Kitobni o'qish: «Sərbəst insanlar ölkəsində»
Əhməd Ağaoğlunun əziz xatirəsinə ithaf olunur
ÖN SÖZ
SƏRBƏST DÜŞÜNCƏLİ İNSAN
…Ola bilsin ki, Əhməd bəy Ağaoğlunu çoxunuz tanımırsınız. Halbuki o, dövrümüzün ən parlaq simalarındandır. Sabir kimi, Mirzə Cəlil, Üzeyir Hacıbəyli, Məmməd Əmin Rəsulzadə, Hüseyn Cavid, Əlibəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov kimi. Onlar millətinin nadanlığı ilə heç vaxt barışa bilməyiblər, axı nadanlar həyatda son dərəcə aciz olur, onları kölə halına salmaq rahat olur.
Əhməd bəy bu kitabı 1930-cu ildə Türkiyədə yazıb. Elə bil anlayıb ki, 80 il keçəndən sonra da bu kitab Azərbaycanda əhəmiyyətini itirməyəcək. Axı bir qismimiz, Əhməd bəy demişkən, hələ "iç zəncirləri"mizlə yaşayırıq, nə sərbəst olmaq haqqında düşünürük, nə də köləliyimizi lənətləyirik. O biri qismimiz azad olmağa can atsa da, ya qorxur, ya qətiyyətsizlik göstərir, ya da sadəcə olaraq, sərbəstlik haqqında, "sərbəst ölkə" haqqında məlumata ehtiyac duyur. Bax, əsasən bunlara, köləlikdən yaxa qurtarmaq istəyənlərə, heç kəsdən qorxmaq istəməyənlərə, beli dik yaşamaq istəyənlərə müraciət edir, sözünü deyir Əhməd bəy.
Bir neçə kəlmə Əhməd bəyin həyatı haqqında. Bu həyat yoluna diqqət yetir və qərarı özün ver.
Əhməd bəy Ağaoğlu 1868-ci ildə Şuşa şəhərində anadan olub və 1939-cu ildə İstanbulda dünyasını dəyişib.
Əvvəl Şuşada, liseydə oxuyub. Sonra Tiflisdə, gimnaziyada. Sonra Parisdə, hüquq məktəbində və məşhur Sorbon universitetində. Azərbaycan (o zaman "türk" deyilirdi), rus, fars, ərəb, fransız, ingilis dillərini mükəmməl bilib. Şuşada, Bakıda, Parisdə, İstanbulda, Peterburqda yaşayıb və işləyib. Maltaya sürgün olunub. Şuşada fransız dilindən dərs deyib (ona hətta "Firəng Əhməd" deyərmişlər), İstanbulda – rus dilindən. Nijni-Novqorod və Peterburqda keçirilən Rusiya müsəlmanları qurultayının təşkilatçılarından biri olub. Azərbaycan Demokratik Respublikası dövründə parlamentin üzvü və parlament sədrinin müavini seçilib. Türkiyə Mətbuat İdarəsinin baş müdiri olub. Parlamentin üzvü, millət vəkili seçilib. Ankara və İstanbul universitetlərinin professoru olub.
Parisdə, biliyinə görə, elmi və ədəbi salonlara dəvət alıb (salonlara seçilmiş adamlar dəvət alırdılar), intellektual çəkili söhbətlərə və mübahisələrə qatılıb. Dünya şöhrətli alimlər Ernst Renan və İppolit Tenlə yaxından tanış olub, onların rəğbətini qazanıb. Azərbaycanlı neft sahibkarlarının tapşırığı ilə Peterburqda iki dəfə rus çarı II Nikolayla görüşüb, danışıqlar aparıb və bu danışıqlar uğurla nəticələnib. İstanbulda Mustafa Kamal Paşa Atatürklə tanış olub və uzun illər onun məsləkdaşına çevrilib. Türkiyə və türk dünyasının məşhur xadimləri Ziya Göyalp, Yusif Akçura, Həmdulla Sübhi, Mehmet Emin Yurdaqulla əməkdaşlıq edib. Bakıda öz dövrünün ən tanınmış, ən qüdrətli azərbaycanlıları ilə dostlaşıb: Üzeyir Hacıbəyli, Əlibəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov, Məmməd Əmin Rəsulzadə, Firudin bəy Köçərli və başqaları bu qəbildəndir. Şuşada kitabxana-qiraətxana açıb (o dövrü təsəvvür et: mollaxanaları nəzərdə tutmasaq, nə məktəb var, nə də oxuyanlar. Əksəriyyət nəinki savadsızdır, hətta savadlı olmaq istəmir). Bakıda "Difai" (Müdafiə) partiyasının yaradıcılarından biri olub. "Həyat", "İrşad", "Tərəqqi" və "Proqress" (rus dilində) qəzetlərinin açılmasında iştirak edib (maraqlansan, bu qəzetlərin nüsxələrini kitabxanada tapa bilərsən. Gör o zamanla bizim zamanın, o dövrün qəzetləri ilə indiki qəzetlərin hansı oxşarlığı və hansı fərqi var). "Cəmiyyəti-xeyriyyə", "Nicat", "Nəşri-maarif", "Səadət", "İttihad" cəmiyyətlərinin təşkilinə qoşulub. Türkiyədə Demokratik Cümhuriyyətin yaradılmasında fəaliyyət göstərib. Anadolu agentliyini yaradıb. "Hakimiyyəti-milliyə" qəzetinin yaradıcılarından biri olub. "Sərbəst firqə"nin (partiya) yaradılmasında iştirak edib. Parisdə, Bakıda, İstanbulda minlərlə (!) məqalə çap etdirib (bu miqdarı aydın təsəvvür etsən, heyrətə gələrsən). Onlarca kitab yazıb, bəzisi ölümündən sonra çap olunub.
Yazıları siyasət, iqtisadiyyat, tarix, fəlsəfə, etika, etnoqrafiya və başqa sahələri əhatə edib.
Əhməd bəyin gözəl ailəsi varmış. Yeddi övlad atası olub. Bunlardan ikisi – Vəzir və Bəşir adlı oğulları kiçik yaşlarında dünyalarını dəyişiblər. Qalan beş nəfəri – Sürəyya, Tezer (Təzəxanım), Əbdürrəhman, Səməd və Gültəkin mükəmməl təhsil alaraq Türkiyədə ad qazanıblar.
Bu stenoqrama bənzər siyahı azmı şey deyir? Bu qədər iş görmək üçün nə qədər zəhmətkeş olmalısan, necə iradən olmalıdır. Bu zəhmətkeşliyin, bu iradənin arxasında isə böyük amal, böyük məqsəd və bu məqsədə yetişmək üçün böyük ehtiras olmalı idi. Müdriklərdən biri demişkən, bu dünyada böyük ehtirassız böyük işlər görmək alınmır. Əhməd bəy tükənməz ehtiraslı insanlardan olub. Əhməd bəyin həyatı barədə fikir yürüdərkən o dövrü, o dövrün ab-havasını da təsəvvür etmək vacibdir. Onda anlayarıq ki, niyə öz məqsədləri uğrunda daim vuruşub döyüşməli olub, niyə bilavasitə və ya məcazi mənada "yumruqlara, qapazlara, təpiklərə" dözməli olub. Başa düşməliyik ki, kimə qarşı vuruşub, kimlər onu hədələyib, hansı çətinliklərlə, hansı maneələrlə üzləşib.
Əhməd bəyin sonralar yazdığı kimi, zərbələr ilk məktəb illərində başlayıb. Əhməd bəyi rus gimnaziyasına veriblər (Şuşada o zaman yalnız rus gimnaziyası vardı). Orada vur-tut, dörd azərbaycanlı balası oxuyurmuş. Balaca Əhməd beşinci olub. Bu beş nəfər nələr çəkirmiş: "tənəffüslərdə biz – beş türk çocuğu, cəld tərpənib arxamızı divara dirəməyi qənimət bilərdik. Yüzlərlə çocuq qəflətən üstümüzə hücum edər və biri başımızdan papağı alıb atardı. Qalanları dörd-beş altun qiyməti olan Buxara dərisindən tikilmiş papaqları təpiklə kos kimi ora-bura vurardı. Bəziləri əksərən dəvə yunundan toxunmuş bahalı pencəklərimizin ətəklərindən yapışar, o yan-bu yana çəkib parçalayar, dartıb tikişlərini sökərdi. Müqavimət göstərmək fikrinə düşəndə yumruq, qapaz, təpik altında bizi əzərdilər. Bəzən gizlində, sözü bir yerə qoyub, üzərimizə böhtan atar, üzümüzə durar, bizə haqsız yerə cəza verdirərdilər. Dostlarımızın çoxu dözə bilməyib, məktəbi tərk etdilər. Türklərdən yalnız mən son sinfə qədər tab gətirə bildim".
Həmin məktəb indi oxuduğunuz məktəbdən fərqlənir, deyilmi? O dörd nəfəri də qınamayaq, belə şəraitdə oxumaqmı olar? O biri tərəfdən gənc Əhmədin iradəsinə, dözümünə, hövsələsinə heyran qalmamaq mümkün deyil.
Ədalət naminə onu da deyək ki, Əhməd bəy o gimnaziyada işıqlı və nəcib müəllimlərin olduğunu da xatırlayır: "bu təvazökar, vəzifələrini diqqətlə yerinə yetirən, qəlbi məslək eşqi ilə dolu insanları xatırlarkən, indi də dərin minnətdarlıq və təşəkkür hissi keçirməkdən özümü saxlaya bilmirəm. Onlar məndə və mənim bütün yoldaşlarımda elmə, irfana, haqqa, həqiqətə dərin inam və məhəbbət doğuraraq bizim üçün həyat yolunu işıqlandıran nurlu məşələ çevrildilər".
Məktəb illəri geridə qalandan sonra bu təqiblər sona çatdımı? Özgələrdən Əhməd bəyin yaxası qurtardımı? Əfsuslar olsun ki, özgələr əl çəkmədi. Heç özümüzünkülər də onlardan geri qalmadı.
Bu hadisə 1908-ci ildə Bakıda baş vermişdi. Artıq Əhməd bəy tanınmış ədib və ictimai xadim idi. Düşmənləri də çoxalmışdı. Həm əqidəsinə görə, həm də xasiyyətinin tündlüyünə görə. Bunların nəticəsi kimi, 1908-ci ildə Bakının ictimai yığıncaqlar salonunda (indiki filarmoniya binasında) "dərs vermək" üçün Əhməd bəyi muzdla tutulmuş qoçulara döydürmüşdülər. Özümüzünkü sayılan qoçular məktəb illərindəki özgələrdən də dəhşətli idilər. Axı onlar – o "özgələri" heç olmasa "çocuq" sayılırdılar.
Əhməd bəy o illəri xatırlarkən yazırdı: "Şiddətli təqib edilənlər arasında idim. İş belə bir dərəcəyə çatmışdı ki, artıq daha izzəti-nəfsimin deyil, ailəmin də sakitliyi və salamatlığı təhlükə altına düşmüşdü".
Sual verə bilərsən: "bəs necə olur ki, uşaq vaxtı balaca Əhmədi özgələr döyürdü, tanınandan sonra – özümüzünkülər? Təqiblər həm kənardan gəlirdi, həm içəridən? Bəyəm Əhməd bəy millət uğrunda vuruşmur, millət uğrunda maneələrlə rastlaşmır, millət uğrunda əziyyətlərə qatlaşmırdı? Bəyəm millətimizin düşmənləri Əhməd bəyin düşmənləri olmayıb?".
Əvvəla, onu deyək ki, Əhməd bəy millət uğrunda mübarizə aparsa da, heç vaxt "özgələri" millətin düşmənlərinə və millətin dostlarına bölmürdü. "Düşmənə" gəlincə, artıq dedik ki, başqa görkəmli Azərbaycan xadimləri kimi, Əhməd bəyin də bircə düşməni vardı – xalqın nadanlığı. Axı insan, yaxud xalq, nadan oldusa, deməli, aciz olacaq, aciz oldusa, deməli, kölə olacaq, kölə oldusa, deməli, istibdad (tiraniya) hökm sürəcək, deməli, insanlar dolğun, faydalı həyatdan kənarlaşacaq, deməli, inkişaf olmayacaq, xalq, millət başqa xalqlardan, millətlərdən geri qalacaq, kasıblığa, dilənçiliyə məhkum olacaq.
Bunları başa düşən Əhməd bəy acı təbəssümlə etiraf edirdi ki: "…qonşularımız yanı-başımızda günü-gündən tərəqqi və təali edir, ermənilərin, gürcülərin, musəvilərin (yəhudilərin), baxüsus rusların təmimi-maarifə himmət-güzar olan cəmiyyətləri sayəsində ziyayi-maarif köylərdəki gülbənişin köylülərin pəncərələrindən içəri girdiyi ruzi-rövşəndə, bizim köylülərimiz də, şəhərnişinlərimiz də məsəlli bir zülməti-əbədiyi-cəhl aləmində məhv olub gedirdi".
Bu mətnin bir çox sözlərini başa düşməsən də (müəllimin kömək edə bilər), çox güman ki, mənası sənə aydındır. Yəni başqa millətlər inkişafda, maarifdə olduğu halda, bizləri cəhalət bürüyüb, zülmətdən xilas ola bilmirik.
Əhməd bəy Sabir kimi, Mirzə Cəlil kimi, başqa xadimlərimiz kimi "Oyanın, oyanın, ey qəflət yuxusunda uyuyanlar!" deyə xalqa üz tuturdu.
Bu, müraciət də deyildi, çağırış idi. Bu, çağırışdan da güclü idi. Bu, həyəcan təbili idi. Bu fəryad idi. Bu "zülməti-əbədiyi-cəhl"ə qarşı üsyan idi. Əhməd bəy, elə bil, bizlərə deyirdi ki, daha bəsdir, yetər, daha barama kimi öz qınına qapanıb yaşamaq olmaz, daha letargiya yuxusuna qərq olmaq dəhşətlidir. Azərbaycanın o vaxtkı müdrikləri ("Sərbəst insanlar ölkəsində" bu müdriklərə pirlər deyilir) xalqı buna səsləyirdilər. Bu amallar uğrunda vuruşurdular.
Əhməd bəyin maneələri də bu idi, keçilməz görünən divarları da, yüzbaşlı divə bənzər "düşməni" də. Bütün həyatının məqsədi, amalı, mənası da həmin "divlə" mübarizə idi. Bu məqsəd, bu amal olmasaydı, Əhməd bəy başqa cür yaşaya bilərdi. Daha sakit, daha firavan. Maneələrsiz, zərbələrsiz, hücumlarsız.
Parisdə olarkən, Fransa alimləri, fransız müdrikləri Əhməd bəyin hazırlıqlığını, biliyini görərək ona Parisdə qalmağı təklif etdilər. O zaman olduqca məşhur olan Ernst Renan Əhməd bəyə üz tutub söyləmişdi:
– Sən dünya miqyasında alim olacaq səviyyədə bir insansan, məmləkətinə getmə, Şərq səni udar.
Əhməd bəy isə cavabında demişdi ki:
– Şərqin də oxumuş insanlara ehtiyacı var, sizdən öyrəndiklərimi məmləkətimdəki vətəndaşlarıma öyrədəcəyəm.
(Səncə haqlı idi Əhməd bəy, yoxsa Renanın təklifini qəbul etməli idi? İndinin özündə belə əhvalat mümkündürmü? Mümkünsə necə həll olunmalıdır? Doğrudanmı Şərq ağıllı adamları "uda bilər"? Bəlkə sinifdəki dostlarınla bu mövzuda diskussiya aparasan).
Əhməd bəy olduqca ağıllı və gözüaçıq adam idi. O, yaxşı bilirdi ki, tam olmasa da, Renanın sözlərində bir həqiqət var.
Artıq bəşəriyyət XVIII yüzildən başlayaraq Maarifçilik dövrünü yaşayırdı. Fransa İnqilabından sonra dünyada "Azadlıq. Bərabərlik. Qardaşlıq" şüarı yayılmışdı, insanlar bərabərhüquqlu olduqlarını anlamışdılar. Amerika Birləşmiş Ştatlarında "İstiqlal Bəyannaməsi" elan edilmiş və demokratik inkişaf başlamışdı. Hollandiya və İngiltərədəki sənaye inqilabından sonra bəşəriyyət elmi-texniki tərəqqi dövrünü yaşayırdı. Başqa ölkələr, başqa xalqlar da bu yolu seçməkdə idilər. Əhməd bəyin, başqa müdriklərimizin, başqa pirlərimizin istəyi bu idi ki, Azərbaycan da, azərbaycanlılar da bu yolun yolçusu olsun.
…Və Əhməd bəy onu da başa düşürdü ki, bu yolla getmək üçün "azadlıq" yolunu seçmək lazımdır. Axı insanlar "sərbəst" olmalıdırlar. Əhməd bəy ömrünün ilk çağlarında da bu inamla yaşadı, ömrünün son çağında da bu fikri təsdiqlədi və bu inamı gələcək nəsillərə aşılamağı özünə borc bildi.
Parisdə Əhməd bəy bir səhnənin şahidi olub: 1889-cu ildə Böyük Fransa İnqilabının 100-cü ildönümü qeyd edilirdi. Qonaqlar arasında İran şahı Nəsrəddin Mirzə də var idi. Əhməd bəy, görün, o hadisəni sonralar necə təsvir edir:
"Şahın tacındakı brilyantlar göz qamaşdırırdı. Köksü də daş-qaşla dolu idi. İri gözləri, qalın, çatma qaşları, dik başı təsviri mümkün olmayan bir qürur və özündənrazılıq ifadə edirdi. Sidi Karnakın (Fransanın baş naziri) sadə, qara redinqtonu (o vaxtın fraka bənzər geyimi), dik yaxalıqlı bəyaz köynəyi, təvazökar davranışı bu qürur və əda ilə tam ziddiyyət meydana gətirirdi. Mən ilk dəfə azad və sərbəst bir milləti təmsil edən baş nazirlə yersiz əzəmət və qürurlanmanı təmsil edən müstəbidi yan-yana gördüm.
…Gecə idi. Yenə xalqın iki səfi arasından keçirdilər. Şah nə səbəbdənsə çiynindəki kürkü çiyninin ani hərəkəti ilə yerə atdı və arxasınca gələn sədrəzəmə "Götür!" əmrini verdi. Zavallı sədrəzəm dərhal bütün qələbəliyin gözü önündə yerə qədər əyildi, kürkü qaldırdı və sanki uşağı götürürmüş kimi məhəbbətlə qolu üzərinə alaraq yürüdü. Şahın bu ədası və sədrəzəmin bu acizliyi Şərq istibdadının mahiyyətini göstərən aşkar nümunələrdəndir".