Faqat Litresda o'qing

Kitobni fayl sifatida yuklab bo'lmaydi, lekin bizning ilovamizda yoki veb-saytda onlayn o'qilishi mumkin.

Kitobni o'qish: «Hekayələr»

Shrift:

BUZ

Mən on yaşında, ya bəlkə, bir qədər də artıq olardım. Xalam azarlamışdı. Hacı Mirzə Səttar həkimi gətirmişdilər ki, baxsın və müalicə eləsin. Demək, xalamın xəstəliyi o qədər də ağır deyildi və bunu mən ondan ötrü deyirəm ki, o vədələr, yəni qırx il bundan qabaq bizim şəhərdə iki nəfər müsəlman həkimi var idi: biri Hacı Mirzə Səttar idi və digəri Məşədi Nurməmməd idi.

Müsəlman həkimi dedikdə o deyil ki, bunlar müsəlman idilər. Bu iki nəfərə onunçun müsəlman həkimi deyirdilər ki, bunlar həkimlik təhsillərini müsəlman məmləkətlərində almışdılar. Hacı Mirzə Səttar Təbrizdə oxumuşdu, Məşədi Nurməmməd də elə bizim öz şəhərimizdə nüsxəbənd1 kitablarının mütaliəsi ilə və təcrübə ilə həkimliyi öyrənmişdi. Bunların da müalicəsi bir müxtəsərcə nəbzə baxandan sonra ciblərindən xəstəyə kinə, həb və işlətmə verməkdən ibarət idi.

Bu müsəlman həkimlərindən savayı, şəhərimizdə rus həkimləri də var idi. Rus həkimi bunlara o səbəbə deyirdilər ki, bunlar Rusiyada və bəlkə, Avropada təhsil tapmışlardı. Və çün bizim camaatın arasında bu etiqad var idi ki, rus həkimləri müsəlman həkimlərindən artıq təhsil görmüş və təcrübə hasil etmişdilər, onunçun da ağır xəstəlik ittifaq düşəndə həmişə rus həkimlərini haziq2 hesab edib onları dəvət edərdilər; savayı kasıb-kusubdan. Bunlar iki abbası fayton pulunun, bir manat rus həkiminin həqqi-zəhmətindən və yarım manat aptek xərcindən qaçmaq babətindən Hacı Mirzə Səttara, ya Məşədi Nurməmmədə qane olub beş-altı şahı ilə həkimi də, dava-dərmanı da ötüşdürərdilər.

Demək, müsəlman həkimi çağırmaq istəyəndə buradan bilmək olardı, azarlının azarı yüngüldür. Amma rus həkimi gətirənlərin də mənası bu idi ki, xəstənin halı qorxuludur.

Hacı Mirzə Səttar xalama baxıb gedəndən bir saat sonra gördüm ki, xalamın əri Məşədi Zülfüqar bir köhnə faytonda bir rus papaqlı kişi ilə gəlib yendilər. Bu rus papaqlı kişi rus həkimi imiş. Buradan mən anladım ki, xalamın işi xarabdır.

Mən də uzaqda durub həkimin xalama baxmağına tamaşa edirdim.

Xülasə, baxdı qurtardı və bilmirəm, nə dedi, nə demədi və həkim faytona minib gedəndə xalamın əri tələsik mənə bir qəpik verdi və dedi:

– Bala, tez ol, durma, tez, tez bir qəpiklik buz al gətir, ver evə… həkim deyirdi.

Və xalamın əri bu sözləri bir də təkid edəndən sonra anama xəlvətcə nəsə dedi. Evdən bir dənə boş dava şüşəsini əlinə alıb mindi faytona, həkimin yanına və sürüb getdilər. Və fayton istəyirdi uzaqlaşa, atam evimizə tərəf ucadan dedi:

– Ay uşaq, buzu yaddan çıxartmayın.

Bunlar gedəndən sonra anam da həkim gələndə örtdüyü çarşabı yerə tullayıb çökdü xalamın yanına və bu da mənə təkid elədi ki, durmayım, tez qaçım bazara buzun dalıyca; çünki məlum oldu ki, həkim tapşırıb ki, xalamın ürəyinin üstünə buz qoysunlar və ürəyi sakit olmayınca buzu götürməsinlər.

Mən üz qoydum bazara tərəf. Xəyalımda qoymuşdum, gedəm düz baqqal çarşısına3 və buzu alam gətirəm. Və şəhərdə oradan savayı bilmirdim harada buz satırlar.

Evimizdən ayrılanda çox da tələsmirdim, amma xalamın yalvarmağı yadıma düşəndə bir qədər ayaq götürdüm , çünki yazıq xalam dərin gözlərini güclə mənə tərəf çöndərib belə yalvarırdı:

– Qurban olsun sənə xalan, ürəyim pörşələndi, buzu tez gətir.

Hacı Bayramın küçə qapısının qabağından keçəndə itləri həyətdən başladı hürməyə. Mən əlimə ehtiyat üçün iki daş aldım, qapını örtdüm, keçdim. İt küçəyə çıxmadı və həyətdən itin yorğun “hov, hov” səsi gəlirdi. Bu it hərçənd çox qoca bir it idi və yol ilə ötüb keçənlərlə də bir acığı yox idi və olmazdı. Hacı Bayramın oğlu, mənim küçə yoldaşım Şirəli mən həmişə onların qapısından ötəndə haman qoca köpəyi çağırardı küçəyə və itini küşkürərdi üstümə və özü də, iti də məni bir qədər qovalardılar, amma tuta bilməzdilər, çünki it o qədər qoca idi ki, bir az mənə tərəf hücumdan sonra tez yorulardı, durardı və ancaq gücsüz və əlacsız durduğu yerdə “hov, hov” edərdi. Və mənə xoş gələn o idi ki, itin bu xasiyyətinə Şirəlinin elə bərk acığı tutardı ki, məni boşlayıb, başlardı yazıq qoca iti daşlayıb incitməyə.

Bu da mənə, nəhayət, xoş gələrdi. Belə olanda Şirəli itin acığını istərdi dönüb məndən alsın və çox vaxt olardı ki, biz bir-birimizlə söyüşərdik və çox vaxt da elə savaşardıq ki, yol adamları bizi gəlib aralardılar.

Çünki dəxi Şirəli qapıda görsənməzdi, mən də itin hürməyinə qulaq vermədim və xalamı da mülahizə elədim, yəni bir növ yazığım gəldi və keçib-getdim.

Baqqal çarşısına yetişdim və bir qəpiyi uzatdım verdim buz satana. Bu da bir çuxur yerə əlini uzatdı, yarpaqların və samanın altından bir yekə buz parçası çıxartdı, mənim bir qəpiyimə baxdı və bu buza baxdı, buzu iki böldü və yekəsini bir kələm yarpağına bükdü, verdi mənə.

Buzun ağırlığı olardı təxminən beş girvənkə. Buzu aldım əlimə və sərin baqqal rastasından4 çıxdım günün qabağına. Hava şiddətli isti idi. Yayın orta ayı idi və başımın üstündəki nisfünnəharın5 günü əgər bir imam möcüzü ilə göydən yerə düşə bilsəydi, düz mənim kəlləmə düşərdi. Mən istidən qan-tərin içində idim və bir yandan alnımın təri damcı-damcı axırdı və bir yandan da buz şiddətnən əriyib süzələnirdi. Yerdən bir təmiz daş götürmüşdüm, hərdənbir buzun böyrünə vurub əzirdim və basırdım ağzıma və alnıma.

Gəldim çatdım Hacı Bayramın qapısına. İtin səsi gəlmirdi. Şirəli genə görsənmirdi. Hacı Bayramın darvazasının qabağına yetişəndə özüm də deyə bilmərəm ki, niyə dayandım. İtin genə səsi gəlmir. Heç kəs nə qapıda, nə küçənin bir yanında görükmür, yəqin ki, istinin zərbindən hərə bir kölgə yerə pənah gətirib.

Adətkərdə olmaq yaman imiş və mənim də adətim buna idi ki, bircə gün olmayıb ki, bu darvazanın qabağından ötüb-keçəndə ya it mənim qabağıma çıxmasın, ya Şirəli çıxmasın. Və məlum ki, bunların da biri çıxanda mənim üçün burada məşğuliyyət olmasın; ya iti daşlamayım, ya Şirəliylə söyüşməyim və hərdənbir də onunla dalaşmayım.

Bəs neyləyim? Bir çarəm buna qaldı ki, yerdən iki dənə qıvraq daş götürdüm, öz evimizə tərəf bir qədər də uzaqlaşdım ki, bir həngamə törəsə, mənə əli çatan olmasın. Və geri çönüb daşın birini tulladım Hacı Bayramın darvazasına və qaçdım, daha da uzaqlaşdım.

Daldan köpəyin səsini eşidirdim. Qoca it xahi-nəxahi6 çıxmışdı qapıya və xahi-nəxahi öz vəzifəsini ifa edirdi.

Əlimdəki o biri daşı da tulladım. Daş itin başının üstündən ötüb-keçdi, şaqqıltı ilə dəydi Hacı Bayramın darvazasına. Burada köpək, deyəsən, acığa düşdü, çünki mənə tərəf başladı hürməyə. Mən qorxumdan qaçdım, bir qədər uzaqlaşdım və çönüb geri baxanda gördüm ki, itin dalıyca Şirəli də mənə tərəf hücum edir.

Siz elə bilməyin ki, mən onlardan ehtiyat eləyirdim, bir zərrəcə eləmirdim. Çünki bilirdim ki, köpəyin nə dişi var məni tutsun, nə taqəti var mənə güc gəlsin. O ki Şirəli idi, onun öhdəsindən hər halda gələ bilərdim.

Buzu qoydum yerə, gördüm ki, od kimi isti torpağa buz cızıltı ilə yapışıb az qaldı havaya uçsun. Suyu axa-axa buzu tez torpağın içindən götürdüm tulladım divarın kölgəsinə və qaçdım yerdəki daşlara tərəf və qabağıma gələn daşları yerdən qapıb başladım Şirəliyə tərəf tullamağa. Bu da mənə baxıb, durdu məni daşa basmağa. Köpək də ancaq mən atdığım daşlara özünü çırpırdı və bundan başqa sahibinin oğluna bir qeyri kömək göstərə bilmirdi. Biz həmi bir-birimizi daşlayırdıq, həmi bir-birimizi söyürdük. Söyüşlərimiz bu qəbildən idi: “Ay sənin ananı… filan və filan…”, “Ay sənin bacının… filan və filan”. “Köpək oğlu və it oğlu” söyüşləri burada o qədər vec vermirdi, səbəb bu ki, toqquşmamız adi bir toqquşmalardan deyildi ki, söyüşlər də adi olsunlar. Hətta mən ona burada hirsimdən elə bir söyüş göndərdim ki, Şirəli qeyzindən ağladı və haman söyüşü ağlaya-ağlaya mənə geri qaytaranda öz atası Hacı Bayram həyətdən eşitdimi, eşitmədimi, ancaq gördüm ki, kişi düz gəldi yapışdı oğlunun qulağından və çəkə-çəkə apardı həyətinə və dübarə həyətdən çıxdı, mənə tərəf səsləndi:

– Ədə, vələdüzzina, düz yolunnan çıxıb gedə bilmirsən? Mən dinmədim və oturdum divarın dibində. Ürəyim elə yanırdı ki, az qalırdım yerdəki buzu götürəm soxam boğazıma. Buz da öz işində, əriməkdə idi. Genə özümü saxlaşdıra bilmədim və əlimdəki daşnan buzun bir tərəfini əzdim basdım ağzıma və bir alma yekəlikdə qalan buzu istədim qoyam yerə. Ancaq burada xalam yadıma düşdü və istədim duram qaçam evə və qalan buzu yetirəm azarlıya. Və burada baxdım ki, Şirəli durub darvazasının ağzında və mənə tərəf baxır. Mən də dinmədim və düşdüm yola, evimizə tərəf. Burada Şirəlidən elə bir söz eşitdim ki, dəxi məcbur oldum dayanam və ona cavab verəm.

Şirəli uzaqdan məni haraylayırdı:

– Hə, beləcə it kimi qorxub qaçarsan ha!

Allahü-əkbər… Axı bu söz yaxşı söz olmadı. Burada Şirəli mənə hər nə desə idi, genə qulaqardına vurub özümü yetirərdim evə, çünki xalamın ərindən də qorxurdum və bir az da anamdan qorxurdum. Amma axı Allah da görür ki, Şirəli nahaq söz danışdı, çünki mən onun nəyindən qorxurdum ki?!. İndi gedirəm evə.

Mən çöndüm dayandım və Şirəliyə belə cavab qaytardım:

– Ədə, köpək oğlu köpək, mən sənin nəyindən qorxurdum?

– Köpək oğlusan da, it oğlusan da!

Biz başladıq bir-birimizə yavuq7 gəlməyə. Ehtiyat üçün buz tikəsini genə qoydum divarın dibinə və o mənə, mən ona yavuq gəldik və bir-birimizə söyə-söyə yetişdik, çatışdıq və düşdük yumruq döyüşünə və sonra da əlbəyaxa olduq.

Bir az bir-birimizi cırmaqlayandan və kötəkləyəndən sonra bir də gördüm ki, qoca bir kişinin qucağındayam. Bir nəfər də çarşablı arvad və bir-iki də oğul-uşaq Şirəlini çəkə-çəkə apardılar evlərinə tərəf. Mən istədim, qoca kişinin əlindən dartınıb çıxam, hərifin üstünə hücum edəm, burada mən birdən ayıldım, sakit oldum, kürəyimdə naqafil bir bərk yumruğu hiss edən kimi başımı qalxızdım.

Məni vuran xalamın əri idi. Bundan onun hirsi hələ soyumadı: yumruğunu qalxızmışdı genə yendirsin, qoyub qaçdım evə tərəf.

Xalamın ərini dalımcan gələn görmədim, yəqin ki, o da bazara tərəf getdi. Sonra bildim ki, gəlib evdə məni bazardan gəlmiş görməyib, qayıdıb bazara ki, buzu özü alıb gətirsin.

Utandığımdan azarlının yanına getmədim, ancaq anam uzaqdan məni görəndə bircə bunu dedi:

– A balam, sənin görüm ciyərin yansın, necə ki, yazıq azarlı arvadın ciyərini yandırdın.

Xalam məni çox istərdi, onunçun da sonra mən bildim, anam mənə bu qarğışı eləyəndə xalam anama belə deyib:

– Ay qız, Sara, sən Həzrət Abbas, uşağa elə qarğış eləmə!

Bir neçə gündən sonra xalam vəfat etdi. Mən o günü nə ağladım və nə də dərd elədim, necə ki, cəmi mənim kimi bacıuşağı xalasının ölümünə nə ağlar və nə də dərd edər.

Bununla belə bircə şey yadımdan çıxmadı və indiyə kimi məni gahdan bir narahat etməkdədir.

Nədi o? – Onun adı “buz”dur.

Xüsusən yay fəsilləri ki, bir tərəfdən bizim isti iqlimdə ki, yayın istisinin şiddətindən nəinki xəstələr, bəlkə, salamat adamın da vaxt olur ki, ciyəri yanır.

Və yay fəsli arabalarda daşınan ağ və təmiz duru buz kərpiclərini görəndə xalam yadıma düşür və öz-özümə deyirəm: o xoşbəxt ki, indi onun ürəyi yanır, bu buzu aparıb ona verəcəklər ki, ürəyi sərinlənsin. Və çox-çox daha da xoşbəxt adamlar var ki, bu buzlar onların ləziz yeməkləri və marojnalarına sərf olunur. Amma mənim xalam odlu qızdırmanın içində ürəyi yanmaqda olduğu halda, bircə tikəsinə həsrət qaldı və iki gün sonra ölüb getdi.

Kimin qüsuru ucundan? Mənimmi, ya yox? Kimdədir taxsır? Məndədirmi ki, itlər ilə dalaşmağa məşğul olub, xalamın buzunu odlu torpağın içində əritdim? Ya, bəlkə, günahkar təbiətdir ki, daş kimi bərk bir buzu istidən suya döndərir? Ya bəlkə, günah heç birimizdə deyil?! Ondan ötrü ki, mən tək tərbiyə görməyən on yaşında bir uşağın həmin rəftarı çox təbiidir, necə ki, buzun gün qabağında əriməyi təbiidir.

Məqsəd suallara cavab vermək və belə-belə fənni məsələləri açmaq deyil. Və heç bir məqsəd yoxdur.

Ancaq hər bir yay fəsli küçələrdə arabalarda buz sallarını görəndə bir tərəfdən o buzu şampanskilərə və ləzzətli marojnalara işlədən xoşbəxtlər gözümün qabağına gəlir və eyni zamanda, xalamın “ciyərinin yanmağı” yadıma düşür.

Nə qədər ki uşaq idim, yadıma düşməzdi, elə ki yekəlib ağlım kəsdi, buz əhvalatı mənə hər bir yeri düşəndə dərd olur. Bir tərəfdən də on dörd yaşında olduğum vaxt ölümcül azarlı xalamı bir qəpiklik buza həsrət qoymağım yadıma düşür.

POÇT QUTUSU

Noyabr ayının 12-ci günü idi. Hava çox soyuq idi. Amma hələ qar əlaməti görsənmirdi. Həkim axırıncı dəfə xanın naxoş övrətini yoluxub, cavab verdi ki, dəxi naxoşun əhvalı yaxşıdır, belə ki, bir həftəyədək səfərə çıxmaq mümkün olar. Xan çox tələsirdi İrəvana getməyə, çünki xanı orada çox vacib işlər gözləyirdi. Və bir də ki qorxurdu, qar yağa və hava dəxi də soyuya və naxoş üçün yola çıxmaq qeyri-mümkün ola. Xan götürdü qələmi, irəvanlı dostu Cəfər ağaya bu məzmunda bir müxtəsər kağız yazdı:

“Əzizim! Bir həftəyədək, ümidvaram, İrəvana gəlim övrət-uşaq ilə. Artıq-artıq təvəqqe edirəm, buyurasan bizim otaqlara fərş8 salıb, əlbəttə-əlbəttə peçləri yandırsınlar ki, otaqların havası pişəzvəqt9 təmizlənsin və isinsin, bəlkə, naxoş üçün orada narahatçılıq üz verməsin. Bu kağızın cavabını mənə teleqraf vasitəsilə yetirəsən. Sən mənə dediyin işlərin hamısını yerbəyer eləmişəm. Xudahafiz!

Sənin xeyirxahın Vəli xan. 12 noyabr”.

Xan kağızı büküb qoydu paketə, üstünü yazıb və markasını yapışdırıb, istədi nökəri çağırsın ki, aparıb salsın poçta, amma tez xanın yadına düşdü ki, nökəri göndərib özgə işə. Bu heyndə qapı döyüldü. Xan çıxdı və gördü ki, qapını döyən xanın öz kəndlisi İtqapan kəndinin əhli Noruzəlidir. Bu şəxs çox vaxt xanın yanına gəlib-gedər və hər gələndə olmaz ki, undan, əriştədən, baldan, yağdan gətirməsin. Bu səfər də Noruzəli əliboş gəlməmişdi; çünki xanı görcək əl ağacını dayadı qapının bucağına və başladı qapının o biri tayını açmağa. Qapını açıb bir yüklü ulağı sürdü həyətə “çoçi-çoçi” deyə-deyə və yükün arasından üç-dörd toyuq-cücəni çığırda-çığırda yerə qoyub, yükü açıb dolu çuvalları saldı yerə və xanın üzünə baxıb, ikiqat əyilib salam verdi. Xan salamı alıb dedi:

– A kişi, Noruzəli! Bu nə zəhmətdi, çəkmisən?

Noruzəli çuvalların kəndirini aça-aça cavab verdi:

– Bu, nə sözdü, ay xan? Mən ölənə kimi sənə qulam…

Bu sözü deyə-deyə Noruzəli başladı üstünün tozunu silməyə… çünki günortadan bir saat keçirdi və ola bilərdi ki, poçtun vaxtı keçsin, xanın ağlına belə gəldi ki, yazdığı məktubu versin, Noruzəli aparıb salsın poçta.

Xan üzünü tutdu qonağa:

– Noruzəli, poçtxananı tanıyırsan?

Noruzəli cavab verdi:

– Ay xan, mən kətdi adamam, mən nə bilirəm poçtxana nədi?

– Çox əcəb, nəçərnik divanxanasını ki tanıyırsan?

– Bəli, xan, başına dönüm, tanıyıram, niyə tanımıram. Keçən həftə mən elə gəlmişdim nəçərniyin yanına şikayətə. Xan, and olsun sənin başına, bizi katta çox incidir. Əslinə baxsan, bizim bu kattamız özgə tayfadandı; odu ki bizi görməyə gözü yoxdu. Keçən həftə mənim iki buzovum itmişdi. Getdim…

– Hələ bu sözləri sonra deyərsən. Qulaq as, gör nə deyirəm: nəçərnik divanxanasının qabağında bir yekə dam-daş var, qapısının ağzında bir qutu vurulub divara, haman qutu poçt qutusudu. O qutunun bir xırda və uzun qapağı var. Bu saat apar bu kağızı, haman qutunun qapağını qovza10, kağızı sal qutunun içinə, qapağını yatırt və tez qayıt gəl!

Noruzəli hər iki əlini açdı xanın qabağına, qorxa-qorxa kağızı aldı, bir az baxdı xanın üzünə, sonra çəkildi divara səmt və yerə əyilib istədi, kağızı qoysun divarın dibinə. Xan ucadan dilləndi:

– Qoyma ora! Qoyma ora! Kağız çirklənər, tez apar sal qutuya, qoy gəl!

– Xan, başına dönüm, qoy bu ulağın başına torba keçirdim; heyvandı, ac qalmasın, yoldan gəlib.

– Yox, yox… Heç ziyanı yoxdu. Kağızın vaxtı keçir. Torbanı sonra keçirdərsən ulağın başına.

– Di elədə qoy ulağın qıçını bağlayım, yoxsa gedər həyətdə ağacları gəmirər.

– Yox, yox… heç eybi yoxdu, qaç tez, kağızı sal, gəl!

Noruzəli kağızı ehmal qoydu qoynuna və genə dedi:

– Xan, qadanı alım, bu xoruzlar qaldılar burda, heyvandılar, qoyaydın qıçlarını açıb, bir az dən səpəydim bulara. Elə dən də gətirmişəm.

Novruzəli əlini saldı cibindən dən çıxarsın… Xan ucadan səsləndi:

– Yox, yox!.. Qoy hələ qalsın. Qaç, çaparaq kağızı sal poçta!

Noruzəli əl ağacını götürüb başladı uşaq kimi qaçmağa. Sonra bir zad fikirləşib qayıtdı və üzünü tutdu xana:

– Xan, qadanı alım, dəsmalın içində yumurta var, gözdə-qulaqda olun, yoxsa ulağ ağnar, yumurtaları sındırar.

Xan daha ucadan səsləndi:

– Daha uzun danışma. Qaç, kağızı sal, vaxtı keçir.

Noruzəli istədi uzaqlaşsın, xan onun dalınca çığırdı:

– Noruzəli, bilməzsən, kağızı verərsən özgəsinə ha!.. Heç kəsə vermə, heç kəsə göstərmə! Tez sal qutuya, qayıt gəl!

Noruzəli dəxi də ucadan cavab verdi:

– Niyə, mən uşaq deyiləm ki, kağızı özgəsinə verəm! Məni o qədər də xam bilmə. Heç nəçərnik də bu kağızı mənim əlimdən ala bilməz.

Noruzəli bu sözləri deyəndən sonra gözdən itdi… Xan girdi otağa və üzünü arvadına tutub şirin dillə dedi:

– Di hazırlaş, mənim gözümün işığı. Kağız yazdım İrəvana ki, otaqları sazlasınlar. İndi daha gedə bilərik. Maşallah yaxşısan. Həkim özü deyir ki, havanı dəyişmək səndən ötrü lap vacibdi.

Bir qədər də xan arvadı ilə getmək barəsində söhbət edəndən sonra nökəri gəldi və xana dedi:

– Xan, bu ulağ kimindi, bu şeyləri kim gətirib?

Xan cavab verdi:

– Ədə, o şeyləri yerbəyer elə! Onları bizə itqapanlı Noruzəli sovqat gətirib.

Nökər cücələri və yumurtaları apardı aşpazxanaya və ulağı sürüb qatdı tövləyə, qapısını örtdü, sonra gəlib un çuvalının birisinin ağzını açıb, içindəki undan bir çimdik götürüb gətirdi tutdu xanın qabağına və dedi:

– Xan, yaxşı ağ undu.

Xan una baxandan sonra buyurdu nökərə, küçə qapısını bağlasın və çörəyi çəkib gətirsin.

Çörəyin yeyilməyi iki saat çəkdi. Ancaq çörəkdən sonra Noruzəlinin kağızı poçta aparmağı xanın yadına düşdü. Xan nökəri çağırıb soruşdu və nökər cavab verdi ki, hələ kəndli poçtdan qayıtmayıb. Xan Noruzəlinin bu qədər yubanmağına təəccüb elədi və fikrinə gəldi ki, bəlkə, Noruzəli kağızı poçta salıb, özünü verdi bazara, çörəkdən-zaddan alıb yesin və yainki bazarlığı-zadı var, eləsin. Bir saat da keçdi, Noruzəli gəlmədi.

Xan nökəri çağırıb dedi ki, getsin poçta səmt və görsün harada qaldı Noruzəli və nə bais oldu ki, bu qədər yubandı. Yarım saat keçməmiş nökər qayıdıb cavab verdi ki, kəndlini görə bilmədi. Xan çıxdı balkona və bir papiros yandırıb başladı var-gəl eləməyə. Dəxi ona aşkar oldu ki, Noruzəlinin başına bir iş gəldi ki, bu qədər yubandı. Xan bu fikirdə idi, polis yasovolu dayandı qapıya və xanı görcək dedi:

– Xan, pristav buyurur, gələsiniz polsaya11 və kəntdinizə zamın olasınız. Yoxsa zamını olmasan, pristav göndərəcək navaxta12.

Xan bu sözlərə o qədər təəccüb elədi ki, üzünü yasovulun üzünə tutub mat qaldı və heç bilmədi ki, nə desin. Sonra dilləndi:

– Balam, o kətdi bir fağır adamdı, o nə qayırıb ki, pristav onu tutub saxlayıb?

Yasovul cavab verdi:

– Daha mən heç zad bilmirəm. Ancaq özün polsaya buyursan, yaxşı olar, yoxsa yazıqdı o kişi.

Xan bu əhvalatı övrətinə bildirmədi ki, narahat olmasın. Geyinib getdi polisə və əvvəl akoşkadan dustaqların damına baxıb gördü ki, yazıq Noruzəli bir neçə dustaq ilə oturub damın bucağında və uşaq kimi ağlayır, gözünün yaşını çuxasının ətəyi ilə silir…

Xan Noruzəlinin əhvalatını pristavdan öyrənib və ona zamın olub kəndlisini saldı yanına və gətirdi evə. Noruzəli həyətə girən kimi başladı ağlamağa və saman torbasını ulağın başına keçirdib çömbəldi divarın dibində. Xan girdi evə və bir papiros yandırıb çıxdı balkona, Novruzəlini yanına çağırıb dedi:

– Di indi əhvalatı nağıl elə, Noruzəli! Sənin bu hekayətin çox şirin hekayətdi. Kitaba yazılmalıdı. Nağıl elə təfsilən, yəni hamısını birbəbir. Başla burada kağızı götürüb aparmağından, ta dama düşməyinə kimi…

Noruzəli durdu ayağa, xana yavuqlaşıb və çuxasının ətəyi ilə gözünün yaşını silib başladı:

– Başına dolanım xan, məni çövür balalarının başına, məni bağışla! Mənim heç bir günahım yoxdur. Bir kətdi adamam, mən nə bilirəm, kağız nədi, qutu nədi, poçt nədi? Başına dönüm, xan, məni çövür o gülüzlü balalarının başına. Heç ziyanı yoxdu, həyə13 ölmənəm, sağ qalaram, qulluq elərəm, əvəzi çıxar, bir qələtdi eləmişəm, ta neyləmək? İşdi, belə oldu. Bular hamısı Allahdandı. Gərək belə olaymış. Bağışla məni, xan. Mən ölənə kimi nökərəm sənə…

Bu sözləri deyib Noruzəli bir az da yavuqlaşdı xana və istədi onun ayaqlarından öpsün. Xan bir az dala çəkilib dedi:

– Noruzəli! Heç ürəyini sıxma. Mən sənə nə deyirəm ki? Sən mənə nə pislik eləmisən ki, mən səni bağışlayım?

– Qurban olum sənə, bundan artıq daha nə pislik olacaq? Kağızı əlimdən verdim o kafir oğlu kafirə, qoydu cibinə, çıxdı düzəldi yola, qoydu getdi.

– Kim kağızı qoydu cibinə, qoydu getdi?

– O kafir oğlu urus, dana!

– Hara qoydu getdi?

– Getdi girdi orada bir yekə dam-daş vardı ki, qapısına qutu vurulubdu, getdi girdi ora.

Xan bir qədər duruxdu:

– Bəs sən kağızı qutuya salmadın?

– Necə ki, salmadım! Elə kağızı qutuya salan kimi kafir gəlib qutunu bilmirəm nə təhər açdı, kağızı götürdü apardı.

– Qutuda sən saldığın kağızdan başqa, ta özgə ka-ğız yox idi?

– Necə ki, yoxdu? Çox kağızlar vardı. Elə onların hamısını yığışdırıb apardı.

Xan qah-qah çəkib güldü.

– Yox, Noruzəli, gərək hamısını nağıl eliyəsən başdan axıra kimi: necə kağızı apardın, necə saldın qutuya və nə üstə urusla savaşdın.

Noruzəli başladı.

– Xan, başına dönüm, mən kağızı buradan apardım, getdim çıxdım nəçərnik divanxanasının yanına. Sən mənə nişan verdiyin dam-daşı tapdım və qutunu tapdım, getdim qutunun qapağını qaldırdım. İstədim kağızı salam qutuya; bir kağıza baxdım, bir qutuya baxdım. Doğrusu, qorxdum ki, sənin mənə qeyzin tuta. Doğrusu, bilmədim salım, salmıyım, çünki yadımdan çıxdı, səndən soruşum ki, kağızı qutuya salandan sonra durum qutunun yanında, ya qoyum gəlim evə. Fikirləşdim ki, əgər kağızı salım, durum qutunun yanında, havədəyədək durum. Axı qurbanın olum, xan, özün gördün ki, ulağı ac qoydum getdim, cücələri qıçı bağlı qoydum. Bir tikə un gətirmişdim. Hələ indiyə kimi də qalıb burda. Xan, başına dolanım, qoy elə indi yaxşı vaxtdı, qoy nökər gəlsin bu çuvalları götürək qoyaq evə, yağış-zad yağar, un islanar.

– Yox, Noruzəli, sənin işin yoxdu… De, de, sonra necə oldu?

– Kağızı salmadım. Qutunun qapağını örtdüm, çəkildim durdum bir az kənarda. Əvvəl istədim qayıdıb gəlib səndən soruşum, sonra, doğrusu, qorxdum mənə qəzəbin tuta. Doğrusu, qorxdum öz könlündə deyəsən ki, Noruzəli çox heyvan adamdı, çox eşşək adamdı. Qərəz, çömbəldim divarın dibində ki, bir az yornuğumu alım. Aha, gördüm ki, bir erməni uşağı, olardı bax bu boyda, olardı on iki-on üç yaşında, gəldi, getdi düz qutunun yanına, qapağını qalxızdı və sən mənə verdiyin kağız kimi bir kağız saldı qutuya, qapağını örtdü, düz qoydu getdi işinə. Nə qədər o nainsafı çağırdım, soruşum ki, desin görək, bəs kağızı qutuda qoyub hara gedir, bilmirəm dilimi anlamadı, nədi ki, heç cavab vermədi, heç zalım oğlu üzümə də baxmadı. Elə erməni uşağı uzaqlaşmışdı, bir urus arvadı tez-tez gəlib qutuya yavuqlaşıb, bir kağız saldı, qoydu getdi. Ta indi mən bir az ürəkləndim, ta dedim vallah görükən budu ki, elə bu qutuya salınan kağızlar gərək qalsınlar qutunun içində. Mən o qədər ürəkləndim ki, bismillah deyib cürətnən getdim qutunun qapağını qaldırdım, kağızı saldım qutuya, çöndüm, gəlim qulluğuna. Qutudan elə buradan ora kimi uzaqlaşmışdım ki, haman urus gəldi yetişdi qutunun yanına. Mən əvvəl elə bildim ki, bu da istiyir qutuya kağız salsın. Amma gördüm, xeyr, lotunun fikri özgədi, qutunun yanından sağ əlini uzadıb qutunun içinə. Mən əlüstü duydum ki, hərif istəyir kağızları oğurlasın… Xan çox başağrısı verirəm, məni bağışla, oğlana buyur, gəlsin məni yola salsın, bivaxtdı, gedib kəndə yetişə bilmənəm.

– A kişi, hələ hara qoyuram səni gedəsən. Nağıl elə görüm, sonra necə oldu?

– Bəli, başına dolanım, xan, qurban olsun sənə mənim yetim-yesirim! Sənsiz mənim bir günüm olmasın!.. Bəli, gördüm ki, hərif utanmaz-utanmaz kağızları qutudan ehmallıca çıxartdı, dəstələyib vurdu qoltuğuna! Qutunun qapısını örtüb, istədi, düzəlsin yola. Mən tez qaçıb yapışdım urusun qolundan, qoymadım getsin. Dedim, ay aşna, hara aparırsan kağızları? Xalq səndən ötrü kağızları bura salmıyıbdı ki! Dinməz-söyləməz üzünün suyunnan xalqın kağızlarını qoy yerinə! Dedim, Noruzəli hələ ölmüyübdü ki, sən onun ağasının kağızını aparasan. Belə işlər yaxşı deyil, adam özgənin malına tamah salmaz. Məgər sizin şəriətdə oğurluq günah yazılmayıbdı? Xan, məni çövür balalarının başına, məni mürəxxəs elə, qoyun gedim: bivaxtdı, hava qaranlıqlayır.

– Hələ tələsmə, gedərsən… Sonra necə oldu?

– Qoy görüm harada qaldım… Ədə, qoyma, qoyma, ulağ tənəkləri sındıracaq.

Noruzəli istədi, qaçsın ulağın yanına, xan qoymadı.

– Noruzəli, getmə, hələ getmə. De görüm, sonra necə oldu?

– Ta necə olacaq? Nə qədər yalvardım, yapışdım ki, mənim xanım məni öldürər. Dedim, barı mənim xanımın kağızını ver. İllah dedi ki, vermənəm. Gördüm ki, hərif istəyir qoya qaça. Vallah hirs vurdu təpəmə, ikiəlli yapışdım kafirin çiynindən, bunu üzüüstə elə gətirdim yerə ki, heybətdən ağzı qanadı. Sonra nəçərnik divanxanasından soldatlar tökülüb məni döyə-döyə aparıb atdılar dama. Sənin qədəmlərinə belə mən qurban olum. Sən olmasaydın, məni indi çoxdan göndərmişdilər Sibirə, çünki damda məndən savayı bir neçə dustaq vardı, mənə dedilər ki, o urus qulluq adamıdı. Ta… mən neyləyim? Xan, başına dolanım, di gör günah kimdədi?

Xan çox güldü, çox qah-qah çəkib güldü.

Hava qaranlıqlaşmışdı. Noruzəli boş un çuvallarını ac ulağın üstünə salıb, ulağı qatdı qabağına və zoğal ağacı ilə döyə-döyə getdi kəndinə.

Üç gündən sonra xana İrəvandan teleqraf çıxdı ki, kağızın yetişib və otaqlar hazırdı. Xan yığışıb getdi İrəvana.

Ay yarımdan sonra Noruzəlini divana gətirib “qulluqçunu bihörmət eləmək barəsində” üç ay navaxt kəsdilər, amma Noruzəli günahını boynuna almadı. Hələ üç ay da keçdi, ancaq bu xəbər İrəvanda Vəli xana çatdı. Xan bir qədər fikir elədi.

1.Nüsxəbənd – xalq təbabətində: qədim tibb kitablarına baxıb dərman yazan şəxs, yaxud həmin dərmanlar və onların hazırlanmasından bəhs edən kitab.
2.Haziq – çox bilikli, çox mahir
3.Çarşı – dükanlar olan yer, qapalı bazar
4.Rasta – dükanların yerləşdiyi kiçik düz küçə, dükanlar sırası
5.Nisfünnəhar – günorta
6.Xahi-nəxahi, xahü naxah – könülsüz
7.Yavuq – yaxın
8.Fərş – döşənəcək (xalça, palaz, cecim və s.)
9.Pişəzvəqt – qabaqcadan, əvvəlcədən
10.Qovzamaq – qaldırmaq
11.“polis” sözünün təhrif olunmuş şəkildə tələffüzüdür
12.Navaxt – köhn. qazamat, həbsxana
13.Həyə – əgər
16 422,50 s`om
Yosh cheklamasi:
12+
Litresda chiqarilgan sana:
07 oktyabr 2022
ISBN:
9789952242201
Mualliflik huquqi egasi:
Altun Kitab

Muallifning boshqa kitoblari