Faqat Litresda o'qing

Kitobni fayl sifatida yuklab bo'lmaydi, lekin bizning ilovamizda yoki veb-saytda onlayn o'qilishi mumkin.

Kitobni o'qish: «Susan qadın»

Shrift:

ELXAN ELATLI

SUSAN QADIN

(PSİXOLOJİ-DETEKTİV ROMAN)

Birinci fəsil

BİR SOYUQ YANVAR GECƏSİ

Gözünü bir anlıq ekrandan çəkib divanda yanaşı oturduğu arvadına baxdı. Qadın ağsaçlı başını yenə sinəsinə endirmişdi. Əslində, onun televizor önündə beləcə mürgüləməsi ilk dəfə deyildi və Səxavət buna alışmışdı, lakin yenə də dözməyib narazı bir ahənglə səsləndi:

– Bənövşə!

Ayıqlıqla yuxunun arasında çabalayan qadın yumulmuş göz qapaqlarını ani olaraq qaldırıb yenidən saldı.

– Bənövşə! – arvadının böyrünü yüngülcə dümsükləyərək səsini qaldırdı.

– Hə!? – diksinib ayılmış qadın başını sinəsindən qaldırdı və heç nə olmayıbmış kimi onu səsləyən Səxavətə deyil, televizora baxdı. Ərinin deyəcək başqa sözünün olmadığını, yalnız oyatmaq məqsədi ilə səslədiyini öz təcrübəsindən yaxşı bilirdi.

– Saat on ikiyə işləyib. Yuxun gəlirsə, dur, get, yatağında yat. Nə məcburdur, burda oturub mürgüləyəsən, onsuz da, seriala baxmırsan.

– Yox, baxıram…

Bunu astadan yuxulu səslə deyən Bənövşə gözlərini inadla ekrana zilləsə də, bir dəqiqə keçməmiş göz qapaqları yenidən yığılmağa başladı. Ziya ilə İntizar analarına baxıb bic-bic gülümsədilər və tez də ətraflarındakı hər şeyi unudaraq yenidən maraqlı türk serialının təsirinə daldılar.

Səxavət yaşı əlli dördü yenicə ötməsinə baxmayaraq gözlərinin ətrafını dərin qırışlar bürümüş həyat yoldaşına baxıb qüssə ilə köks ötürdü və guya serialı seyr edirmiş kimi üzünü yenidən televizora çevirdi. Bilirdi ki, hər gün səhər saat beşdə yatağından qalxıb kürəyində “kommunal xidməti” yazılmış sarı ilə yaşılın qarışığı rəngdə arxalığını geyinərək məhəllə sakinlərinin həyətə tulladığı zibilləri yığışdırmağa, küçələri süpürməyə gedən Bənövşə bu saat ancaq ona və uşaqlarına görə dözüb yanlarında oturur. Ailənin həftə boyu hər axşam saat 21:00-da başlayıb 00:30 radələrində bitən hansısa bir serialı vardı və üç saat yarım davam edən bu müddət dördünü bir araya gətirən yeganə zaman aralığı idi. Ər-arvad səhər yataqdan qalxanda universitet tələbəsi Ziya ilə orta məktəbin son sinif şagirdi İntizar yuxuda olurdular. Səxavət marşrut avtobusu sürdüyü üçün evə hava qaralandan sonra gəlib çıxa bilirdi. Bəli, ailə üzvlərinin tam şəkildə bir otağa yığışması yalnız serial zamanına təsadüf edirdi.

Hər həftənin yuxuya qədərki gecə saatlarını dolduran yeddi serialdan ikisi Bənövşənin zövqünə uyğun gəldiyi üçün onları daha artıq maraqla izləyir, digərlərinə isə yalnız ərinin və ya uşaqlarının xatirinə baxırdı. Elə ailənin digər üzvləri də bu məsələdə onun kimi idilər. Özlərinin xüsusi serialları vardı. Hal-hazırda Türkiyə milli istixbarat təşkilatının fəaliyyətindən bəhs edən “Təşkilat” serialına baxırdılar. Bu serialın əvvəldən əsas azarkeşi Səxavət idi, lakin son həftələr Ziya ilə İntizar da onu maraqla izləyirdilər. Bənövşə isə serialda gedən siyasi söhbətlərdən bir şey anlamasa da, yoldaşlıq naminə dözüb axıra kimi oturmağa çalışırdı.

Serial saatları bu ailə üçün vaxtını əyləncəli keçirməkdən daha böyük, daha əhəmiyyətli bir vasitə idi. Ailəni bir neçə saat eyni otaqda saxlayan, cismən və ruhən yaxınlaşdıran, birləşdirən, həmrəy edən, küsüblərsə, barışdıran bir vasitə…

Səxavətin fikrincə, arvadı artıq təqaüdə çıxıb ömrünün son illərini dincəlməli durumda idi. Lakin indiki qanunlara görə, təqaüdə çıxmasına hələ doqquz il vardı. Bəli, doqquz il! Görəsən, içini xəstəliklər bürümüş yazıq qadın bundan sonra doqquz il yaşaya biləcəkdimi? Elə Səxavətin özü… Mədəsi xəstə idi. Son aylar gözləri də xeyli zəifləmişdi. Çalışırdı ki, iş yerində bunu kimsə bilməsin, yoxsa ona marşrut avtobusu etibar etməz, işdən qovardılar. Əlli altı yaşı yenicə tamam olmuşdu və onun da təqaüdə çıxmasına doqquz il vardı.

Başını çevirib oğrun nəzərlərlə divardakı fotoya baxdı. Bir il üç ay əvvəl qırx dörd günlük Vətən müharibəsində şəhid olmuş böyük oğlu Zamir iri çərçivəyə salınmış bu fotodan ona üzüntülü kədərlə baxırdı.

Universiteti bitirib əlinə yenicə müəllimlik diplomu alan Zamir işğal altındakı torpaqların azad edilməsi uğrunda döyüşlərə qorxmadan, çəkinmədən könüllü getmişdi. Üçüncü mərtəbədə onların üstündəki mənzildə yaşayan tosqun kişinin bahalı “Audi” sürən oğlu kimi qaçıb gizlənməmişdi. Səxavət ürəyinin dərinliyində bununla fəxr edirdi. Ancaq oğlunun şəhid olması ilə heç fəxr edə bilmədi. Şəhid atası olduğunu tez-tez dilinə gətirib qürrələnmədi. Axı hansı daşürəkli ata öz övladının ölümünə sevinə bilərdi? Səxavət çox istəyərdi ki, oğlu müharibəyə gedib qəhrəmanlıqla vuruşsun, ad qazansın və sağ-salamat evinə-ocağına dönsün. Şəhid olmasını isə heç istəməzdi. Bu ölüm onun bütün həyatını qaraltmışdı. Onun da, Bənövşənin də belini bükmüş, ürəklərinə göynərtisi heç zaman çəkilməyəcək qızmar dağ basmışdı.

Bir il üç ay, yəni on beş ay, yəni dörd yüz əlli beş gün keçirdi oğlunun ölümündən. Bu müddət ərzində Səxavətlə Bənövşənin üzləri bir dəfə də olsun, gülməmişdi. Elə uşaqların da… Yazıqlar məzəli bir söz eşidərək qeyri-ixtiyari güləndə gözləri divardakı fotoya sataşır, üzlərindəki gülüş dərhal çəkilib yerini kədərə verirdi. Səxavət bir neçə dəfə istəmişdi ki, uşaqlarına görə şəhid oğlunun fotosunu divardan götürsün, lakin buna əli gəlməmişdi…

Əlini pencəyinin cibinə salıb siqaret qutusunu çıxardı və onu tez də qaytarıb yerinə qoydu. Heç vaxt mənzildə siqaret çəkməzdi. Bunun üçün hər dəfə balkona çıxırdı. İndi isə, baxmayaraq ki, onsuz da diqqəti serialdan yayınmışdı, yenə onu buraxıb otağı tərk etmək istəmirdi. Uşaqlar atalarının fikirli olduğunu və serialı bu səbəbdən seyr etmədiyini duya bilərdilər. “Bircə reklamlar tez başlasaydı” – deyə düşündü.

Əvvəllər siqaret çəkən olmamışdı. Oğlunun ölümündən sonra başladı bu zərərli vərdişə. Həm də gündə nə az, nə çox, iki qutuya yaxın çəkirdi. Çəkdiyi siqaret ən ucuzlarından olsa da, aylıq maaşının, az qala, yarısı tüstüyə gedirdi. Çünki uyğun mafiyanın yaratdığı monopoliya ucbatından marketlərdə siqaretlər öz dəyərindən qat-qat bahasına satılırdı. Səxavət hər dəfə bir qutu siqaretə üç çörəyin pulunu verməyə məcbur olanda ürəyi sızıldayır, buna baxmayaraq içini yeyib-dağıdan ağır dərdlər ağ ciyərlərini korlayan bu zəhrimarı tərgitməsinə imkan vermirdi.

Axır ki, seriala fasilə verdilər, reklamlar başladı. Bayaqdan bunu gözləyən Səxavət əlini cibinə atıb divandan qalxaraq balkona qaçdı. Qutudan tələsik çıxardığı siqareti yandırmaq istəyəndə qulağına uzaqdan çığırtı səsi gəldi. Bu, qadın çığırtısı idi. Amma yox, səs elə də uzaqdan deyil, düz qarşısındakı 12 nömrəli yeddimərtəbəli binadan gəlirdi. Sanki çarəsiz vəziyyətdə qalmış qadın haray salıb kömək istəyirdi. Başını səs gələn tərəfə doğru qaldırdı. Binanın həyətə baxan hissəsində yalnız üç-dörd mənzilin işığı yanırdı. Ən yuxarı mərtəbələrdə isə tək bir pəncərədən işıq gəlirdi və Səxavətin gözləri həmin pəncərədə elə bir şey gördü ki, həyəcandan dodaqları arasına qoyduğu siqareti yerə saldı.

Bir kişinin pəncərədən aşağı atdığı yarıçılpaq qadın son dəfə dəhşətli bir səslə çığırdı. İkinci mərtəbənin tuşuna çatanda binanın önündən keçən açıq elektrik məftillərinə toxundu. Partlayış baş verdi, alovlu qığılcımlar ətrafa səpələndi və qadın yerə düşərək zərblə torpağa çırpıldı.

Başını yenidən yuxarı qaldıran Səxavət işıqlı pəncərədə qadını aşağı tullayan həmin kişini ani olaraq bir daha görə bildi. Qatil dərhal pəncərənin pərdəsini qapayıb geri çəkildi və bir neçə saniyə sonra otağın işığı söndü. İndi bu pəncərə də binanın əksər pəncərələri kimi qaranlığa bürünmüşdü.

Geniş həyəti dörd yaşayış binası əhatə edirdi və bunların dördü də yeddimərtəbəli idi. İkinci mərtəbədəki mənzilinin balkonunda donub durmuş Səxavət məhəllə sakinlərinin çığırtı səsini eşidərək pəncərə və balkonlardan boylandıqlarını görürdü. Həyətə enərək hadisə yerinə tələsənlər də vardı.

Qəfil üşüdüyünü hiss etdi. Həmin gün – yanvar ayının 16-sı bazar günü ölkənin dağlıq rayonlarına yağmış qarın acı soyuğu Bakıya da gəlib çatmış, şəhərdə temperatur birdən-birə kəskin aşağı düşmüşdü. Qapını açıb otağa girdi. Televizorda reklamlar gedirdi. Bənövşə çay qoymaq üçün ayağa qalxmışdı. Uşaqlar isə az əvvəl serialda gördükləri hansısa epizod barəsində mübahisə edirdilər.

Onun üzündəki təlaşı birinci Bənövşə duydu:

– Nə olub, ay kişi?

Səxavət dillənənə kimi bir neçə dəfə udqunmalı oldu. Sonra əlini balkona tərəf uzadıb kəkələdi:

– O binadan bir qadın pəncərədən atıldı…

– Sən nə danışırsan, – Bənövşə əlini üzünə aparıb yanağını çəngələdi, – özünü atdı?

– Yox… Onu atdılar…

– Atdılar? – oğlu qorxu ifadə edən titrək səslə pıçıldadı.

– Hə… Gözlərimlə gördüm…

– Allah, sən özün kömək ol! – Bənövşə bu dəfə əlini dizinə çırpdı. Bəs bilmədin ki, kimdir o bədbəxt balası?

– Yox, hardan bilim?

– Hansı mərtəbədən atdılar, ata? – balkonun qapısına doğru gedən Ziya təlaşla soruşdu.

Səxavət başını təəssüflə yellədi:

– Yuxarı mərtəbələrdən idi. Ya altıncı, ya da yeddinci…

– Allah qorusun!..

Bunu deyən Bənövşənin səsində dəhşət var idi.

– Mən oraya gedirəm, – köhnə paltosunu tələm-tələsik əyninə keçirən Səxavət dedi, – görüm kimdir bu zavallı.

– Getmə, – arvadı etiraz etdi, – sənin nə işin var orada?

– Nə olar gedəndə?

– Sonra sənin də başın ağrıyar.

– Ağrımaz, sən işində ol. Siz də həyətə çıxmayın, uşaqlar!..

Cəmi bir neçə dəqiqə əvvəl gözləri ilə gördüyü qorxunc mənzərədən hələ də özünə gələ bilməyən Səxavət mənzili tərk edərək pilləkənlə həyətə endi. Burada park edilmiş çox sayda avtomobillərin arasından keçərək qarşıdakı binaya doğru addımlayanda üçüncü blokun qarşısında on beşə yaxın məhəllə sakininin yığışdığını gördü.

Onların arasında Babakişi ilə oğlunu, bir də bərbər Kazımı tanıya bildi. Babakişi həmin bu binanın ikinci mərtəbəsində 32 nömrəli mənzildə olurdu. Taksi sürücüsü idi. Hər gün öz köhnə “Mercedes”i ilə həyətdə dayanıb müştəri gözləyirdi. Oğlu Tərlan da taksi sürürdü, amma burada dayanmırdı, hər gün səhər tezdən şəhərə çıxıb bir də axşam qayıdırdı. Saçının çox hissəsi tökülmüş bərbər Kazım da bu məhəllədə olurdu. Həyəti əhatəyə almış dörd binadan birində – sağdakı binada. Elə həmin binanın birinci mərtəbəsində özünə balaca bir bərbərxana açmışdı. Pinti, həm də bacarıqsızın biri idi. Lakin bunlara baxmayaraq şirin dilinə, bir də işini ucuz qiymətə gördüyünə görə məhəllə kişilərinin çoxu, o cümlədən Səxavət də saçını ona düzəltdirirdi.

Babakişi də, deyəsən, hadisə yerinə indicə gəlmişdi. Buraya daha tez yetişənlərdən nə baş verdiyini soruşurdu. Ona dəqiq cavab verən yox idi. Yalnız kişilərdən biri dedi ki, çığırtı və elektrik məftillərində baş verən partlayışın səsini eşidərək pəncərədən baxıb və yerə düşən adamı görərək buraya qaçıb. Onun fikrincə, bu, intihar idi. Hadisə yerindəki digər sakinlər o kişiyə etiraz etmədilər. Onları qınamaq da olmazdı, çünki son illər ölkədə intiharların sayı hədsiz çox artmışdı.

Səxavət adamların arasından sivişib qabağa adladı və bu zaman alaqaranlıqda gördüyü acınacaqlı mənzərə az əvvəl keçirdiyi sarsıntını bir az da artırdı. Divardan iki metr aralı, alçaq bəzək kollarının arasına sağ böyrü üstə düşmüş gənc qadın bir ayağını qabağa uzadaraq digər ayağını qarnına doğru yığmışdı. Əynində çəhrayı fon üzərində bəyaz gülləri olan yataq geyimi vardı. Köynək sinəsinə doğru sıyrıldığı üçün vücudunun çox hissəsi və bəyaz rəngli bikinisi açıqda qalmışdı…

Qarın və böyür hissəsində nazik qara zolaqlar diqqəti cəlb edirdi. Səxavət dərhal düşündü ki, bu zolaqlar yanıq izləridir və qadın açıq elektrik məftillərinin üzərinə düşərkən yaranıb. Sol əli açıq idi. Lakin sağ əlini nədənsə bərk-bərk yummuşdu. Sanki ovcunda nəyisə saxlayırdı. Buraya toplaşanlardan heç biri bədbəxt qadına yaxınlaşmağa cəsarət etmir və heç kəs də ağzını açıb bir kəlmə söz demirdi. Deyəsən, hamı şokda idi.

Yalnız Babakişi bir qədər irəliləyib meyitə doğru aşağı əyildi və tez də dikəlib yanındakılara bunu dedi:

– Tanıdım bu qadını, İsrafilin gəlinidir.

– İsrafilin gəlini? – Kazım nədənsə heyrətləndi.

İsrafili Səxavət də tanıyırdı. Yəni, əslində, onu məhəllədə tanımayan olmazdı. Məşhur bənna olmuşdu. Son illər isə həm qocalmışdı, həm də onurğa ağrısından əziyyət çəkdiyi üçün işləmirdi. Üz ifadəsi hər zaman çoxlu acı bibər yemiş adamı xatırladırdı. Hamı ilə sərt danışırdı. Səxavətin onunla salam-kəlamı yox idi, ancaq işə getməyib evdə qaldığı günlərdə balkonda siqaret çəkərkən dəfələrlə balaca oğlan nəvəsini həyətdə gəzdirən görmüş, hətta bir dəfə öz-özünə, “Sağ əlin başıma, ay İsrafil kişi, o gün olsun, sənin kimi beləcə nəvəmi gəzdirim” – demişdi…

– Hə, – Babakişi bərbərə başını tərpətdi, – Eyvazın həyat yoldaşıdır. Bir abırlı gəlin idi bədbəxt… Bu blokun yeddinci mərtəbəsində 41 nömrəli mənzildə olurlar. – Bunu deyib meyitdən kənara çəkilərək ucadan səsləndi: – Siz baxmayın, ay kişilər, günahdır, hamınız bu tərəfə gəlin, qoy qadınlardan biri bunun üstünü-başını düzəltsin!..

İki qadın dərhal irəli çıxdı və onlardan biri yerə sərilmiş gəlinin köynəyinin ətəyini aşağı çəkərək bədəninin bikini ərazisini naməhrəm gözlərdən gizlətdi.

Bərbər Kazım adamlardan aralanıb başını yuxarı qaldırdı. Səxavət də ona doğru bir neçə addım ataraq binaya baxdı. Bu binanın həyətə baxan tərəfində balkon yox idi, balkonlar o biri tərəfdə yerləşirdilər. Burada isə yalnız pəncərələr vardı. Altı və yeddinci mərtəbələrdən işıq gəlmirdi.

– Bu necə olur axı, – Kazım yenidən sakinlərə yaxınlaşaraq təəccüblə dilləndi, – İsrafillə arvadı evdə, Eyvaz evdə, gecənin bu vaxtında gəlin özünü pəncərədən atıb intihar edir. İndi baxdım, pəncərələrindən işıq gəlmir. Belə çıxır ki, heç birinin bu intihardan xəbəri yoxdur?

– Həqiqətən, qəribədir, – kimsə onun sözlərinə şərik çıxdı.

Səxavət düşündü ki, bir az əvvəl balkondan gördüklərini, onsuz da, gizlədə bilməyəcək və danışmaq qərarına gəldi:

– Bu, intihar deyil, ay camaat, bədbəxt qadını pəncərədən aşağı zorla atdılar!

Hadisə yerinə toplaşmış iyirmidən çox kişi və qadın ona heyrətlə baxırdılar. Birinci bərbər Kazım dilləndi:

– Nə danışırsan, ay kişi, elə şey olmaz!

– Təəssüf ki, oldu.

– Deyəsən, sən nəsə görmüsən? – sualı Babakişi verdi.

– Hə… – başını təsdiq mənasında tərpətdi. – Siqaret çəkmək üçün balkona çıxmışdım, onda gözümlə gördüm, bu gəlini bir kişi pəncərədən aşağı tulladı.

– Kişi? – taksi sürücüsü, az qala, çığırdı.

– Hə, məncə, kişi idi. Qadını pəncərədən aşağı atdı, sonra da pərdəni çəkib otağın işığını söndürdü.

– Sən özün kömək ol, ay Allah, qulağımız nələr eşidir!? – başqa bir sakin əllərini göyə açdı.

– Ay aman, yazıq gəlini öldürüblərmiş! İki uşaq anasını. İki körpəsi vardı, biri üç, biri bir yaşında. Əlləri qurusun, hər kimdirsə! – yaşlı bir qadın qışqırıb səs-küy salmaq istəyirdi ki, onu sakitləşdirdilər.

Blokun açıq qapısından çıxan biri Səxavətin diqqətini cəlb etdi. Bu, qara rəngli uzun plaşının yaxalığını qaldırmış, şapkasını alnına qədər basaraq əllərini ciblərinə qoymuş gənc bir kişi idi. Blokun qapısına yaxın toplaşmış adamlara ani bir nəzər salaraq tez də üzünü çevirdi və demək olar ki, qaçaraq uzaqlaşdı. Bu zaman dönüb yan-yörəsinə baxan Səxavət Babakişinin həmin adamın arxasınca diqqət kəsildiyini gördü. Taksi sürücüsünün üzündə müəmmalı ifadə vardı.

Həmin vaxt kimsə qadının tərpəndiyini bildirdi və hamının diqqəti dərhal ona yönəldi.

– Hə, tərpənir, hələ sağdır, – başqa birisi həyəcanla bağırdı.

– Təcili yardım çağırmaq lazımdır, – qadınlardan biri dedi.

Bir gənc oğlan arxadan dilləndi:

– Mən çağırmışam. Buraya gələn kimi təcili yardıma da, polisə də zəng vurdum.

Yaralı qadın gözlərini azacıq açaraq inildədi. Nəsə deyirdi sanki, ancaq Səxavət onun dodaqları arasından çıxan qırıq kəlmələri anlamadı. “Elmir”, – deyirdi deyəsən. Yəqin oğlunun adı Elmir idi…

Adamların arasından məhəllənin ən yaşlı sakini Lyuba qarının etiraz dolu səsi eşidildi:

– Ona nəsə eləmək lazımdır, ay insanlar! Görürsünüz ki, acı çəkir. Oradan çıxarıb rahat yerdə uzadın, ambulans gələnə kimi ilkin tibbi yardım göstərin. Belə olmaz axı, ürəyiniz daşdandır sizin?

– Arvad düz deyir, gəlin onu kolların arasından çıxaraq, – Babakişinin oğlu Tərlan təklif etdi.

Bərbər Kazım ona etirazını bildirdi:

– Yox, ay bala, duruşunu pozmaq olmaz, qoy polis gəlsin, baxış keçirsin, yəqin, hələ fotosunu da çəkəcəklər. Həm də kimsənin əl izləri qalmasın meyitin üzərində.

– Sən nə boş-boş danışırsan, ay kişi, – Səxavətin tanımadığı bir ağsaqqal bərbərin üstünə bozardı, – meyit deyil bu, ağrı çəkən canlı insandır. Başının üstündə durub ölməsinə tamaşa edəcəksiniz?!

Ağsaqqalın fikrini çoxları təsdiq etsə də, hadisə yerinə yığışanlardan heç kim can çəkən qadına yaxınlaşmadı.

– Bunu kim atıb, görəsən? – Babakişi astadan mızıldandı. – İsrafil, ya oğlu?

– Darıxma, polis gəlsin, hər şey məlum olacaq.

– Bilirsiniz, nə maraqlıdır? – buradakılardan bir başqası uca səslə dilləndi. – Biz bu qədər adam buraya yığışmışıq, ancaq İsrafilin ailəsindən kimsə yoxdur.

– Niyə olsun? – gənc bir oğlan ona ironiya ilə cavab verdi. – Öldürmək üçün pəncərədən aşağı tullayıblar, durub dalınca gəlməyəcəklər ki!?

Bu vaxt binadan bir nəfər çıxıb tərəddüdlü addımlarla onlara yaxınlaşdı. Üz ifadəsində heyrət, ağır kədər və daha çox qorxu vardı. Əyninə təzə kostyum, onun üstündən qalın dəri gödəkcə geyinmişdi. Səxavət otuz yaşlarında olan bu hündürboylu, yaraşıqlı oğlanı həyətdə dəfələrlə görmüşdü, lakin kim olduğunu bilmirdi.

– Əri gəldi! – kimsə ucadan səsləndi və hər kəsin diqqəti birdən-birə gələn adama yönəldi.

– Eyvaz?! – Babakişi də hamı kimi bərəlmiş gözlərini ona zilləmişdi. – Bu nə işdir, ay bala?

Eyvaz adlandırılan gəncin üzünün rəngi solmuş, saçları dağılaraq bir-birinə qarışmışdı. Köynəyinin yuxarıdan birinci və üçüncü düymələri açıq idi. Onun bu acınacaqlı durumu şıq kostyumu və parıldayan qara rəngli təzə tufliləri ilə heç uyuşmurdu. Həyəcandan dodaqları titrəyirdi.

– Odur?.. Əsmərdir?.. – deyə konkret kiməsə müraciət etmədən dilləndi.

Adamlar heç nə demədən çəkilib ona yol verdilər və Eyvaz alçaq bəzək kollarının arasında sərilib qalmış həyat yoldaşına yaxınlaşdı.

– Niyə belə elədin, Əsmər?

Gənc qadın gözlərini bir anlıq açıb-yumaraq inildədi. Nəsə deyəsi halı yox idi.

– Niyə belə elədin? – zarıltılı səslə təkrar etdi.

– Hələ sağdır, təcili yardım çağırmışıq, – adamlardan biri ona xitabən səsləndi.

Eyvaz başını döndərib həmin kişiyə key nəzərlərlə baxsa da, dillənmədi…

İkinci fəsil

ƏSMƏR VƏ EYVAZ

Səkkiz il əvvəl gəncliyinin ilk illərini yaşayan Əsmər universitetin birinci kursunda oxuyurdu. Qönçə ilə birlikdə Biləcəri qəsəbəsindəki kirayə həyət evində qalırdılar. Tale deyilən şey Bakıya ölkənin ayrı-ayrı uzaq guşələrindən gəlmiş bu iki qızı həmin kiçik evdə birləşdirib yaxın etmişdi. Əsmər tələbəliyin ilk günlərində şəhərdəki hündür yaşayış binalarının birində, uzaq qohumları olan bir ailədə qonaq kimi qalırdı. Uşaqlı ailənin içində olmaq onu çox sıxırdı. Səs-küy, tünlük, ailə ilə onun gün rejimlərindəki fərqlər… Bu səbəblərdən Qönçə deyəndə ki, atasının dostu Biləcəridəki həyət evini ucuz qiymətə kirayəyə verir, bu qızı yaxından tanımamasına rəğmən onunla ev yoldaşı olmağa razılaşdı.

Və sonradan bu qərarına peşman olmadı. Xarakterləri xeyli dərəcədə fərqli olsa da, yoldaşlıqları baş tutmuşdu. Bu da Qönçənin həyat eşqi ilə dolu, şən, zarafatcıl, istiqanlı biri olmasından qaynaqlanırdı. Birinci kursda hələ bir az sakit idi zalım balası, ikiyə keçəndən sonra birdən-birə xeyli açılışdı. Universitetdə tənəffüs zamanı səsi auditoriyanı və dəhlizləri başına götürürdü. Hamını bir-bir söhbətə tutur, hamı ilə zarafatlaşırdı.

Qruplarındakı iyirmi beş tələbədən iyirmi üçü qız idi və Qönçə bu qızlar arasında öz fəallığı, liderlik qabiliyyəti ilə seçilirdi. Qrupda ən çox Lamiyə ilə tuturdu onunku. Qönçə bir qədər əsmər, Lamiyə ağmaya olsa da, bu iki qız qrupun ən gözəl qızları sayılırdılar. Azərbaycan tarixindən seminar aparan Tofiq müəllim onlara “bir cüt çiçək” adı qoymuşdu.

Universitetlərin bütün qruplarında olduğu kimi Əsmərgilin qrupunda da ikinci kursdan başlayaraq ümumi birlik pozuldu, düşüncə tərzinə görə bir-birilərinə uyğun gələnlər birləşib kiçik qruplaşmalar yaratdılar. Hər kiçik qrupun lideri də məlum idi, bilinirdi ki, qızlar burada kimin başına toplaşıblar. Əsmər, Lamiyə, Qönçə, Fərihə və Əfsanədən ibarət qrupun lideri Qönçə idi. Əslində, heç bir qrupa qoşulmaq istəməyib təkliyə meyil edən Əsmərin düşüncə tərzi bu qızlarla uyğun gəlmirdi və yalnız Qönçə ilə ev yoldaşı olduğu üçün onların arasında idi.

Həmin dörd qızın heç biri dərs oxuyan deyildi. Qrupdakı digər qızlar kimi dərsə universiteti bitirib diplom almaq xatirinə gəlirdilər. Əsmər isə diqqət və zamanını bilik qazanmağa vermişdi. Qrupda iki əlaçıdan biri idi. Bir o idi, bir də qrup nümayəndəsi Nəzrin. Əslində, dekan müavini ilə “dostluq” edən Nəzrin saxta əlaçı idi, qiymətləri güzəştlə yazılırdı. Bu nəzərə alınarsa, sinifdə fikrini-diqqətini yalnız dərsə verən yeganə tələbə Əsmər idi.

Onların beş nəfərlik dəstəsinə digər yoldaşları “Gözəllər dəstəsi” adı qoymuşdu. Qönçə ilə Lamiyə məlum məsələdir ki, təkcə qrupda yox, bütün fakültədə ən gözəl qızlar idilər. Əfsanə də normal idi, kosmetikadan gen-bol istifadə edib özünə bəzək-düzək verməklə gözəllər cərgəsinə girmişdi. Suyuşirin bir qız olan Fərihə isə boyu dəstədəki digər qızlarla müqayisədə bir qədər qısa olsa da, cəzbedici fiqurası vardı. Məlum məsələdir ki, özü gözəl olan bir qız kifir biri ilə rəfiqə olmaq istəyər, ancaq azacıq ağlı olan kifir qız heç vaxt gözəl rəfiqəsinin olmasını istəməz. Çünki gözəl rəfiqənin yanında onun kifirliyi daha çox nəzərə çarpacaq. Qönçə və Lamiyə kimi qızların dəstəsinə qoşulan qız kifir ola bilməzdi. Bəli, Əsmər də özünü kifir saymırdı. Yüz yetmiş üç boyu, qumral dərili cazibədar üzü, qızların qibtə hissi ilə təriflədikləri iri ala gözləri, doğuşdan hamar olan uzun qara saçları vardı. Bəlkə, bir az qədərindən artıq arıq idi, amma bunu da dərd etməyə dəyməzdi, çünki bu dövrdə arıqlamaq istəyən qızların sayı kökəlmək istəyənlərdən dəfələrlə çox idi.

Əsmərin arzuları vardı: Bakalavr pilləsini əla qiymətlərlə bitirib təhsilini magistraturada davam etdirmək və Bakıda qalıb ali məktəblərin birində müəllim işləmək. İstəyirdi ki, məqamı yetişəndə özü kimi, hətta özündən daha bilikli, bacarıqlı birini sevə bilsin, onunla ailə qursun. Bakının mərkəzi hissələrində mənzilləri, özünün minik avtomobili olsun. Mənzili öz zövqünə görə bəzəsin. Amerika Birləşmiş Ştatlarına səyahət etməyi çox arzu edirdi. Buna görə ingilis dilini birinci kursdan xüsusi səylə öyrənməyə başlamışdı. Hətta arzu edirdi ki, imkan olsa, həyat yoldaşı ilə köçüb Amerikaya getsin. Orada üç-dörd il öz həyatlarını yaşayandan sonra uşaqları olsun. Kiçik ailə birlikdə televizora baxanda, gəzintiyə gedəndə, nahar üçün masa arxasına toplaşanda bir-biriləri ilə lap o filmlərdə, seriallarda gördüyü kimi yüksək səviyyədə mədəni rəftar etsinlər. Hərdən bir aylığa vətənə gəlib burada ata-anası ilə xoş zaman keçirsinlər. Bir az rayondakı kəndlərində, bir az da Bakıdakı evlərində…

Hansısa bir oğlanla sevib-sevilmək, ailə qurmaq, əslində, planının sonrakı bölmələrinə aid idi. Hazırda bu barədə düşünmürdü. Oğlanlarla işi yox idi. Atasının, “Səni oraya dərs oxumaq üçün göndərirəm, başqa axmaq işlər üçün yox!” – sözlərini unutmamışdı. Valideynlərinin nəsihət və tələbləri bir yana dursun, Əsmərin öz içində əks cinsə qarşı laqeydlik vardı. Hansısa oğlan ona mənalı baxışlarla göz yetirəndə Qönçədən, Lamiyədən, Əfsanədən, Fərihədən fərqli olaraq heç də həzz almır, əksinə, özünü cinsi təcavüzə uğramış kimi hiss edib hiddətlənirdi.

Qönçə ilə birlikdə universitetə marşrut avtobusla gedib-gəlirdilər. Burada tez-tez rastlaşdığı bir oğlan ona xüsusi göz qoymağa başlamışdı. Bu avtobus hələ də kart sisteminə keçməmişdi, sərnişinlər sürücüyə nağd ödəniş edirdilər. Təbii ki, Əsmərlə Qönçənin hər biri öz gediş haqlarını ayrılıqda ödəyirdilər. Bir dəfə Əsmər pulunu vermək üçün sürücüyə yaxınlaşanda bütün yol boyu gözlərini ondan çəkməyən oğlan tələsik qabağa keçib onun da pulunu ödəyibdi və: “Mən verdim, düşün” – dedi. Əsmər onun bu hərəkətindən necə əsəbləşdisə, sürücünün qarşısından həmin pulu götürüb oğlanın arxasınca səkiyə tulladı və sonra özü gediş haqqını ödəyərək yerə endi. Onun bu sərt təpkisi oğlan üçün gözlənilməz olmuşdu. Deməyə söz tapmayıb pərt halda uzaqlaşdı. Onda Qönçə Əsməri o ki var, danladı: “Sən necə qızsan, anlaya bilmirəm, – dedi, – sənin üçün otuz qəpik ödəyəndə dünya dağılardı?” Əsmər rəfiqəsi ilə razılaşmayıb onu başa salmağa çalışdı ki, dünya dağılmazdı, amma bu jesti qəbul etsə, oğlan bundan sonra ondan əl çəkməyəcəkdi.

Fakültədə ondan iki kurs yuxarı oxuyan Ömərə isə münasibəti bir az fərqli oldu. Onda Əsmər ikinci, oğlan isə dördüncü kursda oxuyurdular. Ömər gözəgəlimli, dilli-dilavər, kompleksdən uzaq biri idi. Əvvəl tənəffüslərdə onu axtarıb taparaq ətrafında hərlənir, imkan tapdıqca hər bir qıza həzz verə biləcək komplimentlər deyirdi. Sonra telefon nömrəsini öyrənib oradan yazmağa başladı. Əsmər bu çoxbilmiş oğlanın yazılarına hərdənbir yazdığı “Salam”, “Sağ ol”, “Hə”, “Yox” sözlərindən başqa, demək olar, heç bir açıq reaksiya vermirdi. Amma Ömər nələr yazmırdı ona? Qaşını, gözünü, mütənasib bədən quruluşunu, hətta yerişini, səsini belə tərifləməkdən doymur, onu “Universitetin bir nömrəli gözəli” adlandırırdı.

Əsmər oğlanın yazdığı təriflərdən, nəinki xoşlanır, hətta bəzən məst olurdu. Çünki Ömər həyatında ilk adam idi ki, özü barədə ondan belə xoş sözlər eşidirdi. Ancaq bunun bir sonu olmalıydı və nəhayət, oldu da. Ömər onunla görüşmək, münasibətlərini dərinləşdirmək istəyirdi. Əsmər buna razılıq vermədi. Həm valideynlərinin xəbər tutacağından qorxdu, həm də düşündü ki, ürəyindəki arzularını həyata keçirmək üçün bütün fikrini dərslərinə verməli, bakalavr pilləsini bitirəndən sonra da təhsilini davam etdirməlidir. Oğlana qəti, “Yox” – cavabı yazaraq telefonunda nömrəsini əngəllədi.

Ömərin universitetdəki o qədər qızın içində nəyə görə məhz onu seçdiyini anlaya bilmirdi. Yəni Əsmər, doğrudanmı, ətrafdakı qızların hamısından daha gözəl idi? Əslində, elə deyildi axı. Əsmərin hər nə qədər bütün digər qızlar kimi özündənrazılığı olsa da, içində yaşadığı cəmiyyətin gözəllik meyarlarından xəbərsiz deyildi. Hələ bütün universitet bir yana dursun, təkcə rəfiqələri arasında Lamiyə ilə Qönçənin ondan daha gözəl olduğunu qəbul edirdi. Bəli, üzə vurmasa da, içində təəssüflə etiraf edirdi bunu.

Əslində isə mütləq bir qadın gözəlliyi anlayışı yoxdur axı. Qadının gözəlliyi baxan şəxsin kimliyindən, düşüncə tərzi və zövqündən asılı olaraq onun nəzəri ilə qiymətləndirilir. Birinə gözəl görünən başqasına adi, çirkin, hətta iyrənc də görünə bilər. Əsmər öz nəzərində adi bir qız idisə, Ömərin nəzərində heç də belə deyildi. Oğlan onu öz gözlərində əməllicə ideallaşdırmışdı, deyəsən. Onu, az qala, insanlıqdan çıxararaq mələk hesab edirdi.

Biləcəridəki evdə günü maraqlı keçir, Qönçə öz zarafatları ilə onu darıxmağa qoymurdu. Nələr eləmirdi bu zalımın qızı? Telefonunda açdığı saxta Feysbuk və İnstaqram profilindən sosial şəbəkədə boş-boşuna vaxt keçirən “yanıq” oğlanlara sevgi dolu mesajlar yazaraq onlarla məzələnir, bu azmış kimi onları hansısa parka görüşə dəvət edib görüş saatında özü evdə oturaraq gülməkdən uğunub gedirdi. Əsmər ev yoldaşının belə işlərini bəyənməsə də, onu yalnız yüngülcə məzəmmət etməklə kifayətlənirdi.

Hər bazar günü anaları onlar üçün rayondan ərzaq və hazır xörək göndərirdi. Əsmərinki avtobus, Qönçəninki isə qatarla. Həftənin bu günü onlar üçün ən “ağır” gün sayılırdı. Çünki göndərilən ərzağı almaq üçün yuxularına haram qataraq Əsmər avtovağzala, Qönçə isə qatar vağzalına getməli olurdu. Bu işə ən çox deyinən də Qönçə idi. Anasına yalvarırdı ki, heç nə göndərməsin. Çünki hər dəfə qatar vağzalından üç-dörd ağır çantanı alıb evə gətirmək ona əziyyətlə başa gəlirdi.

Anaların göndərdikləri bitəndə özləri nəsə hazırlamağa məcbur olurdular. Ya kartof qızardır, ya qayğanaq edir, ya da sup bişirirdilər. Ən çox yedikləri isə makaron idi. Çünki o başqalarından daha asan başa gəlirdi. Makaronu suya töküb qaynadır, boşqablara çəkərək üzərinə ketçup sıxıb yeyirdilər.

Artıq üçüncü kursdan qrup qızlarının, demək olar, hamısı özlərinə oğlan tapmışdılar. Yəni ən azından telefonda yazışdıqları biri vardı. Əsmər isə bu barədə düşünmək belə istəmir, bütün diqqətini dərslərinə verirdi. Ömər də artıq yox idi. Universiteti bitirəndən bir il sonra kiminləsə evlənmişdi.

Lamiyə məzun olmağı gözləməyib elə üçüncü kursun əvvəlindən Urfan adında oğlana ərə getdi. Toylarında qızlarla birlikdə Əsmər də vardı və oğlanı heç bəyənmədi. Yaraşıqsız idi. Donqar burnu, az qala, qaşlarından qabağa çıxan yumru gözləri ilə Lamiyə kimi gözəl qıza əsla yaraşmırdı. Toydan çıxıb evə qayıdandan sonra söhbət əsnasında məlum oldu ki, Qönçə də onu bəyənməyib. Təəssüflə başını bulayaraq:

– Heyif Lamiyədən, – dedi.

– Əslində, bizim bəyənməyimiz vacib deyil, – Əsmər bu söhbəti bitirmək istədi, – təki Lamiyənin xoşuna gəlsin. Bir də ki oğlanda yaraşıq şərt deyil, əsas odur xasiyyəti yaxşı olsun. Yəni sənə sadiq olsun, ailəcanlı olsun, mədəni, istiqanlı və səmimi olsun, başqasında gözü olmasın. Əsas bunlardır.

Belə deməsinə baxmayaraq Əsmər özü də qızların çoxu kimi surətpərəst idi. Bəxtinə çıxacaq oğlanın hamıdan, ən azından rəfiqələrinin ərlərindən yaraşıqlı olmasını istəyirdi. Üçüncü kursda anası rayondan bir oğlanın fotosunu göndərib demişdi ki, oğlan adamları onunla maraqlanır. Elçi gəlmək istəyirlər, əgər Əsmər də razıdırsa, nişan taxsınlar. Oğlan belə baxanda sifətdən pis deyildi, amma qabağa doğru əyilmiş qulaqları çox yekə görünürdü və Əsmər onu bəyənmədiyini bildirdi.

– Əşşi, hə, biz yatmayacağıq ki Urfanla, – Qönçə bunu deyib güldü. – Ancaq yenə də mənə qəribə gəlir. Birlikdə adam içinə çıxanda aralarındakı uyğunsuzluq diqqət çəkəcək. Şorgöz kişilər əri çirkin olan gözəl qadınlara daha çox qarmaq atırlar. Düşünürlər ki, yəqin, ərini sevmir, yaxınlıq təklif edilsə, asanlıqla yola gətirmək olar.

Əsmər ona ciddiyyətlə etiraz etdi:

– Qələt eləyir o şorgöz kişilər! Bir də Lamiyənin elə qız olmadığını özün yaxşı bilirsən. Mən şəxsən inanıram ki, o Urfana ömür boyu sadiq olacaq…

– Təki elə olsun, ay Əsmər, – Qönçə ürəkdən gələn bir səmimiyyətlə dilləndi, – Lamiyə xoşbəxt olmağa layiq qızdır. Gözəllər gözəlidir… – Bunu deyib birdən utancaq halda gülümsədi, gözlərindən qəribə bir parıltı keçdi: – Qardaşı əclaf da çox yaraşıqlıdır ha, gördün?

Əsmər toyda Lamiyənin qardaşını görmüşdüsə də, diqqət verməmişdi.

41 942,28 s`om