Faqat Litresda o'qing

Kitobni fayl sifatida yuklab bo'lmaydi, lekin bizning ilovamizda yoki veb-saytda onlayn o'qilishi mumkin.

Kitobni o'qish: «Cinayət və Cəza»

Shrift:

BİRİNCİ HİSSƏ

I

Cavan oğlan kirayələdiyi xırdaca otağından çıxıb ağır-ağır “K” körpüsünə tərəf getməyə başladı. Ev sahibəsinin mənzili oğlanın otağından bir pilləkən aşağıda idi. Naharı da, ev işləri də ev sahibəsinin boynunda idi.

Yoxsulluq onu əldən salmışdı. Hər dəfə küçəyə çıxanda ev sahibəsinin mətbəxinin qarşısından keçməli olurdu. Ev kirəsini çoxdan vermədiyi üçün hər buradan keçəndə əzab çəkir, ona rast gəlməkdən qorxurdu. Hər dəfə qarşılaşanda arvadın kirayə pulu üçün deyinməsi, eyni zamanda ondan yaxa qurtarmaq üçün özünün cürbəcür yalanlar uydurması, üzr istəməsi zəhləsini tökmüşdü. Amma bu dəfə qorxması özünü də heyrətə saldı: “Bir gör nə iş tutmaq istəyirəm, özüm də boş şeydən qorxuram… Yaxşı, bəs indi niyə gedirəm? Bu mənim əlimdən gələndir? Xeyr, xəyal xatirinə özümü əyləndirirəm…”

…Ürəyi döyünə-döyünə bir üzü kanala, bir üzü “N” küçəsinə baxan nəhəng evə yaxınlaşdı. Dar və qaranlıq pilləkənlərlə dördüncü mərtəbəyə qalxıb qapının zəngini çaldı.

İti, acıqlı baxışı və sivri balaca burnu olan bu qarının altmış yaşı olardı. Nazik uzun boynuna cındır parça sarımış, çiyninə yırtıq xəz atmışdı. Qarı şübhə ilə oğlana baxdı. Oğlan azca baş əyib nəzakətlə mızıldadı:

– Raskolnikovam, tələbəyəm. Bir ay öncə yanınıza gəlmişdim.

Qarı baxışlarını ondan ayırmadan:

– Yadımdadır, atam, yaxşı yadımdadır, – dedi.

Raskolnikov özünü itirdi.

– Yenə də elə bir iş üçün gəlmişəm.

Qarı otağın qapısını göstərib qonağı qabağa buraxdı.

Raskolnikov kiçik bir otağa keçdi. Günəş işığı otağı işıqlandırmışdı. O öz-özünə düşündü: “Deməli, onda da otağa belə işıq düşəcək!” Qarı otağa girdi, düz onun qarşısında dayanıb sərt bir ifadə ilə soruşdu:

– Nə lazımdır?

– Girov qoymağa şey gətirmişəm.

Cibindən köhnə bir gümüş saat çıxardı.

– Əvvəlki girovun da vaxtı üç gündür çatıb, ay qurtarıb.

– Bir ayın da faizini verərəm, səbir edin.

– Səbir edəcəyəm, ya sizin şeyinizi indi satacağam – bu öz işimdir, atam.

– Alyona İvanovna, saata nə qədər qiymət qoyacaqsınız?

– Atam, bu heç nəyə dəyməz. Keçən dəfə sizə üzük üçün iki kağız manat vermişəm, ancaq onun lap təzəsini zərgərdən manat yarıma almaq olar.

– Dörd manat verin, mən onu geri alaram, atamdan qalıb. Bu yaxında pul alacağam.

– Manat yarım, faizi də qabaqcadan, istəyirsiniz, verim.

Raskolnikov həyəcanla dedi:

– Manat yarım?

– İxtiyar sizindir.

Qarı saatı ona uzatdı. Oğlan saatı aldı, istədi çıxıb getsin, yadına düşdü ki, bura ayrı iş üçün gəlib axı. Kobudcasına:

– Verin, – dedi.

Qarı əlini cibinə salıb açarı çıxardı, o biri otağa keçdi. Oğlan maraqla qulaq asmağa və düşünməyə başladı. Qarının komodu necə açdığı eşidilirdi. “Komodun, yəqin, yuxarı gözündədir, – düşündü, – deməli, açarları sağ cibinə qoyur. Açarlar hamısı bir yerdədir, polad halqaya keçirilib. Onların içində bir açar var, hamısından böyükdür, özü də diş-dişdir. Bu, əlbəttə, komodun açarı deyil. Deməli, bir mücrü, ya da sandıq var. Bu nə alçaq işdir mən tuturam…”

Qarı geri qayıtdı.

– Budur, atam, hər aya iki şahı faiz tutulsa, onda bir ay üçün sizdən manat yarıma qabaqcadan on beş qəpik, iki əvvəlki manat üçün də bu hesabla qabaqcadan iyirmi qəpik tutmaq lazımdır. Cəmi edir otuz beş qəpik. Saat üçün indi siz məndən bir manar on beş qəpik almalı olursunuz. Buyurun.

– Nə? İndi bir manat on beş qəpik oldu?

– Bəli.

Raskolnikov mübahisə etməyib pulu aldı.

– Alyona İvanovna, bu günlərdə, bəlkə, sizə bir şey də gətirdim. Gümüş papiros qabıdır.

– Sağlıqla qalın…

– Evdə tək olursunuz, bacınız yoxdur? – dəhlizə çıxanda ehtiyatla soruşdu:

– Atam, bunun sizə nə dəxli var?

– Əlbəttə, dəxli yoxdur. Elə-belə soruşdum. Sağlıqla qalın…

Raskolnikov çaşqın halda küçəyə çıxdı. Həyəcanla öz-özünə dedi: “Aman Allah, bu nə iyrənc fikirdir! Yoxsa mən… Yox, ola bilməz! Belə dəhşətli bir şey mənim ağlıma haradan gəldi? Gör mənim qəlbim necə çirkin bir şeyə qabilmiş!”

O, həyəcanını gizlədə bilmir, sərxoş adamlar kimi yeriyirdi. Özünə gələndə gördü ki, içki dükanının qarşısında dayanıb. Raskolnikov indiyə kimi içki dükanına girməmişdi. Ancaq indi başı hərlənirdi. Birdən-birə zəifləməsinin səbəbini isə aclıqda görürdü.

Qaranlıq və çirkli bir küncdə oturub öz-özünə ümidlə düşünürdü: “Bunlar boş şeydir, karıxmaq lazım deyil! Tfu, belə də miskinlik olar?!”

Ətrafına nəzər saldı. Dükanda üç adam qalmışdı. Qonşu stolda iki nəfər oturmuşdu. Onlardan biri kefli idi. Arabir öz-özünə mahnı oxuyurdu. Yanındakı isə ona heç fikir vermir, hətta ədavətlə baxırdı. Üçüncü adam isə tək oturub arabir ətrafına baxırdı. Elə bil həyəcanlı idi. Özü də qulluqdan çıxmış məmura oxşayırdı.

II

Raskolnikovun fikri də məhz bayaqdan gözünü ondan çəkmədən tək oturan məmurda idi. O, birdən Raskolnikova baxıb:

– Hörmətli cənab, söhbət üçün sizə müraciət edə bilərəmmi? Məncə, siz oxumuş, içkiyə adət etməyən birisiniz. Mən də müşavirəm, familiyam da Marmeladovdur. Qulluq edirsinizmi?

– Xeyr, oxuyuram.

Səndirləyə-səndirləyə gəlib Raskolnikovun yanında oturub həvəslə söhbətə başladı.

– Əyyaşlıq, təbii ki, yaxşı iş deyil, ancaq yoxsulluq ayıbdır. Yoxsul olanda səni insan məclisindən qovub çölə atırlar. Buradan da yol içki dükanına gedir. Bir ay əvvəl cənab Lebezyatnikov arvadımı döyüb… Beş gecədir ki, Nevada ot baraklarında qalıram.

Onun danışığı yavaş-yavaş ətrafdakıları da cəlb etdi. Deyəsən, onu burada çoxdan tanıyırdılar. Dükançı bərkdən dedi:

– Oyunbaz, məmursansa, niyə işləmirsən?

Marmeladov üzünü Raskolnikova tutdu:

– Niyə? Elə bilirsiniz sürünməkdən xoşum gəlir? Lebezyatnikov arvadımı döyəndə, mən də sərxoş halda buna baxanda əzab çəkmirdim? Ancaq arvadım Katerina İvanovna alicənab olsa da, ədalətsizdir. Hərçənd başa düşürəm ki, o mənim saçımı da mənə ürəyi yandığı üçün yolur. Mən heyvanam!

Dükançı əsnəyərək dedi:

– Əlbəttə!

– Onun corabını, ləçəyini satıb içkiyə vermişəm. Üç körpə uşaqla soyuq bir otaqda yaşayırıq. Bu qış ona soyuq dəydi. Öskürəndə artıq sinəsindən qan gəlir. Ciyərləri də zəifdir, hiss edirəm ki, vərəmə tutula bilər. Bərk əzab çəkmək istəyirəm, ona görə içirəm.

O, ümidsizliklə başını stola sarı əyib sözünə davam etdi:

– Cavan oğlan, sizin üzünüzdə kədər gördüm, ona görə dərhal sizə müraciət etdim. Bunlar onsuz da hər şeyi bilir. Arvadım quberniyanın nəcib dvoryanlar institutunu qızıl medal və tərifnamə ilə bitirmişdir. Medalı çoxdan satmışıq. Tərifnamə isə sandıqda yatır. Ona keçmiş həyatından bircə bu xatirə qalıb. Arvadım özünə hörmət edən qadındır. Qara çörəklə dolanar, heç kimin qarşısında əyilməz. Lebezyatnikovun da kobudluğunu cavabsız qoymaq istəmədi, döyüldü. Bu təhqirə dözmədiyi üçün yatağa düşdü. Mən onu dul almışam, üç körpə uşağı var. Əri piyada qoşun zabiti olub. Əri öldükdən sonra ucqar bir qəzada yoxsulluq içində yaşayırdı. Mən də dul idim, onun əzablarına dözə bilmədim. Evlənmək təklif etdim. Mənim də on dörd yaşlı bir qızım var idi. O məni heç sevmədi, bir yandan da işdən çıxarıldım, sonra içkiyə qurşandım. Başımız müsibətlər çəkdikdən sonra bu şəhərə gəlib çıxdıq. Burada da iş tapdım və itirdim, öz xasiyyətim ucbatından. İndi biz Amaliya Fyodorovna Lippevexzelin mənzilində bir küncdə yaşayırıq. Ancaq nə ilə dolanırıq, mənzil kirayəsini necə veririk, bundan xəbərim yoxdur. Katerina İvanovna alicənab olmasına baxmayaraq, qızıma zülm verib. Sonya təhsilsiz bir qızdır. Sizdən soruşuram, namuslu, lakin xüsusi istedadı və savadı olmayan bir qız necə pul qazana bilər? Uşaqlar da acdır. Ağır xəstə olan analığı da ona gün vermir ki, müftə yeyib-içirsən… Mən sərxoş idim, divanda uzanmışdım. Eşitdim, Sonya da ona deyir ki, Katerina İvanovna, yoxsa mən o işə gedim?


Saat altı olardı, Sonya qalxıb yaylığını bağladı, geyinib getdi. Saat doqquzda geri qayıtdı, içəri girən kimi Katerina İvanovnanın yanına gedib stolun üstünə otuz manat pul qoydu. Sonra divana uzandı, üzünü yaylıqla örtüb divara çevirdi. Onun bütün bədəni titrəyirdi. Katerina İvanovna yaxınlaşıb onun ayaqları altında oturdu, ayaqlarından öpdü, sonra qucaqlaşıb yatdılar. O vaxtdan bəri qızım bu yola düşdü. İndi Sonya evə ancaq gecələr gəlir, həm analığına kömək edir, həm də pul gətirir. Özü də çox kasıb və pəltək Kapernaumovun mənzilində bir otaq kirayələyib.

Mən növbəti dəfə İvan Afanasyeviçin yanına getdim. Bir dəfə onu aldatdığıma baxmayaraq, o məni yenə qulluğa götürdü. Çox yaxşı adamdır…Yenə işə girdiyimi, maaş alacağımı biləndən sonra hər kəs qulluğumda durur, mən yatanda barmaqlarının ucunda gəzirdilər. Səhər qaymaqlı qəhvə içirirdilər. Axşam gələndə görürdüm ki, Katerina İvanovna iki cür xörək hazırlayıb. Altı gün əvvəl ilk maaşımı ona verəndə mənə “əzizim” dedi, təsəvvür edirsiniz?

Eh, cənab, bəlkə də, bunlar sizə gülməli gəlir… Düşünürdüm ki, uşaqlara pal-paltar alacağam, qızımı o biabırçı durumdan xilas edib evə gətirəcəyəm. Ancaq gör neynədim? Hiylə işlədib sandığın açarını arvadımdan aldım, maaşdan qalan pulu götürdüm. Budur, beş gündür ki, evdən çıxmışam. İndi evdəkilər məni axtarır, qulluğum da əlimdən çıxdı. Hər şey məhv oldu. Bu gün Sonyanın yanına gedib ondan pul istədim. Olan-qalan otuz qəpik pulu vardı, gətirib verdi. Cənab, indi deyin görüm, mənə yazığınız gəlirmi?

Marmeladov birdən Raskolnikova dedi:

– Gedək, cənab, məni aparın, Katerina İvanovnanın yanına gedirəm, vaxtdır. Saçlarımı yolacağından qorxmuram. Mən onun yalnız gözlərindən qorxuram.

O, Raskolnikova söykənib yeriməyə başladı. Getdikcə onun qorxusu və təşvişi artırdı.

Onlar həyətdən keçib dördüncü mərtəbəyə qalxdılar. Pilləkənin sonundakı his basmış, balaca qapı açıq idi. Yanan şam qırığı uzunluğu on addım olan otağı güclə işıqlandırırdı. Otaq çox tör-töküntü idi. Otaqda cəmi iki stul, üzü cırıq-cırıq divan, qabağında şamağacından düzəldilmiş köhnə mətbəx stolu vardı.

Amaliya Lippevexzelin mənzili qəfəs kimi xırda-xırda otaqlara bölünürdü. Onun mənzilindən çığır-bağır, gülüş səsləri gəlirdi.

Boylu-buxunlu, yaraşıqlı, lakin xəstə simalı, üzgün və solğun Katerina İvanovna Marmeladovun tayı deyildi. Raskolnikovla ərinin gəldiyini görmədi. Sanki huşu özündə deyidli.

Marmeladov qapının astanasında dizləri üstündə yerə çökdü. Raskolnikovu isə qabağa itələdi. Katerina İvanovna ilk dəfə gördüyü adamın qarşısında dalğın halda dayandı. Elə zənn etdi ki, bu adam da o biri otaqlardan birinə keçir, çünki o biri otaqlara onun otağından keçirdilər. Ona fikir verməyib dəhlizin qapısını örtmək istəyəndə ərini görüb çığırdı:

– Qayıtdın? Bəs pul hanı? Paltar da o paltar deyil, hanı paltarın? Pullar hanı?

O, ərinin ciblərini axtardı. Bir qəpik də pul yox idi.

– Aman Allah! Pulların hamısını içkiyə vermisən? Axı sandıqda on iki manat pul qalmışdı!

Katerina İvanovna ərinin saçından tutub sürüməyə başladı. Uşaqlar qorxudan tir-tir əsir, ağlaşırdılar. Yazıq arvad ümidsiz halda fəryad edirdi:

– İçkiyə qoyub hamısını! – Uşaqları göstərib: – Axı bunlar acdır! – dedi.

Birdən o, Raskolnikovun üstünə qışqırdı:

– Sən də bununla içirdin, hə? İtil buradan!

Raskolnikov heç nə demədən aşağı düşdü. Əlini cibinə salıb xırdaladığı son manatlıqdan qalan xırda pulları pəncərənin qabağına qoydu.

III

Gecə pis yatmışdı. Ertəsi gün yuxudan qanıqara ayılıb otağına göz gəzdirdi. Qəfəs kimi balaca otağı çox səliqəsiz idi. Son günlər çox pintiləşmiş, səliqədən düşmüşdü. Qulluqçu qadın otağı təmizləməyə gələndə acıqlanır, əsəbiləşirdi. Mənzil sahibəsi iki həftə idi ki, ona yemək vermirdi. Ev sahibəsinin yeganə aşpazı və qulluqçusu Nastasya, Raskolnikovun da ev işini görürdü. İndi də onu yuxudan qulluqçu oyatdı.

– Dur ayağa, saat ondur. Çay gətirmişəm.

O, ağır-ağır xəstə görkəmlə taxtdan qalxdı.

– Ev sahibəsi göndərib?

– Haradan!

Nastasya çatdaq çaydanı, iki parça da saralmış qəndi onun qabağına qoydu. Raskolnikov ona bir neçə qara pul verib dedi:

– Xahiş edirəm, get mənə bir sayka1 al, bir kolbasa, amma ucuzunu.

– Ev sahibəsi səndən polisə şikayət etmək istəyir, ev kirəsini vermirsən. Əvvəllər dərs deyirdin heç olmasa, indi heç bir iş görmürsən.

– Fikirləşirəm.

– Fikirləşəndə çox pul qazanırsan?

– Dərs deməyə qəpik-quruş verirlər. Cəhənnəm olsun hamısı!

– Qudurğanlıq eləmə! Sən birdən-birə varlanmaq istəyirsən? Hə, dünən sənə bir kağız gəlib. Kimdən olduğunu bilmirəm.

– Gətir görüm! – Raskolnikov həyəcanlandı.

Nastasya məktubu gətirdi, anasından idi. Nastasya gedən kimi o, məktubu öpdü. Sonra asta-asta açıb oxumağa başladı:

“Əzizim Rodya! İki aydır ki, səninlə məktublaşmıram. Məni günahlandırma, bilirsən ki, səni nə qədər istəyirəm. Sən bizim yeganə ümidimizsən. Biləndə ki imkansızlıqdan bir neçə aydır universiteti buraxmısan, dərs də demirsən, çox pis oldum. Təqaüdlə sənə kömək edə bilmirəm. Dörd ay bundan əvvəl sənə göndərdiyim on beş manatı Afanasi İvanoviç Vaxruşindən almışdım. Yaxşı adamdır, vaxtilə atanla dost olub. İndi borcumu qaytarmışam deyə sənə pul göndərirəm. Bacın əzablardan qurtulub, indi bir yerdəyik. Olanları səndən gizlədirdim, ancaq indi hər şeyi danışacağam. Əgər hər şeyi sənə yazsaydım, iş-gücünü atıb yanımıza gələrdin. Duneçka keçən il Svidriqaylovların evinə mürəbbiyə gedəndə qabaqcadan yüz manat almışdı. Borcunu hər ay aldığı maaşdan çıxırdılar deyə işdən çıxa bilməzdi. Aldığı pulun altmış manatını sənə göndərmişdi, ancaq sənə yazmışdıq ki, öz yığdığı puldandır. Cənab Svidriqaylovun arvadı və evindəkilər Dunya ilə nə qədər nəzakətli davranırdılarsa, özü bir o qədər kobudluq edir, qızı incidirdi. Demə, bu axmaq, qıza vurulubmuş, əslində, bunu gizlətmək istəyirmiş. Axırda dözə bilmir, alçaq niyyətini açıb qıza deyir. Ona cürbəcür hədiyyələr alır, onu başqa bir yerə aparacağını vəd edir. Bir gün bağda yalvara-yalvara Dunyaya öz alçaq niyyətini söyləyəndə Marfa Petrovna eşidib yanlış anlayır. Həngamə qopur, Marfa Petrovna Dunyanı vurur. Qızın nə ki pal-paltarı var atdırır arabaya, özünü də arabaya oturdub göndərir üstümə. Yazıq qız təhqir edilib alçaldılmış vəziyyətdə 17 km yolu yağışın altında üstüaçıq arabada gəlməli olur. Bir ay şəhərdə dedi-qodu oldu, hətta Dunya ilə kilsəyə də gedə bilmirdik, bizə həqarətlə baxırdılar. Hamı bizdən üz döndərmişdi, ev sahibi də evdən çıxmağımızı tələb edirdi. Çünki Marfa Petrovna hər yerdə Dunyanı pisləyir, onu ləkələyirdi. Mən xəstələndim, ancaq Dunya çox iradəlidir, o dözə bilirdi. Lakin Allaha şükür ki, əzablara son qoyuldu. Sən demə, Dunya cənab Svidriqaylova məktub yazıbmış və bu məktub onda qalıbmış. Məktubda Dunya onu tənqid edir, etdiklərinin arvadına qarşı nanəciblik, köməksiz bir qıza isə haqsızlıq olduğunu yazır. Qulluqçular da Dunyanın günahsız olduğunu deyirlər. Məktub Marfa Petrovnanı dərdə salır. Bizə gəldi. Tövbə edib Dunyaya yalvardı ki, məni bağışla. Bir-bir bütün evlərə gedib Dunyanın günahsız olduğunu, əxlaqlı olduğunu deyir. Məktubu hamıya göstərir. Hamının Dunyaya münasibəti dəyişdi. Bir neçə evə dərs deməyə çağırdılar, getmədi. İndi isə gözlənilməz hadisə baş verib. Dunyanı istəyən var. Artıq razılığını verib. Səninlə məsləhət edincə gec olardı. Pyotr Petroviç Lujin Marfa Petrovnanın uzaq qohumudur. Onun vasitəsilə tanış olmaq istəmişdi. Marfa Petrovna da bu işin baş tutmasına çox kömək edib. O, iş adamıdır, Peterburqa getmək üçün tələsir deyə tezliklə və qəti cavab istədi. Çox götür-qoy etdik. O, çox etibarlı və təmin olunmuş adamdır. Hərçənd qırx beş yaşı var, ancaq görkəmcə çox xoşagəlimli, həlim adamdır. İlk baxışda qaraqabaq, təkəbbürlü görünə bilər. Peterburqda siz mütləq görüşəcəksiniz. İlk baxışdan yanlış nəticə çıxarma. Düzdür, çox şöhrətpərəstdir, xoşlayır ki, ona qulaq assınlar. Onların arasında sevgi-filan olmasa da, bir-birini xoşbəxt etməyin qayğısına qala bilərlər. Razılıq alandan sonra deyir ki, həmişə istəyirdim elə qız alım ki, cehizsiz olsun, özü də müsibətli günlər görmüş olsun. Ümumi vəkil kontoru açmaq üçün Peterburqa gedir. Həm də senatda mühüm işi var, sənin üçün də xeyirli adam ola bilər. Sənin haqqında ona demişik, dedi ki, onsuz da mənə bir katib lazım olacaq. Sən də hüqüq fakültəsində oxuyursan. Dunya deyir ki, gələcəkdə Pyotr Petroviçin ayrı-ayrı işləri məhkəməyə vermək məsələsində onun köməkçisi, hətta şəriki olarsan. Məncə, o, gələcəkdə mənim onlarla birlikdə yaşamağımı da istəyəcək, ancaq mən buna razı olmaram. Rodya, əzizim, çox yaxınlarda biz Peterburqa gələcəyik. Bu, Pyotr Petroviçin işindən asılıdır. Çünki evlənmək məsələsini mümkün qədər tezləşdirmək istəyir. Bilsən, sənin üçün nə qədər darıxmışıq. Dunya səninlə görüşəcəyini düşünəndə ürəyi əsir. Deyir, yaz ki, onu bağrıma basıram, öpürəm. Hətta zarafatla deyir ki, Rodyanı görmək üçün Pyotra ərə gedirəm. Əzizim, daha bəsdir. Səni qucaqlayıb bağrıma basıram. Rodya, sən bizim həyatımızsan. Yenə də Allaha dua edirsənmi? Dualarını əsirgəmə. Öpürəm, Rodya!

Anan: Pulxeriya Raskolnikova”.

Raskolnikov məktubu oxumağa başlayandan bitirincəyədək ağladı.

IV

Anasının məktubu ona çox əzab vermişdi. Ən əsası isə evlənmək məsələsi idi ki, onu özlüyündə çözmüşdü: nə qədər ki mən sağam, onlar heç vaxt evlənməyəcəklər!

O, məktubda yazılanları sözbəsöz xatırlayır, xatırladıqca əsəbindən dodaqları əsirdi. Yaxşı bilirdi ki, anası cənab Lujini niyə tərifləyir. Niyə “ilk baxışdan sərt görünə bilər, tələsik nəticə çıxarma” deyir. Açıq-aydın görünürdü ki, Dunya özünü qardaşına qurban edir və bu da anasına vicdan əzabı verir. Raskolnikovun hiddəti get-gedə artırdı. Cənab Lujin qarşısına çıxsa idi, öldürərdi. Birdən özünə gəlib dayandı. “Olmayacaq? Bunun üçün nə edəcəksən? Nə vəd edirsən onlara? Universiteti başa vurub, özünə qulluq tapıb bütün gələcəyini onlara həsr edəcəksənmi? Bəs indi? Elə indi, bu saat nəsə eləmək lazımdır. Bəs sən nə edirsən?” Birdən o öz-özünə dedi: “Axı mən hara gedirəm? Məktubu oxuyan kimi yola düşdüm. Hə, Vasilyevsk adasına, Razumixinin yanına…”

Razumixin onun tələbə yoldaşı idi. Raskolnikov tələbə vaxtı hamıdan kənar gəzər, heç kimlə yoldaşlıq etməzdi. Ancaq dərslərini oxuyardı deyə hamı ona hörmət edərdi. Nədənsə Razumixinlə uzlaşa bilmişdi. Razumixin hündür, arıq, qarasaçlı, gözəgəlimli, həm də şən, sadə, xoşxasiyyət oğlan idi. Çox kasıb idi. Orada-burada işləyib pul qazanardı. Maddi ehtiyac üzündən universitetdən çıxmağa məcbur olmuşdu.

Raskolnikov öz-özünə fikirləşdi: “Mən niyə indi Razumixinin yanına gedirəm? – Alnını ovuşdurdu: – Mən onun yanına o məsələdən sonra, səhəri gün gedəcəm… Ondan sonra? Məgər o, doğrudanmı, olacaq?!” Bütün bədəni əzgin idi, qəlbi təşviş içindəydi: “İlahi, doğrudanmı, mən onu öldürə bilərəm? Axı mən nə edirəm?” Ən yaxşısı evə getmək idi. Seno2 meydanından fırlanıb evə gəldi. Saat doqquz olardı. “K” küçəsinin tinində bir meşşan arvadı ilə bərabər alver edirdi. Bir tanış gəldiyindən başları söhbətə qarışmışdı. Bu tanış həmin sələmçi qarı Alyona İvanovnanın bacısı Lizaveta İvanovna idi. Raskolnikov onu tanıyırdı, o da Raskolnikovu bir az tanıyırdı. Lizaveta hündürboy, kobud, yöndəmsiz, gicbəsər, itaətkar bir qız idi. O, kölə kimi bacısının itaətində idi. Otuz beş yaşlı bu qız əlində düyünçə meşşanla arvadının qabağında durmuşdu, onlar da qızğın-qızğın ona nəsə deyirdilər.

– Siz bu dəfə Alyona İvanovnaya heç nə deməyin. Bizim yanımıza gəlin, bu, əlverişli işdir.

– Nə vaxt gəlim?

– Sabah saat yeddidə. Onlardan da gələn olacaq, özünüz şəxsən həll edərsiniz.

– Yaxşı, gələrəm.

Raskolnikov bildi ki, sabah saat yeddidə qarının bacısı evdə olmayacaq. Meşşanla arvadının qızı nə üçün çağırdıqlarını sonralar bildi. Şəhərə gələn kasıblamış adamlar pal-paltar və cürbəcür şeylər satmaq üçün alverçi qadın axtarırdılar. Lizaveta da bu şeyləri satmağı müəyyən faizlə boynuna götürürdü.

Raskolnikov hələ qışda ilk dəfə Alyona İvanovnadan girov qoymaqla pul götürəndə eşitmişdi ki, çox haramzadə, kinli, murdar adamdır. Girovun vaxtını bircə gün gecikdirsən, qoyduğun girov batdı. Onu da eşitmişdi ki, onun Lizaveta adlı bacısı var. Murdar qarı tez-tez onu döyür. Eşitdiklərindən bildi ki, Lizaveta onun kiçik, həm də anadan ayrı bacısıdır. Gecə-gündüz onun üçün işlər, qarşısında tir-tir əsər, hətta bacısı onu döysə də, dözərdi. Sena meydanından gələn kimi özünü divanın üstünə yıxıb titrədə-titrədə yuxuya getdi.

Nastasya səhər saat onda onu zorla oyatdı. Çay və çörək gətirmişdi. Raskolnikov ayağa durub hərləndi, yenə divana yıxıldı.

– Yenə yatırsan? Azarlamısan, nədi?

Raskolnikov gözlərini yumdu.

Nastasya saat ikidə bir də gəldi. Bu dəfə isə şorba gətirmişdi. Raskolnikov hələ yatırdı. Çaya əlini də vurmamışdı.

– Niyə bu qədər yatırsan, dur ayağa!

Raskolnikov qalxıb oturdu. O susur, gözünü yerdən çəkmirdi.

– Yeyəcəksən, ya yox?

O, zəif, əsəbi halda:

– Sonra. Sən get, – dedi.

Raskolnikov şorbadan çox iştahsız üç-dörd qaşıq yedi. Sonra yenə divana uzanıb xəyala daldı. Birdən saatın zənginə diksinib gözlərini açdı. Pəncərədən baxıb saatın neçə olduğunu anladı. Bəlkə də, saat altı idi. Birdən o özünü itirmiş kimi bərk təşvişə düşdü.

Əslində, hazırlanmalı bir şey də yox idi. Köhnə köynəyini cırıb paltosunun sol tərəfinə qoltuğunun altına ilgək tikdi. Baltanı əlində apara bilməzdi, paltonun altında gizlətsə də, əllə tutmalı idi. İndisə baltanın baş tərəfini ilgəyə keçirəcəkdi. Sonra girov qoymaq üçün çoxdan hazırladığı əşyanı götürdü. Qaldı balta məsələsi, onu da ev sahibəsinin mətbəxindən götürəcəkdi. Nastasya çox vaxt bir yerə gedəndə mətbəxin qapısını açıq qoyurdu.

Raskolnikov mətbəxə çatanda gözucu baxıb gördü ki, Nastasya iş görür. Üzünü çevirib elə getdi ki, guya heç nə görməyib. O, darvazanın yanında, dalandarın qaranlıq daxmasının qabağında dayanıb fikrə getdi: “Belə bir fürsət əlimdən çıxdı…” Birdən diksindi. Daxmanın qapısı açıq idi. Daxma ilə arasında ikiaddımlıq yol var idi. Daxmada taxtın altında nəsə parıldadı. Pəncəsi üstündə içəri keçdi, baltanı taxtın altından çəkib götürdü, paltosuna tikdiyi ilgəyə keçirdi. Əllərini cibinə salıb daxmadan çıxdı.

O, darvazadan içəri keçəndə heç kimlə rastlaşmadı. Darvazadan sağa burulan kimi qarının mənzilinə qalxan pilləkən görünürdü. Pilləkəndə heç kim yox idi. Bütün qapılar bağlı idi. İkinci mərtəbədəki otağın qapısı açıq idi. Orada işləyən rəngsazlar onu görmədilər.

Bu da dördüncü mərtəbə. Onun nəfəsi təngidi. Bir anlıq düşündü ki, bəlkə, çıxıb getsin? Sonra qulaq asdı ki, görsün qarının mənzilindən səs gəlirmi? İçəridə sakitlik idi. Pilləkəndən aşağı boylandı. Ürəyi daha da şiddətlə döyündü. Zəngin düyməsini basdı.

1.Sayka – girdə buğda çörəyi
2.Seno meydanı – vaxtilə Sankt-Peterburqun bu meydanında quru ot (сено) satıldığı üçün XVIII əsrin sonlarından belə adlandırılır

Bepul matn qismi tugad.

12 337,84 s`om
Yosh cheklamasi:
6+
Litresda chiqarilgan sana:
07 oktyabr 2022
Hajm:
6 Sahifa 11 illyustratsiayalar
ISBN:
9789952241280
Mualliflik huquqi egasi:
Altun Kitab / Алтын Китаб