəsdi:

– Bəs siz bu vaxta qədər sərgüzəştsiz necə yaşamısınız?

– Elə-belə, tamamilə sərgüzəştsiz-filansız yaşamışam! Necə deyərlər, öz xəyallarımla yaşamışam, yəni həmişə tək olmuşam, tamam tək, başa düşürsünüzmü? Tək!

– Necə yəni tək? Deməli, heç bir vaxt heç kəslə görüşmürsünüz?

– Yox, görüşməyinə görüşürəm, amma yenə də təkəm.

– Məgər heç kəslə söhbət eləmirsiniz?

– Heç kəslə yaxınlıq eləmirəm!

– Deyin görüm, axı, siz kimsiniz? Dayanın, deyəsən, özüm məsələni başa düşürəm; yəqin ki, sizin də mənim nənəm kimi bir nənəniz var. Mənim nənəm kordur, çoxdandır ki, məni heç bir yana buraxmır; mən demək olar ki, danışmağı belə yadırğamışam. İki il bundan əvvəl bir dəcəllik elədim, nənəm gördü ki, məni saxlaya bilməyəcək, tez yanına çağırdı, paltarımı sancaqla öz paltarına bənd elədi, o vaxtdan bütün günü beləcə otururuq; o, kor da olsa, corab toxuyur, mən isə onun yanında əyləşib, ya bir şey tikirəm, ya da onun üçün ucadan kitab oxuyuram. Bəli, çox qəribə adətdir, iki ildir ki, sancaqlanıb oturmuşam…

– Ya rəbbim! Nə böyük bədbəxtlikdir! Yox, mənim belə nənəm yoxdur.

– Əgər yoxdursa, evdə tək necə əyləşirsiniz?..

– Bura baxın, siz mənim kim olduğumu bilmək istəyirsiniz, eləmi?

– Bəs necə! Əlbəttə!

– Özü də, düzünü bilmək istəyirsiniz?

– Əlbəttə, düzünü bilmək istəyirəm.

– Çox yaxşı, mən tipəm.

– Tip, tip! Necə tip? – deyə qız ucadan elə qəhqəhə çəkdi ki„ sanki bir il idi gülməmişdi. – Amma yaman məzəli adamsınız ha! Bax, burada bir skamya var, gəlin əyləşək! Heç kəs bizi görməz, söhbətimizi eşitməz. Hə, sərgüzəştlərinizə baş-layın! Ola bilməz ki, başınıza bir hadisə gəlməsin, ancaq gizlədirsiniz; əvvəlcə məni başa salın görüm, tip nə deməkdir?

– Tip? Tip orijinal adam deməkdir, belə adamlar çox gülməli olur! – dedim və qız uşaq kimi güldükcə mən də ona qoşuldum. – Tip qəribə xasiyyətli adamdır, xəyalpərəstdir. Bilirsinizmi xəyalpərəst kimə deyirlər?

– Xəyalpərəst? Lap yaxşıca bilirəm. Mən özüm də xəyalpərəstəm. Nənəmin yanında əyləşəndə nələr, nələr haqqında düşünürəm?! Məsələn, birdən elə olur ki, xəyalımda Çin şahzadəsinə ərə gedirəm… Xəyala dalmaq çox yaxşı şeydir. – O, bir qədər susub, sonra ciddiyyətlə əlavə etdi: – Yox, bəlkə də yaxşı deyil, allah bilir! Bəzən adam elə halda olur ki, xəyal da yada düşmür.

– Çox gözəl. Madam ki, xəyalınızda da olsa, bir dəfə Çin şahzadəsinə ərə getmisiniz, deməli, mənim sözlərimi tamamilə başa düşəcəksiniz. Hə, qulaq asın… Lakin axı, mən heç sizin adınızı da bilmirəm.

– Axırı ki, soruşdunuz! Çox tez yadınıza düşüb.

– Vallah, adınızı öyrənmək ağlıma belə gəlməyib, mənim üçün elə-belə də xoş idi…

– Adım Nastenkadır.

– Nastenka? Elə bu?

– Elə bu! Yoxsa bu ad sizə az görünür? Belə də acgözlük olar?

– Əksinə, bu da mənə çoxdur, lap çoxdur; Nastenka, ilk görüşümüzdən mənim üçün Nastenka olmağınız göstərir ki, siz çox mərhəmətli qızsınız.

– Bax belə! İndi başlayın.

– Bəli, Nastenka, diqqətlə qulaq asın, sizə gülməli bir əhvalat danışacağam.

Mən onun yanında əyləşdim, ciddi və lovğa bir görkəm aldım, kitab oxuyurmuşam kimi sözə başladım:

– Nastenka, əgər bilmirsinizsə, məlumunuz olsun ki, Peterburqda çox qəribə yerlər var. Bütün Peterburq əhalisi üçün eyni bir şəfəqlə parlayan günəş sanki bu yerlərə işıq salmır. Elə bil bu yerlərin öz günəşi var; bu tamamilə başqa günəşdir, elə bil o, ayrıca olaraq, bu yerlər üçün sifariş edilmişdir, özünün də tamamilə xüsusi işığı var. Əziz Nastenka, bu yerlərdə həyat da tamam özgə şəkildədir, o, ətrafımızda qaynayıb-daşan həyata qətiyyən oxşamır, bu elə bir həyatdır ki, onu bizim indiki zəmanəmizdə – ciddi, çox ciddi zəmanəmizdə təsəvvürə gətirmək faydasızdır, belə həyat yalnız uzaq, xəyali bir səltənətdə ola bilər. Bax, həmin bu həyat tamamilə xəyali, çox yüksək və bunlarla birlikdə (əfsus ki, Nastenka!) tutqun, maraqsız, çox adi və bəlkə də həddən artıq qaba bir varlığın ifadəsidir.

– Fu! Müqəddiməyə bir bax, sən allah! Əcaib sözlər eşidirəm.

– Dinləyin, Nastenka (mənə elə gəlir ki, sizi ömrüm boyu Nastenka çağırsam yorulmaram), dinləyin və bilin ki, həmin bu yerlərdə qəribə adamlar – xəyalpərəstlər yaşayır. Xəyalpərəst, əgər bu sözün dəqiq izahını istəyirsinizsə, insan deyil, namüəyyən məxluqdur. O, həyatının çox hissəsini xəlvət, əlçatmaz bir guşədə keçirir, gündüz-günorta vaxtı elə bil işıqdan da gizlənir; bəzən öz qınına çəkilən ilbizi xatırladır, hər halda – evini arxasında daşıyan çanaqlı bağa adlı maraqlı heyvana daha çox oxşayır. Siz necə bilirsiniz? Nə üçün o, divarları mütləq usandırıcı yaşıl rəngə boyanmış, hisdən qaralmış, içərisi həmişə papiros tüstüsü ilə dolu qaranlıq otağını bu qədər sevir? Nə üçün bu gülməli cənab, tək-tək dostlarından biri onun yanına gələndə (axırda elə olur ki, bu dostlardan da bir əsər qalmır), bəli, nə üçün o, yəni bu gülməli cənab öz dostunu pərt halda qarşılayır, sifəti dərhal dəyişir və özünü itirir, sanki yaşadığı dörd divar içərisində nə isə, bir cinayət işlədib, elə bil saxta pul kəsib və yaxud bir-iki mənasız şeir quraşdırıb, gizli imzaynan qəzetə göndərib. Məktubda da yazıb ki, guya bu əsərlərin əsl müəllifi öldüyü üçün o, sədaqətli bir dost kimi mərhumun əsərlərini (bu əsərlər çox zəif olsa da) dərc etdirməyi özünə müqəddəs borc bilir. Nastenka, bir deyin görüm, bu iki müsahibin arasında gedən söhbət nə üçün baş tutmur? Başqa yerlərdə gülməyi, hazırcavab olmağı, qadınların gözəlliyindən və qeyri şeylərdən şirin-şirin danışmağı xoşlayan qonaq, xəyalpərəst dostunun otağına gələn kimi nə üçün susur, gülmür, hazırcavablıq eləmir, karıxmış bir halda hərəkətsiz əyləşir? Xəyalpərəstlə çox ehtimal ki, yaxınlarda tanış olmuş və onun yanına birinci dəfə gələn, daha doğrusu, birinci və axırıncı dəfə gələn qonaq, nəhayət, hazırcavablığına və şən xasiyyətinə baxmayaraq (əgər bu xasiyyətlər həqiqətən onda varsa), ev sahibinin dəyişmiş sifətini gördükdə nə üçün pərt olur? Ev sahibi isə, tamamilə özünü itirərək, səmərəsiz bir cidd-cəhdlə söhbəti qızışdırmağa, ali cəmiyyətlə yaxşı tanış olduğunu göstərməyə, gözəl qadınlar haqqında fikir söyləməyə və heç olmasa belə bir itaətkarlıqla özünü, səhvən onun yanına qonaq gəlmiş yoxsul dostuna bəyəndirməyə çalışır. Ən nəhayət, nə üçün qonaq birdən şlyapasını götürüb, vacib bir işi olduğunu bəhanə edərək, ayağa qalxır və onu yaxşı qarşılamadığına görə indi peşmançılıq çəkdiyini isbata çalışan, səhvini düzəltməyə nahaq yerə cəhd edən, üst-üstdən onun əlini sıxan ev sahibilə tələsik vidalaşıb gedir? Nə üçün qonaq küçəyə çıxıb qəhqəhə ilə gülür və oradaca özünə söz verir ki, bir daha bu axmağın yanına gəlməsin (hərçənd bu axmaq əsasən çox yaxşı oğlandır), eyni zamanda, təsəvvüründə, bir az bundan əvvəlki müsahibini, uşaqların döydüyü, qorxutduğu, qəflətən ələ keçirib, başına min oyun açdığı və amansızcasına incitdiyi pişik balası ilə müqayisə eləyir; zavallı körpə pişik, nəhayət, uşaqların əlindən canını qurtarıb, kürsünün altında, qaranlıqda gizlənir və orada bir saat tüklərini qabardıb fınxırır, özünü yalayır, əzilmiş sir-sifətini pəncələrilə tez-tez yuyur, bu əhvalatdan sonra uzun müddət təbiətə və həyata düşmən gözü ilə baxır, hətta rəhmdil qulluqçu qadının, ağaların naharından qısdırıb gətirdiyi bir nəlbəki xörəyə də qorxudan yaxın düşmək istəmir.

Mən danışdıqca təəccübdən gözləri alacalanan və ağzı açıq qalan Nastenka birdən sözümü kəsdi:

– Bura baxın, danışdığınız hadisələrin necə baş verdiyini bilmirəm və bilmirəm ki, siz bu gülünc sualları mənə nə üçün verirsiniz; lakin qəti əminəm ki, bütün bu sərgüzəştlər əvvəldən axıradək məhz sizin başınıza gələn hadisələrdir.

Mən çox ciddi bir tərzlə cavab verdim:

– Şübhəsiz.

– Əgər belədirsə, onda gerisini söyləyin, – deyə Nastenka məni tələsdirdi, – çünki mən bunların nə ilə qurtaracağını mütləq bilmək istəyirəm.

– Demək siz, əziz Nastenka, bizim qəhrəmanın öz qaranlıq yuvasında nə ilə məşğul olduğunu, daha doğrusu, mənim, – madam ki, haqqında danışdığım qəhrəman mən özüməm, – təzə dostumun gözlənilməz gəlişindən nə üçün belə həyəcana düşdüyümü və özümü itirdiyimi bilmək istəyirsinz? Qapı birdən açılarkən nə üçün diksinib qızardığımı, qonağı layiqincə qarşılamadığıma görə xəcalətimdən gizlənməyə yer axtardığımı bilmək istəyirsiniz, eləmi?

– Hə, hə. əlbəttə! – deyə Nastenka cavab verdi. – Hər şeyi, hər şeyi bilmək istəyirəm. Ancaq bir xahişim var: siz çox gözəl danışırsınız, olmazmı ki, belə gözəl danışmayasınız? Elə bil lap kitab oxuyursunuz.

Mən özümü gülməkdən güclə saxlayıb, təşəxxüs və ciddiyyətlə dedim:

– Nastenka! Əziz Nastenka, gözəl danışdığımı özüm yaxşı bilirəm, lakin üzr istəyirəm, başqa cür danışmağı bacarmıram. İndi, əziz Nastenka, mən qırx il küp içində, yeddi möhür altında qapalı qalmış, nəhayət bu yeddi möhür qoparılıb atılandan sonra əsirlikdən azad olmuş Süleyman şahın ruhuna bənzəyirəm. Əziz Nastenka, biz uzun ayrılıqdan sonra yenə görüşdük, mən sizi çoxdan tanıyırdım, Nastenka, mən həmişə, hər yerdə kimi isə axtarmışam, indi başa düşdüm ki, axtardığım adam məhz elə siz imişsiniz. Bizim görüşümüz buna ən yaxşı sübutdur, bu görüş məni o qədər sevindirib ki, Nastenka, elə bil çoxdan bəri qəlbimdə yığılıb qalmış sözlər indi coşğun bir fəvvarəyə çevriləcək. Mən danışmalıyam, danışmasam nəfəsim tutular. Xahiş eləyirəm, Nastenka, sözümü kəsməyəsiniz, sakit əyləşib dinləyəsiniz, yoxsa, yoxsa susub, bir daha danışmaram!

– Yox, yox! Tez olun başlayın. Siz danışarkən qətiyyən dinməyəcəyəm.

– Davam edirəm: əziz dostum Nastenka, ömrümün hər keçən günündə bircə saat var ki, mən onu həddən artıq sevirəm. Bu, demək olar ki, bütün işlərin, vəzifələrin və borcların yerinə yetirilib qurtardığı, hər kəsin öz evinə, nahara, istirahətə tələsdiyi, hələ küçə ilə gedərkən axşam və gecə boş qalan vaxtını şən keçirmək üçün müxtəlif əyləncələr düşündüyü bir saatdır. Həmin bu saatda bizim qəhrəman da, – Nastenka, müsaidənizlə üçüncü şəxsin dilindən danışım, ona görə ki, bütün bunları öz adımdan danışmaq mənim üçün olduqca ağırdır, utanıram, – bəli, həmin bu saatda bizim qəhrəman da işini qurtarıb başqalarına qoşulur. Onun ağarmış və bir qədər də yorğun sifətində qəribə bir şadlıq ifadəsi var. O, soyuq Peterburq köylərində axşam günəşi şəfəqlərinin tədricən necə sönüb getdiyinə həyəcanla baxır, yox, mən yalan danışıram, o baxmır, çox yorğun olan, eyni zamanda daha maraqlı bir məşğuliyyət tapan və buna görə də ətrafa ancaq hərdənbir, qeyri-ixtiyari, gözucu nəzər salan adamlar kimi o da günəşin qürubunu şüursuz bir halda seyr edir. O, cansıxıcı işlərdən sabaha qədər xilas olduğuna sevinir; dərsini qurtarıb yenə də öz oyunları ilə məşğul olmaq və dəcəllik eləmək üçün küçəyə qaçan məktəbli kimi o da sevinir. Nastenka, siz ona diqqətlə baxsanız, dərhal görəcəksiniz ki, sevinc hissi doğrudan da onun zəif sinirlərinə, xəstə və əsəbi xəyalına yaxşı təsir bağışlayıb. Budur, o nə haqdasa dərin fikrə gedir… Bəlkə elə zənn edirsiniz ki, o, nahar barədə düşünür? Bəlkə də bu axşam nə ilə məşğul olacağını indidən qərarlaşdırmaq istəyir? O belə diqqətlə hara baxır? Bəlkə onun nəzərini cəlb edən bu gözəl geyimli cənabdır? Bəlkə o, bu cənabın, küçədən sürətlə keçən, köhlən atlar qoşulmuş yaraşıqlı karetadakı xanıma incə bir hərəkətlə necə salam verdiyinə tamaşa eləyir?! Yox, Nastenka, belə xırda şeylər indi onu cəlb edə bilməz! İndi o, bütün varlığı ilə, yalnız ona məxsus olan ayrıca bir həyat aləmindədir; bu həyat onun öz xüsusi sərvətidir: o, bu həyatın qoynuna atılan kimi birdən-birə dəyişib, zəngin bir adam olur, qürub edən günəşin öz vida şəfəqlərilə onun gözləri qarşısında belə şən bir parıltı saçması və isinmiş qəlbində min bir təəssürat oyatması əbəs deyildir. İndi o, həmişə keçib getdiyi və buradakı hər xırda şeyin onu təəccübə saldığı tanış küçə ilə qətiyyən maraqlanmır. Artıq «Xəyal ilahəsi» (əziz Nastenka, əgər Jukovskini oxumuşsunuzsa) öz qəşəng, incə əllərilə qızıl ərişlərini toxuyub qurtarmış, indi də bizim qəhrəmanın gözləri önündə qeyri-adi və gözəl bir həyatın zərif naxışlarını hörməyə başlamışdır; kim bilir, bəlkə də o, burada qranit kimi möhkəm, parlaq büllur səkilərlə öz evinə gedir. Siz əgər indi birdən onu saxlayıb, harada olduğunu, hansı küçələrdən keçdiyini soruşsanız, o yəqin ki, heç bir şeyi – hara ilə getdiyini, harada durduğunu yadına sala bilməyəcək, pərtləşib qızaracaq və ağır vəziyyətdən çıxmaq üçün mütləq bir yalan danışacaq. Bax, buna görədir ki, qoca və mötəbər bir qadın, azdığı yolu bizim qəhrəmandan xəbər almaq üçün səkinin ortasında nəzakətlə onu saxlayanda o, bərk diksindi, az qaldı ki, çığırsın, qorxu ilə ətrafına baxdı. Sonra qəhrəmanımız acığından qaşlarını çatıb, yenə yola düzəldi. O, yan-yörəsindən ötənlərin onun arxasınca baxaraq, necə gülümsədiklərini çətin görürdü; balaca bir qız, öz-özünə danışa-danışa, gülə-gülə əllərini yelləyərək, yanından keçən bu qəribə adamdan əvvəlcə qorxub kənara qaçdı, sonra gözlərini iri-iri açıb qəhqəhə ilə gülməyə başladı. Xəyalpərəst bunu da görmədi. Onu bürüyən xəyal sürətlə uçaraq, qoca qadını, yoldan ötən və bizim qəhrəmana maraqla baxan adamları, qəhqəhə çəkən qızcığazı, öz yük gəmilərilə Fontanka çayını dolduran və bu gəmilərdə yatıb səhəri gözləyən (fərz edək ki, qəhrəmanımız Sahil küçəsindən keçdiyi zaman axşam idi) kəndliləri oynaq qanadlarına qaldırıb, uzaqlara apardı, hörümçək milçəyi tora salan kimi, bu nadinc xəyal da hər şeyi toxumaqda olduğu parçanın üzərinə tikdi, əcaib xəyalpərəst də, qəlbində yeni hisslər, öz fərəhli yuvasına daxil oldu, nahar etmək üçün masa arxasında əyləşdi, naharını yeyib qurtardı, nəhayət, həmişə düşüncəli və kədərli olan qulluqçu Matryona süfrəni yığışdırıb, qəlyanını gətirən vaxt xəyalatdan ayıldı və indicə nahar elədiyini fikirləşərkən onu heyrət aldı, naharı necə yediyini, xörəyin dadını heç cür xatırlaya bilmədi. Otaq getdikcə qaranlıqlaşırdı, indi onun qəlbində kədərlə dolu bir boşluq vardı; gözəl xəyallardan qurduğu əzəmətli saray onun ətrafında, heç bir iz buraxmadan, səssiz-səmirsiz uçulub dağılır, yuxu kimi sürətlə əriyib gedirdi; o isə bir az bundan əvvəl nələr düşündüyünü, nə xəyallar etdiyini yadına sala bilmirdi. Lakin bizim qəhrəmanın ürəyini yüngülcə sızıldatmağa və həyəcanlandırmağa başlayan nə isə dumanlı bir duyğu, nə isə yeni bir arzu yenə də şirnikləndirici bir qıcıqlanma ilə onun xəyalını yerindən oynadır, yenə də onun ətrafını sehrli kölgələr bürüyür. Kiçik otaqda sükut hökm sürür; tənhalıq və tənbəllik bizim qəhrəmanın xəyalını oxşayır, bu xəyal yavaşca alovlanır, mətbəxdə arxayınca qəhvə hazırlayan qoca Matryonanın qəhvədanındakı su kimi ahəstə qaynamağa başlayır. Budur, qəhvə yavaş-yavaş qabarcıqlanır; budur, mənim xəyalpərəstimin, heç bir məqsəd güdmədən, və fərqinə varmadan, kitab dolabından götürdüyü kitab sürüşüb əlindən düşür; bu kitabı o, yalnız üçüncü səhifəsinədək oxuya bilmişdir. Onun xəyalı yenidən pərvazlanmış, yenidən coşmuşdur; budur, birdən onun gözləri qarşısında yeni bir aləm yaranır, gözlərini yeni, cazibəli bir həyat qamaşdırır. Yeni röya, yeni səadət! Şərbət kimi şirin, xoş zəhəri! Ah, bizim yaşadığımız bu həyatda indi onu maraqlandıracaq nə var? Onun aldadılmış, satın alınmış nəzərlərində indi biz ikimiz də, Nastenka, tənbəl, çox ağır və cansız bir ömür sürürük; taleyimizdən elə narazı, həyatımızdan elə bezarıq ki!.. Axı, bu doğrudan da belədir, Nastenka, bunu lap ilk baxışda görmək mümkündür, bizim həyatımızda hər şey soyuq, tutqun və elə bil acıqlıdır… «Zavallılar!» – deyə mənim xəyalpərəstim fikirləşir. Onun belə fikirləşməsi heç də təəccüblü deyildir! Siz, cazibədar, şıltaq, səliqəsiz və oynaq hərəkətlərlə bir yerə toplaşan, onun gözləri önündə cürbəcür sehrli və canlı şəkillərə düşən füsunkar kölgələrə baxın; əlbəttə, bunların arasında lap ilk sırada duran birinci şəxs o özüdür – bizim xəyalpərəstimizdir; o burada öz ayrıca yolu ilə gedir, öz xüsusi həyatı ilə yaşayır. Diqqətlə baxın, görün burada nə qədər müxtəlif sərgüzəşt, ardı-arası kəsilməyən, təntənəli xəyal var. Bəlkə indi siz, onun nə haqqında düşündüyünü bilmək istəyirsiniz? Bunu bilməyə nə var ki! O indi hər şey haqqında düşünür… Məsələn, əvvəlcə cəmiyyət tərəfindən rədd edilən, sonralar isə böyük şöhrət qazanan bir şair onun xəyalında canlanır, bunun arxasınca o, Qofmanla dostluq etməyi fikirləşir, daha sonra onun xəyalından müxtəlif səhnələr və insanlar gəlib keçir: Varfolomey gecəsi, Diana Venon, Qazan şəhərinin alınmasında İvan Vasilyeviçin göstərdiyi qəhrəmanlıq, Klara Movbray, Yevfiya Dens, proletar kilsəsi, onların da qarşısında Qus, «Robert»də ölülərin qiyamı (musiqi ilə oxunan bu sözləri xatırlayırsınızmı: «Məzar qoxusu gəlir!»), Minna və Brenda, Beryozina yaxınlığında vuruşma, qrafinya V–Y–D-yın yanında poemanın oxunuşu, Danton, Kleopatra, ei Sout amanti2, Kolomna şəhərində evcik, balaca sığınacaq, qış gecəsi bizim xəyalpərəst bir bucaqda oturub, hərarətlə nə isə danışır və indi siz, mənim gözəl mələkciyim Nastenka, mənə diqqətlə qulaq asdığınız kimi, qəhrəmanın yanındakı sevimli xilqət də heyrət və həyəcanla onu dinləyir… Yox, Nastenka, sizinlə birlikdə sevdiyimiz bu həyatda ona, bəli, ona – o xəyalpərəstə həssas və tənbəl insana xoş gələcək heç bir şey yoxdur! O düşünür ki, bu, yoxsul və acınacaqlı bir həyatdır və belə düşünərkən onun heç ağlına gəlmir ki, bir gün bu acınacaqlı həyat onu da dərdə sala bilər, o zaman bizim qəhrəman bu həyatın bircə gününü şirin xəyallar aləmində keçirdiyi uzun illərə dəyişməz, hətta ona üz verən dərdi, peşmançılıq hissini və ağır kədəri öz qəlbindən yox etmək üçün sevinc və xoşbəxtlik axtarmaq belə yadına düşməz. Lakin bu təhlükəli gün hələ uzaqdadır, indi onun heç bir arzusu yoxdur; çünki o, bütün arzulardan yüksəkdədir, çünki indi hər şey onun ixtiyarındadır. O elə doyub ki, könlü artıq heç bir şey istəmir, çünki indi öz həyatının yaradıcısı yalnız o özüdür, hər saatda bu həyatı istədiyi rənglərlə boyaya bilir. Doğrudan da, bu əfsanəvi-xəyali aləm necə də asan, necə də təbii yaranır! Elə bil ki, bütün bunlar heç də xəyal deyil! Bəzən adam bütün bu həyatın həyəcanlı hisslərdən, yalançı təsəvvürlərdən doğan xəyali bir aləm olduğunu unudub, onu bir həqiqət, canlı bir varlıq kimi qəbul edir! Bəs nə üçün, Nastenka, nə üçün belə dəqiqələrdə insanın ruhu sıxılır? Nə üçün, hansı bir sehrin, hansı bir cadunun təsiriləsə nəbzin döyüntüsü şiddətlənir, xəyalpərəstin gözlərində yaş damlaları parlayır, ağarmış və göz yaşları ilə islanmış yanaqları od tutub yanır və necə olur ki, onun bütün varlığı coşğun bir fərəhlə həyəcanlanır? Tükənməz sevinc və xoşbəxtliklə dolu gecələr nə üçün belə tez, bir an içərisində keçib-gedir, yalnız dan yeri sökülərkən, günəş şəfəqləri çəhrayı bir atəşlə pəncərələrdə əks edəndə və otağı bürüyən qaranlıq, ümumiyyətlə Peterburqda olduğu kimi, şübhəli və xəyali bir işıqla aydınlaşanda bizim xəyalpərəst yorğun və əzgin bir halda yatağa yıxılır, xəstə ruhunun ona bəxş etdiyi bir sevinc və eyni zamanda qəlbinə əzab verən şirin bir ağrı ilə yuxuya gedir, nə üçün?.. Bəli, Nastenka, yad bir insan kənardan ona baxarkən aldanır və qeyri-iradi həqiqi və dərin bir ehtirasın onun qəlbində oyandığına, mənasız xəyallarında isə canlı bir varlığın çırpındığına inanır! Lakin bütün bunların hamısı həqiqətdə yalandır, həm də necə yalan! Məsələn, öz tükənməz sevinci və ağrıları ilə indicə onun ürəyinə hakim kəsilən sevgi haqqında nə deyə bilərsiniz? Bunun necə bir sevgi olduğunu bilmək üçün bizim xəyalpərəstin üzünə diqqətlə baxmağınız kifayətdir! Siz ona baxarkən, əziz Nastenka, inanırsınızmı ki, o, belə coşğun və hərarətli bir eşqlə sevdiyi qadının kim olduğunu bu vaxtadək bilmir? Doğrudanmı o öz sevgilisini ancaq gözəl xəyallar aləmində görmüş və yalançı ehtirasa qapılmışdır. Doğrudanmı onlar əl-ələ verib, ömrün ağır illərini birlikdə keçirməmiş, bütün dünyadan üz çevirərək, iki könül dünyasında, tənha, yalnız ikilikdə xoşbəxt həyat sürməmişlər? Doğrudanmı o qadın gecəyarı, bayırda get-gedə şiddətlənən tufana, sınıq pəncərədən içəri dolub, onun qara kirpiklərindəki yaş damlalarını özü ilə aparan küləyə etina etmədən, hicran dəqiqələrinin yaxınlaşdığı bir vaxtda sevgilisinin sinəsinə sıxılıb, hönkür-hönkür ağlamamışdır? Doğrudanmı bütün bunların hamısı ancaq bir xəyaldır? Onların tez-tez ikilikdə gəzdikləri, düşündükləri, darıxdıqları, uzun zaman, bəli, «uzun zaman və çox incə bir məhəbbətlə» bir-birini sevməyə and içdikləri bu kiçik bağça, – indi ot basmış, cığırları itib getmiş, xarabaya dönmüş bu kədərli bağça da yoxsa xəyaldır? Bəs bu köhnə, ata-babadan qalmış ev? Onun sevgilisi bu evdə öz qoca, qaşqabaqlı, həmişə qaradinməz və acıqlı ərilə xeyli müddət tək yaşamışdı. Onlar məyus və ümidsiz bir halda öz məhəbbətlərini bir-birindən gizlədərək, qocadan uşaq kimi qorxurdular. Onların necə əzab çəkdiyini, necə qorxduğunu, öz sevgisində necə günahsız və təmiz, insanların isə (bu aydın bir məsələdir, Nastenka) neçə qəddar olduğunu bilirsinizmi? Ya rəbbim! Doğrudanmı bir neçə vaxt sonra bizim xəyalpərəst sevgilisini vətəndən uzaqda, yad bir ölkədə, gözəl mənzərəli bir şəhərdə, şən musiqi ilə aşıb-daşan çilçıraqlı bir sarayda (bəli, sarayda), sarmaşıqlara və çiçəklərə bürünən eyvanda görmüşdü? Doğrudanmı bu zaman sevgilisi onu tanıyıb, üzörtüyünü tələsik çıxarmış və: «Mən indi azadam», – deyə pıçıldadıqdan sonra bütün vücudu ilə titrəyərək, ağlayaraq, onun qucağına atılmışdı və onlar coşğun bir sevinclə bir-birinə sıxılıb, hər şeyi – kədəri, ayrılıq dərdini, əziyyəti, köhnə ata-baba evini, qaşqabaqlı qoca qrafı, qəmgin bağçanı, son dəfə qucaqlaşıb üzərində əyləşdikləri skamyanı və ehtiraslı bir öpüşdən sonra qadının, onu hərarətlə qucaqlayan qüvvətli qollar arasından necə sıçrayıb qaçmasını bir anda unutmuşdular… Ah, əziz Nastenka, belə təsəvvür edin ki, məktəbli bir uşaq qonşu bağdan oğurladığı almanı tez cibində gizlədib, evlərinə qaçmışdır, bu zaman hündürboy, sağlam, şən və zarafatcıl bir oğlan – bu çağırılmış qonaq birdən qapını açıb, heç bir şey olmamış kimi çığırır: «hə, dostum, mən də elə bu saat Pavlovskdan gəlirəm!» həmin anda uşağın nə hala düşdüyünü fikirləşirsinizmi? O, yerindən sıçrayır, özünü itirir və oğurladığı alma kimi qızarır… sən bir taleyin amansızlığına bax! Qoca qrafın və hər iki aşiq üçün sərbəst, xoşbəxt bir həyatın başlandığı bir vaxtda Pavlovskdan gələn adamlar bu xoşbəxtliyi pozacaq, yenidən onlara əzab verəcəklər!

Mən bu yerdə birdən susdum. Əsəbi bir qızğınlıqla başladığım söhbəti yarımçıq kəsdim. Yadımdadır, mən şiddətli bir qəhqəhə ilə gülmək istəyirdim, hiss edirdim ki, ürəyimdə mənə düşmən olan bir iblis duyğusu oyanmağa başlayır, boğazım qəhərlənir, çənəm əsir, gözlərimi dolduran yaş getdikcə artır… Mən, ağıllı gözlərini üzümə dikərək, söhbətimi diqqətlə dinləyən Nastenkanın indicə uşaq kimi şən bir qəhqəhə ilə güləcəyini gözləyir və öz söhbətimdə həddən ziyadə uzağa getdiyim, çoxdan qəlbimdə qaynayıb-daşan duyğuları «kitabdan oxuyurmuş kimi» bütün təfərrüatı ilə Nastenkaya danışdığım üçün peşmançılıq əzabı çəkirdim; çünki mən özüm öz taleyimi artıq mühakimə etmiş və hökmümü çoxdan vermişdim; budur, indi özümü saxlaya bilməyib, bu hökmü Nastenkaya oxudum və oxuyarkən onun məni başa düşəcəyini ağlıma belə gətirmədim, lakin söhbətimi kəsən kimi Nastenkanın susduğunu görüb heyrətləndim. O, kiçik bir fasilədən sonra yavaşca əlimi sıxdı və nə isə, cəsarətsiz bir mərhəmətlə soruşdu:

– Siz doğrudanmı bütün həyatınızı beləcə keçirmisiniz?

– Bütün həyatımı, Nastenka, – deyə cavab verdim, – bütün həyatımı. Kim bilir, bəlkə ömrümün axırına kimi belə yaşayacağam?

O, həyəcanla sözümü kəsdi:

– Yox, bu ola bilməz, belə şey olmayacaq; onda demək, mən də bütün ömrümü nənəmin yanında tənha keçirəcəyəm? Axı, belə yaşamaq heç yaxşı deyil, siz ki, bunu məndən gözəl bilirsiniz!

– Bilirəm, Nastenka, bilirəm! – deyə mən, qeyri-iradi, ucadan səsləndim. – Mən indi həmişəkindən çox bilirəm, indi bilirəm ki, ömrümün ən yaxşı illərini həqiqətən itirmişəm! İndi mən bunu bilirəm, düşünürəm və düşündükcə ürəyim daha bərk ağrıyır; çünki siz, bütün bunları mənə söyləmək və sübuta yetirməkdən ötrü allah tərəfindən yanıma göndərilən xeyirxah bir mələksiniz! İndi, sizin yanınızda əyləşdiyim və sizinlə söhbət elədiyim bu sevincli dəqiqələrdə gələcəyi xatırlamaq mənə çox dəhşətli görünür, ona görə ki, gələcək yenə də tənhalıqdan, kəsalətli, lüzumsuz həyatdan ibarətdir; bir də, siz mənimlə yanaşı oturduğunuz və məni xoşbəxt etdiyiniz belə bir zamanda başqa bir şey haqqında düşünməyin mənası varmı? Mənim sizə nə qədər minnətdar olduğumu bilsəydiniz; minnətdaram ona görə ki, əziz Nastenka, məni rədd etmədiniz, həyatımda heç olmasa iki gecə insan kimi yaşadım…

– Ah, yox, yox! – Nastenka çığırdı və gözləri yaşla doldu. – Yox, bir daha belə olmayacaq; biz ayrılmayacağıq! İnsan ömrü üçün, axı, iki gecə nədir ki?

– Nastenka! Nastenka! Siz məni öz taleyimlə yenidən barışdırdınız! Bilirsinizmi, mən, əvvəllər olduğu kimi, öz haqqımda bir daha pis fikirlərə düşməyəcəyəm. Həyatımda etdiyim cinayət və günahlar üçün bir daha vicdan əzabı çəkməyəcəyəm. Ona görə ki, bu cür yaşamağın özü cinayət və günahdır. Bir də, Nastenka, elə düşünməyin ki, guya mən həyatımı sizə danışanda bir çox əhvalatı həddən artıq şişirdirəm, allah eşqinə belə düşünməyin. Nastenka, bəzən mən elə darıxır, elə darıxıram ki… belə dəqiqələrdə mənə elə gəlir ki, heç bir vaxt özümə həqiqi həyat qura bilməyəcəyəm, buna mənim qabiliyyətim yoxdur, mənə elə gəlir ki, Yer üzündə həqiqət adına nə varsa, hər şeyin ölçüsünü itirmişəm, həqiqi varlığı duymaq, dərk eləmək iqtidarından məhrum olmuşam; nəhayət, mən öz-özümə nifrət eləyirəm; çünki yuxusuz keçirdiyim şirin, xəyali gecələrdən sonra mən artıq ayılmağa başlayıram, bunun necə bir dəhşət olduğunu düşünürsünüzmü? Ayılıb görürsən ki, dörd tərəfini bürüyən insan kütləsi həyat burulğanı içərisində mütəmadiyən fırlanır, uğuldayır, hara isə baş alıb gedir; insanların necə gözüaçıq, işgüzar yaşadıqlarını görürsən və eşidirsən, onlar sifarişlə yaşamırlar, onların həyatı bir yuxu, bir kölgə kimi keçib getməyəcək, bu həyat həmişə gəncdir, tez-tez dəyişir, yeniləşir, hər ötən saat özündən sonrakı saata oxşamır… Puç bir xəyalın məhsulu olan həyat isə son dərəcə qaba və yekrəngdir; o, dumanlı kölgələrin, qarışıq fikirlərin əksidir; günəşin üzünü qəflətən örtən qara bulud qədər cansıxıcıdır, bu buluda baxarkən, öz sevimli günəşini görməyən əsl Peterburq sakininin ürəyi kədərdən sıxılır, – belə kədərli insandan nə xəyal gözləmək olar?! Sən onun, bu tükənməz xəyalın ağır bir gərginlik içərisində, nəhayət, yorulduğunu, tükəndiyini hiss edirsən, çünki sən artıq əvvəlki adam deyilsən, yetişib möhkəmlənmisən, köhnə fikir və arzularından uzaqlaşmısan; onlar toz kimi havaya sovrulmuş, parçalanıb dağılmışdır; əgər başqa bir həyat yoxdursa, sən onu bu parçalardan, bu qırıntılardan qurmağa məcbursan. Lakin, bununla bərabər, insanın qəlbi nə isə daha yeni bir həsrətlə döyünür və xəyalpərəst öz köhnə arzularını soyumuş kül kimi əbəs yerə eşələyir, heç olmasa kiçik bir qığılcım tapıb, nəfəsilə onu yenidən alovlandırmaq, beləliklə, soyumuş qəlbini yenidən isindirmək və keçmişdə ona əziz olan, onun ruhunu oxşayan, qanını coşduran, gözlərinə sevinc yaşları gətirən, yalanla da olsa, ürəyinə təskinlik verən hər şeyi yenidən xəyalında canlandırmaq üçün əbəs yerə bu külün içərisində qurdalanır. Nastenka, nəhayət, mənim öz fikirlərimdə hansı nəticəyə gəlib çıxdığımı bilirsinizmi? Bilirsinizmi ki, mən indi öz xəyallarımın, arzularımın ildönümünü qeyd eləmək məcburiyyəti qarşısındayam, əslində həyatda olmayan bütün bu xəyal və arzular əvvəllər də mənim üçün çox qiymətli idi, – mən bu ildönümünü qeyd edərkən bir daha o mənasız və puç arzular aləminə qayıtmalı olacağam, hər bir köhnəlmiş arzu yenidən oyana bilər, lakin bu, mənim çürük və səfeh arzularıma aid deyildir, axı, onları yenidən canlandırmaq üçün əlimdə heç bir vasitə yoxdur. Mən, bir zamanlar özümü xoşbəxt hiss elədiyim yerləri indi də xatırlamağı və ara-sıra seyrə çıxmağı çox sevir, – indiki həyatımı bir daha geri dönməyəcək keçmiş həyatıma uyğun bir şəkildə qurmağı fikirləşirəm. Bəzən də heç bir səbəb və məqsəd güdmədən, kədərli və qüssəli bir halətlə, bir kölgə kimi Peterburq küçələrini və döngələrini gəzməyə çıxıram, bu zaman nələr, nələr haqqında düşünmürəm! Məsələn, bir il bundan əvvəl həmin bu yerdə, bu saatda, həmin bu səkinin üstündə tək-tənha, qəmli-qəmli gəzişdiyimi xatırlayıram. Yadıma düşür ki, onda da məni hər tərəfdən qüssəli xəyallar bürümüşdü, lakin bu xəyallar nə qədər ağır və qüssəli olsa da, hiss eləyirəm ki, o zaman həyat elə bil indikinə nisbətən yüngül və rahat idi, indi varlığımı incidən bu qara düşüncələr, gecə-gündüz mənə rahatlıq verməyən bu ağır və sonsuz əzab – bu vicdan əzabı o zaman yox idi. Bunları düşünərkən öz-özünə deyirsən: «İllər necə də surətlə gəlib-keçir!» Yenə də özündən soruşursan: «Axı, nə elədin ki, bu uzun illər belə» tez ötüb keçdi? Ömrünün ən yaxşı günlərini harada məzara gömdün? Sən yaşayırdın, ya yox?» «Bax, yaxşı bax, – deyə özünə xəbərdarlıq edirsən, – həyat getdikcə sönüb gedir! Bir neçə il də keçəndən sonra tamamilə tək qalacaqsan, sonra əli əsalı, taqətsiz qocalıq, onun dalınca da sıxıntı və məyusluq gələcək. Sənin xəyal aləmin sönükləşəcək, arzuların isə-öz təravətini itirib, xəzan vurmuş yarpaq kimi yerə səpələnəcək…» Ah, Nastenka! Tək qalmaq, başa düşürsünüzmü, tamamilə tək qalmaq, hər şeydən, hətta ən kiçik arzulardan belə məhrum olmaq, hər şeydən, hər şeydən ümidini üzmək doğrudan da dəhşətdir! Çünki, onsuz da, itirdiklərimin hamısı əslində mənasızlıqdan, axmaqlıqdan, bir sözlə, ancaq boş bir xəyaldan başqa bir şey deyildir!

2.Və onun aşnaları (italyana)
37 389,92 soʻm
Yosh cheklamasi:
16+
Litresda chiqarilgan sana:
29 oktyabr 2022
ISBN:
978-9952-8448-2-5
Mualliflik huquqi egasi:
JekaPrint

Ushbu kitob bilan o'qiladi