Faqat Litresda o'qing

Kitobni fayl sifatida yuklab bo'lmaydi, lekin bizning ilovamizda yoki veb-saytda onlayn o'qilishi mumkin.

Kitobni o'qish: «Cəmilə»

Shrift:

Budur, mən yenə sadə bir haşiyəyə salınmış bu kiçik şəklin qabağındayam. Sabah səhər ayıla1 getməliyəm, ancaq ona baxmaqdan hələ də doya bilmirəm. Elə bil şəkil mənə xeyir-dua verəcəkdir.

Onu hələ heç bir sərgiyə verməmişəm. Bundan başqa, qohumlarım ayıldan yanıma gəldikdə də onu gizlətməyə çalışıram. Şəkildə utanmalı bir şey yoxdur, ancaq, bununla belə, o, sənət nümunəsi olmaqdan çox uzaqdır. Şəkil onda təsvir olunmuş torpağın özü qədər sadədir.

Şəklin dərinliyində boz payız səmasının bir parçası təsvir olunmuşdur. Uzaq dağ silsilələrinin üzərində külək ala buludları sürətlə qovalayır. İlk planda tünd-qırmızı yovşanlı step uzanır. Yenicə tökmüş yağışdan sonra hələ də qurumamış qara yol da görünür. Yolun kənarında quru, sındırılmış çiya kolları bir-birinin böyrünə girmişdir. Araba çarxlarının açdığı yolboyu iki yolçunun ayaq izləri görünür. Uzaqlaşdıqca bu izlər zəifləyir, yolçuların özləri isə elə bil bir addım atan kimi haşiyədən çıxacaqlar. Yolçulardan biri… Belədə mən bir az qabağa qaçıram.

Bu əhvalat mənim ilk gənclik illərimdə olmuşdu. Müharibənin üçüncü ili idi, ata və qardaşlarımız uzaq cəbhələrdə – Kursk və Oryol ətrafında vuruşurdular. O zaman biz on-onbeşyaşlı yeniyetmələr idik, kolxozda işləyirdik. Gündəlik kəndli əməyinin ağırlığı hələ möhkəmlənməmiş çiyinlərimizin üzərinə düşmüşdü. Biçin günləri daha ağır keçirdi. Həftələrlə evdə olmurduq, bütün günü və gecəni çöldə, xırmanda, ya da taxılın daşındığı stansiya yollarında keçirirdik.

Taxıl biçməkdən sanki oraqların da qızdığı belə qızmar günlərdən birində mən boş araba ilə stansiyadan geri qayıdırdım. İstədim, bir evə dəyim.

Dərənin lap böyründə, küçənin qurtardığı təpənin üstündə möhkəm saman hasara alınmış iki həyət durur. Həyət-bacanın yanında söyüd ağacları ucalır. Bunlar bizim evlərdir. Ta keçmiş zamanlardan bizim iki ailə bir yerdə yaşayır. Mən özüm Böyük evdənəm. İki qardaşım var, hər ikisi məndən böyükdür və hər ikisi subaydır. İkisi də cəbhədədir və çoxdandır ki, heç birindən xəbər yoxdur.

Atam köhnə dülgərdir. Sübhün gözü açılan kimi namaz qılıb kolxoz həyətindəki dülgərxanaya yola düşür, bir də axşamdan xeyli keçmiş qayıdırdı.

Evdə anamla bacım qalırdı.


Qonşu həyətdə, ya da ayılda Kiçik ev adlandırılan həyətdə bizim yaxın qohumlarımız yaşayırlar. Vaxtilə ulu babalarımız, ya da onların ataları doğma qardaş olmuşlar. Lakin mən onları ona görə yaxın qohum adlandırıram ki, biz bir ailə kimi yaşayırıq. Hələ babalarımızın köçərilik etdiyi, birgə köçəbə saldıqları, birgə qaramal otardıqları zamanlardan belə olmuşdur. Bu adəti biz də saxlayırdıq. Ayılda kollektivləşmə təşkil ediləndə atalarımız qonşuluqda ev-eşik saldılar. Nəinki təkcə biz, bəlkə də, iki çayın arasında ayılboyu uzanan Aral küçəsi başdan-başa bizim nəsildəndir. Biz hamımız bir qəbilədən çıxmışıq.

Kollektivləşmədən çox keçməmişdi ki, Kiçik evin yiyəsi öldü. Arvadı və iki kiçikyaşlı oğlu qaldı. O zaman ayılda hələ də kök salmış köhnə qəbilə adətinə görə, dul qadını oğulları ilə birlikdə ayıldan kənara buraxmaq olmazdı. Buna görə də bizim qəbilədən olan adamlar atamı dul qalmış qadınla evləndirdilər. Ulu babalarımızın ruhu da onu bu işə məcbur edirdi, çünki atam mərhumun ən yaxın qohumu idi.

Beləliklə, bizim ikinci ailəmiz yarandı. Kiçik ev öz həyət-bacası, öz qaramalı ilə müstəqil hesab olunurdu. Lakin əslində isə bir yerdə yaşayırdıq.

Kiçik ev də iki oğlunu orduya göndərmişdi. Böyük oğlu Sadıq elə evlənən kimi getmişdi. Gec-gec olsa da, onlardan məktub alırdıq.

Kiçik evdə mənim “kiçi apa”, yəni kiçik ana adlandırdığım anam və onun gəlini – Sadığın arvadı qaldı, hər ikisi səhərdən axşamadək kolxozda işləyirdi. Kiçik anam xeyirxah, üzüyola, fağır bir qadındı, hər işdə: arx qazılmasında, ya da suvarmada cavanlardan geri qalmırdı. Bir sözlə, kətməni əlində möhkəm tuturdu. Bəxtindən də gəlini çox işlək idi. Cəmilə qayınanası kimi yorulmaq bilməyən bacarıqlı bir qız idi. Ancaq xasiyyəti bir az başqa idi.

Mən Cəmiləni çox istəyirdim. O da mənim xətrimi istəyirdi. Çox dostlaşmışdıq, ancaq bir-birimizi öz adımızla çağırmağa cəsarət etmirdik. Əgər başqa-başqa ailədən olsaydıq, əlbəttə, mən onu adı ilə çağırardım. Mən onu böyük qardaşımın arvadı kimi “cene”, o da “kiçinə bala” çağırırdı. Hərçənd ki mən kiçik deyildim və aramızdakı yaşca fərq də çox deyildi. Ancaq ayıllarda bu bir qayda idi ki, gəlinlər ərinin kiçik qardaşlarını “kiçinə bala”, yaxud “mənim qaynım” çağırmalıdırlar.

Hər iki həyətin ev işləri ilə mənim anam məşğul olurdu. Hörüklərinə sap bağlayan gülməli bacım da ona kömək edirdi. Çətin günlərdə bacımın nə cür səylə işlədiyi heç zaman yadımdan çıxmaz. O, bostanın dalında hər iki həyətin quzu və buzovlarını otarır, ev həmişə isti olsun deyə təzək-çırpı yığırdı. Anamın tənhalığını ona unutduran və onu itkin düşmüş oğulları haqqında düşündürməkdən yayındıran mənim bu fındıqburun bacım idi.

Evdə asayişə və firavanlığa görə bizim böyük ailəmiz anama minnətdardır. O hər iki həyətin külli-ixtiyar sahibəsi, ailənin sirdaşı idi. O çox cavan ikən bizim köçəri babalarımızın ailəsinə gəlmiş və sonra ailələri ədalətli idarə etməklə onların xatirəsini müqəddəs tutmuşdur. Ayılda hamı onunla hörmətli, insaflı, ağıllı, təcrübəli ev sahibəsi kimi hesablaşırdı. Evdə hər şeyi anam idarə edirdi. Düzünü deyim ki, ayıl sakinləri atamı ailə başçısı kimi tanımaq istəmirdilər. Adamların bu və digər münasibətlə dedikləri bu sözləri az eşitməmişdim: “Eh, yaxşısı budur ki, heç ustanın yanına getməyəsən (bizdə sənətkarları hörmətlə usta adlandırırlar). Onun işi-gücü ancaq balta işlətməkdir. Onlarda böyük ana hər şeyin başıdır. Onun yanına getsən, yaxşı olar…”

Onu deməliyəm ki, gənc olmağıma baxmayaraq tez-tez təsərrüfat işlərinə qarışırdım. Bu mənə ona görə müyəssər olmuşdu ki, böyük qardaşlarım cəbhəyə vuruşmağa getmişdilər. Məni də tez-tez zarafatla, bəzən də lap ciddi tərzdə iki ailənin cigiti, ailənin müdafiəçisi və dolandıranı adlandırırdılar. Mən bununla fəxr edirdim və məsuliyyət hissi heç zaman məni tərk etmirdi. Anam da çalışırdı ki, mən müstəqil olum. O istəyirdi ki, mən hər gün dinib-danışmadan taxta yonub mişarlayan atam kimi deyil, təsərrüfatçı və fərasətli olum.

Hə, mən arabanı evin yanında söyüdün kölgəsində saxlayıb yan qayışları boşaltdım və darvazadan içəri girdim. Briqadirimiz Orozmatı həyətdə gördüm. O, həmişəki kimi, atın üstündə oturmuşdu, qoltuqağacı da yəhərə bağlanmışdı. Anam da onun yanında durmuşdu. Nə barədə isə mübahisə edirdilər. Yaxınlaşanda anamın bu sözlərini eşitdim:



– Bu baş tutan iş deyil! Allahdan qorx, harada görünüb ki, arvad araba ilə kisə daşıya? Yox, əzizim, mənim gəlinimdən əlini çək, qoy bu vaxtadək necə işləyibsə, eləcə də işləsin. Onsuz da gecəm-gündüzüm yoxdur. İki həyəti idarə etmək sənə zarafat gəlməsin. Yaxşı ki, qız böyüyüb… Bir həftədir ki, düzələ bilmirəm, belim ağrıyır, elə bil keçə döymüşəm: qarğıdalı isə bax, yanır, su istəyir. – O, sinəsinə düşmüş çalmanın ucunu ara-sıra içəri salaraq yanıqlı-yanıqlı danışırdı. O hirslənəndə, adətən, belə edərdi.

– Siz necə adamsınız? – deyə Orozmat atın üstündə yırğalanaraq özündən çıxmışdı. – Əgər mənim ayağım olsaydı, sizdən heç xahiş edərdim? Əvvəllər olduğu kimi, kisələri arabaya özüm doldurub aparardım!.. Mən də bilirəm ki, bu, arvad işi deyil. Bəs kişini haradan tapım? Buna görə də qərara gəldik ki, əsgər arvadlarından xahiş eləyək. Siz öz gəlininizə qadağan edirsiniz, böyüklərimiz isə bizim abrımızı tökürlər… Əsgərlərə çörək lazımdır, biz isə planı pozuruq. Belə də şey olar, heç yaraşan işdir?

Mən qamçını yerlə sürüyə-sürüyə onlara yaxınlaşdım. Briqadir məni görən kimi çox sevindi. Görünür ki, başına təzə fikir gəlmişdi.

– Əgər siz gəlininiz üçün belə qorxursunuzsa, onun qaynı, – o, fərəhlə məni göstərdi, – heç kəsi ona yaxınlaşmağa qoymaz. Arxayın ola bilərsiniz! Seyit qoçaq oğlandır, bax bizi dolandıran bu uşaqlardır. Darda da ancaq onlar köməyimizə çatırlar.

Anam briqadirə sözünü qurtarmağa macal vermədi:

– Ay mənim səfilim, gör bir nəyə oxşayırsan, – deyə deyindi. – Saçlarına bir bax… Atandan da heç olmaz, oğlunun başını qırxmağa da vaxt tapmır…

Orozmat anamın nəyə işarə vurduğunu tez başa düşdü.

– Yaxşı, – dedi, – qoy oğlunuz bu gün qocaların yanında qalsın. Seyit, bu gün evdə qal. Atları yemlə, səhər tezdən isə Cəmiləyə araba verərik, bir yerdə işlərsiniz. Ancaq deyirəm ha, onun üçün sən cavabdehsən! Yaxşı, baybiçə, siz narahat olmayın, Seyit qoymaz ki, ona bir söz deyən olsun. Əgər iş o yerə gəlib çatsa, Daniyarı da onlarla göndərərəm. Siz ki onu tanıyırsınız, fağır oğlandır… Bu yaxında cəbhədən qayıtmış oğlanı deyirəm. Üçlükdə stansiyaya taxıl daşıyarsınız. O zaman kim cəsarət eləyib sizin gəlininizə toxuna bilər? Elə deyil, Seyit? Sən necə bilirsən, istəyirik ki, Cəmiləni sürücü qoyaq, ancaq anan razı olmur. Sən onu yola gətir.

Briqadirin tərifi və mənimlə yaşlı bir adam kimi məsləhətləşməsi sinəmə yatdı. Eyni zamanda Cəmilə ilə birlikdə stansiyaya getməyin necə yaxşı olacağını təsəvvürümə gətirdim. Ciddi bir ifadə alaraq anama dedim:

– Ona heç nə olmaz. Canavar yeməyəcək ki?!

Mən çoxdanın sürücüsü kimi dişlərim arasından işgüzarcasına yerə tüpürdüm, çiyinlərimi ata-ata qamçını arxamca sürütləyib uzaqlaşdım.

– Bir buna bax! – deyə anam təəccübləndi və elə bil sevindi də. Ancaq dərhal acıqla çığırdı: – Mən sənə göstərərəm, canavar nədir! Sən haranın biləni oldun? Ağıllı tapıldın da!

– O da bilməsə, bəs kim biləcək? O sizdə iki ailənin cigitidir. Onunla fəxr edə bilərsiniz, – Orozmat qorxa-qorxa anama baxaraq mənim tərəfimi saxladı. Qorxurdu ki, təzədən onun tərsliyi tuta.

Lakin anam etiraz eləmədi. Yalnız birdən-birə əyildi, dərindən nəfəs alıb dedi:

– O haranın cigiti oldu, hələ uşaqdır. Gecəni-gündüzü də işdə olur… Bizim cigitlər isə indi, Allah bilir, haradadırlar. Həyətlərimiz özbaşına buraxılmış köçəbələr kimi bomboşdur…

Mən onlardan çox uzaqlaşdığım üçün anamın daha nələr dediyini eşitmədim. Gedə-gedə qamçını evin küncünə elə vurdum ki, toz qalxdı, hətta əllərini şappıldadaraq həyətdə təzək yapan bacımın gülümsəməsinə də əhəmiyyət vermədən əda ilə talvarın altına keçdim. Orada çöməlib oturdum və güvəcdən su töküb əllərimi yumağa başladım. Sonra otağa keçib bir piyalə qatıq içdim, ikinci piyaləni isə pəncərənin qabağına aparıb içinə çörək doğramağa başladım.

Anam və Orozmat hələ də həyətdə idilər. Ancaq daha mübahisə etmirdilər, yavaşcadan sakitcə söhbət edirdilər. Görünür ki, qardaşlarım barədə danışırdılar. Anam şişmiş gözlərini hərdənbir paltarının ətəyi ilə silir və görünür ki, ona təskinlik verən Orozmatın sözlərinə başı ilə dalğınlıqla cavab verərək dumanlı nəzərlərini ağacların kəlləsindən lap uzaqlara zilləmişdi. O elə bil öz oğullarını burada görmək ümidində idi.

Qüssəyə qapılmış anam sanki briqadirin təklifi ilə razılaşmışdı. Öz məqsədinə çatmasından çox razı qalmış briqadir isə qamçı ilə atın belini şappıldadaraq sürətli yorğa yerişlə həyətdən çıxdı.

O zaman, əlbəttə, nə anam, nə də mən bu işin nə cür qurtaracağını düşünmürdük.

Cəmilənin ikiatlı arabanın öhdəsindən gələ biləcəyinə mənim heç şübhəm yoxdu. Atlara o, yaxşı bələddi. O, dağ ayılı Bəkayirdə ilxıçı qızı idi. Bizim Sadıq da ilxıçı idi. Guya bir dəfə baharda cıdır zamanı o, Cəmiləyə çata bilməmişdir. Kim bilir, bu nə qədər doğrudur, ancaq danışırdılar ki, bu əhvalatdan sonra pərt olmuş Sadıq Cəmiləni götürüb qaçmışdır. Bununla belə, başqaları isə deyirdilər ki, onlar bir-birini sevərək evlənmişlər. Nə isə, onlar cəmi dörd ay birgə yaşamışdılar. Sonra müharibə başlamış və Sadığı orduya çağırmışdılar.

Cəmilənin uşaqlıqdan ilxı qovmasındanmı, ya da nədənsə (o, atasının yeganə qızı idi, həm qız və həm də oğul əvəzi idi) onun xasiyyətində kişilərə xas bir tündlük və hətta bəzən kobudluq da hiss olunurdu. O, kişi kimi də möhkəm işləyirdi. Qonşu qadınlarla yola getməyi bacarırdı, ancaq onu nahaq yerə bir balaca incidən kimi söyüşdə heç kəsdən geri qalmazdı. Arvadları saçlamışdı da.

Qonşular dəfələrlə şikayətə gəlmişdilər:

– Bu gəlininiz necə adamdır? Kandara qədəm basdığı heç bir həftə olmaz, ancaq elə bil dilotu yeyib: nə hörmət başa düşür, nə həya.

– Elə yaxşı ki, belə adamdır! – anam onların cavabını verirdi. – Mənim gəlinim sözün düzünü adamın gözünün içinə deməyi sevir. Pıç-pıçı danışıb altdan sancmağındansa, bu yaxşıdır. Sizinkilər özlərini məlakə kimi göstərirlər. Ancaq, əslində, iyimiş yumurta kimidirlər: bayırdan təmiz və hamar, içərisinin iyi adamın ürəyini bulandırır.

Atam və kiçik anam Cəmilə ilə rəftarda heç zaman başqa qayınata və qayınanalar kimi sərt və öcəşkən deyildilər. Ona mehriban idilər, onu sevirdilər və yalnız bir şey arzulayırdılar ki, o, Allaha və ərinə sadiq olsun.

Mən onları başa düşürdüm. Dörd oğullarını müharibəyə göndərdikdən sonra onlar hər iki həyətin yeganə gəlini Cəmilə ilə təskinlik tapırdılar. Buna görə də onun üstündə əsim-əsim əsirdilər. Lakin mən öz anamı başa düşmürdüm. O, adamı elə-belə sevən adamlardan deyildi. Ağır və tünd xasiyyəti vardı. Öz köhnə adət-ənənəsi ilə yaşayardı və həmişə də buna riayət edərdi. Hər il baharın girməsi ilə o, atamın hələ vaxtilə cavanlıqda düzəltdiyi köçəri alaçığını həyətdə qurar, içərisində ardıc budaqlarından ocaq qalayıb tüstülədərdi. O bizi də ciddi zəhmət sevən və böyüklərə hörmət ruhunda tərbiyə edərdi. Bütün ailə üzvlərindən tələb edərdi ki, qeyd-şərtsiz ona tabe olsunlar.

Cəmilə isə bizə gəldiyi ilk günlərdən özünü başqa gəlinlər kimi aparmadı. Doğrudur, o, böyüklərə hörmət eləyir, onların sözünə qulaq asırdı. Ancaq heç zaman onların qabağında baş əymirdi. Bununla belə, başqa cavan gəlinlər kimi üzünü yana çevirəntək burnunun altında mızıldanıb söymürdü. Ürəyindəkini həmişə açıq deyərdi və öz fikrini deməkdən də çəkinməzdi. Anam tez-tez Cəmilənin tərəfini saxlayıb onunla razılaşardı, ancaq axırıncı söz həmişə özününkü olurdu. Mənə elə gəlirdi ki, anam Cəmilənin simasında, onun ürəyinin açıq və özünün ədalətli olmasında özünə tay bir adam görürdü və gizlində fikirləşirdi ki, gələcəkdə onu öz yerinə qoysun, onu özü kimi tamhüquqlu ev sahibəsi, özü kimi baybiçə və ailənin sirdaşı etsin. “Qızım, Allaha dua et ki, – deyə anam Cəmiləyə nəsihət verirdi, – sən varlı və xoşbəxt bir evə düşmüsən. Bu sənin xoşbəxtliyindir. Qadının xoşbəxtliyi ondadır ki, uşaq doğsun və bir də evində bolluq olsun. Allaha şükür, biz qocaların topladığı bu şeylərin hamısı sənə qalacaqdır. Özümüzlə qəbrə aparmayacağıq ki! Xoşbəxtliyi yalnız o adam əlində saxlaya bilər ki, o öz namus və vicdanını qoruya bilsin. Bunları yadında saxla və özündən göz-qulaq ol!”

Lakin Cəmilənin bəzi xasiyyətləri qayınananı açmırdı: o, uşaq kimi həddindən artıq gülüb-danışandır. Bəzən adama elə gəlirdi ki, Cəmilə heç bir səbəb olmadan gülməyə başlayır, özü də lap hündürdən, ürəklə. İşdən evə döndükdə o, təmkinlə həyətə girməkdənsə, arxın üstündən hoppanıb qaça-qaça gəlirdi. Boş-boşuna gah bir qayınanasını, gah da o birini öpməyə başlayırdı.

Cəmilə mahnı oxumağı da sevirdi. O, həmişə böyüklərdən çəkinmədən bir şey zümzümə edirdi. Əlbəttə, bütün bunlar gəlinin ailə içərisindəki rəftarı haqqında ayılda yaranıb hifz olunan təsəvvürlərlə bir araya sığmırdı. Lakin hər iki qayınana onunla təsəlli tapırdı ki, vaxt ötdükcə Cəmilə yaşa dolub ağıllanacaqdır: cavanlıqda elə hamı belə olmayıb məgər! Mənim üçünsə dünyada Cəmilədən yaxşısı yox idi. Bizim üçün birlikdə çox yaxşı keçirdi, heç bir səbəb olmadan gülüşür və həyətdə bir-birimizi qovurduq.

Cəmilə qəşəng qız idi. Boy-buxunlu idi. Düz cod saçlarını iki sıx və ağır hörük şəklində hörmüşdü. Ağ ləçəyini məharətlə bağlayaraq onu alnına tərəf azca endirirdi. Bu ona çox yaraşırdı, hamar sifətinin qaraşın dərisinə xüsusi gözəllik verirdi. Cəmilə güldüyü zaman onun göyümtül qara badamı gözləri gənclərə məxsus şıltaqlıq ilə parıldayırdı. Birdən-birə ədəbsiz ayıl mahnılarını oxumağa başladıqda isə onun yaraşıqlı gözlərində qadınlara xas bir parıltı görünürdü.

Mən tez-tez görürdüm ki, cigitlərin, xüsusilə evlərinə qayıtmış cəbhəçilərin gözləri onda qalırdı. Cəmilə özü də zarafat etməyi sevirdi. Doğrudur, həddini aşanların payını verirdi, ancaq, bununla belə, onun hərəkətləri mənə toxunurdu. Mən onu kiçik qardaşların öz bacılarını qısqandığı kimi qısqanırdım. Cəmilənin yanında cavan oğlanları görəndə bir bəhanə ilə onlara mane olmağa çalışırdım. Qürurlanır və onlara elə qəzəblə baxırdım ki, sanki bütün görkəmimlə: “Siz çox da qaqqıldaşmayın. O mənim qardaşım arvadıdır və elə güman eləməyin ki, arxasında heç kəsi yoxdur!” – demək istəyirdim.

Belə dəqiqələrdə mən qəsdən çəkinmədən, yeri gəldi-gəlmədi söhbətə qoşulur və Cəmilənin yan-yörəsində hərlənənləri lağa qoymağa çalışırdım. Bundan bir şey çıxmadıqda isə özümü saxlaya bilməyib xoruzlanırdım.

Cavanlar qəhqəhə çəkib gülüşürdülər:

– Sən Allah, bir buna bax. Demə, onun cenesiymiş. Qiyamətmiş, heç xəbərimiz yox.

Mən canımı dişimə yığıb özümü saxlayırdım. Ancaq qulaqlarımın qızardığını hiss edirdim. Hirsimdən gözlərim də yaşarırdı. Mənim cenem – Cəmilə isə məni başa düşürdü. Özünü gülməkdən güclə saxlayaraq ciddi görkəm alırdı:

– Bəs siz elə güman eləyirsiniz ki, cenelər küçədə tökülüb qalıb, – deyə o, cigitlərə təşəxxüslə cavab verirdi. – Bəlkə, sizdə küçəyə tökülüb, bizdə isə yox! Gedək, qaynım. Sizi görüm… – O, başını dik tutaraq özünü göstərir və çiyinlərini lovğa-lovğa oynadırdı. Mənimlə birlikdə uzaqlaşdıqda isə sakitcə gülümsəyirdi.

Mən onun bu təbəssümündən həm pərtləşdiyini, həm fərəhləndiyini görürdüm. Bəlkə də, o zaman öz-özlüyündə belə fikirləşirdi: “Eh, səfeh! Əgər mən istəsəm, heç kəs qabağımı kəsə bilməz. Bütün ailənizlə izləsəniz də, bacara bilməzsiniz”. Belə hallarda günahkarcasına susurdum. Bəli, mən Cəmiləni qısqanırdım. Ona pərəstiş edirdim. Fəxr edirdim ki, o mənim cenemdir. Onun gözəlliyi, müstəqilliyi, onun sərbəstliyi ilə fəxr edirdim. Biz onunla ən səmimi dost idik və bir-birimizdən heç bir şey gizlətmirdik.

1.Ayıl – Qırğızıstanda kənd inzibati ərazi bölgüsü

Bepul matn qismi tugad.

12 337,84 s`om
Yosh cheklamasi:
6+
Litresda chiqarilgan sana:
07 oktyabr 2022
Hajm:
5 Sahifa 10 illyustratsiayalar
ISBN:
9789952243307
Mualliflik huquqi egasi:
Altun Kitab / Алтын Китаб

Ushbu kitob bilan o'qiladi