Faqat Litresda o'qing

Kitobni fayl sifatida yuklab bo'lmaydi, lekin bizning ilovamizda yoki veb-saytda onlayn o'qilishi mumkin.

Kitobni o'qish: «Azərbaycan türklərinin ədəbiyyatı tarixi»

Shrift:

ÖN SÖZ

Kommunizm ideologiyası ilə insanları xoşbəxt gələcəyə aparacaqlarını vəd edən bolşeviklər silah gücünə hakimiyyəti ələ aldılar. Onların idarəetmə təcrübəsi olmadığı kimi, yeni qurluşda ailə, əxlaq, mədəniyyət, idarəetmə necə olacağı haqqında aydın təsəvvürlərləri də yox idi. Odur ki, müxtəlif xalqların, millətlərin yüzillər boyu formalaşmış adət-ənənəsini, həyat tərzini, mədəniyyətini, əxlaqını və s. qəbul etməyərək yenisini yaradacaqlarını vəd etdilər. Hakimiyyəti ələ alanlar arasında yeni yaradacaqları proletar ailəsi, proletar mədəniyyəti, proletar adət-ənənəsi, proletar ədəbiyyatı haqqında fikir birliyi yox idi .

Var olanı burjua-mülkədar mədəniyyəti sayaraq qəbul etmək istəməyənlər dayaqsız, özülsüz yenisini yarada bilmirdilər. Yazılı ədəbiyyatı saray ədəbiyyatı, burjua-mülkədar ədəbiyyatı adlandırdıqlarında ona qarşı inkarçı mövqedə dururdular. Folkloru isə özlərinə dayaq nöqtəsi hesab etir, orada "zəhmətkeşlərin", "əməkçi xalqın" fikirlərinin toplandığı tezisini irəli sürdülər. Halbuki, şifahi xalq ədəbiyyatı bir sinfin, bir qrupun deyil, xalqın butün təbəqələrinin dünyagörüşünü özndə əks etdirirdi.

Bolşeviklərin şifahi xalq ədəbiyyatına daha çox diqqət yetirdiyini, yeni quracaqları mədəniyyəti folklora bağlamaq istədiklərini görən bəzi Azərbaycan ziyalıları da bundan istifadə edərək öz milli-mənəvi sərvətlərini öyrənmək və təbliğ etmək yolunu tutdular. Hətta rəhbər partiya-sovet işçiləri belə yeni yaradılacaq proletar mədəniyyətində folklorun rolundan bəhs edən məqalələr yazmağa başladılar. Vəli Xuluflu xalqın haqsızlığa, zülmə boyun əyməyən, döyüşlərdən həmişə qalib kimi çıxan qəhrəmanı “Koroğlu” haqqında dastandan qollar toplayaraq çap etdirdi, Hənəfi Zeynallı nağılları, tapmacaları öyrəndi, Hümbət Əlizadə aşıq şeirlərini və “Koroğlu” dastanının qollarını toplayırdı, Salman Mümtaz əlyazmaları toplayaraq, onların bir çoxunun əsasında hazırladığı kitabları ərəb və kiril əlifbasıyla çap etdirirdi. Onlarıın araşdırmaları və nəşr etdirdiklərii kitablar maraqla qarşılanırdı. Sovet hakimiyyətinn ilk illərində Əmin Abid də heca vəzninin, bayatıların keçdiyi tarixi yoldan, eləcə də “Kitab-i Dədə Qorqud”dan bəhs edən olduqca dəyrli araşdırmalarını nəşr etdirirdi.

Xalqımız üçün olduqca dəyərli işlər görən, adını çəkdiyimiz və çəkmədiyimiz əksər araşdırmaçılarımız kimi Əmin Abid də çox gənc idi. Onlar elmi axtarışlara yeni başlasalar da yüksək peşəkarlıqları, vətənsevərlikləri, millətpərvərlikləri ilə seçilir və elmi araşdırmalarında Avropa metodlarına üstünlük verirdilər.

Əmin Abidin böyük qardaşı və yolgöstərəni Əliabbas Müznib haqqında dəyərli araşdırmaların müəllifi professor İslam Ağayevə bu ailənin soykökü haqqında olduqça maraqlı bilgilər vermişdir. O, AMEA Əlyazmalar İnstititu arxivinin 23-cü fondunda olan 9/146-cı qovluqdakı Əliabbaas Müznibin özkeçmişindən bir parçanı kitabına daxil etmişdir.(Ağayev İslam, 2000:5) Əliabbas Müznib Gəncənin müsəlman əhalisinə qəddarlıqla divan tutmuş rus generalı Sisyanovun baş Bakının Qoşa qala qapısı yaxınlığında qılıncla vurulandan sonra baş verən hadisələrdən söz açarkən yazır:“…Hüseyinqulu xan Bakıdan çəkildikdə xanın əqvam və əqrabasına rus qoşunları tərəfindən şiddətli cəzalar verilmişdir. Həbs, sürgün, edam edilməkdən müzayiqə olunmamışdır… Qətli-am şəhərdə həftələrlə davam etmişdir. Colum-cocuqlar qılıncdan keçirilmişdir. “Yeddi ev bir küvəcə möhtac oldu”– zərbül-məsəli bu tarıcı hadisənin şahidi idi”. (Ağayev İslam, 2000:5)

Əliabbas Müznibin arxivi ilə yaxından tanış olan professor İslam Ağayev yazır: “Bu faciəli hadisələr dövründə Ə.Müznibin bütü nəsli çar qoşunları tərəfinfən şiddətli cəzalara düçar olur. Bütün nəsil qırılır. Təkcə altı aylıq Novruz babası sağ qalır”. (Ağayev İslam, 2000:5)

Xan soyundan olmasına baxmayaraq çox kasıb bir həyat yaşayırlar. Ataları Mütəllib daşyonan işləməklə, anaları Reyhan da evdə yasdıq və başmaq üzlərinə tikmə vurmaqla, uşaqlara və qadınlara Qurani-Kərimi oxumağı öyrətməklə ailəni dolandırmışlar.

Doğulanda Zeynalabdin adı verilən, sonralar Əmin Abid kimi tanınan şair və araşdırıcı 1898-ci ildə Bakıda anadan olmuşdur. Anasının evdə açdığı kursda ilk biliklərə yiyələndikdən sonra Bakıdakı III Aleksandr Oğlan giminaziyasını bitirmişdir.

Təhsilini İstanbulda davam etdirmək istəyən Əmin Abid Birinci Dünya Savaşı başladığına görə Rusiyanın müharibə apardığı ölkənin paytaxtına təhsil almağa gedə bilmir. Qardaşı şair, naşir, tərcüməçi, araşdırıcı Əliabbas Müznibin yanında “Babai-Əmir” və “Dirilik” jurnallarında işləyir.13-14 yaşlarından dövrü mətbuatda şeir, hekayə və məqalələrini çap etdirən Əmin Abid Rusiya Birinci Dünaya Savaşında məqlub olduqdan, Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra İstanbula pedoqoji təhsil almağa gedir. 1921-ci ildə təhsilini başa vurub vətənə qayıtdıqdan sonra onu yenidən İstanbul Darülfününda oumağa və Azərbaycan ədəbiyyatının tarixinə dair araşdırmalar aparmağa göndərilər.

İstanbulda oxuduğu illərdə oradakı qəzet və jurnallarda şeirlərini və elmi məqalələrini nəşr etdirir. Azərbaycan mühacirlərinin İstanbulda nəşr etdirdikləri “Yeni Kafkasiya” jurnalında gizli imza ilə nəşr etdirdi antisovet şeirləri onu oxucular və siyasətçilər arasında məşhurlaşdırır.

İstanbulda oxuduğu illərdə özü ilə eyni fakültədə oxuyan, milliyətcə alban (arnaut) Nafiə Əhməd Şükrü qızı ( Nafiə kiçik ikən atası vaxtsız vəfat etdiyindən anası .....ərə gedir. Buna görə də Nafiə xanım atalığının soyadını qəbul etməli olur) ilə evlənir. Azərbaycan hökumətinin təqaüdi ilə universitetdə oxumaqla yanaşı İstanbulun, Qəzvinin, Ərzurumun və Avropanın bir sıra şəhərlərinin kitablarında axtarışlar aparır, Azərbaycan türklərinin ədəbiyyatı tarıxını yazmağa başlayır.

Avropa metodları ilə yazdığı əsərin son cildini 1926-cı ildə tamamlayaraq universitetin professorlar heyətinə təqdim edir. “Azəri ədəbiyyatı tarixi” adlandırdığı 335 səhifəik əsər İstanbul Universitetinin professorlar heyəti tərəfindən yüksək qarşılanır. Zaqafqaziya Sovet Federativ Sosialist Resbublikaları Mərkəzi İcraiyyə Komitəsinin Tbilisidə nəşr olunan “Yeni fikir” qəzetinin İstanbul müxbiri Əli Şahbazov yazır: “Kitabın sahibi Əmin Abid yoldaşımız səkkiz sənədən bəridi İstanbulda bulunmaqdadır. Darülmüəllimin Aliyeyi bitirdikdən sonra Darülfünunda Azərbaycan Şura hökumətinin təxsisatı ilə təhsilə başlamış və eyni zamanda İstanbulun zəngin kitabxanalarında mütəvazianə bir surətdə tətəbəata davam eyləmişdir. Məruz qaldığı bir çox fəqir və səfalətə rağmən davamlı bir şey nəticəsində Azəri ədəbiyyatına dair şayandiqqət bir çox yeni materiallar əldə etmişdir…

Bu mühüm əsəri vücuda gətirməyə çalışmaqla Azəri mədəniyyəti tarixində görülən böyük boşluğu Əmin Abid yoldaşımız qismən doldurmuş bulunuyor. Darülfünunda qəbul edilən əsəri kitabının son əsrə aid yalnız bir cildidir. Ümumi əsər altı cilddən ibarətdir. Azəri ləhcəsinin zühur etdiyi tarixdən əsrimizə qədər Azərbaycanda cərəyan edən fikir və ədəbi hərəkat son sosioloji metodlar nəzər etibarı alınaraq müqayisəli təhlil və tərtib üsullarına əsasən təqdim edilmişdir" (Şahbazov Əli, 1926:9 fevral).

Əli Şahbazov elə həmin məqalədə əsərin xülasəsinin nəşr olunmaq üçün gənc macar şərqşünası Margit Pallu tərəfindən tərcümə edildiyini, Əmin Abidin Bakıya gedib əsərini "Maarif komissarlığına təqdim" edəcəyini və "Maarif komissarlığı müsəyyərindən dolayı Əmin Abid yoldaşımıza təqdir medaliyəsi" veriləcəyini yazırdı.

Ə.Abid İstanbulda oxuyarkən bir neçə elmi məqaləsini də Bakıdakı “Maarif və mədəniyyət” jurnalında çap etdirmişdi. Vətənə döndükdən sonra pedaqoji texnukumda, universitetdə dərs deməklə yanaşı ciddi elmi araşdırmalar aparır. Elmi nəşrlərdə, məcmuələrdə və mətbuatda o dövür üçün çox aktual olan məqalələr dərc etdirir, kitablar tərtib edib edir.

Sovet hökuməti ateizi əldə bayraq edərək dinə qarşı sərt mübarizəyə başlamışdı. M.F.Axundovun əsərlərindən bu işdə səmərəli istifadə etməyə çalışırdılar. Özlərini Sovet ideologiyasının bayraqdarı sayan Azərbaycan ziyalıları Mirzə Fətəlini burja-ticarət sinfinin yazıçısı kimi tənqid etsələr də onun yübileyini də keçirir, əsərlərini toplayıb nəşr etdirməyə can atırdılar. Bu məqsədlə Əmin Abidi Tbilisiyə göndərmiş, M.F.Axundovun arxivinin Bakıya gətirilməsinə, katoloqunun və əsərlərinin nəşrə hazırlanmasına onu da cəlb etmişdilər.

Əmin Abid də bu işi şərəflə görmüş, M.F.Adundovun arxivini elmi əsaslarla tərtib etməklə yanaşı, oradakı sənədlərin katoloqunu hazırlamış, dövrü mətbuatda Mirzə Fətəlinin irsi haqqında olduqca dəyərli məqalələ nəşr etdirmişdir.

Dövrü mətbuatda folklorumuzla bağlı “Heca vəzninin tarixi” (Abid Əmin, 1927: sayı 3, sayı 4 və sayı 6-7), “Türk el ədəbiyyatına elmi bir baxış, (Oğuznamə. Prof. Samoyloviçə)”, (Abid Əmin, 1929: sayı 5(29), səh. 30-32, sayı 8(32), səh.28-29), “Əşirət dövründəki Azərbaycan ədəbiyyatına dair vəsiqələr”, (Abid Əmin, 1930: sayı 3(8), səh. 48-52), “Türk xalqları ədəbiyyatında mani növü və Azərbaycan bayatılarının xüsusiyyətləri”, (Abid Əmin, 1930: sayı 4-5) və b. önəmli məqalələrini nəşr etdirən Əmin Abidin o dövr ücün olduqca dəyərli bir əsəri-“Türk xalqlqrının ədəbiyyatı tarixi” nəşr edilməyib və uzun illər araşdırıcıların diqqətindən kənar qalıb.

Əmin Abid folklorla bağlı nəşr etdirdiyi məqalələrində “Türk xalqlqrının ədəbiyyatı tarixi” əsərinin birinci cildinin əlyazmasından geniş istifadə edib. Bəzi məqalələrində əsərinin müxtəlif cilidlərini qaynaq göstərsə də bu əsərini çox da qabartmayıb. Azərbaycandan folklorumuzla bağlı nəşr etdiridyi ilk məzaləsi “Heca vəzninin tarixi”ndə əsərindən parçalar var.

Araşdırıcı bu məqaləsində Azərbaycanda ilk dəfə heca vəzninin tarixi dərindən və elmi əsaslarla öyrənilməklə yanaşı, nəzəri məsələlərə də geniş yer verib.

Vəzni dilin məhsulu hesab edən, “hər ictimai zümrənin öz ilk şeirinə verdiyi ahəngi dilin ümumi ahəngindən ayrılan ünsür-əlamətlər məcmuəsi” adlandıran Ə.Abid “Türklərin şeir musiqisini axtarmaq üçün nə Ərəbistanın qızğın çöllərinə, nə də İranın tozlu obalarına getmək lazım deyildir: sözlərin dilimizə çevrilməsi, bunun fəlsəfəsini anlamaq üçün yetərlidir",– yazırdı .

Araşdırıcının fikrincə, türklərin "bədii zövqlərini doyurmaq məqsədilə yaratdıqları şeir "savaşlarda qəhrəmanlıq göstərən igidlər və cəsur tayfa başçılarına həsr etmişdir ki, bunlar da “saz cinsindən telli çalğılarda çalınaraq yüksək səslə söylənilirdi. Dastanların sözlərinən çalğının havası (melodiyası) verilir və bu surətlə oxunan sözləri bir vəzn qazanmış olur". (Abid Əmin, 1927: 50, sayı 3(23).

Buradan aydın olur ki, qədim türk dastanları az-çox ahəngli bir şəkildə olmuş, bu ahəngi yaradan isə cümlə başında və sonunda nidanın əlavəsi, cümlələrin sonlarına vurğuların salınması, cümlə və ifadələrin təkrarı və sairdir. Zaman keçdikcə bunlar cilalanaraq heca vəznini formalaşdırmışdır. Araşdırıcı daha qədim qaynaqları önə çəkərək Orxan-Yenisey abidələrində də 7 hecalı şeir şəklinin olduğunu söyləyir və nümunələr verir. Əmin Abid yazır ki, heca vəzni formalaşarkən öncə qısa ahənglər yaradan vəznlər meydana gəlmişdir. Çünki dilin ibtidai formasında birdən-birə güc və mürəkkəb parçalı vəznlər yarada bilməz.

Əmin Abidə görə heca vəzninin formalaşdığı ilk dövrdən başlayaraq ən geniş yayılan forma yeddilik olmuşdur. Bu da özünü iki şəkildə göstərir. Yeddi heca çox vaxt altı hecalı ilə qarışıq işlənib. Gah yeddi hecalı dördlüklərin üçüncü misrası altı hecalı olub, gah da altı hecalı dördlüklərin dördüncü misrası yeddi hecalı. Yeddi hecalı vəzn inkişaf etsə də altı və səkkiz hecalıları tam sıxışdırıb aradan çıxarmamışdır.

Heca vəznində olan ilk şeir nümunələrində qəti və müəyyən bir şəkil olmadığını söyləyən Ə.Abid eyni vəzndə gah durğuyla, gah da durğusuz işləndiyini və "oxunarkən bütün misralarda kəlmələrin müəyyən yerdə bitməsindən doğan ahəngin" şeirin bədii dəyərini artırdığını söyləyir. Başdan sonadək durğusuz oxunan misraları isə "bir nəsr parçası" adlandırır və "diqqət edildiyi zaman ilk mənzumələrdə bu ümumi ahəngdə qulağın xoşlandığı yumşaq bir dərəcə "olmadığı, əsgər yürüşündən hüsula gələn mütərət səslərə bənzədiyi" qənaətinə gəlir.

Onun fikirincə, qısa vəznlərdə təravətli səslər az duyulur; dil inkişaf etdikcə uzun vəznlər formalaşır. Bu da şeirin bədii dəyərini artırır. Sübut üçün Kaşqarlı Mahmudun "Divan"ına nəzər salaraq mənzum parçaların çoxu qısa vəzndə-əsasən yeddi hecalı olduğu qənaətinə gəlir. Uzun vəznli beytlər isə azdır. Burdan anlaşılır ki, 950 il öncə türk ədəbiyyatında heca vəzninin bir çox növü varmış, zaman keçdikcə onlardan bəziləri aradan çıxmış, bəziləri də təkmilləşərək daha da cilalanmışdır. Sıradan çıxanlara 12 hecalı şeiri nümunə göstərilir.

Ə.Abid "Divan"dan götürdüyü 13 və 15 hecalı şeirlərin durğuları üzərində dayanır. Birincidə yeddinci hecadan sonra bir durğu olduğu halda, ikincidə dörd durğu olduğunu, bu durğuların üçünün dörd hecalı, sonuncunun isə üç hecalı olduğunu söyləyir. "Divan"dakı 6-dan 15 hecayədək olan şeir parçalarını araşdıraraq aşağıdakı qənaətə gəlir: "Bu gün çox inkişaf edən on bir hecalıya heç bir nümunə yoxdur. Demək on bir vəzn bu zamanlarda hələ çox tətbiq edilməmişdir".

Araşdırıcı heca vəzninin ən geniş yayılmış forması olan on birliyin formalaşması zamanını aydınlaşdırmağa çalışır və türklərin batıya yürüşlərini, ərəb və fars ədəbiyyatı ilə yaxından tanış olmalarını və ondan bəhrələnmələrini göz önünə gətirərək yazır: "Türk ədəbiyyatı yalnız mövzu (motiv) etibarı ilə deyil, ümumi texniki etibarı ilə də ayrı və yabançı olan yeni bir ədəbiyyat qarşısında bulundu. Heca vəzni gərək xalqın müxtəlif sinifləri və gərək də əşirət aristokratı ədəbiyyatında yeganə vəzniykən ərəbin əruzu üzərində yeni bir şeir abidəsi yüksəlməyə başladı". Buna nümunə olaraq Yusif Has Acibin (Balasaqunlunun) 1069-1970-ci illərdə yazdığı 6500 beytli "Qudadqu bilik"i göstərir".

Ə.Abid əldə edə bildiyi nümunələr üzərində apardığı qarşılaşdırmadan aşağıdakı qənaətlərə gəlir:

a) Xətainin şeirləri Azərbaycanda çoxdan unudulduğu halda daha çox ideoloji əhəmiyyət daşıdığından Türkiyədə "Təkyə dərgah"ları tərəfindən 1920-ci illərədək (yə'ni dərgahlar Atatürk hökuməti tərəfindən bağlananadək) yaşadılmışdır.

b) Xətai on bir hecalı şeirdən daha çox istifadə etmişdir.

c) Xətainin heca vəznində yazdığı şeirlər Yunis İmrə hecasının yanında sönük və ibtidaidir. Baxmayaraq ki, ondan əsrlərlə sonra yaşayıb.

ç) həyatı və şəxsiyyəti əfsanələrə qarışan Kərəmdən sonra heca vəzni Azərbaycanda sürətlə inkişaf edib.

Kərəmi "Şərqi oğuz türkcəsinin heca sahəsində yetişdirdiyi Füzulisi" hesab edən, onun sayəsində on bir hecalı şeirin ədəbiyyatımızda inkişaf etdiyini söyləyən Ə.Abid səhifənin ətək yazısında "Kərəm haqqında ayrıca araşdırma"sı olduğunu göstərir. Çox təəssüf ki, bu günədək həmin araşdırmanın izinə düşə bilməmişik.

Hecanın inkişafında Anadoluda yetişən Qaracaoğlan, Kuhi, Dərdli, Qul oğlu, Aşıq Əmrah kimi el şairlərinin xidmətlərini yüksək qiymətləndirən və onlardan nümunələr verən araşdırıcı xalq şeirinin III Sultan Əhməd sarayına Səlim tərəfindən zəif şəkildə daxil olduğunu Qafqaz və Azərbaycan xanları sarayında isə qüvvətli bir inkişafa nail olduğunu göstərir. Bunun da səbəbini M.P.Vaqif kimi sənətkarlarda görür. Ə.Abid yazır: "Bizim ədəbi sahəmizdə on bir hecanın 17-18 əsrlərdə çox məqbul olması, Xətai ilə başlayan, Kərəmlə şəxsiyyət qazanan hərəkətin nəticəsidir. Vaqifin hecası aşina olduğu klassik ədəbiyyat tərbiyəsi dolayısı ilə Xətai və Kərəmdən çox fərqli və pişkindir"(Abid Əmin, 1927:61, sayı 6-7).

Hətta Türkmən şairi Mahtumqulunun heca vəznində yazdığı şeirləri belə gözdən qaçırmayan, ona da elmi qiymət verməyə çalışan Ə.Abid Türkiyə ədəbiyyatındakı dəyişiklik haqqında yazır: "Namiq Kamal-Əbdülhəq Hamid məktəbi ilə "Sərvət-i Fünun" nəsri tərəfindən yaşadılan Avropaçılıq şeirin musiqisini və ümumi görünüşünü dəyişdiyi halda vəzn nöqteyi nəzərindən bir təsir yapmadı. Əski sarayın ənənəvi əruzu təmadi etdirildi". Ə.Abidə görə "Şair Məhəmməd Əminin zühurundan sonra öncə Türkiyədə, sonra bizdə heca vəzni işlədilməyə başlandı. Bu dəfə Oğuz şeirindəki heca əski ədəbiyyatımızın təkamülü nəticəsində təsir altında bulunmaqla bərabər şair Məhəmməd Əminin hecasının tətbiqi deməkdir”. (Abid Əmin, 1927: 61, sayı 6-7).

Araşdırıcının folklorumuzla bağlı ikinci məqaləsi 1929-cu ildə Tbilisidəki “Dan yıldızı” jurnalında "Türk el ədəbiyyatına elmi bir baxış. "Oğuznamə" (Abid Əmin, 1929: sayı 5(29), səh. 30-32, sayı 8(32), səh.28-29) adıyla nəşr edilmişdir. Bu Azərbaycanda “Kitab-i Dədə Qorqud”la bağlı ilk sanballı araşdırmadır. Əmin Abid ondan iki il öncə də başqa bir məqaləsində “Kitab-i Dədə Qorqud” haqqında yazmışdı: “Dədə Qorqud kitabının bu nüsxəsinin (Drezden nüsxəsi nəzərdə tutulur-B.Ə., Ə.Ş.) hər nə qədər müsəlmanlığın oğuzlar tərəfindən qəbulundan sonra köçürüldüyü məlum olsa da, fəqət mündəricatı istər mövzu, istər yazı üslubu etibarilə olsun tamamən vəznli nəsr dövrünün xarakterini göstərir”.

Məqalədə diqqət çəkən bir qeyd var: "Azərbaycanlıların feodalizm dövründən əvvəl malik olduqları xalq ədəbiyyatı naminə tapa bildiyimiz ən əski əsər "Oğuznamə"dir. "Oğuznamə" indiki vəziyyətinə görə Azərbaycan ədəbiyyatının ilk əsəri deməkdir". Bu fikri üzərinə işarə qoyan müəllif həmin səhifənin altında yazır: "Son günlər çapdan çıxan "Ədəbiyyatdan iş kitabı" adlı dərs kitabında mənim ilk dəfə olaraq irəli sürdüyüm bu fikri eynilə kopya edilmiş və məndən alındığına aid heç bir işarə qoyulmamışdır. Halbuki bu fikri 27-ci ildə Bakı Darülfünunda verdiyim məruzədə irəli sürdüyüm kimi, yenə də eyni sənədə Bakı Pedaqoji Texnikumunda və 28-ci sənənin başlanğıcında Bakı Maarif Evi Ədəbiyyat Dərnəyində "Azərbaycan ədəbiyyatının başlanğıcı" mövzusunda verdiyim məruzədə təkrarlamışdım. Bundan başqa 1927-ci ildə Ruhulla Axundov yoldaşa təslim etdiyim "Azərbaycan türklərinin ədəbiyyatı tarixi" adlı əsərimdə uzun-uzadı izah edilmişdir". (Abid Əmin, 1929:30 sayı 5(29).

Hənəfi Zeynallı, Abdulla Şaiq və Atababa Musaxanlının 1928-ci ildə nəşr etdirdiyi “Ədəbiyyatdan iş kitabi”nda “Kitab-i Dədə Qorqud”dan bəhs edilməsi onu göstərir ki, dastanı öyrənməyə Azərbaycan araşdırıcılarının marağı varmış. A. Musaxanlı yazır: “Hekayədə (“Kitab-i Dədə Qorqud nəzərdə tutulur” – B.Ə., Ə. Ş.) təsvir edilən məhəllə Şərqi Anadolunu və Azərbaycanın cənub-qərb mənzərə və məhəllələrini xatırlatmaqdadır. Əski Oğuzların timsalı olan bu əsər lisan şivəsi etibarilə azəricəyə pək yaxındır. Tarixi və ədəbi qiyməti qayət böyük olan bu əsərin lisani xüsusiyyəti çox az tədqiq edilmiş, leksikona (lüğətə) və tərkibə (cümlə quruluşuna) aid lisani nöqtələri nəzərə alınarsa, bunun azəricə olması ehtimalı artmış olur. “Kitab-i Dədə Qorqud” lisan və mündəricəsi ilə ilk azəri əsəridir demək caizdir” (Zeynalli H., Şaiq A., Musaxanli A., 1928).

Atababa Musaxanlının iki səhifəlik “Qərb türkcəsi və “Kitab-i Dədə Qorqud” məqaləsini diqqətlə nəzərdən keçirdikdə bu gənaətə gəldik ki, dastanla yaxından tanış olan hər bir azərbaycanlı belə fikri söyləyə bilər. Qeyddən açıq-aydın görünür ki, Ə.Abid Azərbaycanda “Kitab-i Dədə Qorqud”un ilk araşdırıcısı olduğunun xatırladılmasını istəyir.

Əmin Abidin qeydi sual doğurur: nədən kitabı Ruhulla Axundova vermişdir?

Buna aydınlıq gətirməyə ehtiyac var; məlumdur ki, Ruhulla Axundov 1927-ci ilin yanvarında Azərbaycan Dövlət Nəşriyyatına direktor təyin edilmişdi. O, həmin vaxt "Maarif və mədəniyyət" jurnalına da redaktorluq edirdi. Üç ay sonra isə, yəni 1927-ci ilin martın 27-də isə onu Azərbaycan Xalq Maarif Komissarı təyin edirlər. Ruhulla Axundov nəşriyyat direktoru olanda da, nazir işləyəndə də “Azərbaycan türklərinin ədəbiyyat tarixi” kitabını çap etdirmək imkanı vardı. Bizə görə Əmin Abid əsərini Ruhulla Axundova nazir vəzifəsinə təyin edildikdən sonra verib. Əli Şahbazov da “Yeni fikir” qəzetindəki məqaləsində Əmin Abidin “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” əsərini nazirliyə verəcəyini və “təqdir medaliyası alacağını” yazırdı. “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” əsərini Ruhulla Axundovla bağlı arxivlərdə tapa bilmədik.

ADMƏİ arxivinin 170-ci fondundakı (Əmin Abidin əsərləri və onunla bağlı sənədlərin çoxu bu fanddadır-Ə.Ş.) "Azərbaycan türklərinin ədəbiyyatı tarixi"ni diqqətlə incələdikdə bu qənaətə gəldik ki, Ruhulla Axundova verilən həmin əsərin surətidir.

A-5 formatlı kağıza, qara mürəkkəblə və səliqəli xəttlə yazılmış "Azərbaycan türklərinin ədəbiyyatı tarixi" 316 səhifədir. Oradakı “Birinci söz”ün sonunda “İstanbul 1922–Bakı 1927. Əmin Abid” yazılıb. Əlyazmanın böyük bir qismi “Kitab-i Dədə Qorqud”dan bəhs edir.

Adətən çoxcildlik əsərlərin ön sözündə kitabın neçə cilddən olacağından, tərtib prinsiplərindən söz açılır. Nədənsə, Əmin Abid bu ənənəyə sadiq qalmayıb. Bir az da ideoloji yöndə olan “Birinci söz”də ədəbiyyat tariximizə dair materialların az olduğundan, bu yöndə geniş araşdırmalar aparılmadığından gileylənib. Azərbaycan türkcəsində danışanların geniş bir əraziyə yayıldıqlarından onların yaratdıqları ədəbi məhsulların toplanmasının çətinliyindən söz açan araşdırıcı səmimi etiraf edir ki, "Azərbaycan türklərinin ədəbiyyatı tarixi" əsərini yazarkən əldə edə bildiyi mətnlərə və qaynaqlara dayanıb.

"Azərbaycan türklərinin ədəbiyyatı tarixi" əsərini Əmin Abid aşağıdakı başlıq və yarımbaşlıqlara ayırıb: 1.Fehrist (1.Birinci söz, 2.Başlanğıc: Azərbaycan – azəri-oğuz təbirləri haqqında ümumi bir tədqiq, 3.Rusiya, Avropa, Türkiyə və Azərbaycan mətbuatında ədəbiyyatımıza aid yapılan tədqiqatlar haqqında təhlili biblioqrafiya), 2.Mədxəl (1. Azərbaycan və Qafqaz türklərinin mənşələrinə qısa bir baxış: ( a) Əski oğuz türklərinin yaşadığı yerlər, b) İqtisadi həyat, c) “Totem”çilik, d) hakim olan dinlər), 2. Əski oğuzlarda ədəbi həyat ( e) Ağız ədəbiyyatı, ə) Yazılı ədəbiyyat, f) Vəznli nəsr və heca vəzni, g) İlk heca vəznləri, ğ) Xalq şairləri), 3. Birinci parça (Əşirət dövrü) (1.Qafqaz və Azərbaycanda ədəbi həyatın başlanğıcı, 2.Yabançı ədəbiyyatların təsiri, 3.Xalq ədəbiyyatının əski dövrləri, 4.Çadır ədəbiyyatı: əşirət aristokrasisinin vücuda gətirdiyi ədəbiyyat, a) “Oğuznamə”: mövzusu və mahiyyəti, b) “Oğuz xan” mənqəbəsi, c) “Həzrət əl-risalət min kəlamət Oğuznamə əl-məşhur atalar sözü”, ç) Miladi XII əsrdə “Koroğlu” mənqəbəsi), 4.İkinci parça (Əşirət dövrü ilə dərəbəylik dövrü arasındakı keçid zamanı) 1.Azərbaycan və Qafqazın ərəblər tərəfindən istilası, 2. “Quran ədəbiyyatı”nın ədəbiyyatımıza təsirə başlaması, 3.İslamlaşmış “Oğuznamə”, 4.“Kitab-i Dədə Qorqud əla lisan taifeyi-Oğuzan”, a) Drezdendəki mətn və onun ətrafında yapılan tədqiqlərin mahiyyəti, b) “Qorqud”un şəxsiyyəti və Mavərayi-Xəzər türkləri, Başqırd-Oğuz türkləri və Anadolu – Azərbaycan türklərinin arasındakı mövqe və nüfuzu, c) Qorqud mənqəbələrinin bəhs etdiyi yerlər bizim indiki məmləkətlərimizlə ləhcəmizin yayıldığı sahələrdən ibarət olduğuna aid tədqiqlər, ç) Qorqudun əsəri haqqında ümumi təhlil: mündəricatı, dilcə mahiyyəti, bədii qiyməti, qeyri-islami hüviyyəti, NəticəƏlavə (mətnlər).

Başlıq və yarımbaşlıqlarını gözdən keçirdikdə Əmin Abidin folklora nə qədər önəm verdiyi açıq aydın görünür. Kitab “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” adlansa da, orada yazılı ədəbiyyat adına Orxan-Yensey abidələrindən və Kaşqarlı Mahmudun “Divan-i lüğət-i it Türk”ündən söz açılır. Demək olar ki, kitabın səksən faizi folklordan bəhs edib. Əlavə (mətnlər) bölməsində isə “Kitab-i Dədə Qorqud”un ön sözündən və boylarından parçalar verib. Araşdırıcının o dövrdə yazdıqları uzun illər Azərbaycan qordudşünaslığının təməl fikirləri olub.

O, “Kitab-i Dədə Qorqud”un dəyərini bildiyinə görə onunla bağlı araşdırmalar aparmaq, məqalələr yazmaqla kifayətlənməmiş, elmi ictimaiyyətin diqqətini mövzuya yönəltmək üçün 1927-ci ildən başlayaraq Bakı Darülfünunda, Bakı Pedaqoji Texnikumunda, Bakı Maarif Evi Ədəbiyyat Dərnəyində məruzələr etmiş, əsərini nəşr edilməsi, universitetlərdə tədri olunması üçün Ruhulla Axundovla vermişdir.

Bu qənaətdəyik ki, Əmin Abid “Kitab-i Dədə Qorqud”un Drezden nüsxəsinin Azərbaycanda ilk araşdırıcısı olmaqla yanaşı, həm də kitabı ilk dəfə Azərbaycana gətirən və onu nəşrə hazırlayan olmuşdur. "Azərbaycan türklərinin ədəbiyyatı tarixi"ndə "Dədə Qorqud" boylarından bir neçəsinin məzmunun verilməsi də bunu deməyə əsas verir. Lakin Ə.Abid "Kitab-i Dədə Qorqud"u nəşrə hazırlasa da, repressiya olunduğundan onun nəşrini görməmişdir.

Əmin Abidin "Türk xalqları ədəbiyyatında mani növü və Azərbaycan bayatılarının xüsusiyyətləri" (Abid Əmin, 1930: sayı 4-5) adlı araşdırmasını heca vəzninin tarixinin öyrənilməsinin davamı hesab etmək olar. "Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin nəşrə hazırladığı "Bayatılar" kitabına "Ön söz" kimi nəzərdə tutulmuş bu araşdırmada Ə.Abid yalnız Azərbaycan bayatıları ilə kifayətlənmir, janrın inkişaf yolunu izləyir, Turfan, Altay, Özbək, Mişar, Kazan, Krım, Anadolu, Qaqauz, Dağıstan, İraq türkləri arasında geniş yayılmış heca vəznindəki 7 hecalı, 4 misralı beş min dördlüyü qarşılaşdırır, maraqlı elmi nəticələr ortaya qoyur. Öncə bu mövzuda yazan Hammerin, İqnat Kunoşun, V.V.Radlovun, M.F.Köprlüzadənin, Haşım Nahidin, Sədaddin Nizhət və Məhəmməd Fəridin, Ə.Züfərin və Q.Yunusun, M.A.Abbaszadənin, Firidun Köçərlinin, Y.Vəzirovun (Çəmənzəminli), Salman Mümtazın, İsmayıl Hikmətin fikirlərinə öz münasibətin bildirir. Həmin illərdə folklorşünaslığımızda belə geniş və elmi araşdırmaya az-az rast gəlinir. Adları çəkilən araşdırıcıların əsərlərinin sadalanması və qaynaqların göstərilməsi o dövr üçün folklorşünaslarımızı istiqamətləndirmək mahiyyəti daşıyırdı.

1928-ci ilin oktyabrında bitirdiyi araşdırmada Ə.Abid əsasən mətn üzərində işləyib. Yəni özü ciddi toplama işi ilə məşğul olmayıb. Yalnız hərdən tələbələrindən və tanışlarından topladığı bayatılardan da istifadə edib. Məqaləni aşağıdakı bölmələr üzrə araşdırıb:

I. Mədxəl

II. Bayatımı, manimi?

III. Başqa türk və tatar xalqlarının maniləri içində bayatının xüsusiyyətləri

IV. Bayatıların başqa nəzm şəkillərilə müqayisəsi

V. Bayatılarla əlaqədar olan xalq ənənələri

VI. Bayatılarda qadın yaradıcılığı

Ə.Abid yalnız bayatı, mani sözlərinin mənşəyini, janrın texnikasını öyrənməklə kifayətlənmir, tarixi keçmişimizə baş vurur, Orxan abidələrindəki 7 hecalı nəzm parçalarının bayatılarımızın inkişafında roluna nəzər salır. O, "Divan-i luğət-it-türk"ü, "Qudadqu biligi" və b. qaynaqları gözdən keçirərək yazır: "Qudadqu bilig" sahibi məsnəvi tərzində yazdığı əsərində "bu sözü dinlə, manidir", – dedikdən sonra maniyi məsnəvi şəkilində deyil, qitə şəkilində yazır, sonra təkrar məsnəviyə başlayır. Demək olar ki, "Qudadqu bilig" zamanında türklər arasında mani adında nəzm şəkli olmuşdu və bu manilər də yalnız tək qitə halında tənzim edilmişdir" (Abid Əmin, 1930:16, sayı 4-5). Bu kimi qaynaqlara dayanan araşdırıcı türklərin yaşadıqları mühtəlif bölgələrdə dördlüklərə ayrı-ayrı adlar verilməsini belə izah edir: "Bizim əldə etdiyimiz nəticəyə görə bayatı təbiri kimi öləng, çır, türkü, əşülə adları da mənaca şərqi demək olduğundan bunlar da digər türk xalqlarında maninin bəstəsinə verilmiş ad kimi sayılmalıdır" (Abid Əmin, 1930:13, sayı 4-5)..

Ə.Abid bir çox mülahizələrində nüfuzlu elm xadimlərinin fikirlərinə əsaslanır, onların xidmətlərini yüksək qiymətləndirərək yazır: "Hər halda mani növünün Orta Asiya xalqları arasında Altaya qədər geniş bir sahədə "Divan-i luğat-it-türk"ün yazılış tarixindən çox əvvəl yaşadığı haqqında Kovalski kimi bizdən çox daha səlahiyyətdar bir mütətəbbinin fikri ayrıca diqqət ediləcək bir nüktədir"(Abid Əmin, 1930:15, sayı 4-5).

Tuyuğun bir janr kimi formalaşmasında rübainin təsir fikrilə razılaşmayan Ə.Abidə görə tuyuğ janrının formalaşmasına mani-bayatı təsir etmişdir. Odur ki, "Divan-i luğat-it-türk"dəki yeddi hecalı mənzumələrin bayatılarımızla fərqli cəhətlərinin olmasını təbii sayır və oradakı qoşma mənasında işlədilən qoşuq sözünün bu gün bizim başa düşdüyümüz heca vəzinli bir şeir şəkli deyil, ümumiyyətlə şeir, qəsidə, rəcəz mənasında işlədildiyini göstərir.

Qaynaqlardan aldığı nümunələri yalnız formalarına, hecasının sayına görə deyil, daxili qurluşuna görə də qarşılaşdırır. Bu qənaətə gəlir ki, Xoca Əhməd Yəsəvinin "Divan-i hikmət"indəki yeddi hecalı şeirlərdə misralar 3-4 durğusu ilə verildiyinə görə "Divan-i luğat-it-türk"dəki şeir parçalarına daha yaxındır.

Şeirin daxili qurluşuna da çox önəm verən Ə.Abid folklorşünaslığımızda ilk dəfə olaraq bu məsələni qoyurdu. Onun araşdırmasının ən geniş və həcimcə böyük bölməsi də məhz buna həsr edilib. Bayatı və manilərdə misraların 6 və 7 hecalı olmasını eləcə də qafiyə, rədif, cinas və ahəng məsələsini diqqətlə öyrənib. T.Kovalskinin maniləri vəzn və ahəngə görə üç qrupa ayırması ilə razılaşmayıb.

Bir-birilə qafiyələnən misralardakı durğuların bölgüsünə 14, sərbəst misra adlanan, yəni qafiyələnməyən üçüncü misranın durğularının bölgüsünə 24 nümunə verib. Misralarda durğuların çoxluğunu poetik qüdrət, musiqililik kimi qiymətləndirib, Azərbaycan bayatılarının daha zənginliyi qənaətinə gəlib.

Ömrünü ümumtürk ədəbiyyatının araşdırılmasına həsr etmiş Ə.Abidin müəllimi M.F.Köprülüzadə ilə mübahisəyə girməsi "Azərbaycan bayatılarında 9 növ cinasa rast gəlinirsə, türk manilərində çinas çox azdır yazması” məhəlliçilik təsiri bağışlayır. Onun bu fikrini qəti hökm kimi qəbul etmək çətindir. Çünki 20-ci illərdə istər Azərbaycanda, istərsə də başqa türk ölkələrində manilər, bayatılar, çırlar və b. hələ geniş toplanıb nəşr edilməmişdir. Əlaqələrimizin genişləndiyi, kitablar və başqa qaynaqları əldə etməyin asanlaşdığı bir dövrdə problemə yenidən qayıtmaq, Ə.Abidin başladığı işi davam etdirmək bu gün də qarşıda duran problemlərdəndir.

Şeirimizdə vəzn, ritm və s. məsələlərlə dərindən məşğul olan prof. Məhəmməd Əliyev bu sahədə Ə.Abidin xidmətlərini qiymətləndirərək yazır: "Ə.Abid demək olar ki, hecanın əksər şəkillərinin elmi təsnifini vermiş… Ədəbiyyatşünaslıqda yeni poetik forma məsələləri əksəriyyəti düşündürdüyü vaxt Ə.Abidin hecayi şeir tariximizin öyrənilməsi sahəsində atdığı ilk addım şeir tariximizin, onun poetik-texniki vasitələrin tarixilik baxımından tarixi-müqayisəli metod əsasında öyrənilməsinə çox qiymətli bir çağırış idi" (Əliyev Məhəmməd, 1983:80-81)

Əslində Ə.Abidin bu məqalələri xalqı öz kökündən ayırmaq istəyənlərə, kosmopolitlərə, "sosialist mədəniyyəti" adı altında ruslaşdırma siyasəti yeridənlərə qarşı aparılan intellektual mübarizənin tərkib hissəsi idi. Dövrün ideoloji burulğanına düşərək köhnə, "nəzmi sifətləri"ni sufi şeiri, "iylənmiş, qoxulanmış", "ibtidai", "qeyri-mədəni" hesab edən kommunist M.Quliyevlərə, Ə.Nazimlərə, A.Şəfilərə, M.Rəfililərə və b. təsir göstərə bilmək üçün belə dərin məzmunlu araşdırmaları ortaya qoymağın özü bir qəhrəmanlıq idi. Çünki həmin dövrdə rəsmi mövqe, mətbuat "biz üzümüzü Füzulilərə, Nəsimilərə, Vaqiflərə, Mirzə Fətəlilərə, Hüseyn Cavidlərə deyil, Verxarnlara, Uitmenlərə, Jül Vernlərə, Mayakovskilərə və bütün dünya klassiklərinə çeviririk" (Gülən Adam, 1929) əhval-ruhiyyəsindəydi.

Yosh cheklamasi:
0+
Litresda chiqarilgan sana:
26 oktyabr 2022
Hajm:
260 Sahifa 1 tasvir
Mualliflik huquqi egasi:
Автор

Ushbu kitob bilan o'qiladi