Faqat Litresda o'qing

Kitobni fayl sifatida yuklab bo'lmaydi, lekin bizning ilovamizda yoki veb-saytda onlayn o'qilishi mumkin.

Kitobni o'qish: «Buratinonun macəraları»

Shrift:

Bu kitabı Lüdmila İliniçna Tolstayaya həsr edirəm.


Mən uşaq vaxtı, çox-çox bundan əvvəl, bir kitab oxumuşdum. O kitabın adı “Pinokkio, yaxud taxta kuklaların macəraları” idi (taxta kukla italyan dilində buratino deməkdir).

Mən öz yoldaşlarıma, qızlara və oğlanlara Buratinonun maraqlı əhvalatlarını tez-tez danışardım. Ancaq kitabı itirdiyim üçün əhvalatları hər dəfə başqa cür danışırdım və özümdən elə macəralar uydururdum ki, bunlar həmin kitabda yox idi.

İndi, uzun illər keçəndən sonra, mən öz köhnə dostum Buratinonu xatırladım və bu taxta adamcığazın başına gələn qeyri-adi əhvalatları siz qızlara və oğlanlara danışmaq fikrinə düşdüm.

Aleksey Tolstoy

Xarrat Cüzeppenin əlinə adam səsi ilə ciyildəyən bir odun parçası düşür

Uzaq keçmişdə, Aralıq dənizinin sahilində yerləşən bir şəhərdə Göyburun ləqəbli, Cüzeppe adlı qoca bir xarrat yaşayırdı.

Bir gün onun əlinə qışda ocaqda yandırmaq üçün adi bir odun parçası düşdü.

– Yaxşı şeydi, – Cüzeppe öz-özünə dedi, – bundan masa üçün ayaqdan-zaddan düzəltmək olar…

Cüzeppe yoğun iplə sarınmış eynəyini gözünə taxdı, – eynək çox köhnə idi. Odun parçasını əlində o yana fırlatdı, bu yana fırlatdı, sonra da balta ilə yonmağa başladı. Elə yonmağa təzəcə başlamışdı ki, birdən haradansa qəribə bir ciyiltili səs gəldi:

– Vay, vay, xahiş edirəm, bir az yavaş!

Cüzeppe eynəyini burnunun ucuna sarı itələyib emalatxananı gözdən keçirdi, heç kim yox idi…

Dəzgahın altına baxdı, heç kimi görmədi…

Yonqar yığılmış səbətə baxdı, heç kim yoxdu…

Başını qapıdan eşiyə çıxartdı, küçədə heç kim gözünə dəymədi…

“Yəni məni qara basır? – deyə Cüzeppe fikrindən keçirdi. – Axı, bu ciyildəyən kim ola?”

O, yenə baltanı əlinə aldı, elə odun parçasına vuran kimi…

– Vay, dedim ağrıdır axı! – deyə yenə də nazik səs ciyildədi.

Cüzeppe bu dəfə, həqiqətən, qorxdu və hətta qorxusundan eynəyinin şüşəsi də tərlədi … O, otağın bütün künc-bucağına baxdı, hətta başını ocağın içinə salıb, buxarını da gözdən keçirdi.

– Heç kim yoxdu…

“Bəlkə, münasib olmayan bir şey içmişəm, ona görə qulağım səsə düşüb?” – deyə Cüzeppe fikrindən keçirdi.

Yox, bu gün elə bir şey də içməmişdi… Cüzeppe azacıq özünə gəlib rəndəni əlinə götürdü, arxasını çəkiclə döyəclədi ki, ülgücünün çıxıntısı ölçü ilə düz gəlsin. Sonra odun parçasını xarrat dəzgahının üstünə qoyub, elə yonmaq istəyirdi ki…

– Vay, vay, vay, vay, qulaq asın, nə yoluşdurursunuz məni? – deyə nazik səs var gücüylə ciyildədi.

Cüzeppe qorxusundan rəndəni əlindən yerə saldı, daldalı getdi, getdi və düz döşəməyə oturdu: o, indi başa düşdü ki, ciyilti səsi elə bu odun parçasının içindən gəlir.

Cüzeppe danışan odun parçasını dostu Karloya bağışlayır

Elə bu vaxt Cüzeppenin köhnə dostu, şarmankaçalan Karlo onun yanına gəldi.

Bir vaxtlar Karlo enli günlüklü şlyapada, gözəl şarmankası ilə çaldığı musiqi və oxuduğu mahnı ilə şəhəri dolaşar, özünə çörəkpulu qazanardı.

İndi isə Karlo daha qocalmış və xəstə idi, şarmankası da çoxdan sınmışdı.

– Salam, Cüzeppe, – deyə o, emalatxanaya girib salamlaşdı. – Yerdə niyə oturubsan?

– Mən, bilirsən, xırdaca bir vintciyəz itirmişəm… Əşi, cəhənnəm olsun! – Cüzeppe odun parçasına çəp-çəp baxaraq cavab verdi. – Bəs sən necə dolanırsan, qoca?

– Çox pis, – deyə Karlo cavab verdi. – Elə hey fikirləşirəm, necə eləyim, bir az çörəkpulu qazanım… Bəlkə, sən mənə kömək eləyəsən, bir məsləhət verəsən…

– Əlbəttə, – deyə Cüzeppe sevincək cavab verdi və fikrindən keçirdi: “İndi bu lənətə gəlmiş odun parçasından canımı qurtararam”. – Burda çətin nə var ki. Dəzgahın üstündəki o gözəl odun parçasını görürsən, götür onu apar evinə, Karlo…

– Eh-he-he, – Karlo məyus halda dedi, – bəs sonra nə olsun? Tutaq ki, bu odun parçasını apardım evə, axı mənim bapbalaca otağımda ocaq da yoxdu.

– Gör sənə nə deyirəm, Karlo… Götür bıçağı əlinə, bu odun parçasından bir kukla yon, ona cürbəcür gülməli sözlər, oxumaq və rəqs eləməyi öyrət, həyətbəhəyət gəzdir. Sən bununla bir parça çörək, bir stəkan çaxır pulu qazana bilərsən.

Bu vaxt dəzgahın üstündəki odun parçasından sevincək bir səs gəldi:

– Gözəl fikirdi, Göyburun, bravo!

Cüzeppe yenə də qorxusundan əsməyə başladı, Karlo isə heyrətlə o tərəfə, bu tərəfə baxdı, öz-özünə fikirləşdi: – “Bu səs haradan gəlir?”

– Məsləhətinə görə çox sağ ol, Cüzeppe, ver o odun parçasını mənə.

Cüzeppe odun parçasını götürüb, tez ona ötürməyə tələsdi. Amma bilmədi, odun parçasını ehtiyatsız ötürdüyünə görəmi oldu, yoxsa odun parçası özü yuxarı atıldı və gedib düz Karlonun təpəsinə dəydi.

– Ey, bu imiş sənin mənə hədiyyən! – deyə Karlo incik halda qışqırdı.

– Bağışla, dostum, səni vuran mən deyildim.

– Deməli, mən özüm özümün təpəsinə ilişdirmişəm?

– Yox, dostum, ola bilsin, sənə ilişdirən elə odun parçasının özüdü.

– Yalan deyirsən, sən vurdun…

– Yox, mən vurmadım…

Karlo dedi:

– Göyburun, mən sənin əyyaş olduğunu bilirdim, sən demə, həm də yalançının biriymişsən.

– Aha, indi də söyüşə keçdin! – deyə Cüzeppe qışqırdı. – Yaxına gəl görüm!..

– Özün yaxına gəl, qoy tutum sənin o burnundan!

Hər iki qoca özündən çıxıb bir-birinin üstünə atıldılar. Karlo Cüzeppenin göyərmiş burnundan tutdu. Cüzeppe isə Karlonun qulaqlarının dibindəki çal saçından yapışdı.

Bundan sonra, onlar bir-birini bərk-bərk yumruqlamağa başladılar. Bu zaman dəzgahın üstündən qulaqbatırıcı ciyiltili səs eşidildi:

– Əzişdir, yaxşı-yaxşı əzişdir!

Nəhayət, qocalar yorulub əldən düşdülər. Cüzeppe dedi:

– Deyirəm, bəlkə, barışaq…

Karlo cavab verdi:

– Nə deyirəm, gəl barışaq…

Qocalar öpüşdülər. Karlo odun parçasını qoltuğuna vurub evinə getdi.

Karlo odundan kukla düzəldir və adını Buratino qoyur

Karlo pilləkən altındakı kiçicik bir otaqda yaşayırdı və bu otağın qapısı ilə üzbəüz divardakı yaraşıqlı ocaqdan başqa heç nəyi yox idi.

Lakin bu yaraşıqlı ocaq, ondan çıxan alov və bu alovun üstündə qaynayan qazan gerçək deyildi, bir parça kətanın üzərində çəkilmiş şəkil idi.

Karlo otağa daxil oldu, otaqdakı ayaqsız masanın arxasına qoyulmuş yeganə stulda oturub odun parçasını əlində o tərəfə, bu tərəfə çevirdi və bıçağı əlinə alıb ondan kukla düzəltməyə başladı.

“Bunun adını nə qoyum? – deyə Karlo fikrə getdi. – Adını Buratino qoyacağam. Bu ad mənə xoşbəxtlik gətirər. Mən bir ailə tanıyırdım, – onların hamısını Buratino deyə çağırırdılar: ata Buratino, ana Buratino, uşaqlar da Buratino… Hamısı da şən və qayğısız yaşayırdılar…”

O, əvvəlcə kuklanın saçını, sonra alnını, daha sonra isə gözlərini kəsib düzəltdi…

Birdən gözlər öz-özünə açılıb ona zilləndi…

Karlo qorxduğunu büruzə vermədi, yalnız nəvazişlə soruşdu:

– Ay taxta gözcüklər, niyə mənə belə qəribə baxırsınız?

Kukla isə susurdu, ona görə ki hələ ağzı yox idi. Karlo ona qaş, sonra da adicə bir burun yondu…

Birdən burun uzanmağa başladı, uzandı, uzandı, elə uzun və sivri burun alındı ki, hətta Karlo da dözməyib vaqqıldadı:

– Yox, çox uzun oldu…

Və burnun ucundan kəsdi. Amma yenə mümkün olmadı. Burun hərləndi, fırlandı, elə yenə də ucu sivri şəkilli, məzəli bir uzun burun kimi də qaldı.

Karlo ona ağız düzəltməyə başladı. Elə təzəcə dodaqlarını kəsib düzəltmişdi ki, ağız elə həmin andaca açıldı:

– Hi-hi-hi, ha-ha-ha!

Ağızdan qıpqırmızı nazik bir dil bayıra çıxdı.

Karlo daha bu hoqqalara fikir vermədi, yenə də yonmağa, kəsməyə davam elədi…Kuklanın çənəsini, boynunu, çiynini, gövdəsini, əllərini yonub düzəltdi.

Elə sonuncu barmağını təzəcə yonub qurtarmışdı ki, Buratino yumruğu ilə Karlonun dazlaşmış başına döyəcləməyə, onu çimdikləyib qıdıqlamağa başladı.

– Mənə bax, – Karlo ciddi tərzdə dedi, – mən hələ səni düzəldib qurtarmamışam, başlamısan nadincliyə… Bəs bunun axırı necə olacaq… Hə?

O, Buratinonu diqqətlə gözdən keçirdi. Buratino da siçan gözlərinə bənzəyən dəyirmi gözlərini Karlo ataya zillədi.

Karlo ona tilişkədən iri pəncəli uzun ayaqlar düzəltdi. Bununla işini bitirib odun parçasından yonduğu oğlana yeriməyi öyrətmək üçün onu döşəməyə qoydu.

Buratino nazik ayaqları üstündə yırğalandı, yırğalandı, əvvəlcə bir-iki addım atdı, sonra atlana-atlana düz qapıya sarı getdi, ordan da kandarı aşıb küçəyə çıxdı.

Karlo narahat olub, onun dalınca yeridi.

– Ey, cüvəllağı, qayıt geri!..

Kimə deyirsən! Buratino dovşan kimi atlana-atlana küçə ilə qaçmağa başladı. Taxta başmaqları daşlara dəyərək, taqqıldayırdı: tak-tuk, tak-tuk…

– Tutun onu! – deyə Karlo qışqırdı.

Küçədən keçənlər qaçan Buratinonu barmaqları ilə göstərərək gülüşürdülər. Yolayrıcında başında üçkünc şlyapa olan nəhəng, bığıburma bir polis dayanmışdı.


O, ağacdan yonulmuş adamcığazın qaçdığını görüb ayaqlarını küçə eni qədər aralı qoydu və onun yolunu kəsdi. Buratino polisin ayaqları arasından sivişib keçmək istədi, lakin polis onun uzun burnundan yapışıb Karlo ata çatana kimi tutub saxladı…

– Yaxşı, dayan bir, gör mən sənə nə divan tuturam, – Karlo təngnəfəs halda Buratinonu gödəkcəsinin cibinə dürtmək istədi.

Buratino belə bir fərəhli gündə, özü də camaatın gözü qabağında, gödəkcənin cibində heç də baş-ayaq olmaq istəmirdi. Ona görə cəld yerində fırlanıb şappıltı ilə daş döşənmiş küçəyə düşdü və özünü ölülüyə vurdu.

– Vay, vay, – deyə polis söyləndi, – deyəsən, işlər xarabdı.

Küçədən keçənlər oraya yığışmağa başladılar. Onlar yerə sərilmiş Buratinoya baxaraq başlarını bulayırdılar.

Biri deyirdi:

– Yazıq, bəlkə də, acından ölüb…

Bir başqası deyirdi:

– Karlo onu ölüncə döyüb. Bu qoca şarmankaçalan özünü yaxşı adam kimi göstərir, amma əslində, yaramazın, qəddarın biridi…

Bunu eşidən bığıburma polis zavallı Karlonun yaxasından yapışıb onu düz polis şöbəsinə kimi sürüdü.

Karlo başmaqları ilə yerdən toz qopararaq bərkdən inildəyirdi:

– Of, of, odundan yonduğum bu oğlanı başıma bəla elədim!

Elə ki, camaat küçədən dağıldı, Buratino burnunu yuxarı qovzayıb ətrafı gözdən keçirdi və atıla-atıla evə tərəf qaçdı…

Danışan Sisək1Buratinoya ağıllı məsləhət verir

Buratino qaçaraq pilləkən altındakı balaca otağa girdi və stulun ayaqları yanında yerə sərildi.

– Belə şey kimin ağlına gələrdi?

Lakin unutmaq lazım deyil ki, Buratinonun doğulduğu cəmisi bircə gün idi. Onun başındakı fikirlər bapbalaca, qısa, bomboş idi.

Bu vaxt səs eşidildi:

– Çrri-çri, çrri-çri, çrri-çri.

Buratino başını dolandırıb otağı gözdən keçirdi.

– Ey, kim var burda?

– Mənəm, – çrri-çri…

Buratino azacıq tarakana bənzəyən canlı bir varlıq gördü, amma baş tərəfindən cırcıramaya oxşayırdı. O, ocağın üstündəki divarda oturub çırtıldayırdı: çrri-çri. Şüşəyə bənzər, rəngbərəng, dombalan gözləri ilə ona baxır, bığlarını oynadırdı.

– Ey, sən kimsən?

Canlı varlıq dilləndi:

– Mən Danışan Sisəyəm, bu otaqda yüz ildən çoxdu yaşayıram.

– Buranın sahibi mənəm, rədd ol burdan.

Danışan Sisək dedi:

– Yaxşı, yüz il yaşadığım otağı tərk eləmək mənimçün ağır olsa da gedərəm, amma getməmişdən qabaq istəyirəm məndən faydalı bir məsləhət eşidəsən.

– Çoooox lazımdı mənə qoca sisəyin məsləhəti…

– Eh, Buratino, Buratino, – deyə Danışan Sisək söyləndi, – sən gəl dəcəlliyi burax, Karlonun sözünə qulaq as, işin olmayanda evdən yayınma və sabahdan da məktəbə get. Mənim sənə məsləhətim budur. Yoxsa səni dəhşətli təhlükələr və qorxulu macəralar gözləyir. Mən sənin həyatın üçün bir qurumuş ölü milçək də vermərəm.

– Niiyyyə ki? – deyə Buratino soruşdu.

– Bax, onda görərsən ki, niiyyyə, – Danışan Sisək cavab verdi.

– Ay səni, yüzyaşlı cücü-yüyürək! – deyə Buratino qışqırdı. – Bu dünyada mənim ən çox sevdiyim elə qorxulu macəralardı. Sabah hava açılan kimi evdən qaçıb hasarlara dırmaşacağam, quş yuvalarını dağıdacağam, oğlanları cırnadacağam, it və pişiklərin quyruğunu dartacağam… Mən hələ çox həngamələr qoparacağam!..

– Buratino, mənim sənə yazığım gəlir, sən acı göz yaşları axıdacaqsan.

– Niiyyyə ki? – Buratino yenə soruşdu.

– Ona görə ki sənin qanmaz taxta başın var.

Bu sözdən sonra Buratino stulun üstünə atıldı, oradan da masanın üstünə hoppanıb çəkici qapdı və Danışan Sisəyin təpəsinə endirdi.

Qoca müdrik Sisək dərindən ah çəkdi, bığlarını oynadaraq ocağın arxasına süründü və otağı həmişəlik tərk elədi.

Buratino ağılsızlığı ucbatından məhv olmaq təhlükəsi ilə üzləşir. Karlo ata ona rəngli kağızdan paltar düzəldir və əlifba kitabı alır

Pilləkən altındakı balaca otaqda Danışan Sisəklə baş verən əhvalatdan sonra cansıxıcı vəziyyət yarandı. Gün isə elə hey uzanır, uzanırdı. Buratinonun qarnında da üzüntülü hal hökm sürməkdə idi.

O, gözlərini yumdu və birdən xəyalında boşqaba qoyulmuş qızardılmış toyuq canlandı.

Gözlərini açan kimi, boşqabdakı qızardılmış toyuq yoxa çıxdı.

O, yenə gözlərini yumdu, boşqabdakı manna sıyığı ilə yarıbayarı tökülmüş moruq mürəbbəsi xəyalına gəldi.

Gözlərini açdı, manna sıyığı ilə yarıbayarı moruq mürəbbəsi tökülmüş boşqab qeybə çəkildi.

Buratino onda başa düşdü ki, dəhşətli şəkildə yemək istəyir.

O, ocağa sarı qaçdı və burnunu od üzərində asılmış qaynayan qazana soxdu. Lakin Buratinonun uzun burnu qazanı deşib keçdi. Çünki bizə məlumdu ki, həm ocaq, həm alov, həm də tüstü və qazan zavallı Karlo tərəfindən köhnə kətan parçası üzərində rəsm edilmişdi.

Buratino burnunu çıxartdı və deşilmiş yerdən baxdı, – kətan parçanın arxasındakı divarda elə də böyük olmayan, qapıya oxşar bir şey görünürdü. Amma hörümçək toru ilə örtüldüyünə görə, heç nə müəyyən etmək olmurdu.

Buratino bütün künc-bucağı ələk-vələk elədi ki, bəlkə, yeməyə bir tikə çörək və ya pişik gəmirmiş bir toyuq sümüyü tapa bildi.

Ah, bu zavallı Karlonun şam yeməyinə heç nəyi, heç nəyi yoxmuş!

Birdən o, yonqar yığılmış səbətdə toyuq yumurtası gördü. Yumurtanı qarmalayıb pəncərə qabağına qoydu, burnu ilə vurub – tıq-tıq, qabığını sındırdı.

Yumurtadan civiltili səs eşidildi:

– Taxta adamcığaz, çox sağ ol.

Sınmış yumurtanın içindən məxməri tüklü, xırdaca oynaq gözləri olan bir cücə atılıb çıxdı.

– Əlvida! Toyuq anam məni çoxdan həyətdə gözləyir.

Cücə elə indicə gördüyümüz pəncərəyə sarı atıldı.

– Vay, vay, – deyə Buratino qışqırdı, – mən yemək istəyirəm.

Nəhayət, gün gəlib başa çatdı. Otaq zülmətə qərq oldu.

Buratino rəsm edilmiş alovun yanında oturub acından xısın-xısın içini çəkirdi.

Birdən o, pilləkən altındakı döşəmədən çıxmış yekə bir baş gördü. Baş bayıra çıxıb havanı iylədi, onun dalınca da qısaayaqlı boz bir heyvan göründü.

Tələsmədən yonqar olan səbətə yaxınlaşaraq ora girdi, iynəyə-iynəyə nəsə axtardı, qəzəblə yonqarları xışıldatdı. Yəqin ki, Buratinonun sındırdığı yumurtanı axtarırdı.

Sonra səbətdən çıxıb Buratinoya yaxınlaşdı. Hər tərəfində dörd dənə uzun tük olan qapqara burnu ilə onu iylədi. Buratinodan yemək iyi gəlmədiyini görüb, nazik və uzun quyruğunu dalınca sürüyərək onun yanından ötüb-keçdi.

Eh, heç onun quyruğundan tutmamaq olardımı! Buratino elə həmin anda siçovulun quyruğundan yapışdı.

Bu, qəzəbli, qoca siçovul Şuşara idi.

Qoca siçovul qorxudan Buratinonu dalınca sürüdü və özünü pilləkənin altına atmaq istədi. Lakin görəndə ki, bu, sadəcə, ağacdan yonulmuş bir oğlandı, quduz kimi qeyzlə geri dönüb, onun boğazını gəmirmək üçün üstünə atıldı.

İndi də Buratino ondan qorxdu və siçovulun soyuq quyruğunu əlindən buraxıb stulun üstünə sıçradı. Siçovul da onun dalınca.

Buratino stulun üstündən pəncərənin altına atıldı. Siçovul da onun dalınca.

O, pəncərənin altından otaq boyu uçaraq masanın üstünə düşdü. Siçovul da onun dalınca… Siçovul elə masanın üstündəcə Buratinonun boğazından yapışaraq onu yerə yıxdı, dişində tutaraq döşəmənin üzərinə atıldı və pilləkənin altındakı gizli yuvasına sarı sürüdü.

– Karlo ata! – Buratino yalnız ciyildəməyə macal tapa bildi.

Ucadan cavab gəldi:

– Mən burdayam!

Qapı taybatay açıldı və Karlo ata içəri daxil oldu. O, ayağındakı taxta başmağını çıxarıb siçovula sarı tolazladı.

Şuşara taxta oğlanı buraxıb dişlərini qıcırdatdı və qaçıb yuvasında gizləndi.

– Gör, nadinclik nəyə aparıb çıxarır! – Karlo ata donquldanaraq Buratinonu döşəmədən qaldırdı. Baxdı, görsün ki, hər şeyi yerindədimi. Onu dizi üstündə oturtdu və cibindən bir baş soğan çıxardıb təmizlədi.

– Al, ye!..

Acmış Buratino dişlərini soğana batıraraq xırçıltı və marçıltı ilə yedi. Sonra da başını Karlo atanın cod tük basmış sifətinə sürtməyə başladı.

– Karlo ata, mən daha ağıllı-kamallı oğlan olacağam… Danışan Sisək mənə məktəbə getməyi məsləhət gördü.

– Yaxşı fikirdi, balaca…

– Karlo ata, axı mən çılpağam, özü də taxtadanam, məktəbdə oğlanlar mənə güləcəklər.

Karlo ata tük basmış çənəsini qaşıdı:

– Hə, düz deyirsən, balaca!

O, lampanı yandırıb qayçı, yapışqan və rəngli kağız parçaları götürdü. Onunçün qəhvəyi rəngli kağızdan gödəkcə və parlaq yaşıl rəngli kağızdan isə şalvar biçib yapışdırdı. Çəkmə boğazından ayaqqabı, köhnə corabdan isə kiçicik qotazı olan bir papaq düzəltdi.

Və bütün bunları Buratinoya geyindirdi.

– Cansağlığı ilə geyəsən!

Buratino dedi:

– Karlo ata, bəs məktəbə əlifbasız necə gedəcəyəm?

– Hə, düz deyirsən, balaca…

Karlo ata boynunun ardını qaşıdı. Yeganə nimdaş gödəkcəsini çiyninə salıb küçəyə çıxdı.

Çox tez, amma gödəkcəsiz qayıtdı. O, əlində böyük hərflərlə yazılmış, gözəl şəkilləri olan bir kitab da tutmuşdu.

– Bu da sənə əlifba. Sağlıqla oxuyasan.

– Karlo ata, bəs gödəkcən hanı?

– Gödəkcəni satdım… Eybi yoxdu, onsuz da keçinərəm… Təki sənin canın sağ olsun.

Buratinonun gözü Karlo atanın xeyirxah əllərinə dikilib qaldı.

– Oxuyaram, böyüyərəm, səninçün min dənə təptəzə gödəkcə alaram…

Buratino var gücü ilə çalışırdı ki, həyatında baş verən ilk gecəni dəcəllik etmədən yola versin, necə ki, Danışan Sisək ona məsləhət eləmişdi.

1.Sisək – düzqanadlı həşərat; bir çox növü (ev sisəyi, çöl sisəyi və s.) varїm

Bepul matn qismi tugad.

12 344,02 s`om

Janrlar va teglar

Yosh cheklamasi:
6+
Litresda chiqarilgan sana:
07 oktyabr 2022
Hajm:
7 Sahifa 13 illyustratsiayalar
ISBN:
9789952242119
Mualliflik huquqi egasi:
Altun Kitab

Muallifning boshqa kitoblari