Kitobni o'qish: «Canlı əhvalatlar»
ƏSL SEVGİ
Məşhur bəstəkarın babası Mozes Mendelsonun xüsusi gözəlliyi yox idi. Boyu balacaydı, üstəlik qozbel idi. Bir dəfə hamburqlu tacirin evində onun gözəl qızı Frumtyeni görür və ilk baxışdan ona vurulur. Qız isə belə bir eybəcərə baxmaq istəmirdi.
Getməmişdən əvvəl Mozes cəsarətini toplayıb qızın otağına qalxır, onunla sonuncu dəfə danışmaq istəyir. Qız lap mələk kimi idi, amma ona bircə dəfə də baxmamağı Mozesin qəlbini yaralayırdı. O, bir müddət söhbətə başlaya bilmədi, nəhayət soruşdu:
– Nikahların göydə kəsildiyinə inanırsan?
– İnanıram, – qız yerə baxaraq dedi. – Bəs sən?
– Mən də. Bilirsən, hər dəfə dünyaya oğlan gələndə Tanrı onun kiminlə evlənəcəyinə qərar verir. Mən doğulanda da o, gələcək nişanlımı göstərib deyib: “Sənin arvadın qozbel olacaq”. Onda mən qışqırdım: “Tanrım, rəhm elə! Qozbel qadın üçün dünyada yaşamaq çox çətindir! Məni qozbel et, qoy arvadım gözəl olsun!”
Frumtye onun gözlərinə baxdı, qəlbini nə isə bir xatirə titrətdi. O, əlini Mendelsona uzatdı, onun sadiq və sevimli həyat yoldaşı oldu.
Barri və Coys Vissel
BİR-BİR
Bir dəfə bir dostumuz adamsız Meksika sahillərində qürub çağı gəzişirmiş, birdən uzaqda bir nəfəri sezir. Ona yaxınlaşıb görür ki, yerli sakin əyilib, qum üzərində nə isə toplayır və suya atır. Məlum olur ki, meksikalı, dalğanın sahilə gətirdiyi dəniz ulduzlarını toplayır və okeana qaytarır.
Dostumuz maraqdan həmin şəxsə yaxınlaşıb soruşur:
– Salam, dostum. Nə edirsən?
– Baxın, ulduzları suya tullayıram, yoxsa qumda boğularlar. Görürsünüz nə qədərdirlər? Dəniz suyunun çəkilməsinə görədir.
– Görürəm, – dostumuz cavab verir. – Sahil böyükdür, yəqin sayları minlərlədir. Onların hamısını çətin xilas edə biləsiniz. Görün bütün sahildə nə qədərdirlər. Tutaq ki, onlarla ulduzu xilas etdiniz, nə faydası var?
Meksikalı gülümsəyir, qumdan daha bir ulduzu götürüb okeana atır:
– Bax buna görə faydası var.
Cek Kenfild və Mark Hansen
QARDAŞ BELƏ OLAR
Pol adlı dostuma qardaşı Milad bayramına avtomobil hədiyyə edir. Milad axşamında Pol işdən çıxır və görür ki, bir dilənçi uşaq parıldayan maşına maraqla baxır.
– Cənab, sizin maşınınızdır?
Pol başını tərpədir.
– Qardaşım Milad hədiyyəsi edib.
Oğlanın heyrətdən ağzı açılır.
– Qardaşınız bağışlayıb? Yəni sizə havayı başa gəlib? Belə də olur.., mən də…
Pol düşünür ki, indi bu sözləri eşidəcək: “Mənim də belə qardaşım olsaydı”, amma oğlan deyir:
– Mən də belə bir qardaş ola bilsəydim.
İndi də Polun ağzı heyrətdən açıq qalır.
– Gəzmək istəyirsən? – qəfildən oğlana təklif edir.
– Əlbəttə! – Balaca dilənçinin gözləri parıldayır. – Cənab, evimizin yanından keçə bilərikmi?
Pol qımışır, yeni tanışının fikirlərini oxuduğuna qərar verir: yəqin qonşularının qabağında lovğalanmaq istəyir. Amma yenə də səhv edibmiş.
– Zəhmət olmasa bu artırmanın qabağında saxlayın, – oğlan maşından çıxıb pilləkənlərlə qaçır.
Az keçmiş qucağında əlil qardaşı geri dönür.
– Bobbi, bax, gör nə gözəl maşındır. Bu şəxsə maşını qardaşı Milad hədiyyəsi edib. Nə vaxtsa mən də sənə belə hədiyyə edəcəyəm. Maşınla gedib Milad vitrinlərinə baxarsan.
Pol maşından çıxır, oğlana qardaşını ön oturacaqda oturtmaqda kömək edir və üçlükdə şəhəri gəzib bayram bəzəklərinə tamaşa edirlər.
Həmin Milad axşamı Polun yadında ömürlük qalır, o, indi İsa peyğəmbərin bu sözlərini dərk edir: “Nəyisə qəbul etməkdənsə, vermək daha müqəddəsdir” (Müqəddəs apostolların əməlləri 20:35).
Den Klark
SADƏ JEST
Hər kəs dahi ola bilər… çünki hamı xidmət göstərə bilir. Bunun üçün elmi dərəcəsi olmaq, mübtədanı xəbərlə uzlaşdırmağı bacarmaq vacib deyil. Bunun üçün ancaq rəhmli, səmimi və sevən ürəyə sahib olmaq lazımdır.
Martin Lüter Kinq Jr.
Mark məktəbdən evə gedirdi, birdən qarşıda gedən oğlanın büdrəyib yıxıldığını gördü. Oğlanın çantasından bir neçə kitab, iki cemper, beysbol ağacı, əlcək və əl maqnitofonu düşdü. Mark çöməlib oğlana əşyalarını yığmaqda kömək etdi.
Onların yolu eyni idi və Mark onun yükünün bir hissəsini götürdü. Yolda öyrəndi ki, oğlanın adı Billdir, videooyunları, beysbolu, tarixi sevir, – qalan fənləri çətinliklə öyrənir, – həm də elə təzəcə qız rəfiqəsi ilə dalaşıb.
Söhbətləşərək onlar Billin evinə çatdılar, o, Markı Coca-Cola içməyə və televizora baxmağa dəvət etdi.
Bu hadisədən sonra onlar məktəbdə görüşüb hətta bir neçə dəfə birlikdə nahar da etdilər. Yuxarı siniflərdə də hərdənbir münasibət saxladılar. Məktəbi bitirməsinə üç həftə qalmış Bill Markı bir tərəfə çəkib bir neçə il əvvəl ilk görüşlərini xatırlatdı:
– Təəccüblənmədin ki, əlimdə niyə o qədər şey-şüy var? Onların hamısını şkafımdan çıxarmışdım ki, o biri şagirdə təmiz qalsın. Evdə anamın yuxu həblərini gizlətmişdim ki, həmin axşam içim. Səninlə rastlaşıb danışanda, güləndə qərar verdim: yox, lazım deyil, əgər ikilikdə bizə belə yaxşı və şən oluruqsa, niyə gələcəkdə özümü bu zövqdən məhrum edim? Görürsən, Mark, həmin gün sən təkcə mənim dərsliklərimi deyil, həyatımı da xilas etdin.
Con U. Şlatter
KÜÇÜK SATIRIQ
Mağaza sahibi qapının üstündə elan asır: “Küçük satırıq”. Uşaqlar belə elanlara lap arı bala yığışan kimi yığılırlar. Heç beş dəqiqə keçməmiş bir oğlan qapıdan girdi.
– Küçükləri neçəyə satırsınız?
– Otuz dolardan əlli dollara qədər.
Oğlan əlini cibinə saldı, bir ovuc sikkə çıxarıb saymağa başladı.
– Mənim cəmi iki dollar otuz yeddi sentim var. Onlara baxmaq olar?
Mağaza sahibi gülümsündü, fit çaldı və dərhal da it damından Ledi adlı yekə it, ardınca da beş yumşaq tüklü küçük çıxdı. Biri geri qaldı – ayağını sürüyürdü.
– Bu niyə axsayır ki? – oğlan soruşdu.
Mağaza sahibi izah etdi ki, bu küçükdə anadangəlmə qüsur var: ömrü boyu axsaq olacaq.
– Bunu almaq istəyirəm! – oğlan qətiyyətlə dilləndi.
– Yox, – kişi dedi, – əgər onu götürməyə qərar verdinsə, onu sənə bağışlayıram.
– Lazım deyil, – oğlan başını yellədi. – Başqalarından nəyi pisdir ki? İndi sizə iki dollar otuz yeddi sent verirəm, hər ay da əlli sent ödəyəcəyəm.
– Pulunu niyə boşuna xərcləyirsən ki? – kişi təəccübləndi. – Axı bu küçük heç vaxt başqa itlər kimi səninlə oynaya, qaça, tullana bilməyəcək.
Oğlan əyildi, şalvarının balağını qatladı və ortopedik karkas qoyulmuş sınıq ayağını göstərdi.
– Görürsünüz, – dedi, – elə mən özüm də yaxşı qaça bilmirəm, bu küçüyə də onu başa düşəcək sahib lazımdır.
Den Klark
ANCAQ HƏQİQƏT, BAŞQA HEÇ NƏ!
“Dallas Morning News” qəzetindən Devid Kasstevens 40-cı illərdə “Notr-Dam” universitet komandasının mərkəz hücumçusu olmuş Frenk Şimanskinin hekayətini yazır. Bir dəfə Frenki mülki proseslərdən birinə şahid kimi çağırırlar.
Hakim soruşur:
– Siz bu mövsümdə “Notr-Dam” futbol komandasında oynayırsınız?
– Bəli, hörmətli hakim.
– Hansı sifətdə?
– Hücumçu, hörmətli hakim.
– Öz oyununuzu necə dəyərləndirirsiniz?
Şimanski qurcalanır, amma əminliklə bildirir:
– Mən bu vaxtacan “Notr-Dam”da oynamış hücumçulardan ən yaxşısıyam, hörmətli hakim.
“Notr-Dam”ın məşqçisi Frenk Lixi zalda imiş və xeyli təəccüblənir: Şimanski əvvəllər heç vaxt dahilik xəstəliyindən əziyyət çəkməyibmiş.
İclasdan sonra o, Lixidən soruşur ki, niyə birdən-birə belə lovğalanıb. Şimanski pörtür və mızıldanır:
– Mən özümü dəhşət pis hiss edirdim, məşqçi, axı and içmişdim.
“Dallas Morning News”
DİQQƏTLİ OLUN, UŞAQLAR, MƏN SİZİN SEVİMLİ DJ-İNİZƏM!
Özünün ulduz saatını gözləyə-gözləyə qalmaq, ona hazır olmamaqdan daha yaxşıdır.
Uitni Yanq1
Les və əkiz qardaşı Mayaminin kasıb məhəlləsində doğulandan az sonra Mama Braun adlı bir aşpaz və qabyuyan onları övladlığa götürdü. Les həddən artıq hərəkətli, idarəolunmaz uşaq idi, onu uşaqlar üçün xüsusi məktəbə verdilər. Məktəbi bitirəndən sonra Mayami-Biçdə dalandar işləməyə başladı, amma bir arzusu vardı – radio aparıcısı – DJ olmaq.
Gecələr yatağına tranzistorlu radioqəbuledici qoyur, səhərəcən yerli DJ-lərə qulaq asırdı. Xəyalında özünü şəxsi radiostansiyada təsəvvür edir, cırıq linoleumlu otağını belə unudurdu. Yumru saç darağı onun mikrofonu idi, xəyalındakı dinləyicilərə mahnıların adlarını elan edirdi.
Anası və qardaşı onun donqultusunu taxta arakəsmələrdən eşidir və qışqırırdılar ki, səsini kəssin – onlara yatmağa mane olurdu. Amma Les eşitmirdi, başqa, möcüzəli dünyada – öz aləmində idi.
Bir dəfə nahar fasiləsində Les otçalanı söndürdü və cəsarətini toplayıb yerli radiostansiyaya getdi. Müdiri tapıb ona bildirdi ki, DJ olmaq istəyir.
Müdir şübhəylə kombinezonda, həsir şlyapalı səliqəsiz görkəmli oğlana baxdı və zorla dilləndi:
– Radioda iş təcrübən var?
– Xeyr, ser, yoxdur.
– Onda, bağışla, bizdə sənin üçün yer olmaz.
Les ona nəzakətlə təşəkkür edib getdi. Müdir ümid etdi ki, bir daha bu oğlanı görməyəcək. Amma belə olmadı. O, Lesin arzusunun gücünü qiymətləndirə bilməmişdi. Onun arzusu ancaq DJ yeri ilə məhdudlaşmırdı. Bütün qəlbi ilə sevdiyi ögey anası üçün böyük ev almaq istəyirdi. DJ ancaq müqəddəs məqsədə giriş pilləsidir.
Mama Braun hələ uşaqlıqdan ona öyrətmişdi ki, düşündüyü hər bir şeyə nail olsun, ona görə də müdirin rədd cavabı onu ruhdan salmadı.
Radiostansiyaya hər gün gəlib soruşurdu ki, vakansiya varmı. Nəhayət müdir cana doyub onu simvolik maaşla kuryer işinə götürdü. Əvvəlcə Les studiyadan çıxa bilməyən DJ-lərə kofe və nahar daşıyırdı. Tədricən ona inanıb daha mühüm tapşırıqlar verdilər – məsələn, studiyaya “Temptations” yaxud Diana Ross-u öz “Supremes”-lə gətirməyi. Onlardan heç biri bilmirdi ki, Les Braun-un hətta sürücülük vəsiqəsi belə yoxdur.
Les istənilən işdən yapışır və onu həvəslə yerinə yetirirdi. Eyni zamanda DJ-lərin əllərinin pultda necə hərəkət etməsini, hansı düymələri basmasını müşahidə edirdi. Yeni tapşırıq alanacan boş qalan dəqiqələrini studiyada keçirirdi. Hər gecə yatağında gördüklərini təkrar edirdi və özünün ulduz saatını gözləyirdi.
Bir dəfə şənbə günü səhər Les Rok adlı DJ-in pultun arxasında butulka ilə oturduğunu gördü. Studiyada rəhbərlikdən heç kim yox idi. Les anladı ki, Rok həddən artıq içəcək, ona görə də onun kabinəsinin yanında durmuşdu.
Telefon zəng çaldı. Les dərhal dəstəyi götürdü.
– Les, cənab Klyayndır.
– Sabahınız xeyir, ser, sizi tanıdım.
– Qorxuram Rok proqramı bitirə bilməsin.
– Mən də qorxuram, ser.
– DJ-lərdən birini çağır, onu əvəz etsin.
– Oldu, ser.
Les dəstəyi asıb düşündü: nə olub, psix-zadam?
O, DJ-lərə deyil, anasına və qız dostuna zəng etdi:
– Radionun səsini çoxaldın. Tezliklə efirə çıxacağam.
On beş dəqiqə gözləyib müdirə zəng vurdu:
– Cənab Klyayn, heç kimi tapmadım.
– Bəs özün necə, avadanlığı idarə etməyi bacarırsan?
– Bəli, ser.
Les kabinəyə şığıdı, sərxoş Roku kənara çəkib pultun arxasında əyləşdi və mikrofonu yandırdı:
– Ehtiyatlı olun, bu mənəm, El Bi, Les Braun, sənin sevimli DJ-in! Mənəcən burada kimsə olmayıb, bundan sonra da olmayacaq. Mən bircə dənəyəm. Gənc və subay. Hamının baş-beynini aparacağam, hamıya xoş dəqiqələr bəxş edəcəyəm! Ehtiyatlı olun, sizin sevimli DJ-niz gəlir!
Les öz ulduz saatına xeyli hazırlaşıb onu tam hazırlıqlı qarşıladı. O, dərhal dinləyicilərin və müdiriyyətin ürəyini fəth etdi. Həmin taleyüklü şənbə günü onun radio, televiziya, jurnalistika və siyasətdə parlaq karyerası başlandı.
Cek Kenfild
RİSK ETMƏK – RİSK ETMƏMƏKDİR
Yaz günəşindən buğlanan torpaqda iki buğda yanaşı uzanıb.
Biri o birisinə deyir:
– Böyümək istəyirəm! Kökümü torpağa yeritmək, yeri çatlatmaq istəyirəm! Cavan budaqlar açmaq, yazın gəlişini xəbərləmək istəyirəm. Bütün bədənimdə günəşin istiliyini, yarpaqlarda isə – səhər şehinin ətrini duymaq istəyirəm.
Bunu deyib boy atdı.
İkinci buğda cavab verir:
– Mən isə qorxuram. Dərin kök atmaqdan qorxuram, axı orada qaranlıq və qorxuludur. Yer qatını qırmaqdan qorxuram – cavan budaqlarıma axı ziyan vuraram. Yarpaqlamaqdan qorxuram – axı ilbizlər onları yeyəcək. Gül açanda isə istənilən uşaq məni torpaqdan qopara bilər. Yox, yaxşısı budur, mən daha yaxşı zamanları gözləyim.
Bunu deyib gözləməyə hazırlaşdı.
Yaxından toyuq keçirdi, pəncəsi ilə torpağı qurdaladı, qətiyyətsiz buğdanı görən kimi dənlədi.
Əxlaqi nəticə: kim ki risk etməkdən və böyüməkdən qorxursa, onu mütləq dənləyəcəklər.
Patti Hansen
İT ÜÇÜN XİDMƏT
Ölkənin Orta Qərbində məzuniyyətini keçirmək istəyən bir şəxs kiçik bir mehmanxanaya məktub yazır:
“İtimi də özümlə gətirmək istəyirəm. Çox səliqəli və tərbiyəli ev itidir. Onu da mənim otağımda yerləşdirməkdən imtina etmirsiniz?”
Mehmanxana sahibi ona belə bir cavab yazır:
“Neçə ildir mehmanxana işlədirəm. Bir dəfə olmayıb ki, it məndən dəsmal, yataq dəsti, yemək dəsti, yaxud divardan şəkil oğurlasın.
Heç vaxt gecə yarısı mehmanxanadan sərxoş it qovmalı olmamışam. Elə bir hal da olmayıb ki, it hesabı verməmiş mehmanxanadan əkilsin.
Sizin itinizi qarşılamaqdan çox şad olaram, əgər sahibinə zamin durursa, Sizi də özü ilə gətirə bilər”.
Karl Albrext və Ron Zenke
ABRAHAM LİNKOLN TƏSLİM OLMADI
Hər birimizin daxilində bir borc hissi var. Məqsədimizə doğru inadkarlıqla getmək – müqəddəs borcumuzdur. Bu borc mənim vəzifəmə çevrildi.
Abraham Linkoln
Abraham Linkolnun həyatı inadkarlıq və iradənin gücünə böyük nümunə ola bilər. Bu insan heç vaxt çətinliklərə boyun əyməyib.
Linkoln yoxsul ailədə anadan olub, uğursuzluqlar onu bütün həyatı boyu izləyib. Səkkiz seçkini uduzub, iki dəfə biznesdə fiaskoya uğrayıb, bir neçə dəfə əsəb sarsıntısı keçirib.
Uğursuzluq Abrahamı da sındıra bilərdi, amma o, təslim olmadı və nəticədə Birləşmiş Ştatların tarixində ən əfsanəvi prezidentə çevrildi.
Aşağıda Linkoln Ağ Evə gəlməmişdən keçdiyi həyat yolu mərhələlərlə təsvir olunub.
1816. Ailəsi evsiz qalır. Linkoln ailəsinə kömək üçün işləməyə başlayır.
1818. Anası dünyasını dəyişir.
1831. Biznesi məhv olur.
1832. Qanunverici orqana namizədliyini verir, amma keçmir.
1832. İşini itirir, hüquq fakültəsinə girmək istəyir, kəsilir.
1833. Yeni iş qurmaq üçün dostundan borc götürür, amma ilin sonunda müflisləşir və on yeddi il borc qaytarır.
1834. Qanunverici orqana yenidən namizədliyini verir, bu dəfə uğur qazanır.
1835. Nişanlanır, amma nişanlısı ölür. Uzun müddət kədərdən özünə gələ bilmir.
1836. Xəstələnir, yarım il yataqdan qalxa bilmir.
1838. Qanunverici orqanın spikeri seçilir, amma lazım olan səs sayını toplaya bilmir.
1840. Prezident seçkilərində seçki nümayəndəsi kollegiyasına seçilmək üçün namizədliyini verir, amma cəhdi uğursuz alınır.
1843. Konqresə seçilir, amma sonradan keçmir.
1846. Yenidən namizədliyini verir, qalib gəlir, Vaşinqtona köçür və yaxşı iş alır.
1848. Konqresə yenidən seçilir, amma sonrakı mərhələdən keçmir (ABŞ-da seçki prosesi bir neçə mərhələdən ibarətdir – tərc.)
1849. Doğma ştatında torpaq sövdələşmələrini qeydiyyata alan idarədə işləmək istəyir; amma rədd cavabı alır.
1854. ABŞ senatına seçilir, amma sonrakı mərhələdən keçmir.
1856. Respublikaçılar partiyasından vitse-prezident postuna namizədliyini verir, yüz səsdən az toplayır.
1858. Yenidən Senata seçilir, sonrakı mərhələni yenə keçmir.
1860. Amerika Birləşmiş Ştatlarının prezidenti seçilir.
Yol çətin və sürüşkən idi. Birdən bir ayağı yana sürüşür, sanki o birisinə badalaq vurmaq istəyir. Amma hər dəfə ayaq üstə qala bilir və özü özünə deyir: “Büdrədim, amma yıxılmadım” (Abraham Linkoln. Senat seçkilərində uduzandan sonra).
Mənbə bəlli deyil
İKİ RAHİB
İki zəvvar rahib çayda üzən bərə tapırlar. Sahildə qəşəng geyinmiş bir qız dayanıb nə edəcəyini bilmirdi. Çay dərin olduğundan o, gözəl paltarını korlamaq istəmirdi. Rahiblərdən biri çox düşünmədən qızı çiyninə alıb çayı keçirir və onu əks sahildə yerə qoyur.
Rahiblər yollarına davam edirlər. İki saat keçir, ikinci rahib birincini danlamağa başlayır:
– Qadına toxunmağa necə cürət etdin? Onlara yaxınlaşmaq belə andın pozulması deməkdir. Belə böyük bir günahı necə etdin?
Qızı çaydan keçirmiş rahib bir az susub cavab verdi:
– Mən həmin qızı iki saat bundan qabaq çayın sahilinə qoymuşam. Sən niyə onu hələ də daşıyırsan?
İrmqard Şlyoql(“Dzen müəllimlərinin müdrikliyi”)
FOKUSÇU KOR QIZA GÖRMƏYİ NECƏ ÖYRƏTDİ
Mənim dostum Uit – peşəkar fokusçudur. Haçansa Los-Anceles restoranlarından birində öz məharətini birbaşa zalda nümayiş etdirirdi. Bir dəfə axşamüstü Uit restoranda şam eləyən bir ailənin əyləşdiyi masaya yaxınlaşıb özünü təqdim etdi, bir dəst kart çıxarıb öz təqdimatına başladı. Masa arxasında əyləşən qıza ona kart seçməsini təklif etdi. Qızın atası başa saldı ki, onun qızı Uendi görmür.
– Eybi yoxdur, – Uit cavab verdi. – Əgər qızınız etiraz etmirsə, mən bir fokusu onunla sınaqdan keçirmək istərdim.
– Uendi, sən mənim nömrəmdə iştirakçı olmaq istəyirsən? – deyə Uit qıza müraciət elədi.
– Etiraz etmirəm, – deyə Uendi çiyinlərini çəkib, bir qədər çaşqın halda cavab verdi.
Uit qızla üzbəüz oturub dedi:
– Uendi, mənə qulaq asın. Deməli, mən kart dəstinin içindən qırmızı, ya da qara bir kart çıxaracam. Mən istəyirəm ki, sən öz ekstrasensor qabiliyyətindən istifadə etməklə mənim əlimdə hansı rəngdə kart tutduğumu müəyyən edəsən; deyəsən ki, bu qırmızı kartdır, yoxsa qara kart. Sən məni başa düşdünmü?
Uendi başını tərpətdi.
Uit xaç kral kartını çıxarıb soruşdu:
– Uendi, de görüm bu hansı kartdır – qırmızı, yoxsa qara?
– Qara, – deyə qız bir saniyəlik tərəddüddən sonra cavab verdi. Masa arxasında oturmuş qızın valideynləri gülümsündülər.
– Bəs bu kart necə – qırmızıdır, yoxsa qara? – deyə Uit qırmızı toxmaq yeddiliyi çıxarıb soruşdu.
– Qırmızı, – deyə qız bu dəfə də cavabı doğru tapdı.
Uit üçüncü kartı – kərpic xallı üçlüyü çıxartdı.
– De görüm, bu kart qırmızıdır, yoxsa qara?
– Qırmızı! – Uendi tərəddüdsüz-filansız qəti şəkildə bildirdi.
Qızın qohumları zorla güldülər. Bundan sonra kor qız daha üç dəfə kartların rəngini düzgün tapdı. İnanılmaz idi: altı kartdan altısının da rəngini Uendi düzgün tapmışdı. Yeddinci cəhddə Uit qara toxmaq beşliyi çıxarıb dedi:
– Uendi, indi isə mən istəyirəm ki, sən bu kartın neçəliyini və onun nişanını mənə deyəsən. Mənim əlimdəki bu kart hansı kartdır: qırmızı toxmaq, kərpic xallı, xaç, yoxsa qara toxmaq?
– Qırmızı toxmaq beşlik, – deyə Uendi bir saniyəlik fasilədən sonra əminliklə cavab verdi.
Oyunu seyr edən restorandakı adamlar heyrətlə ah çəkdilər. Doğrudan da inanılmaz idi! Qızın atası soruşdu ki, bu fokusdur, yoxsa xalis magiya?
– Öz sualınızı Uendiyə verin, – deyə Uit gülümsündü.
– Qızım, sən bunu necə edə bildin? – atası təəccübləndi.
– Bu sehrdir! – deyə qız gülümsündü.
Uit qızın doğmalarının əlini sıxıb, Uendini qucaqladı və ona öz vizit kartını verib xudahafizləşdi. Beləliklə, o bu adamlara bir neçə unudulmaz dəqiqə bəxş etdi. Bununla belə, bizim sual hələ ki, açıq qalır: axı, Uendi kartları necə seçə bildi? Çünki Uit həmin vaxtacan Uendini heç zaman görməmişdi, onun qızla qabaqcadan görüşüb kartları hansı ardıcıllıqla çıxaracağını deməsi mümkünsüz idi. Uendinin isə, kor olduğu üçün kartların rəngini özünün seçməsi ağlabatan deyildi. Bəs sirr nədədir?
Qızın gizli kodu və çevik ağlı – Uitin möcüzə göstərməsinə imkan verən budur.
Bir müddət bundan əvvəl Uit sözsüz informasiya mübadiləsi üçün kod işləyib hazırlamışdı. Lakin restorandakı həmin axşama qədər öz kodunu praktikada keçirmək ona heç cür qismət olmurdu. Uit restoranda qızla üzbəüz oturub deyəndə ki: «beləliklə, Uendi, mən dəstin içindən qırmızı, yaxud qara bir kart çıxaracam» – bax, bu vaxt o, «qırmızı» sözünü işlədərkən masanın altında ayağı ilə qızın dabanına bir dəfə, «qara» sözünü işlədərkən isə iki dəfə yüngülcə toxunmuşdu.
Qızın hər şeyi düzgün anladığına əmin olmaq üçün o öz gizli kodunu bir daha bu sözlərlə izah eləmişdi: «Mən istəyirəm ki, sən öz ekstrasensor qabiliyyətindən istifadə etməklə mənim əlimdə hansı rəngdə kart tutduğumu müəyyən edəsən; deyəsən ki, bu qırmızı (bir toxunuş) kartdır, yoxsa qara (iki toxunuş) kart. Sən məni başa düşdün?» Qız başını tərpədəndə, onun kodu anladığı və Uitin oyununu oynamağa hazır olması artıq fokusçuya aydın idi. Qızın valideynləri isə fikirləşmişdilər ki, fokusçu qızdan onun şifahi təlimatlarını başa düşüb-düşmədiyini soruşur.
Bəs o, əlində qırmızı toxmaq beşlik tutmasını Uendiyə necə bildirmişdi?
Bundan asan iş yoxdur. Beşlik kartı çıxartdığını bildirərkən Uit masanın altında qızın ayağına beş dəfə toxunmuşdu. Sonra isə, soruşanda ki, onun əlindəki kartın nişanı necədir – qırmızı toxmaq, kərpic xallı, xaç, yoxsa qara toxmaq, – Uit qızın ayağına məhz «qırmızı toxmaq» sözünü işlədərkən toxunmuşdu.
Amma bu əhvalatın həqiqi sehri onun Uendinin həyatında necə əks olunmasında, ona göstərdiyi təsirdədir. Qızın restoranda öz valideynlərinin gözü qarşısında parlamaq imkanı əldə etməsi azmış kimi, o hələ evdə də ulduza çevrildi – qohumları Uendinin qeyri-adi «ekstrasensor» qabiliyyətləri barədə özlərinin bütün tanışlarına danışdılar.
Bu hadisədən bir neçə ay sonra Uit Uendidən bir banderol aldı. Banderolda Brayl2 oyun kartı dəsti və məktub vardı. Məktubda Uendi özünü həmin axşamın qəhrəmanı kimi hiss etməsinə kömək göstərdiyi və bir neçə dəqiqəliyə də olsa, ona «gördüyünü» hiss etdirdiyi üçün ona minnətdarlığını bildirmişdi. Uendi yazmışdı ki, evdə nə qədər divara qısnasalar da, fokusun sirrini hələ də doğmalarına açmayıb.
Məktubun sonunda o, Uitə Brayl kart dəstini hədiyyə etdiyini bildirməklə yanaşı, həm də Uitin korlar üçün yeni fokuslar düşünəcəyinə ümidvar olduğunu yazmışdı.
Maykl Cefris