Faqat Litresda o'qing

Kitobni fayl sifatida yuklab bo'lmaydi, lekin bizning ilovamizda yoki veb-saytda onlayn o'qilishi mumkin.

Kitobni o'qish: «Seçilmiş əsərləri»

Shrift:

BƏYAZ GECƏLƏR

 
…Bəlkə bundan ötrü yaranmışdı o:
Bütün həyatında yalnız bircə dəm
Olaydı qəlbinə ən yaxın həmdəm!..
 
İ.V.Turgenev

BİRİNCİ GECƏ

Gözəl bir gecə idi, elə gecə ki, sevimli oxucum, belə gecələri biz ancaq gəncliyimizdə hiss edə bilərik. Səma elə ulduzlu, elə parlaq idi ki, ona baxan qeyri-ixtiyari öz-özünə bu sualı verərdi: «Doğrudanmı belə bir səma altında müxtəlif xasiyyətli, acıqlı və şıltaq insanlar yaşayır?» Bu, yeni sualdır, sevimli oxucum, həm də çox yeni, ancaq allah eləsin ki, bu sual sizin qəlbinizdə tez-tez oyansın!.. Müxtəlif şıltaq xasiyyətli və acıqlı cənablar haqqında danışarkən mən, həmin gün ərzində özümün təmiz davranışımdan söhbət açmaya bilmərəm. Səhərdən nə isə, qəribə bir kədər mənə əzab verməyə başladı. Birdən mənə elə gəldi ki, hamı məni tərk edir, hamı məndən uzaqlaşır. Əlbəttə, haqlı olaraq soruşa bilərlər: «Hamı, yəni kim?» Bu ona görə haqlı sualdır ki, səkkiz ildən bəri Peterburqda yaşadığıma baxmayaraq, demək olar, özümə heç bir tanış tapa bilməmişəm. Lakin tanış mənim nəyimə lazımdır? Onsuz da bütün Peterburq mənə tanışdır bax, elə bunun üçündür ki, bütün Peterburq yığışıb yaylağa köçərkən mənə elə gəldi ki, hamı məni tərk edir. Tək qalmaq məni qorxutdu və nə üçün darıxdığımı bilmədən, dərin bir kədər içərisində düz üç gün şəhəri gəzdim. Nevskiyə, bağa, Sahil küçəsinə, xülasə, hara getdimsə, bütün il ərzində həmin yerdə, həmin saatda rast gəlməyə adət etdiyim adamların heç birini görə bilmədim. Onlar, şübhəsiz, məni tanımırdılar, amma mən onları tanıyıram. Yaxşı tanıyıram mən onların sir-sifətinə demək olar ki, öyrəşmişəm, onlar şən olanda mən də baxıb sevinirəm, qanları qara olanda isə qüssələnirəm. Mən allahın hər günü, müəyyən saatda Fontankada təsadüf etdiyim bir qoça ilə demək olar ki, dostlaşmışam. Onun sifəti təkəbbürlü və düşüncəlidir. Həmişə öz-özünə nə isə pıçıldayır və sol əlini havada yelləyir, sağ əlində isə uzun, qızıl dəstəli çəlik var. O da mənimlə mehribandır və ürəkdən mənə hörmət bəsləyir. Əgər müəyyən saatda Fontankanın həmin yerində qoca dostuma rast gəlməsəm, əminəm ki, o kədərlənər. Bax, buna görə də biz, bəzi hallarda, xüsusilə kefimiz yaxşı olanda bir-birimizə az qala baş əyib keçirik. Bu yaxınlarda, arada tam iki gün görüşməyib, üçüncü günü bir-birimizə rast gəldiyimiz zaman salamlaşmaq üçün papaqlarımızı çıxarmaq istəyirdik ki, xoşbəxtlikdən vaxtında ayıldıq, əllərimizi aşağı saldıq və təəssüflə bir-birimizin yanından ötüb-keçdik. Mənə evlər də tanışdır. Mən yol gedərkən tanıdığım hər bina sanki məndən qabağa yüyürüb, küçənin başında durur bütün pəncərələrindən mənə baxır və az qala deyir: «Salam! Necəsiniz? Mən də, allaha şükür, sağ-salamatam, may ayında üstümə bir mərtəbə də artıracaqlar», yaxud: «Əhvalınız necədir? Məni sabah təmirə verirlər», ya da: «Az qalmışdı ki, yanıb kül olum, özüm də bərk qorxmuşam» və ilaxirə. Onların içərisində mənim sevimli, yaxın dostlarım var; bu yay fəsli onlardan biri memarın yanında müalicə olunmaq fikrindədir. Mən hər gün qəsdən gedib yoxlayacağam ki, başdansovma müalicə eləməsinlər, pərvərdigara, sən özün onu hər bəladan saxla!.. Açıq-çəhrayı rəngli gözəl bir evciyin başına gələn hadisəni heç vaxt unutmaram. Bu, daşdan tikilmiş balaca bina, qonşuluğundakı kobud binalara elə məğrur-məğrur baxırdı ki, hər dəfə qabağından ötəndə məni elə mehriban-mehriban süzürdü ki, ürəyim fərəhlə dolurdu. Keçən həftə yenə tanış küçə ilə gedirdim, dönüb dostuma baxanda birdən qulağıma şikayətli qışqırıq gəldi: «Ah, məni sarı boya ilə rəngləyirlər!» Canilər! Vəhşilər! Onlar heç bir şeyə – nə sütunlara, nə qapı-pəncərə haşiyələrinə rəhm etmirlər, dostum başdan-ayağa bülbül kimi sapsarı idi. Bu hadisə kefimi elə pozdu ki, hirsimdən gözlərim yaşardı; mən, üzündə ölü rəngi çəkilmiş, eybəcər hala salınmış zavallı dostumla görüşməyə, ona baxmağa indi də cürət eləyə bilmirəm.

Oxucum! Artıq siz, mənim bütün Peterburqla necə tanış olduğumdan xəbərdarsınız.

Yuxarıda söylədiyim kimi, mən öz narahatlığımın səbəbini öyrənənə qədər üç gün əzab çəkdim. Küçəyə çıxanda bu əzab daha da artırdı. (O yoxdur, bu yoxdur, o birisi hara gedib!) Evdə də elə darıxırdım ki, özümə yer tapa bilmirdim. Bunun səbəbini öyrənmək üçün iki gecə fikirləşdim. Yaşadığım bu kiçik bucaqda nəyim çatışmır? Nə üçün evdə özümü pis hiss edirəm? Bu fikirlərlə dönüb, yaşıl rəngli, his basmış divarlara, Matryonanın çox işgüzarlığı sayəsində hörümçək torları ilə örtülmüş tavana heyrətlə baxırdım, ev şeylərini başdan-başa nəzərdən keçirirdim, hər kürsünü yoxlayırdım, bəlkə, deyirdim, darıxmağımın səbəbi bunlardır? (Bir kürsü həmişəki yerindən tərpənəndə dərhal əsəbiləşirdim.) Dəfələrlə pəncərədən boylanıb küçəyə tamaşa eləyirdim, ancaq əbəs yerə, heç bir yüngüllük duymurdum! Mən, hətta, Matryonanı çağırıb, hörümçək torlarını təmizləmədiyi və ümumiyyətlə səliqəsizliyi üçün onu məzəmmət etdim; o isə yalnız təəccüblə mənə baxdı və bir söz demədən çıxıb getdi, hörümçək torları indi də əvvəlki qayda ilə öz yerindən asılıb qalıb. Nəhayət, ancaq bu gün səhər işin nə yerdə olduğunu başa düşdüm. Axı, adamlar məni tək qoyub, yaylağa əkilirlər! Belə yersiz bir sözə görə sizdən üzr istəyirəm, lakin elə halda idim ki, dəbdəbəli sözlər heç yadıma düşmədi… Çünki hamı – Peterburqda olan hər kəs yaylağa köçmüşdü və ya köçməyə hazırlaşırdı; çünki özünə fayton tutan hər hansı mötəbər görkəmli, hörmətli ailə sahibinə çevrilirdi; bu cənab öz adi vəzifələrini yerinə yetirəndən sonra ailəsilə birlikdə xüsusi bağına köçürdü; çünki indi hər yoldan ötən şəxsin ayrıca bir görkəmi vardı, elə bil o, rast gəldiyi adamlara demək istəyirdi: «Cənablar! Biz burada elə-belə, müvəqqəti yaşayırıq, iki saatdan sonra yaylağa köçəcəyik!» Bir də görürdüm ki, kiminsə nazik, qar kimi ağ barmaqları tanıdığım bir evin pəncərəsini içəridən tıqqıldadır, sonra pəncərə açılır, gözəl bir qız küçəyə boylanır, gülsatanı çağırır, – o saat bilirdim ki, qız bu gülləri, şəhərin cansıxıcı bürküsündə baharın gözəlliyi və çiçəklərin ətrilə nəşələnmək xatirinə almır, ona görə alır ki, tezliklə o da yaylağa köçəcək və bu gülləri özü ilə aparacaqdır. Hələ bu bir yana dursun, mən, təbir caizsə, öz kəşflərimdə elə müvəffəqiyyətlər əldə etmişdim ki, kimin hansı yaylaqda yaşadığını bir baxışla, yanılmadan təyin eləyə bilirdim. Kamennı və Aptekarski adalarının, yaxud Peterqof yolu ətrafının sakinləri öz incə hərəkətləri, qəşəng yay geyimləri və şəhərə gəldikləri zaman mindikləri gözəl dilcanlarla başqalarından fərqlənirdilər. Parqolovoda və ondan bir az uzaqda yaşayanlar adamın diqqətini dərhal öz ehtiyatlı və təmkinli, ağır davranışları ilə «cəlb edirdilər»; Krestovski adasından gələnlərin üzü adətən həmişə sevincli olurdu. Bəzən küçədə dayanıb, yaylağa gedənlərə tamaşa edirdim; budur, köç arabalarının sürücüləri, əlləri cilovlu, uzun bir cərgəyə düzülüb, atların yanınca tənbəl-tənbəl yeriyirlər, arabalar hər cür əşya ilə – masa, kürsü, Türkiyədən, yaxud başqa yerdən gətirilmiş divan və qeyri ev müxəlləfatı ilə dağ kimi yüklənmişdir, hələ bu şeylər az imiş kimi, yükün üstündə arıq bir aşpaz qadın da əyləşib, ağasının malını göz bəbəyi kimi qoruyur; bu yanda isə ev avadanlığı ilə yüklənmiş qayıqlar Neva, ya da Fontanka sularında Qara çaya tərəf, yaxud adalara sarı üzürlər, – bu arabalara və qayıqlara baxdıqca onların sayı mənim gözlərimdə artır, onu, yüzü keçirdi, elə bil hər şey köç karvanlarına dönüb yaylaqlara axışırdı, sanki bütün Peterburq azacıq sonra boş bir səhraya çevriləcəkdi; nəhayət, bütün bunlar məni elə bir vəziyyətə gətirdi ki, varlığımı bürüyən həya, təhqir və kədər hisslərindən nə edəcəyimi bilmədim; yaylaqda mənim heç kəsim və heç nəyim yox idi. Mən qabağıma çıxan hər hansı bir arabada, hər hansı mötəbər görkəmli cənabın faytonunda getməyə hazırdım; lakin heç kəs, bəli, heç kəs məni dəvət eləmirdi; sanki məni unutmuşdular, sanki mən onların nəzərində həqiqətən yad bir adam olmuşdum!

Mən uzun müddət və çox gəzdim, belə ki, adətim üzrə, harada olduğumu tamamilə unutduğum vaxt birdən xəyalatdan ayılıb, özümü şəhər darvazasının yanında gördüm. Bir anda qəlbimə sevinc doldu və mən şəhər darvazasının o tərəfinə keçdim, şumlanmış çöllərin və yaşıl çəmənlərin arası ilə yeriməyə başladım, yorğunluğuma baxmayaraq, üstümdən bir yükün tədricən yox olub getdiyini duydum. Yoldan ötənlər mənə elə mehribanlıqla baxırdılar ki, guya bu saat baş əyib keçəcəkdilər; hamı nəyə isə sevinirdi, hamı bir nəfərədək, siqar çəkirdi. Məni də bu vaxta qədər hiss etmədiyim bir fərəh bürümüşdü. Elə bil mən, birdən-birə İtaliyaya gəlib çıxmışdım, təbiətin gözəlliyi mənə – Peterburqun evləri arasında az qala boğulan, yarımcan şəhərliyə bu dərəcədə qüvvətli təsir göstərmişdi!

Bahar gələrkən birdən-birə bütün qüdrətini, göylərin bəxş etdiyi bütün gözəlliyini aşkara çıxaran, yaşıllıqlardan məxmər don geyinən, rəngbərəng çiçəklərlə bəzənən Peterburq təbiətində nə isə təsirli bir şey var… Bu təbiəti seyr edərkən o mənə, qeyri-ixtiyari, xəstə və zəif bir qızı xatırladır; siz bu qıza təəssüflə, bəzən mərhəmət qarışıq bir məhəbbətlə baxırsınız, bəzən isə onu sadəcə görmürsünüz, lakin o birdən, ani olaraq, gözlənilmədən dəyişir, təsəvvürə sığmayan ilahi bir gözəllik kəsb edir, siz bu gözəllikdən son dərəcədə heyrətlənmiş, məst olmuş bir halda, qeyri-iradi, öz-özündən soruşursunuz: «Bu kədərli, düşüncəli gözləri belə parladan hansı qüvvədir? Necə oldu ki, bu solğun, batıq yanaqlara qızartı çökdü? Bu zərif cizgili sifətin ehtiraslı bir təbəssümlə örtülməsinə səbəb nədir? O nə üçün belə tez-tez nəfəs alır? Zavallı qızın çöhrəsini qəflətən qüvvət, həyat və gözəllik ifadələrilə dəyişən, belə şən bir gülüşlə canlandıran nə oldu?» Siz ətrafa baxıb kimi isə axtarır, bu sirri açmağa başlayırsınız… Lakin bu gözəllik ani bir surətdə parladığı kimi, ani olaraq da sönüb gedir. Ehtimal ki, ertəsi günü siz yenə həmin düşüncəli və dalğın baxışlara təsadüf edəcək, yenə qızın solğun çöhrəsini, hərəkətlərindəki itaətkarlıq və cəsarətsizliyi görəcək, hətta sizi dünən bir dəqiqə, yalnız bircə dəqiqə cəlb etdiyi yazıq qızın nə isə bir ruh düşkünlüyü, kədər və peşmançılıq əzabı içərisində çırpındığının şahidi olacaqsınız… və siz bu ani gözəlliyin belə tez və əbədilik solduğuna, aldadıcı bir parıltı ilə nahaq yerə şəfəq saçdığınız və nəhayət, bu qızı sevməyə belə vaxt tapmadığınıza təəssüflənəcəksiniz…

Bütün bunlara baxmayaraq, mənim gecəm gündüzümdən daha yaxşı keçdi. Əhvalat belə oldu:

Mən şəhərə döndüyüm zaman çox gec idi, yaşadığım mənzilə çatmağa bir az qalmışdı ki, saat onu vurdu. Mənim yolum Sahil küçəsindən keçirdi, gecənin bu vaxtında burada heç kəsə rast gəlməzsən. Şəhərin ən uzaq hissəsində yaşayırdım. Mən yeriyir və oxuyurdum; heç bir dostu və xeyirxah tanışı olmayan, şad dəqiqələrində öz sevincini heç kəslə bölüşə bilməyən başqa xoşbəxt adamlar kimi mən də xoşbəxt olduğum zaman mütləq bir mahnı zümzümə eləyirəm. Birdən başıma gözləmədiyim qəribə bir hadisə gəldi.

Kənarda, sahil boyu uzanan dəmir sürahiyə bir qadın söykənmişdi; deyəsən, çox diqqətlə çayın bulanıq suyuna baxırdı. Başında sarı, qəşəng bir şlyapa, çiyinlərində isə incə, qara bir mantilya1 vardı. «Bu, gənc bir qızdır, özü də mütləq qarabuğdayıdır», – deyə düşündüm. O gərək ki, addımlarımın səsini eşitmədi, hətta mən, nəfəsimi saxlayıb, şiddətli bir ürək çırpıntısı ilə onun yanından ötdüyüm zaman belə tərpənmədi. «Çox təəccüblüdür, – deyə fikirləşdim, – görünür ki, nə haqdasa dərindən düşünür» və birdən yerimdə donub qaldım. Qulağıma boğuq bir hönkürtü gəldi. Bəli, mən yanılmamışdım: qız ağlayırdı. Həm də yanıqlı-yanıqlı hıçqırırdı. Pərvərdigara! Ürəyim bərk sıxıldı. Qadınlarla münasibətimdə nə qədər cəsarətsiz olsam da, belə bir dəqiqədə!.. Mən döndüm, ona tərəf yönəldim və: «Xanım!» – deyə çağırmaq istədiyim anda birdən bu sözün ali rus cəmiyyətlərinə məxsus romanlarda min dəfələrlə təkrar edildiyini xatırlayıb, özümü saxladım. Amma mən müvafiq bir söz axtarıb tapana qədər qız fikirdən ayıldı, özünü toxdadıb, gözlərini aşağı dikdi və yanımdan ötüb, Sahil küçəsilə getməyə başladı. Mən dərhal onun dalınca düşdüm, lakin o, fikrimi duydu, sahili tərk edib, küçənin o biri səkisinə keçdi. Mən isə o biri səkiyə keçməyə cürət eləmədim. Ürəyim tələyə düşən quş ürəyi kimi çırpındı. Qəfildən bir təsadüf köməyimə gəldi.

Səkinin o tərəfində, tanımadığım qadından azacıq kənarda bir cənab zahir oldu, əynində frak vardı, görünüşündən orta yaşlarında bir kişi idisə də, yerişindən bunu demək olmazdı. O, səndələyərək, divardan tuta-tuta yeriyirdi. Qız isə qorxaq addımlarla, ox kimi surətlə gedirdi. Gecə vaxtı evə müşayiət edilməsini xoşlamayan başqa qızlar kimi, yəqin bu qız da heç kəsin onu ötürməsini istəmirdi. Əlbəttə, özünü ayaq üstə güclə saxlayan fraklı cənab, qıza heç vəchlə çata bilməzdi, lakin mənim bəxtimdən o, ayılan kimi oldu, birdən nə isə düşünüb qızın dalınca qaçmağa başladı. Qız addımlarını daha da sürətləndirirdi, lakin səntirləyə-səntirləyə qızı təqib edən cənab artıq ona çatmaq üzrə idi, çatdı, qız qışqırdı və… Bu anda mən, sağ əlimdəki çəliyə görə taleyimə təşəkkür etdim. Bir saniyə keçməmiş özümü səkinin o tərəfində gördüm, çağırılmamış qonaq, yəni cənab dərhal məsələni başa düşdü, əgər qızdan əl çəkməsə, nəticənin pis olacağını fikirləşdi, dayandı, yalnız biz lap uzaqlaşandan sonra məni çox qəliz sözlərlə hədələməyə başladı. Lakin artıq biz onun səsini güclə eşidirdik.

– Əlinizi mənə verin, – deyə tanımadığım qıza müraciət etdim, – daha o sizə yaxınlaşa bilməz!

O heç bir söz demədən, qorxu və həyəcandan hələ də titrəyən əlini mənə verdi. Ah, çağırılmamış cənab! Mənim bu dəqiqədə sənə necə minnətdar olduğumu bilsəydin! Gözaltı qıza baxdım: o, gözəl və – səhv etməmişdim – qarabuğdayı idi, bayaqkı qorxudanmı, yaxud kim bilir, gizli bir kədərdənmi, qara kirpiklərində yaş damlaları parlayırdı. Lakin dodaqlarında artıq təbəssüm oynayırdı. O da gizlicə mənə baxdı, ötəri qızardı və başını aşağı saldı.

– Bax, görürsünüzmü? Siz əvvəlcə məndən nahaq yerə qaçdınız. Əgər yanınızda olsaydım, heç bir hadisə baş verməzdi.

– Axı, mən sizi tanımırdım, elə bilirdim ki, siz də…

– Məgər indi siz məni tanıyırsınız?

– Bir az. Məsələn, deyə bilərəm ki, siz nə üçün belə titrəyirsiniz.

– Ah, doğrudan da siz məni ilk görüşdə tanıdınız! – deyə heyrətlə cavab verdim, onun belə ağıllı olmağı məni sevindirdi. Ağıllı və gözəl olmaq böyük şeydir. – Bəli, siz ilk baxışda mənim necə bir insan olduğumu bildiniz. Yaxşı başa düşmüsünüz, mən qadınlara münasibətimdə çox cürətsizəm, mübahisə eləmirəm, bir dəqiqə bundan əvvəl naməlum cənab sizi qorxudarkən keçirdiyiniz həyəcanı indi mən də eyni ilə duyuram. Məni nə isə bir qorxu alıb. Elə bil yuxu görürəm, yox, heç yuxuda da ağlıma gəlməzdi ki, mən bir vaxtlar qadınla söhbət edəcəyəm.

– Necə? Ola bilməz…

– Bəli, əgər əlim titrəyirsə, bu o deməkdir ki, hələ indiyədək sizin əliniz qədər gözəl, xırda bir əl mənim əlimə dəyməyib. Mən qadınları tamam yadırğamışam, yəni əslinə baxsanız mən heç vaxt onlara yaxın olmamışam; axı, mən təkəm… Mən hətta qadınla danışmaq qaydasını da bilmirəm. Budur, elə indicə sizinlə söhbət edəndə, bəlkə də ləyaqətsiz danışmışam. Əgər danışmışamsa, açıq üzümə deyin, xəbərdarlıq eləyirəm, mən inciyən deyiləm…

– Yox, yox, əksinə. Ancaq madam ki, siz mənim açıq danışmağımı istəyirsiniz, onda qoyun deyim: qadınlara belə cürətsizlik xoş gəlir; əgər daha açığını bilmək istəyirsinizsə, sizin cürətsizliyiniz mənim də xoşuma gəlir, evə çatana qədər mən sizdən ayrılmayacağam.

Mən sevincimdən özümü lap itirdim.

– Siz mənimlə elə danışırsınız ki, çox keçmədən bu cürətsizlikdən heç əsər də qalmayacaq. O zaman mən sizinlə lap açıq olacağam…

– Açıq? Bu nə deməkdir? Bax, deyəsən, burada çaşdınız…

– Bağışlayın, bilmədim, ağzımdan qəfil çıxdı, axı belə bir dəqiqədə kim istəməz ki, hər vasitə ilə özünü sizə…

– Bəyəndirsin, eləmi?

– Bəli, bəli, əlbəttə, allah eşqinə, ürəyinizə başqa fikir gəlməsin, iltifat eləyin, görün mən kiməm! İyirmi altı yaşım var, lakin bu vaxtadək heç bir dostum olmayıb. İndi özünüz fikirləşin, mən hər sözü öz yerində, cəld və yaxşı danışa bilərəmmi? Siz yəqin ki, hər şeyi təfərrüatı ilə bilmək istəyirsiniz. Onda qulaq asın! Ürəyim dilə gəldiyi zaman mən susmağı bacarmıram. Eh, fərqi yoxdur… İnanırsınızmı, heç bir qadınla heç vaxt dost olmamışam! Ancaq bir arzu ilə yaşamışam ki, bəlkə, nəhayət, mənim də bəxtimə biri düşəcək. Ah, bu arzu ilə yaşaya-yaşaya neçə dəfə aşiq olduğumu bilsəydiniz!..

– Aşiq? Kimə?

– Heç kimə, öz-özlüyümdə uydurduğum xəyal pərisinə, həmin o pəriyə ki, gecələr yuxuma girir. Mən öz aləmimdə saysız-hesabsız romanlar yaradıram. Yox, siz hələ məni tanımırsınız? Əlbəttə, bu o demək deyil ki, mən ümumiyyətlə heç qadın görməmişəm, ikisini, üçünü görmüşəm, ancaq o da evdarlarını, belə qadınlar da ki… Nə isə, indi mən sizi güldürəcəyəm, məsələn, belə hadisələr olub: neçə dəfə cürətlənib, küçədən tək keçən kübar bir qadınla, əlbəttə, hörmətli, ədəbli və ehtiraslı bir dillə danışmaq istəmişəm; demək istəmişəm ki, mən tək-tənha məhv oluram, qoy o məni rədd eləməsin, qadınları tanımaq bacarığından məhrum olduğum üçün məni qınamasın; ona hətta öz qadınlıq vəzifəsini öyrətməyə çalışmışam, demişəm ki, qadın gərək mənim kimi bədbəxt bir adamın cəsarətsiz yalvarışlarına biganə qalmasın, nəhayət, mənim bütün tələblərim təkcə bundan ibarətdir ki, qadın məni, heç olmasa, bir qardaş kimi qəbul eləsin, mənimlə mehriban danışsın, halıma yansın, ilk addımda məni rədd etməsin, sözlərimə inansın, danışarkən diqqətlə qulaq assın, əgər kefi istəyirsə, mənə gülsün, ancaq ümidsiz qaytarmasın, ikicə kəlmə, yalnız ikicə kəlmə, təsəlli üçün, söz desin, sonra, əgər istəyirsə, bir daha mənimlə görüşməsin! Siz deyəsən, gülürsünüz. Əslinə baxsan, mən elə sizi güldürmək istəyirdim…

– İnciməyin, mən ona gülürəm ki, siz öz-özünüzə düşmənçilik edirsiniz, əgər siz, lap küçədə də olsa, sevdiyiniz bir qadına eşqinizi elan eləsəniz, elə bilirəm ki, məqsədinizə çatarsınız; belə işlərdə insan nə qədər sadə olsa, bir o qədər yaxşıdır. Elə bir xeyirxah qadın tapılmaz ki, – əgər o ağıllıdırsa və siz ona yaxınlaşdığınız dəqiqədə çox da əsəbi deyilsə – eşitmək istədiyiniz iki kəlməni sizə söyləməyə cəsarət etməsin… Mən isə o dəqiqədə, bəlkə də, sizi dəli zənn edərdim. Axı, mən özüm də belə vəziyyətə düşmüşəm. İnsanları az-çox tanıyıram!..

– Ah, təşəkkür edirəm, – deyə mən ucadan səsləndim, – siz öz sözlərinizlə mənə necə təsir etdiyinizi bilsəydiniz!..

– Yaxşı, yaxşı! Ancaq, deyin görüm, siz mənim belə bir qadın olduğumu… yəni sizin diqqətinizə və dostluğunuza ləyaqətlə cavab verəcək bir qadın olduğumu necə bildiniz? Bir sözlə, demək istəyirəm ki, mənim evdar adlandırdığınız qadınlardan olmadığımı necə təyin etdiniz? Nə üçün mənə yaxınlaşmaq qərarına gəldiniz?

– Necə nə üçün? Axı, siz tək idiniz, o cənab da həddən artıq cəsarət göstərirdi, bir tərəfdən də gecə vaxtı; özünüz deyin, məgər üzərimə düşən vəzifə…

– Yox, yox, ondan qabaq, mən sahildə dayananda… Siz deyəsən, mənə yaxınlaşmaq istəyirdiniz?

– Sahildəmi? Doğrusu, heç bilmirəm necə cavab verim? Qorxuram… Bilirsinizmi, mən bu gün çox xoşbəxt idim. Yol gedə-gedə oxuyurdum; şəhər kənarına çıxmışdım; heç bir zaman özümü belə xoşbəxt hiss etməmişdim. Siz… bəlkə də mənə elə gəldi… hər halda, yadınıza saldığım üçün məni bağışlayın… Mənə elə gəldi ki, siz ağlayırsınız, mən də davam gətirmədim… ürəyim elə sıxıldı ki… Aman, ya rəbbim! Məgər sizinlə danışmaq istədiyim üçün günah iş görmüşəm? Sizin dərdinizə qardaşcasına şərik olmaq qəbahətdirmi? «Sizin dərdinizə» dediyim üçün üzr istəyirəm… Bir sözlə, axı, mənim sizə yaxınlaşmağımda qəlbinizə toxunacaq nə var ki?

– Bəsdir, kifayətdir, daha danışmayın… – deyə qız gözlərini yerə dikdi və əlimi sıxdı. – Günah məndədir ki, bu söhbəti başladım; lakin mən sizin barənizdə yanılmadığıma çox şadam. Budur, artıq evə çatdım; bu döngədə oluruq, iki addımlıqdadır… Əlvida, təşəkkür edirəm…

– Məgər… məgər biz bir daha görüşməyəcəyik… Yoxsa tanışlığımız elə bu görüşlə bitir?

– Görürsünüzmü, – deyə qız güldü, – siz bir az bundan əvvəl yalnız ikicə sözlə kifayətlənirdiniz, indi isə… Lakin, bununla belə, mən sizə heç bir söz deyə bilməyəcəyəm… Kim bilir, bəlkə də görüşəcəyik…

Dərhal cavab verdim:

– Mən sabah bura gələrəm. Ah, məni bağışlayın, mən deyəsən, artıq tələb etməyə başlamışam…

– Bəli, siz çox səbirsizsiniz… Demək olar ki, tələb edirsiniz…

– Qulaq asın, qulaq asın, – deyə mən onun sözünü kəsdim. – Yenə xatirinizə dəyən bir söz desəm, məni bağışlayın… Amma məsələ belədir, mən sabah bura gəlməyə bilmərəm. Mən xəyalpərəstəm. Həqiqi həyatdan o qədər uzağam ki, bu xoşbəxt dəqiqələri ömrümün ən nadir anları hesab eləyirəm, belə dəqiqələri mən xəyalımda belə təkrar yaşamaya bilmərəm. Mən sizin haqqınızda bütün gecəni, bütün həftəni, bütün ili fikirləşəcəyəm, sabah mütləq bura gələcəyəm, özü də məhz bu dayandığımız yerə, elə bu saatda gələcəyəm, burada dayanıb, bu gecəni xatırlayacaq, yenidən xoşbəxt olacağam. Artıq bu yer mənə çox əzizdir. İndi Peterburqda mənim iki-üç belə əziz yerim var. Mən hətta bir dəfə xatirələrə dalıb, sizin kimi ağlamışam… Kim bilir, bəlkə siz də on dəqiqə bundan əvvəl olub-keçənləri yada salaraq ağlayırdınız… Bağışlayın, mən deyəsən, yenə mətləbdən uzaq düşdüm; bəlkə siz bu yerdə daha xoşbəxt dəqiqələr keçirmisiniz…

– Yaxşı, – deyə qız diləndi, – mən də sabah saat onda bura gələrəm. Görürəm ki, sizə gəlməyi qadağan edə bilməyəcəyəm… Ancaq iş belədir: mən mütləq bura gəlməliyəm, elə düşünməyin ki, sizinlə görüş təyin eləyirəm; yox, mən bura özüm üçün gəlməyə məcburam, siz isə… Açığını deyim ki, sizin də gəlməyiniz pis olmaz, əvvələn, ona görə ki, bəlkə yenə bu günkü kimi bir hadisə üz verdi, lakin bu o qədər də mühüm məsələ deyil… Xülasə, mən sizi görmək istəyirəm… Çünki sizə deyəcək iki kəlmə sözüm var. Ancaq xahiş edirəm, mənim haqqımda pis fikrə düşməyəsiniz, mənim belə asanlıqla görüş təyin etməyim sizi şübhəyə salmasın. Mən bu görüşü təyin etməzdim, əgər… Yaxşı, qoy bu mənim sirrim olsun! Amma qabaqcadan şərtim var…

– Şərt? Tez şərtinizi deyin, hər şeyi əvvəlcədən danışın, mən hamısına razıyam, hər şeyə hazıram, – deyə sevinclə səsləndim, – söz verirəm ki, sizə qulaq asım, özümü ləyaqətli aparım… Siz, axı, az da olsa, məni tanıyırsınız…

– Məhz sizi tanıdığım üçün də sabah görüşə gəlməyinizi istəyirəm, – qız gülə-gülə cavab verdi, – mən sizi lap yaxşı tanıyıram. Lakin görüşə gələrkən şərtimi unutmayın; birinci (çox xahiş edirəm dediklərimi yerinə yetirəsiniz, görürsünüz ki, sizinlə necə açıq danışıram) mənə aşiq olmayın… Bu, mümkün olan iş deyil, sizi inandırıram, dost olmağa hazıram, budur, bu da mənim əlim… Amma aşiq olmaq yaramaz, xahiş eləyirəm!..

– And içirəm.. – deyə onun əlindən tutdum.

– Yaxşı, and içməyin, mən sizi tanıyıram, siz barıt kimi alışmağa hazırsınız. Mənim belə danışmağımdan inciməyin, əgər bilsəydiniz… Mənim də söhbət etməyə, məsləhət istəməyə heç kəsim yoxdur. Əlbəttə, dostu küçədə axtarmazlar, lakin siz müstəsnasınız. Mən indi sizi elə tanıyıram ki, elə bil iyirmi ildir dostluq eləyirik. Belə deyilmi? Xəyanət etməzsiniz ki?..

– Özünüz görərsiniz… Ancaq mən heç bilmirəm, sabahkı görüşə qədər səbrim çatacaqmı?

– Bərk-bərk yatın. Gecəniz xeyrə qalsın, yadda saxlayın ki, mən artıq sizə inanmışam. Siz bir az bundan əvvəl gözəl sözlər danışırdınız, deyirdiniz ki, doğrudanmı insan hər bir hissi, hətta qardaşlıq məhəbbəti haqqında da başqasına hesabat verməyə borcludur? Bilirsinizmi, bu sözlər o qədər xoşuma gəldi ki, dərhal məndə sizə inam oyandı…

– Allah eşqinə, açıq danışın, siz məndən nə isə gizlədirsiniz, ancaq nə?

– Sabah söylərəm. Qoy hələlik bu sirr kimi qalsın. Bu sizin üçün daha yaxşıdır; öz xəyalınızda müxtəlif əhvalatlar uydurarsınız. Bəlkə mən sizə sabah hər şeyi danışdım, bəlkə də yox.. Biz gərək hələ lap yaxşı-yaxşı tanış olaq…

– Əlbəttə, mən özüm haqda nə varsa, sabah hamısını sizə danışaram! Lakin bu nədir? Mən heç özümdə deyiləm. Sanki möcüzə görürəm. İlahi, mən haradayam? Doğrudanmı, siz mənimlə tanış olarkən hirslənmədiyinizə, məni qovmadığınıza, – başqası bəlkə də bunu edərdi, – peşman deyilsiniz? İki dəqiqənin içərisində siz məni əbədi xoşbəxt etdiniz. Bəli, xoşbəxt; kim bilir, siz bəlkə məni yenidən həyata qaytarmısınız, şübhələrimi həll etmisiniz… Bəlkə də mənə belə görünür… Nə isə, mən sabah hər şeyi sizə danışaram, siz hər şeyi biləcəksiniz, hər şeyi…

– Yaxşı, özü də birinci siz başlarsınız…

– Razıyam.

– Sağ olun!

– Sağ olun!

Biz ayrıldıq. Mən bütün gecəni şəhəri gəzdim; evə qayıtmaq belə istəmirdim. Mən elə xoşbəxt idim ki… Deməli, sabaha qədər!..

1.Çiyin şalı