Faqat Litresda o'qing

Kitobni fayl sifatida yuklab bo'lmaydi, lekin bizning ilovamizda yoki veb-saytda onlayn o'qilishi mumkin.

Kitobni o'qish: «Kainatin mələkləri»

Shrift:

BİRİNCİ HİSSƏ

 
Ey göylərdə doğulan məleykə, toxun mənim şeypuruma,
Çünkü bütün Allahın mələkləri Cənnətlik olurlar.
Yolüstü mən sınmış bir taxta parçası ilə qarşılaşdım,
Mən onu qırmızı lentlə və kəndirlə bağladım…
 
 
Suyun vurub sahilə atmış şam ağacını tapdım mən,
Onun gövdəsində mən oyub quş şəkli çəkdim.
Düşüncələrimdə çox zaman mən göylərə üz tuturam.
Əminəm, onlara həyat da verə bilərəm.
 
 
O quşlardan bəziləri axınlarda, gölməçələrdə oturublar,
Bəzi balaca quşlar da onların yanında boynubükük…
Gün işığı limanı, körfəzi ilıq şüaları ilə işıqlandırır.
Gün işığı möcüzəvi yerlə birləşib həyat verir dünyaya.
 
David Stefansson, 1895-1964

1

Kleppə – dənizin ortasında nəhəng bir tikili kimi ucalan psixiatriya xəstəxanasına qəbul ediləndən sonra, uşaq vaxtlarım yadıma düşdü, kələ-kötür küçədə bir boz, dumanlı gündə dayanan evləri və palçıqlı gölməçələri seyr etməyim yadıma düşdü.

Birdən orta yaşlarında bir kişi diqqətimi çəkdi. O, evin yağışın islatdığı pilləkənlərini bir-bir aşağı enirdi, onunla bərabər arıq, təxminən iyirmi yaşlarında olan oğlu da pillələri enirdi.

Oğlanın qara, qıvrım saçları vardı. O xəzli yaxalığı olan qısa, dəri jaket geyinmişdi, atasının isə əynində yüngül gödəkcə və ona bir qədər boş qalan iş şalvarı vardı.

Ata oğlunun çiynindən tutmuşdu və onu kobud şəkildə irəli doğru itələyirdi. Onun saçı dumanın fonunda qəribə şəkildə rəngsiz görsənir, köynəyinin qolları isə poliverinin qollarının altından çıxırdı.

Onlar küçəyə çatanda qaçaraq özümü onlara yetirdim və atanı çağırdım.

– Sən onu hara aparırsan?

Ata oğlunun çiyninə baxmadan geri çevrildi.

– Kleppə aparıram. – deyə hirslə cavab verdi.

Su damcılarından alnı parıldayırdı. Onun elə bir üz ifadəsi vardı ki, sanki dişlərini xırçıldadırdı. Gözlərinin bozluğunun arxasında qəzəbdən parıldayan, alışıb-yanan bəbəkləri seçmək olurdu.

Sonra onlar dumanın içərisində yox olub itdilər.

Duman onları anamın mənə danışdığı sehrli nağıllardakı kimi uddu. Yadımdadır, həmişə yatmazdan qabaq anamın nağıllarının çoxu bu sözlərlə başlayırdı: “Uzun, uzun zaman bundan öncə....”

Həmin nağıllarda insanlar dağlara və qayalara çevrilərdilər, yaxud da ulduzların göylərdə sayrışdığı vaxtda qaranlıq meşənin yollarında külə dönərdilər.

Onlar qaranlıqdan baxan saysız-hesabsız parıldayan gözlər kimi görünürdülər: sonradan qaranlıq artan sürətlə mənim üzərimə düşəcəkdi qaranlıq… amma ulduzsuz, ay işığı olmayan bir gecədə.

Həmin gündən sonra bir daha həmin ata və oğulu görmədim, hələ də həmin hadisənin ətrafındakı gerçəklikdən xəbərsizəm.

Mən əgər başqa dünyanın içərilərinə baxmalı olsaydım, o mənim gözümdə həyatın özü qədər böyük görünərdi. Amma bu gerçəklik idisə də, mənim bu gerçəklik haqqında zərrə qədər düşüncəm yox idi.

Təbii ki, mənim gerçəkliyi başa düşməyim gerçəkliyin məni başa düşməyi qədərdir. Bu baxımdan biz bərabərik. Bəli, onun mənə heç bir izahat borcu yoxdur və mən ona olan borcumu qaytarmışam.

Əlbəttə ki, nəzəriyyələrinin gerçəkliklə çox pis uzlaşmasını eşidəndə Heqelin (Almaniya,1770-1831) dediyi cavabı verə bilərik: yazıq gerçəklik, mənim gerçəkliyə çox yazığım gəlir.

Bu şairlərin yaza bildiyi bir şeydir.

Bu filosofların deyə biləcəyi bir şeydir.

Amma düşüncələrimizin gerçəkliklə uzlaşmadığı zamanlarda sığınacaqlara məhkum olan və müəssisələrdə saxlanılan bizlərin buna bir cavabı olmur. Çünki bizim dünyamızda doğru və yalnış arasındakı fərqi bilmək haqqı ancaq yad adamlarda olur.

Psixoloji dərmanlar buludu havadan asılı qalıb, sanki günlər keçmir, bir yerdə dayanıb.

– Paul.

Adımı eşidəndə bədənim əsdi, amma heç bir reaksiya göstərmədim. Reaksiyalarım uzaqlarda havada açılıb.

Gözlərimdə sonsuz sakitlik, rahatlıq nəzərə çarpır.

Soyuq bir sakitlikdə fırtına…

2

Mən əbədiyyətin gözündə dəli bir at idim. Sonradan uzanıb səmanı seyr edirdim.

Günəş sürüşüb ürəyimə düşdü.

Və parıldayan işıqları soldu günəşin…

Bir dəfə, çox-çox uzaq illər bundan öncə anam bir yuxu görmüşdü.

Yuxu ilə bağlı qəribə məqam ondan ibarət idi ki, bu yuxu unuduldu və mən öz yoluma səyahətə başlayana kimi bir daha meydana çıxmadı.

Yox, burada söhbət heç də “Bitlz” qrupunun oxuduğu, sevgi evinə aparan uzun və dolanbac yollardan getmir. Söhbət başqa yoldan gedir, daha uzun, daha qaranlıq yoldan.

Bu dörd at haqqında olan bir yuxu idi.

Anam Qudrun mən anadan olandan bir gün öncə bu yuxunu görmüşdü. Demək həmin məşum gündən qırx ilə yaxın vaxt keçib.

Yuxusunda anam on yaşlı bir qız imiş. O Sudurlandsbraut boyunca gedən bir avtobusda imiş. Məktəbdən evə qayıdırmış.

Avtobus kələ-kötür yollarda yırğalana-yırğalana irəliləyirmiş.

Təkərlərin altından çıxan toz ətrafı toz dumanına bürüyübmüş.

Yaz fəsli idi.

Birdən-birə o, avtobusun qabağından bir itin cərgələrin arası ilə hərəkət etdiyini gördü. İt düz onun oturduğu yerə doğru gəlirmiş. Anam qorxub ayağa qalxdı.

İt arxa ayaqları üzərinə qalxaraq anamın ayaqlarını iyləyir onu tutmaq istəyirdi. Anama “sevgisində” o qədər inadkar imiş ki, yazıq arvad artıq növbəti dayanacaqda düşərək avtobusu tərk etmək məcburiyyətində qalıb.

O Suldurlandsbraunda çatmamış arxın kənarı ilə qaçmağa başlayır. Saçları küləkdə uçuşur. Çarşabı kürəyinə düşür. Paltosu əyninə dar gəlir.

Quşlar aydın, mavi səmada oxuyurdu və müharibə hələ ki, başlamamışdı.

Hazırda Suldurlandsbrautuna tikilən, yaxud tikilməkdə olan binalardan o zaman əsər-əlamət yox idi.

Arxdakı su güzgü kimi hamar və şəffaf idi. Günəş şüası suyun üzərinə düşür və onu parıldadırdı. O, səmanı da canına çəkirdi. Uzaq məsafalərdə mavi dağlar gözə dəyirdi.

Anam arxların arasında hoppanaraq çəmənliyə doğru qaçırdı. Torpaq onun ayaqlarının altında burulurdu. Ot bərq vuran lava axınına bənzəyirdi. Dayansaydı əgər, torpaq anamı udacaqdı.

Çəmənliklə uzun müddət irəlilədikdən sonra o, dörd ata rast gəldi. Onlar hər biri bir-birindən bir neçə metr məsafədə boyunlarını büküb otlayırdılar. Anam əvvəllər bu atları heç zaman görməmişdi. Onlar babamın atları deyildilər.

Amma onlar boy-buxunlu, gözəl və məğrur atlar idi: onlardan biri şabalıdı rəngdə, ikincisi qəhvəyi, üçüncüsü kəhər at, dördüncüsü isə alapaça idi.

Mənim anamda bu atların ona məxsus olması hissi yarandı. Onlar indi təhlükədə idilər. Anam onları xilas etməli idi.

Atlar qaçaraq oradan uzaqlaşanda, alapaça gecikməyə başladı. O qaçaraq dövrə vurur, özünü çox qəribə aparırdı. Sonra o başqa atlar kimi irəliləməyə başladı, amma bunu bacarmadı və səndələyib yıxıldı.

Anam ona çatanda o, yerdə ölü uzanmışdı. Anam bir anlıq onun açıq gözlərinə baxdı. Bir an sonra o artıq yuxudan durmuş, yatağında gözləri açıq uzanmışdı. Çünki mən sonradan yoxa çıxacağım bu dünyaya gəlmək üçün təpik-yumruq atmağa başlamışdım.

Sonra yuxu anamın yadına düşdü.

O, evdə, salonda oturub nəzərini göylərə dikmişdi, sonra təsadüfən qarşısındakı balaca masaya baxdı, mənim şəklimə, gülərək oturduğum şəklimə… şəkil şəhərdə fotoqrafın studiyasında çəkilmişdi.

Anam əlləri ilə gözlərini örtdü. Bir anlıq hiss elədi ki, yuxusu hər zaman onunla birlikdə olub.

3

Şübhəsiz ki, bu gerçəklikdən yaxşı xəbərim var: öz əhvalatını nənələri, hətta lap ulu nənələri də daxil etmədən nəql etmək mümkün deyil. Bu hər kəs tərəfindən qəbul edilən bir nəzəriyyədir.

Ona görə də bəzi insanların yazdıqları avtobioqrafiyanın bir neçə cild təşkil etməsi elə də təəccüblü olmamalıdır. Çünki onlar özləri doğulana kimi, var olanlardan danışırlar.

Bir şeyi deyim ki, mənə görə heç kəs öz həyatı sona çatmamış avtobioqrafiya yazmamalıdır.

İnsanlar üçün öz avtobioqrafiyalarını bir neçə cilddə yazmaq heç də görünməmiş bir hal deyil.

Qəhrəmanların diri olduğu və sonda kitaba təpik atdığı kilsə şuralarının boş sədrlərinin səhnədən düşdüyü İslandiyada nəticə etibarilə mən ən çox yayılmış avtobioqrafik formaları sevmirəm.

Bundan əlavə islandiyalıların keçmişlərinə, ailə şəcərələrinə və genlərinə olan maraqlarının instinktiv maraq olması haqqında deyilənlər də xəyal məhsulundan başqa bir şey deyil.

Məncə islandiyalıların genologiyaya olan maraqları ağac çatışmazlığı ucbatından baş verir. Ağacların seyrək olması səbəbindən, insanlar məcbur olurlar ailə ağaclarını arayıb-axtarmağa. Bununla da onlar əcdadlarının arasında meşə tapmağa ümid edirlər…

* * *

Mən Hrinqbraut milli parental mərkəzində doğrulmuş bir Reykyavik vətəndaşıyam. 30 mart 1949-cu ildə Hringbraut Milli xəstəxanasında dünyaya gəldiyim gün, həm də İslandiyanın NATO-ya qoşulduğu gündür.

Bununla belə mən NATO-nu özümlə müqayisə etmək düşüncəsindən uzağam, onun hərbi gücünü öz gücsüzlüyümlə, onun baş qərargahını isə Klepp psixiatrik xəstəxanası, yaxud reabilitasiya bloku ilə müqayisə etmək gülünc olardı.

Amma bir məqamı da inkar etmək olmaz ki, anadan olmağımdan 40 ildən də çox vaxt keçəndən sonra, mən çantalarımı yığıb dünyəvi varlığa qədəm qoyandan sonra, NATO da yol ayrıcında idi.

NATO-nun, bu qüdrətli hərbi gücün müharibə apardığı hər şey artıq çökmüşdü. Bu müharibələr özündən sonra artıq müharibə etməyə, savaşmağa heç kəsi qalmayan əsgər üçün tənhalıqdan başqa heç nə buraxmamışdır.

Berlin divarının çöküşünü xatırlayıram, ona görə yox ki, bu olay mənə maraqlı idi, ya məni narahat edirdi, ona görə ki, mən bu xəbəri eşidəndə düşündüm:

Bu divar çökə bilər, amma mənimlə dünya arasındakı divar heç zaman çökməyəcək. Heç kəs adi gözlə onu görə bilməsə də, bu divar mətn, sarsılmaz şəkildə bizim aramızda dayanıb, oradadır.

 
Mənim quşlarım qanadlanır. Ey ədalətli tanrı.
Tanrının mələkləri ilə cənnətdə
yenidən görüşmək naminə…
 

4

Bir buna nəzər salın:

“Kommunistlər öz dəhşət və zorakılıq təhdidlərini əməldə tətbiq edirlər. Bir qrup dəli parlamentə hücum çəkir. Özlərini icma adlandırılan insanlar toplusu raketlər atır. Dələduzlar bibər qazı ilə hadisə yerindən dağıdılırlar.”

Yaxud da buna:

Dinc etirazçılara qarşı qəddar bir davranış, toplaşanları dağıtmaq adı ilə insanlığa qarşı zidd rəftar. Reykyavik əhalisi nümayiş edərək milli referendum keçirilməsini tələb edirlər. Hökümətin cavabı isə belə olur: bibər qazından istifadə, xüsusi təyinatlıların hadisə yerinə göndərilməsi, kütləvi həbslər.”

Ad günüm bir tarix yaratmışdır, bunu danmaq olmaz.

Məni rezin dəyənəklər və bibər qazı ilə qarşıladılar. Sıravi vətəndaşlar polislə savaşırdılar. Parlament binasının pəncərələri sındırılmışdı. Göydə yumurta və daş parçaları uçuşurdu.

Parlamentin bir üzvü əlini havada yelləyirdi.

Digərinin isə gözünə bir parça şüşə batmışdı.

Çağırdıqları ehtiyat qüvvəyə baxmayaraq, hadisəyə nəzarəti əldən verdiklərini görən polis qüvvələri Austurvollur meydanında bibər qazından istifadə etməyə qərar verdilər.

Göylərə bulud-bulud tüstü yüksəldi. Buranın ilk sakini, ilk dəfə bu torpaqlarda yaşamağa başlayan İnqolfur Arnarson bura ilk dəfə ayaq basanda da belə bir mənzərə ilə rastlaşmışdı. Ərazinin belə buludlu və dumanlı durumu onun bura verdiyi adı da şərtləndirmişdi.

Həmin səhər anam qəribə yuxuların təsirindən oyanmışdı, onun doğuş ağrıları başlamışdı, o qədər şiddətli idi ki, bu ağrılar, o heç öz yuxusundakı arzuların üzərində baş sındıracaq halda belə deyildi. Anamı tələsik doğuş mərkəzinə gətirdilər və bütün gün ərzində məni dünyaya gətirmək üçün mamaçalar anamın üzərində əlləşdilər.

Amma işin qəribə tərəfi odur ki, həmin gün erkəndən bu dünyaya gəlmək üçün qapını bərk-bərk çırpan mən, deyəsən birdən-birə fikrimi dəyişmişdim və hər vəchlə içəridə qalmağa cəhd edirdim. Mən bəlkə də bu dünyanın gözyaşardıcı qazlarından, havada uçuşan daş parçalarından daldalanmaq istəyirdim içəridə.

Anam bütün gün ərzində ağladı, sızladı, gücəndi, onun qışqırıqları hətta meydandakılardan belə geri qalmırdı. Baxmayaraq ki, o mənim var oluşum üçün heç də milli referendum tələb etmirdi.

5

Atam, Olaf mənim bu dünyaya gəlişimi aprel ayının ortalarından tez gözləmirdi, mən hər zaman vaxtı qabaqlamışam və aprel aylardan ən qəddarıdır.

Atam öz Plimus kraysleri ilə ətrafda dolaşırdı. O həmin tarixi səhər açılandan bunu edirdi.

Yük gəmisi günorta saat təxminən ikidə limana yan aldı, atam isə öz maşınında oturub heyətin gəmini tərk etməsinə tamaşa edirdi.

O dostu Qunnarı gözləyirdi – cavan, yaraşıqlı dəniz tacirini. Atam onun üçün sahildə bəzi işləri görərdi.

Qunnar sahildə göründü, əlində bir qutu daşıyırdı, onu müşayiət edən bir neçə gəmi heyətinin də əllərində qutular vardı. Onlar gömrük ərazisinə yan aldılar və Qunnar da başqa zabitlərlə birgə içəridə yox oldu.

Bu fakt nə atama, nə polisə, nə də otelin Qunnarın baş işarəsini gözləyən işçisinə təsir etdi.

Gömrük ərazisindən şən səslər eşidilirdi. Yəqin ki, Qunnar qutusunu açıb içərisindəkiləri zabitlərə nümayiş etdirirdi: bir neçə butulka spirt, donuz ayaqları, neylon kalqotqalar, dırnaq boyası təmizləyən, yemək qarışdıran və uşaq arabası.

Gömrük zabitləri gətirilənlərin sifarişlərlə üst-üstə düşmə-sindən əmin olduqdan sonra onlardan biri ayağa qalxıb dedi:

– Yaxşı Qunnar. İndi adamların gəmiyə minə bilərlər.

Qunnar gömrük ərazisindən çıxdı, əlini havada oynadıb bərkdən fit çaldı. Sonra o yenidən geri döndü. Bu arada isə mənim atam polis işçisi və oteldən gələn oğlanla bərabər gəmini yükləyirdilər.

Atam Qunnarın kabinasının içərisində axtardığını tapdı, içərisi eyni şeyin olduğu iki bağlama. Büstqalterlər. Cəmi min ədəd…

Mənim milli doğuş mərkəzində İslandiya xalqı üçün belə bir taleyüklü gündə bu dünyaya gəlməkdən imtina etdiyim bir dövrdə atam öz Plimus krayslerində min büstqalterlə limandan uzaqlaşırdı.

Hara getmək lazım olduğunu dəqiq bilirdi. Byorqvinin əsas küçəsindəki paltar satan satıcının yanına gedəcəkdi. Onun əlində eyni büstqalterlər üçün bir siyirtmə dolu siyahı vardı.

Büstqalterlər kosmetika məmulatları, yaxud parfyum kimi dəbdəbəli məhsul sayılırdı, Byorqvində isə həmin dövrlərdə matah olan məmulatlar satılırdı. Bura əsasən bu adla tanınırdı. Hər büstqalter üçün atama 3 kron ödəniş edilirdi. Ona görə atamın özünü sevincdən göyün yeddinci qatında hiss etməsi üçün kifayət qədər əsası vardı. Və onun dostu Qunnar limandakı gömrük zabitləri ilə dostluq əlaqələrini davam etdirdikcə bu sevinc davam edəcəkdi.

6

Atam öz Krayslerini Kalkofnsvequr boyunca sürərkən anam İslandiya doğuş mərkəzində ağrılar içərisində hələ də qışqırırdı.

O, taksi dayanacağına doğru burulub maşını orada park etdi.Amma havada bir narahatlıq duydu.

Atam yenicə maşından düşmüşdü ki, hər istiqamətdən ona doğru insanlar axışmağa başladılar. Yox mənim anadan olmam münasibəti ilə sevinc xəbəri çatdırıb muştuluq almaq üçün yox, onlar sadəcə atama iki vərəq verdilər.

Vərəqlərdən biri həmkarlar ittifaqının rəhbəri tərəfindən, o cümlədən taksi sürücüləri həmkarlar ittifaqının rəhbəri tərəfindən imzalanmışdı.

Vərəqədə vətəndaşlar Austurvollur meydanına doğru getməyə, Parlament qarşısında keçirilən etiraz mitinqinə qatılıb ümumxalq referendumu keçirilməsini tələb etməyə məcbur edilirdi.

Digər bir vərəq isə höküməti formalaşdıran koalisiya partiyaları tərəfindən imzalanmışdı. Onlar da insanları Austurvollur meydanına doğru səsləyirdilər, sadəcə onlar vətəndaşların ora gedib referendum tələb etməsini yox, parlament binasının müdafiəsinə çağırırdılar.

Atam havada narahatlıqdan daha artığını duydu. Meydandan gələn səs, burada, uzaqlarda, taksi duracağında belə eşidilirdi.

Maraq ona güc gəldi, o bir siqaret yandırıb mühərriki işə saldı. Posthusstreatidə qələbəlik idi. İnsanlar üzlərində dəhşət ifadəsi ora-bura qaçışırdılar.

O meydana doğru hərəkət etdi, orada nə baş verdiyini öz gözləri ilə görmək istəyirdi. İnsanlar qışqırışır, kimisə çağırırdılar. Leysan yağış yağırdı. Parlament binasının qarşısına minlərlə adam yığışmışdı.

Nə baş verdiyini anlayana kimi onun qarşısında bir bibər qazı partladı, artıq bir an sonra onun qarşısında bir toz dumanı var idi.

O əli ilə üzünü örtdü və gözlərini bərk-bərk yumdu. Gözləri dəhşət yanırdı, yaş damcıları az qala su kimi yanağı boyunca süzülürdü. Meydan boyu göylərə bibər qazının tüstüsü qalxırdı.

Dünya əjdahayamı çevrilirdi?

Bu hərc-mərclikdən qorxuya düşən atam geri tələsdi. Elə tələsirdi ki, ayağı az qala yerə dəymirdi, o taksi duracağından ən qısa yolu istifadə edərək Şeqqatadakı qaynıgilə getdi. Babamgil Lyosalandda fermerliklə məşğul olmağı dayandıranda sonra köçüb orada yaşayırdılar. Elə bu torpaqda sonralar biz ata mülkümüzü tikmişdik. Mülkün ətrafındakı çəmənliklərdə isə anam sonralar öz yuxularında sərgərdan gəzib dolaşarmış.

Nənəm, Maria əvvəl atamı görəndə elə düşünüb ki, kişi ya içib ya da hansısa qəribə bir ruh halındadır. Amma atam nəhayət özündə güc tapıb nələrin baş verdiyini danışandan sonra nənəm ona demişdi: Get yuxarı, xəstəxanaya. Xəbərin var, sən artıq atasan!

Atam gəlib çatanda mən artıq doğulmuşdum. Anam məni əlində saxlayırdı. O yorğun, amma xoşbəxt idi. Atam məni görəndə fəxarətdən partlayırmış az qala.

Birinci dəfə məni əlində yeni doğulmuş bir quzu balası kimi saxlamışdır.

Hər şey bir yana, o kənddəki qoyunların doğmasına şəhərdəki insanların doğmasından daha çox öyrəncəli idi.

Sonra o məni göylərə qaldırıb yerində dövrə vurdu. Gördüyüm qədəriylə onun yanaqları boyu yaşlar süzülürdü. Amma bu göz yaşlarının mənə görə, yoxsa ki, indicə məruz qaldığı gözyaşardıcı qaza görə olmasını ayırd edə bilmədim.

7

Bir NATO müttəfiqi kimi bu İslandiyanın tarxindəki ən qara gün idimi? Həmin gündən bu yana həm NATO, həm də müttəfiqlər məhz belə olmasında israr edirdilər. Bu dağ insanının xüsusi ruhunun göstəricisi idimi?

Anamın ağlında belə düşüncələr yox idi. Onun gözlərində bu, parlaq bir gün idi. Sonradan məni ağuşuna alacaq zülmət qaranlıqdan isə əsər əlamət yox idi.

Əksinə mən qarı süpürüb bir kənara atan qar təmizləyici bir maşın kimi idim. Bu səhnə səhv etmirəmsə, mənim XIX əsrdə yaşamış adaşımın şeirində təsvir olunmuşdu. Mənim valideynlərim – yəni məni düzüb-qoşan ər-arvad Olaf Olafsson və Qudrun Palsdottir isə sevincdən göyün yeddinci qatında idilər.

Beynimdə sonradan əmələ gələn xaos isə həmin gün İslandiyanın paytaxtında, parlament binasının qarşısında baş verən çaxnaşmalarla əlaqəli bir şey imiş yəqin.

Birdən-birə dünya mənə mikrofəzadakı dəli insan təsiri bağışladı: Şizofrenik, ikiyə bölünmüş dünya mənə xroniki yanılmalar kimi göründü.

Öz yanılmalarını nəzarət altında saxlamaq üçün psixiatrik xəstələrə dərmanlar verilir, həmçinin dəliliyin simptomları ilə mübarizə aparmaq üçün bəzən bu dozanı qaldırırlar. Həmin dərmanlar beyinə siqnalın ötürülməsini ləngitmək üçün zülalla zəngin olurlar. Amma cəmiyyətlər dəliliyin kütləvi xarakter almasının qarşısını kəsmək üçün özlərini müdafiə edir, buna uyğun silahlar icad edirlər.

Ey qara və ağ dünya… Dəli paltarında olan insan üçün məhdudlaşdırılmış, sərhədləri olan dünya…

İndi sən mənim ağlımdan köhnə filmin epizodları kimi gəlib keçirsən, küçədəki yağış damcılarının səsi kimi, yaranan gölməçələr kimi və bir gün ölümə doğru sürən maşın kimi…

8

Mən anadan olanda atam Hellişedi bataqlığına, Kamb fermasına yol almışdı. Atamın oradakı yaşamından 20 il ötmüşdü.

Həmin anda atam babam haqqında düşünmürdü. Babam Olaf səhnədən mənim edə biləcəyim kimi cəld şəkildə qeyb olmuşdu.

Baba Olaf uzun illər sahildə balıq tutmaqla məşğul olmuş, həmçinin balıqçı təknəsi olan samballı sakinlərdən biri ilə yaxın dostluq etmişdi. Daha sonra isə dəniz macərasına son vermiş, quruya qayıdaraq həm də pərakəndə satışla məşğul balıqçı firmalarından birində keyfiyyət təftişçisi vəzifəsində işləməyə başlayıb.

Babam dənizdən ayrılandan sonra içməyə başlamışdı. O, əvvəl balıqçı şirkətinin dükanında ikən az içirdi, zaman keçdikcə içkinin miqdarını artırırdı. Və ailə, baba, nənə, uşaqlar, hamısı on nəfərdən ibarət böyük bir ailə axırda aqibəti ilə barışmalı oldu, onların son sığınacaq yeri Şömmanstiqurdakı binanın balaca, rütubətli bir zirzəmisi olmuşdu.

Qışda, qar yağan zaman, bura tamamilə qaranlıq olurdu. Uşaqlar hamısı döşəmədə sərilib yatdıqlarından bu dar məkanda addımlayarkən onları tapdalamamaq üçün ehtiyatlı olmaq lazım idi.

Qaranlıq, rütubətli otağın çirkli döşəməsinin deşiklərindən siçovullar boylanardı və babamgil oradan köçəndən sonra zirzəmidə heç kəs yaşamadı.

İndi də mənim atam at-arabasında Hellişidi bataqlığına doğru irəlilədikcə babam haqqında düşünmürdü. O, küləyin üzünü yalamasını və onu qarşılayan ayıbalasından tikilmiş evləri qeyri-müəyyənliklə seyr edirdi. Həmin evdə o ailəsi ilə bərabər ömrünün növbəti on iki ilini keçirəcəkdi. Orada o, qardaşı, bacısı və yaşlı anası ilə birgə yaşayacaqdı.

Sonra atam şəhərə qayıtdı, dənizdəki işini davam etdirməklə bərabər, at-araba və avtobus da sürdü. Və indi üstündən on il keçəndən sonra o taksi sürür və Briqyusundda zirzəmidə yerləşən bir mənzil alır.

Sonralar həmin zirzəmidə yerləşən mənzil heç də həşəmətli bir yaşayış yeri hesab edilməyəcəkdi, amma bununla belə Kamb ərazisindəkı ayıbalasından tikilən evlərlə və Şömannastiqurdakı zirzəmi ilə müqayisədə bura əsl saray təsiri bağışlayırdı.

Atam bilirdi ki, o özünü sübut etməlidir. O gərək illərdir arxasınca süründüyü qızın qəlbini fəth edəydi. Şəhərin mərkəzində avtobus sürəndən bəri, Nyalsqata-Qunnarsbraut marşrutu ilə işləməyə başlayandan bəri atam ona göz qoymuşdu. Həmin ərəfədə xanım mərkəzi küçədəki kitab mağazasında çalışırdı. O zaman atamın ona verməyə bir torba almadan savayı heç nəyi olmayıb.

Anam yaxşı bir ailədən çıxmışdı. Atam isə özünü sübut etməli idi. Sonra səhnədə mən peyda oldum. Atamın şəhərdə yaşadığı kasıb həyat heç zaman mənim olmayacaqdı.

Atam hər şeyini oyun masasının üzərinə qoymuşdu.

O sutkanın 24 saatını işləyirdi və sürücü kimi çox xoşbəxt idi. Bəzi insanlar babamın atama nəzarət etdiyini, pis əməllərinə göz yumduğunu iddia edirdilər. Sərnişinlər onu maşının qabaq oturacağında oturan görmüşdülər.

Sərnişinlər atamdan onları ölkənin şərqinə və qərbinə sürüb aparmağı xahiş edirdilər. Bir dəfə sükan arxasında yataraq çaya düşmüşdü. Başqa bir dəfə isə o, Hvalfyord dolanbaclarını heç bir xəta-bəlasız yarı yuxulu vəziyyətdə dırmaşmışdı.

Yeganə məqsəd isə Briqqyusundakı zirzəmi evi abırlı bir görkəmə salmaq idi. Həm anamla evlənsin, həm də hər üçümüz köçüb orada yaşaya bilək…

32 644,13 soʻm
Yosh cheklamasi:
16+
Litresda chiqarilgan sana:
20 oktyabr 2022
Tarjimon:
Mualliflik huquqi egasi:
Alatoran yayınları / Алаторан

Ushbu kitob bilan o'qiladi