Faqat Litresda o'qing

Kitobni fayl sifatida yuklab bo'lmaydi, lekin bizning ilovamizda yoki veb-saytda onlayn o'qilishi mumkin.

Kitobni o'qish: «Tanımadığımız məşhurlar»

Shrift:

Ön söz əvəzi

Çoxumuzun həsədlə baxdığımız, uğurlarının heyranı olduğumuz dahilər yüksəkliyə rahatca çatmadı. Heç biri anadan bu özəlliklərlə doğulmadı. İstedadlı doğulmuş olsa belə, uğuru əldə etmək və əldə saxlamaq üçün böyük sınaq və imtahanlardan keçdi. Onların həyatını oxuyarkən heyrətlənirsən. Hər biri fərqli düşüncə, hədəf, ailə tərbiyəsi və ölkələrdən olan bu adamları birləşdirən bir ortaq cəhət vardır: Hədəfə çatmaq əzmi!

Onlardan bəzilərinin həyat hekayəsi, geniş yayılmış dünyəvi bir fikri təsdiqləməkdədir. “Qələbəyə aparan hər yol qəbul ediləndir”. Məncə bu, maddiyyatı əsas alan, ruhani düşüncə ilə əlaqəsi zəifləmiş Qərb mədəniyyəti üçün keçərlidir. Şərqlilərin düşüncə tərzi Şərq fəlsəfəsi ilə yoğrulduğu üçün bəzi maddiyyatçı ehkamları qəbul etməməkdədir.

Hədəflər bəlirlənmiş, məqsədlər qoyulmuşdur. Bəs nəyi gözləyirsiniz? Əsl maneə, uğursuz olmaq qorxusudur. O qorxu deyildimi, Çarlz Dikkensi heç kim onu görməsin deyə, ilk əsərini gecə yarısı nəşriyyata göndərməyə məcbur edən? O hiss deyildimi, Kleopatranı xalçaya bürünməyə vadar edən? Qorxu insana xas bir duyğudur. Ondan utanmaq və çəkinmək lazım deyildir. Onu kontrol etmək lazımdır. Benqal cəngəlliklərində Frensis Yets-Braun, məhz içindəki qorxunu məğlub etmək üçün vəhşi donuza hücum etmirdimi?

Uğursuzluqdan çəkinmək, neçə böyük ideyaların və kəşflərin qarşısını almış, ayağını zəncirləmiş və beşikdəcə boğmuşdur. Uğursuzluq daimi deyildir. Onun bir ömür müddəti vardır. Sizin uğura doğru atdığınız hər addım və ALLAHın təqdiri bu ömrün müddətini təyin etməkdədir. Atdığınız hər addım qorxunu zəiflədir və uğursuzluğun ömrünü azaldır.

Bəzi araşdırmaçılar, hədəflərin böyük olmasını məsləhət görürlər. Mən isə arzu və vizyonunuzun böyük olmasını, hədəfin isə əlçatan və uzunmüddətli olaraq, iki hissəyə ayrılmasını təklif edirəm.

Böyük arzular, xəyallarınızı hər zaman canlı tutacaq, gündəlik məişət problemləri labirintində yolunuzu itirməyinizə imkan verməyəcəkdir.

Əlçatan hədəflərə çatmaq üçün kiçik uğurlar qazanmaq yetərlidir. Kiçik uğurlar isə sizi sevindi-rəcək, özünüzə inamınızı artıracaq və sizi canlı tutacaqdır.

Kiçik hədəfləri əldə etməyiniz sizə böyük hədəflərin qapısını açacardır.

Bu kitabda, haqqında söz edilən məşhurların əksəriyyəti, eyni strategiya ilə hərəkət etmiş və uğura imza atmışdır. Bu yolda uğursuzluq, məhrumiyyətlər mütləq olacaqdır. Amma güclü xarakter sərgiləsək, qorxu, tərəddüd və utancaqlığı bir kənara atsaq, əlbəttə ki, bir gün cənab uğurun qapımızı döyəcəyindən əminəm.

Əziz oxucu, bu kitabdan zövq və ilham almanızı, hədəfə doğru addımlarınızda qətiyyətli olmağınızı arzu edirəm. Hədəflərinizi seçin və kiçik addımlarla ona doğru hərəkət edin.

ALBERT EYNŞTEYN

sinifin ən axmaq şagirdi olan

Bir neçə il əvvəl, Almaniyanın cənubunda kiçik bir qəsəbədə gəzişərkən yanımdakı tanışım birdən ayaq saxladı və baqqal dükanının üstündəki mənzilin pəncərəsini göstərdi.

”Bu mənzili görürsənmi? Eynşteynin dünyaya gəldiyi mənzil oradır”, – dedi.

Bu hadisədən bir müddət sonra Eynşteynin əmisi ilə tanış oldum. Başqalarından heç bir fərqi yoxdu. Heyrətlənmək lazım deyil. Çünki Eynşteyn də uşaqlıqda heç nə ilə fərqlənmirdi, heç kim onun gələcəkdə dahi olacağını ağlına belə gətirmirdi. Əlli il əvvəl kütbeyin, axmaq olduğu düşünülən bu uşaq, böyüdüyündə dünyanın ən böyük dahisi, tarixin yetişdirdiyi nadir insanlardan biri olduğunu sübut etmişdir. Halbuki danışmağı da çətinliklə öyrənmişdi. Onun kütlüyündən bezən müəllimləri onu başdan etmək üçün bəhanələr uydururdular. Hətta valideynləri anormal olacağından qorxurdu.

Bir neçə il əvvəl, sanki yuxudan oyanıb silkələnərək işləməyə başlayan Eynşteyn, dünyanın ən məşhur adamı olduğunu gördüyündə çaşıb qalmışdı. Bir riyaziyyat professorunun, bütün qitələrin qəzetlərində əsas başlıqda yer tutacaq qədər məşhurlaşmasına onsuz da təəccüblənməyən qalmamışdı.

Alim olduğu halda, Cek Demsi qədər məşhurlaşmışdı. Bunun necə baş verdiyini özü də anlamamışdı. Özünün başa düşmədyi kimi, başqaları da başa düşməmişdi. Bəşər tarixində bu hadisənin bənzəri yox idi.

Eynşteynin özü, nisbilik nəzəriyyəsi qədər əcaib bir insandı. Çox insanların canından belə keçməyə hazır olduğu var-dövlət, şöhrət, lüks həyat kimi şeylərə dəyər vermirdi. Bir gəmi ilə səyahət etdiyi zaman gəminin kapitanı, gəminin ən lüks və bahalı kayutunu hazırlatdıraraq oraya yerləşməsini təklif etdi. Eynşteyn bu təklifi qəbul etmədi, lüks yerdə darıxacağını və göyərtədə qalmaq istədiyini bildirdi.

Eynşteyn əlli yaşını qeyd edərkən Almaniya onu şan-şöhrətə boğdu; xalqın sevgisinin təzahürü olaraq Potsdam meydanında onun heykəli qoyuldu və ona bir yaxta bağışlandı.

Fəqət bir neçə il sonra ona verilən hədiyyələr geri alındı. Hətta anadan olduğu ölkəyə geri qayıtmağı da qadağan olundu. Həftələrlə Belçikada yaşadı, gecələr qapısını kilidləyir və yatağının yanında polis keşik çəkməzsə, rahat yata bilmirdi.

Nyu-Yorka gəldiyi zaman Prinston Universitetinin Araşdırmalar institutuna riyaziyyat professoru olaraq təyin edildi. Jurnalistləri, mətbuat konfransı və alqışlarla qarşılanmaq kimi şeyləri sevmədiyi üçün, dostları gəmi limana yaxınlaşmadan onu gizlincə gəmidən qaçırdılar və avtomobilə mindirərək uzaqlaşdılar.

Eynşteynin fikrinə görə, nisbilik nəzəriyyəsini tam başa düşən dünyada ancaq 10 və ya 12 adam vardır. Halbuki bu nəzəriyyəni izah etmək üçün minlərlə kitab yazılmışdır.

Özü isə nisbilik nəzəriyyəsini çox bəsit bir yolla izah edir:

Bir kişi gözəl bir qadının yanında bir saat oturarsa, sadəcə beş dəqiqə oturduğunu zənn edər,amma qızmar bir soba üstündə beş dəqiqə oturarsa, bir saat oturduğunu iddia edər.

Bu nümunə nisbilik nəzəriyyəsini necə də gözəl izah edir, elə deyilmi? Məncə, çox düzgün və sadə.Razı deyilsinizsə, yoxlaya bilərsiniz. Mən qızın yanına, siz isə sobanın üstünə oturun, təəssüratlarımızı bölüşək.

Eynşteyn iki dəfə evlənmişdir. İlk evliliyindən iki övladı vardır. Xanım Eynşteyn ərinin nisbilik nəzəriyyəsini başa düşmədiyini iddia edir. Amma bu qadın daha vacib bir şeyi kəşf etmişdir: ərinin kim və nə olduğunu.

Eynşteynin xanımı, hərdən dostlarını çay qonaqlığına dəvət edərkən, professora da yanlarına gəlib onlarla bərabər çay içməsini təklif etdiyi zaman Eynşteyn əsəbləşirdi: “Yox! Gələ bilmərəm! İstədiyinizi edin, mən buradan gedirəm!.. İşləməyimə mane olursunuz, buna dözə bilmirəm!..” deyirdi.

Xanımı sakitcə hirsinin soyumasını gözləyirdi. Sonra bir diplomat kimi davranaraq, onu aşağıda qonaqlarla çay içməyə, beləcə bir az istirahət etməyə razı salırdı.

Xanımının sözlərinə görə, işində və düşüncəsində intizama çox önəm verən Eynşteyn, evində intizamsız və dağınıqdır. Ürəyi nə istəsə, onu edər. İki qaydaya görə hərəkət edər. Birinci qayda: Heç bir qaydaya görə hərəkət etməmək. İkinci qayda: Heç kimin fikrinə görə hərəkət etməmək,

Həyat tərzi çox sadədir. Ütülənməmiş geyimdə gəzər, istədiyində şlyapa taxar, çimərkən mahnı oxuyar və ya fit çalar. Hamamda yerdə oturaraq üzünü təraş edər, heç vaxt təraş sabunundan istifadə etməz, sadə sabundan istifadə etməyi sevər. Kainat qanunlarını kəşf etməyə çalışan bu adam, iki növ sabundan istifadə etmənin çətin olduğundan və hər şeyi qarışdıracağından şikayət edir. Məncə Eynşteynin ən böyük xüsusiyyəti xoşbəxt olmağı bacarmasıdır. Bu xüsusiyyəti dahi nəzəriyyəsindən də üstündür. Heç kimdən heç nə istəmədiyinə görə xoşbəxt olduğunu və hamiya vacib bir dərs verdiyini deyir. Pula, rütbəyə və alqışlanmağa önəm vermir. İşləmək, skripka çalmaq və dəniz gəzintiləri kimi sadə əyləncələrlə xoşbəxt ola bilir.

Skripkadan aldığı həzzi dünyada başqa heç bir şeydən almadığını deyir. Zehni həmişə musiqi ilə məşğuldur. Hətta yuxuda belə musiqi eşidir.

Berlin küçələrində bir gün at arabasına minir. Arabaçının qaytardığı yol haqqının qalığını sayaraq Eynşteyn qalığın az olduğunu arabaçıya deyir. Arabaçı pulu yenidən sayır və ona: “Görürəm ki, rəqəmlərdən başın yaxşı çıxır”, cavabını verir.

GENERAL SATTER

milyon dollarını oğurlatdıran adam

Con Marşal adında bir dülgər, 1948-ci ilin yanvar ayında, Amerikan River çayının cənub qolu yaxınlarında dəyirman qurmağa çalışırdı. Bir anlıq dayandı və Sakramentonun yerləşdiyi dağların yamaclarından qopub gələn sarı daşı əlinə aldı. Bu daş qızıl filizi idi? Bilmirdi. Orada, evdə bişirdiyi sabunu qaynatmağa çalışan qadına bu daşı verdi, qaynayan yağ və kül suyu qarışımının içinə atmasını xahiş etdi.

Bütün günü qaynayan mədən daşının bir müddət sonra pişik gözü kimi parıldadığını gördülər. Səhəri gün tezdən Con Marşal, atının tərkinə qalxaraq dərə yatağından 40 mil uzaqlıqdakı bir fermada yaşayan, bu torpaqların sahibi olan Con A. Satterin yanına getdi. Ona hadisəni danışdı.

Marşal evə girirək qapını kilidlədi, sarı mədən külçəsini cibindən çıxartdı. Satterin gözləri qamaşdı. Diqqətlə külçəni yoxlamağa başladı.

Külçə qızıl idi. Parıldayan bu külçə, qarışığı olmayan, təmiz, saf qızıl idi. Bu külçə sayəsində bütün xəyallarını reallaşdıra bilərdi. İstədiyi hər şeyi həyata keçirə biləcək, dünyanın ən varlı adamı olacaqdı.

Satter bunun sirr olaraq qalmasını istədi, amma bu istəyi ulduzların səmada parıldamamasını istəmək kimi mənasızdı. Əlinə keçən, amma kontrol edə bilməmək məcburiyyətində qaldığı bu qüvvət, bütün ölkəni yerindən oynadacaq qədər güclü idi. Növbəti gün Satterin işçiləri işlərini ataraq, böyük təlaş içində yer qazmağa, hər tərəfi eşməyə, qızıl axtarmağa başladılar.

Bir həftə keçməmiş hər tərəf cuxurlarla dolu idi. Əkin sahələrində heç kim qalmadı. Hər şey bir-birinə qarışmışdı. Sağılmayan inəklər böyürür, buzovlar başsız şəkildə analarını axtarır, canavarlar çobansız qalan qoyunlara hücum edirdilər.

Bel və külünglə silahlanmış adamlar səhərdən axşama qədər hər yeri qazır, gündəlik 1000-5000 dollar arası pul qazanırdılar. Külünglə yeri qazıb bellə torpağı kənara atarkən torpağın altından iri bir qızıl külçəsi çıxır və bir dəqiqənin içində bir neçə min dollar qazanırdılar.

Bu vəziyyət teleqrafla ölkənin hər tərəfinə yayıldı. İnsanları bir iğtişaş bürümüşdü. İşçilər işlərini atır, sıravi əsgərlər hərbi hissələrindən qaçır, əkinçilər əkinlərini tərk edir, tacirlər dükanlarını bağlayırdı. Qızıl axtaranlar artıq hərəkətə keçmişdilər. İnsanlar çəyirtkə sürüsü kimi qanadlanmış, uzaq qərbdə yerləşən nağıllar ölkəsinə doğru yola çıxmışdılar.

1849-cu ilin payızında, o zamankı mədəni dünyanın ən uc nöqtəsi sayılan Kanzasın İndependens şəhərindən böyük bir qafilə artıq yola çıxmışdı. Hamısı atlı olan bu qafilənin gəncləri yeni macəra axtarışında idilər. Missuri çayının sahillərindən Sierra Nevadanın qarlı təpələrinə qədər hər yerdə, at və öküz arabalarından təşkil olunmuş köçlər görülür və bu qafilələrin qırılmayan zəncir şəklində qərbə doğru köç edişi həyəcan doğururdu. Yamyaşıl çəmənlərdə şaqraq mahnı səsləri arabalardan ətrafa yayılırdı.

Hələ minlərlə başqa qızıl axtaranlar dəniz yolu ilə gəlirdilər. Balina ovu üçün olan gəmilərə və yük gəmilərinə doluşan bu adamlar küləyin ulamasına, gəmi dirəklərini küləyin sındırmasına baxmayaraq, Horn burnunu dolanaraq gəlirdilər. Magellan boğazının fırtınalarına, qasırğalarına, xəstəliklərə, vəba və taunla məhv olmaqlarına baxmayaraq gəlirdilər. Sakit okeanın dalğaları ilə yarışa çıxarcasına cəsarət və mətanətlə yollarına davam edirdilər.

Ən həyəcanlı il olan 1849-cu ildə San-Fransisko limanında lövbər atan gəmilərin sayı yeddi yüzə çatmışdı. Gəmilər lövbər atar-atmaz, dənizçilər də sərnişinlərlə bərabər gəmini tərk edərə qızıl yataqları olan təpələrə doğru qaçırdılar.

İntizamı ancaq qılınc və dəyənək ilə təmin etmək mümkün idi. Arxasında silahlı güc olmayan heç bir əmrə tabe olmurdular.

Fərqli marşrut və yollarla gələn bu izdiham Satterin torpaqlarına doğru hərəkət edirdi. Yolda yetişmiş sünbüllərin hamısını yedilər, çörək bişirmək üçün anbarlardakı unun hamısını talan etdilər. Axırda anbarları sökərək özləri üçün daxmalar tikdilər. Aclıq səbəbiylə fermada olan bütün heyvanları kəsdilər.

O qədər cürətləndilər ki, Con Satterin mülkü üzərində şəhərlər saldılar, yazıq Satterin əlindən bu hadisələrə nifrətlə baxmaqdan başqa bir şey gəlmədi. Torpaqları sanki onun deyilmiş kimi hərraca çıxarıldı, alındı, satıldı.

1850-ci ildə Kaliforniya ABŞ-a birləşdirildiyi zaman, darmadağın olmuş bu təpələrdə qanun özünü göstərməyə başladı.

Bax o zaman Satter, dünyada məşhur olan böyük məhkəmə işinə başladı. San-Fransisko və Sakramento şəhərlərinin onun şəxsi mülkü üzərində tikildiyini iddia edirdi. Hər iki şəhərin sakinlərindən mülkünü tərk etməsini tələb etdi. Öz işləri üçün tikdirdiyi, sonradan isə şəhərin istifadəsində olan yollar, körpülər və kanallar üçün Kaliforniya hökümətindən 25 milyon dollar təzminat tələb etdi.

Talançıların səbəb olduğu zərər qarşılığında dövlətdən tələb etdiyi 50 milyon təzminatdan başqa, onun torpaqlarından oğurlanaraq talan edilmiş qızıl üçün də uyğun bir məbləğin ödənməsini istədi.

4 il bu işdən əl çəkmədi, məhkəmələrdə süründü və 1855-ci ildə məhkəmədə qalib gəldi. Kaliforniya hökuməti San-Fransisko və Sakramento şəhərlərinin və bir neçə qəsəbənin onun torpaqları üzərində tikildiyi faktını təsdiq etdi.

Bu qərar şəhər sakinlərində zəlzələ təsiri yaratdı. Evlərini əllərindən almaqmı istəyirdilər? Onlar da bu qərarı verənlərə həddini göstərəcəkdilər .Çarəsizlikdən ağlını itirən xalq əllərinə keçən hər şeylə, dəyənək, tüfəng, balta ilə silahlanaraq küçələrə töküldülər. Qışqırır, talan edir, yandırır, küçələrdə terror törədirdilər.

Ədliyyə binasını məhkəmə prosesinin çıxartdığı qərarın saxlanıldığı qovluqlarla birlikdə yandırdılar. Özləri ilə gətirdikləri kəndiri, o qərarı verən hakimin boynuna salaraq asmaq istədilər. Bəziləri atlanaraq Satterin fermasına hücum çəkdi. Evini və anbarlarını dinamitlə havaya uçurtdular. Evini talan etdilər, meyvə bağını dibindən sökdülər, iri buynuzlu heyvanlarını öldürdülər, bərəkətli tor-paqlarını və fermasını yerlə bir etdilər. Sonra isə çıxıb getdilər.

Qarışıqlıqda Satterin uşaqlarından biri öldürüldü. İkinci övladını isə sonradan öldürmək üçün, özləri ilə apardılar. Üçüncü oğlu Avropaya qaçmağa çalışarkən dənizdə boğularaq öldü. Bütün bu hadisələrdən sonra Satterin psixikası pozuldu və ağlını itirdi.

20 il sonra Vaşinqtona gələrək haqlarını bərpa etmək üçün konqresə müraciət etdi. Əynindəki paltarları nimdaş və cırıq idi. Çox əziyyət çəkdi, konqres üzvlərindən kömək istədi, çoxları ilə görüşdü, amma nəticə ala bilmədi. Küçədə uşaqlar onun arxasınca gəzərək ələ salmağa başlamışdılar.

1880-ci ildə onun torpaqlarında çıxan qızıl sayəsində varlanan soyğunçuların təhqiredici baxışları altında, Vaşinqtonun natəmiz məhəllələrinin birində canını tapşırdı. Heç kim kömək etmədi. Öldüyü zaman cibində 1 dolları vardı. Amma tarixin ən böyük məhkəmə prosesində qalib gəlmiş, çox böyük bir sərvətə sahib olduğunu məhkəmələrdə sübut etmişdi.

Qərbi Amerikada qızıl hücumu hərəkatını oyandıran və ilk qızılı tapan dülgər Con Marşal da beş il sonra öldü. Cəsədini daxmasında tapdılar, yanında heç kimi yoxdu. Onun kəşfi sayəsində minlərlə insan milyonlarla dollar qazandığı halda o, yoxsulluq içində yaşadı. Öldüyü zaman ən ucuz taxtadan hazırlanmış tabut sifariş etməyə belə çatacaq qədər pulu yox idi.

Yosh cheklamasi:
16+
Litresda chiqarilgan sana:
18 oktyabr 2022
ISBN:
978-9954-8888-8-9
Mualliflik huquqi egasi:
JekaPrint

Muallifning boshqa kitoblari