Faqat Litresda o'qing

Kitobni fayl sifatida yuklab bo'lmaydi, lekin bizning ilovamizda yoki veb-saytda onlayn o'qilishi mumkin.

Kitobni o'qish: «Yay səhəri»

Shrift:

“Səhhət olduqca həssas, şən və kövrək qəlbə malik bir şair idi. Ən kiçik, şən bir hadisə onda böyük bir sevinc doğurduğu kimi, ən əhəmiyyətsiz, həzin bir lövhə və hadisə də onda acı düşüncə, kədər və ruh sıxıntısına səbəb olurdu. Mühüm bir faciə isə onun bütün varlığını sarsıda bilirdi”,

– Abdulla Şaiq, şair-dramaturq

“Bu müdhiş, bu qorxunc vəlvəleyi-hadisat içində şair-təbib Abbas Səhhət də sükunətgahi-əbədiyyətə çəkilib getdi. Həm maddi, həm də mənəvi xadimi-millət olan Səhhət qardaşımızın üfuli-əbədisindən hənuz Qafqasiya türklərinin xəbəri yoxdur”,

– Məhəmməd Hadi, şair

ÖN SÖZ

XX əsr Azərbaycan ədəbiyyatının inkişafında xüsusi xidmətləri olan Abbas Səhhət şair, nasir, dramaturq, tərcüməçi, maarif xadimi kimi tanınmışdır. Azərbaycan uşaq ədəbiyyatının inkişafı, maarifçi ideyaların formalaşmasında Abbas Səhhətin rolu böyükdür.

Mehdizadə Abbasqulu Əlabbas oğlu (Abbas Səhhət) 1874-cü ildə Şamaxı şəhərində ruhani ailəsində anadan olmuşdur. Şairin atası ədəbiyyatla maraqlanmış, Ətşan (Susuz) təxəllüsü ilə şeirlər yazmışdır. Atası Əlabbas kişinin, anası Seyid Ruqiyyənin ədəbiyyata, şeirə olan maraqları Abbas Səhhətin də formalaşmasına təsir göstərmişdir. İlk təhsilini mollaxanada alaraq ərəb, fars dillərini mükəmməl öyrənmiş, Şərq ədəbiyyatını mənimsəmişdir. Sonra Məşəddə ruhani, Tehranda isə tibb təhsili almışdır. 1901-ci ildə Şamaxıya qayıtdıqdan sonra xalqın böyük sevgisini qazanaraq “həkim Abbasqulu” adı ilə tanınmış və sənəti ilə əlaqədar olaraq “Səhhət” təxəllüsünü seçmişdir. Həmin dövrdə M.Ə.Sabir, A.Naseh, M.Tərrah kimi şairlərlə yaxından tanışlıq, Şamaxı şairlərinin bir araya gələrək məclis təşkil etmələri Abbas Səhhəti həkimlik sənətindən uzaqlaşdırmışdır. Abbas Səhhət 1906-cı ildə Şamaxıda açılmış realni məktəbə ana dili müəllimi təyin olunur. Geniş bilgiyə malik olan şair, məktəb islahatlarının aparılması, yeni təhsil ocaqlarının yaradılması, məktəblilərin dərslik ehtiyaclarının ödənilməsində səylə çalışır. 1909-cu ildə M.Mahmudbəyovla birgə “Yeni məktəb” dərsliyini tərtib edir. Bir çox mətbu orqanlarda çıxış edən Abbas Səhhət tərcüməçilik fəaliyyəti ilə də məşğul olmuş, M.Lermontov, A.S.Puşkin, İ.Krılov, M.Qorki, V.Hüqo və başqa şair və yazıçıların əsərlərini tərcümə etmişdir.

Həyatının son illərini ağır məhrumiyyətlər içərisində keçirən ədib, 1918-ci ildə ermənilərin Şamaxıda törətdikləri qətliam zamanı ev-eşiyini itirir, ailəsi ilə birlikdə doğma yurdunu tərk etmək məcburiyyətində qalır. Ədib 1918-ci ildə Gəncədə vəfat etmişdir.

Abbas Səhhət yaradıcılığının əsas hissəsini onun uşaqlar üçün yazdığı əsərlər təşkil edir. Bu da təbiidir. XIX əsrin sonu XX əsrin əvvəllərində maarifçilik hərəkatının əsas qollarından biri olan təhsil islahatı, yeni məktəblərin açılması, uşaqların zövqünü oxşayan, onları məktəbə, təhsilə, elmə sövq etdirən bədii nümunələrə tələbat yaratmışdır. Dövrün ziyalıları dərs vəsaitləri, şeir və hekayələr yazmaqla bu boşluğu doldurmağa çalışırdılar. Şair də uşaqlar üçün qələmə aldığı şeirlərdə tərbiyəvi, əxlaqi, maarifləndirici mövzulara geniş yer verirdi. Şairin vətən sevgisinə, məhəbbətinə, əsrarəngiz gözəlliklərinin tərənnümünə, təbiət və onun ayrı-ayrı predmetlərinin aydın, təfsilatlı təsvirlərinə həsr olunmuş şeirləri poeziyasının əsas tematikasını təşkil etməklə yanaşı qısa, sadə, aydın dili, ifadə zənginliyi ilə diqqəti cəlb edirdi. Bu şeirlərdən “Vətən”, “Yay səhəri”, “Quşlar”, “Cücələr”, “İlk bahar”, “Bağça” və s. şeirlər klassik uşaq ədəbiyyatımızın qızıl fondunda yer alan nümunələr sırasındadır. Şairin “Vətən” şeiri romantik vüsəti, vətənə ünvanlanan sevgi hisslərinin təbiiliyi, emosionallıqla ifadəsi baxımından seçilir və sevilir.

 
Könlümün sevgili məhbubu mənim,
Vətənimdir, vətənimdir, vətənim.
Vətənim verdi mənə nanü nəmək.
Vətəni, məncə unutmaq nə demək!
Anadır hər kişiyə öz vətəni,
Bəsləyib sinəsi üstündə onu.
Südüdür kim, dolanıb qanım olub,
O mənim sevgili cananım olub,
Saxlaram gözlərim üstə onu mən.
Ölərəm əldən əgər getsə Vətən.
 

Abbas Səhhətin kiçik yaşlı uşaqlar üçün yazdığı şeirlərinin hər bir təsvirə gətirdiyi obyektlə bağlı əhatəli bilgi, təəssürat zənginliyi var. Şair balaca oxucunu məlumatlandırmağa, müxtəlif təbiət hadisələri, varlıqları haqqında onlarda maraq oyatmağa, təsəvvürlərini genişləndirməyə çalışır. Onlarda ətraf aləmə sevgi, diqqət, məhəbbət hissi aşılayır. Şairin “Yaz”, “Yay”, “Qış”, “Cücələr”, “Ana və bala”, “İlk bahar”, “Quşlar”, “Köç”, “İki dana” və s. şeirləri bu cəhətdən seçilən nümunələrdəndir. Bu şeirlərin əksəriyyətində qısa, yığcam cümlələr, sadə və aydın dil, musiqi ahəngi duyulur.

 
Quşlar, quşlar, a quşlar!
Qaranquşlar, a quşlar!
Cəh-cəh vurun burada,
Gah yerdə, gah yuvada.
 

Abbas Səhhət şeirlərinin hər birində dolğun lövhə, təsvir və təəssürat zənginliyi var. Ayrı-ayrı fəsillərə həsr olunmuş bədii nümunələrdə şair təkcə müəyyən fəslə aid tipik lövhələr, təsvir yaratmır, xalqın güzəranını, gündəlik həyat və yaşam tərzini, məişətini, adət-ənənənəsini də həmin təsvirlərdə canlandırır. Şairin “Yaz”, “Payız çağında”, “Qış”, “Yay səhəri”, “Yaz gecəsi” və s. şeirləri bu cəhətdən əhəmiyyətlidir.

 
Od tutub qırmızı atəşlə yenə yandı üfüq,
Şəfəqin qırmızı rəngilə işıqlandı üfüq.
Bir qədər çaydan uzaq, od qalamış dağda çoban,
Oyadır öz sürüsün otlaya yaylaqda çoban....
Gün çıxır, göydə bulud qırmızı rəngə boyanır,
Kəndlilər çox yorulub, uykudan indi oyanır.
 

Abbas Səhhətin uşaqlar üçün yazdığı şeirləri içərisində təmsilləri də xüsusi yer tutur. Onun “Sərçə və qarğa”, “Tülkü və qurd”, “Ayı və şir” təmsilləri bu gün də uşaq ədəbiyyatımızın klassik nümunələri sırasında yer almaqdadır. Dövrün eybəcərliklərini, insan münasibətlərində və əlaqələrindəki naqislikləri, cəmiyyətdə mövcud olan mənfilikləri qısa, yığcam formada, alleqorik şəkildə uşaqlara göstərməklə onları pis əməllərdən, vərdişlərdən uzaqlaşdırmaq, tərbiyə etmək bu təmsillərin əsasını təşkil edir.

Şeirlərində olduğu kimi yazıçının hekayələri də canlı, real təsvirlər, məişət səhnələri, yığcam, aydın ifadə tərzi ilə yadda qalır. Ədibin hekayələrində ictimai həyatın, dövrün reallıqları, cəhalət və avamlıq (“Cərrahlıq”), müharibə vəhşətinin qurbanına çevrilən kimsəsiz, yoxsul insanların mənəvi-psixoloji əzabları, yurd-yuvasından didərgin düşmüş, bütün əzizlərini itirən Həmid kişinin göz dikdiyi bircə nəvəsinin faciəsi (“Bədbəxt ailə”), müharibənin qurbanına çevrilən, evi viran qalmış, yurd-yuvasını itirmiş, balaları pərən-pərən düşmüş Həlimə ananın (“Qaragünlü Həlimə”) iztirabları, əzab və yaşantıları canlı, dramatik, real boyalarla əks olunmuşdur.

Abbas Səhhətin dramaturji fəaliyyəti o qədər də geniş olmamışdır. “Cəhalət səmərəsi, yaxud bir yetimin xoşbəxtliyi” onun ilk uşaq dramlarındandır. Pyesdə məktəb həyatı, uşaqların təhsil dalınca göndərilməsi və təhsilimizin inkişafındakı çətinliklər əks olunmuşdur. Dramda bir-birinə zidd iki qüvvə qarşı-qarşıya qoyulmuşdur. Bir tərəfdə yeni, təriqqəpərvər qüvvələrin təmsilçisi olan Faiq Əfəndi və onun iki tələbəsi, Saday və Əsəd, digər tərəfdə isə nadan Dadaş kişi təsvir olunur.

Faiq Əfəndi istedadına, bacarığına inandığı Əsədi çətinliklə bir yer aldığı Qori Seminariyasına göndərmək arzusunu onun atası Dadaş kişiyə bildirir. Məsələnin mahiyyətini dərk etmək iqtidarında olmayan Dadaş kişi nadanlığından bu təklifə qarşı çıxır və oğlunu təhsil dalınca göndərməkdən imtina edir. Belə olduqda Faiq Əfəndi Əsədin yerinə kimsəsiz, yetim Sadayı Qori Seminariyasına göndərmək qərarına gəlir və ona xeyir-dua verərək deyir: “Get, əzizim! Ümidvaram ki, az bir vaxta kamil bir insan olub öz vətəninə qayıdarsan. Vətən və millətinə xidmət edərsən. Get, elmin nuru ilə nurlan və camaata bildir ki, elm və mədəniyyət insanı xoşbəxt edər”.

“Yay səhəri” kitabında “Cəhalət səmərəsi, yaxud bir yetimin xoşbəxtliyi” əsəri ilə yanaşı, “Neft fontanı”, “Nağı və Tağı” pyesləri də yer almışdır.

XX əsr Azərbaycan ədəbiyyatı tarixində şair, nasir, dramaturq, tərcüməçi, pedoqoq kimi tanınan Abbas Səhhətin uşaqlar üçün yazdığı yığcam, sadə, aydın ifadə tərzi ilə seçilən poetik nümunələri, nəsihətamiz, tərbiyələndirici əhəmiyyətə malik təmsilləri, dövrün reallıqlarını, insanların mənəvi-psixoloji yaşantılarını tünd və real boyalalarla əks etdirən hekayələri, təhsilin inkişafı istiqamətində rast gəlinən çətinlikləri, dövrün ictimai-siyasi həyatını əks etdirən pyesləri bu gün də öz dəyərini itirmir və uşaq ədəbiyyatımızın inkişafında əhəmiyyətini qoruyub saxlayır.

Günay Qarayeva
filologiya üzrə fəlsəfə doktoru, dosent

Şeirlər

YAZ

 
Qızışdırar bahar ayı yerin, göyün havasını,
Dəyişdirər, tünüklədər xəlaiqin1 libasını.
Bəzəklənir, düzəklənir, bağın fəzası rənglənir,
Yaşıllanır, həm allanır, şükufələr2 çiçəklənir.
Bitər çəməndə lalələr, əlində al piyalələr,
Səhər zamanı dürr kimi düşər ot üstə jalələr.
Sürü-sürü qoyunları çoban yamacda otladar,
Alar ələ papağını, oxur şikəstə, fit çalar.
İnək, camış, qoyun, quzu çıxar naxırda otlağa,
Köçər arandan el, gedər yavaş-yavaşca yaylağa.
Taxıl yerin şum eyləyib əkin əkər əkinçilər,
Əlində dəryaz ot biçər mayıs3 ayı biçinçilər.
 

YAY

 
Təmuz4 ayında dan yeri ki, başlayar açılmağa,
Səmaya doğru qırmızı alov durar saçılmağa.
Kəsər qərarü taqətin yayın havası quşların;
Qaçar ağaclar altına, gələr sədası quşların.
Divar dibində kölgədə xoruz, toyuqlar uyqular,
Naxırçılar qaramalı sürüb sərin suya salar,
Bürünməsilə alnının tərin əkinçilər silər,
Hərarətin sərinlədən havada bir külək dilər.
Yavaş-yavaş dəyər, yetər ləzzətli, dadlı meyvələr,
Gilasü albalı, kahı, xoş iyli sarı heyvalar.
Biçər biçinçi arpanı, döyər əkinçi xırmanı,
Çuval-çuval döyüb yığar əkinçi arpa-buğdanı.
Əgər ki, yayda zəhməti əkinçinin ziyad5 olur,
Ziyad olursa, qış günü o da qədr şad olur.
 

PAYIZ ÇAĞINDA

 
Payız çağında hər səhər soyuq-soyuq külək əsər.
Ağaclara, budaqlara dəyəndə yarpağın tökər,
Xəzan ayında meyvələr şüru6 edər savılmağa7.
Bazara turp, kök, kələm, soğan gələr satılmağa,
Küləkli qar, yağış yağar uzun-uzadı yaylağa.
Köçər o vaxt el-oba, enər tamamı qışlağa,
Gündüzlərin qısalması yetər bu vaxt qayətə.
Gecələrin uzanması yetər o dəm nəhayətə,
O vaxt şəhrü qəryənin8 məkatibi güşad9 olur.
Oxumağa uşaqların həvəsləri ziyad olur.
 

QIŞ

 
Payız çatanda axıra boranlı, qarlı qış yetər,
Soyuq, yağış, küləkli qar xəlaiqi məlul10 edər.
Havanın onda artırar soyuqluğunu günbəgün,
Ağacların vərəqləri düşər, xəzəl olar bütün.
Donar şirin sular bütün, düşəndə şaxta onlara,
Məşəqqət ilə sındırıb qarı yığarlar anbara.
Dəyirman işləməz, donar, gəliş-gediş çətinlənər,
Bazarda nırxı11 şeylərin o dəm ziyadə yüksələr.
Qopanda qarlı fırtına cahanı tar-mar edər,
Qırar, yıxar ağacları, qiyamət aşikar edər.
Sükuta dalıyor meşə, cahanı başqa hüzn alar,
Qar üstə ol zaman fəqət qırıldaşar da qarğalar.
Qaçarlar isti yerlərə tamam quşlar ol zaman
Bizimlə qışlayar fəqət dolaşa, sərçə, sağsağan.
Geyər cırıq bürünməsin soyuqda titrəyər, əsər,
Gedər odunçu meşəyə, ağac qırar, odun kəsər.
 

TƏBİƏTİN GÜLMƏSİ

 
Yaz gəldi, bahar oldu, qışın şiddəti getdi,
Qar bitdi, külək yatdı, soyuq axıra yetdi.
Gün çıxdı, işıqlatdı yazın çənli havasın,
Tərk etdi hava tutqun olan tirə libasın.
Göy səmti açıldıqca könüllər də açıldı,
Dünya üzünə zövq, səfa endi, saçıldı.
Çöllər, dərələr dürlü çiçəklərlə bəzəndi.
Dağdan, qayadan qar əridi, çaylara endi.
Güldükcə təbiət, açılır min cürə güllər,
Quşlar da bu əhvalı görüncə sevinirlər.
Göy səmti açıldıqca könüllər də açıldı,
Dünya üzünə zövq, səfa endi, saçıldı.
 

BAĞÇA

 
Göyərin, göy çəmənlərim, göyərin,
Sünbülüm, yasəmənlərim, göyərin.
Açılın, iyli güllərim, açılın,
Allı-əlvanlı güllərim, açılın.
Yetişin, meyvəciklərim, yetişin,
Saralın, heyvacıqlarım, yetişin.
Mənə bir sevgili qonaq gələcək,
Gələcək, bilmirəm, haçaq gələcək.
Gələcəkdir babam mənim yanıma,
Baxacaq allı-güllü bostanıma.
Gəzəcəkdir qədəm-qədəm bağımı,
Görəcəkdir üzümlü çardağımı.
Dərəcək dadlı meyvələr, yeyəcək.
Mənə min dəfə mərhaba deyəcək:
– Maşallah, nə yaxşı qabilsən,
Bağcavanlıqda xeyli kamilsən.
Darayıb, su verib calaqlamısan,
Şaxtadan qışda yaxşı saxlamısan.
 

YAY GECƏSİ

 
Axşam oldu, gün batdı, şamlar yandı,
Ta səhərdən axşamacan durmadan.
Gün altında tər tökərək çalışan
Əkinçilər, biçinçilər uzandı.
Yorğun-arğın hərə bir yanda yatır.
 
 
Hər şey sakit, hər yer səssiz-səmirsiz,
Ancaq hünü, milçəklərin vız-vızı,
Bu sükutu pozur… Əkinçi qızı.
Uykuda12 bürküdən, milçəkdən girsiz,
Qollarını bu yan, o yana atır.
 
 
Var bu kənddə yenə elə yoxsullar,
Nə cütü var, nə kotanı, nə kəli.
Ölmək istər, yetişməyir əcəli,
Allahpayı dilər, ağlar, zoqquldar.
Axşamacan xırmanları dolaşır.
 
 
Ey insanlar, fərz deyilmi, bizlərə,
Rəhm eyləmək, əl tutmaq acizlərə?
Onların da var buz kimi ürəyi,
Bir arzusu, bir eşqi, bir diləyi.
Onlar sizdən daha artıq çalışır,
Yaşamaqçın hər zəhmətə alışır.
 

YAY SƏHƏRİ

 
Əkinçilər, – yay gecəsiydi kənddə –
Yorğun-arğın yeni çimir etmişdi.
Arvad, uşaq xırmanlarda, həyətdə
İşdən qurtarmış, uykuya getmişdi.
Birdən xoruzlar hinlərdə banladı,
Qarı nənə sübh olduğun anladı.
 
 
Səs eylədi, – oyandı oğlu, əri,
Əsnəyərək qalxdı yataqdan bunlar,
Çağırdılar nökərləri, rəncbəri,
Oyandılar səsə qohum-qonşular.
Azan səsi gəlir minarələrdən,
Çıxır çölə xəlayiq darələrdən13.
 
 
Böyük-kiçik, rəiyyət, xanım, ağa,
Yapışdılar hər biri bir peşəyə.
Gəlin gedir inəkləri sağmağa,
Odun gətirməyə nökər meşəyə,
Biri gedib ələf tökür kəllərə,
Biri baxır xırmandakı vəllərə.
 
 
Günəş çıxır, dağdan uçur dumanlar,
Həvəslə istinin, tozun içində.
Çalışırlar bu bir yığın insanlar
Xırmanlarda, tarlalarda, biçində.
Bu zəhmətlər şərh olunmaz, uzundur,
İnsaniyyət həp bunlara mədyundur14.
 

ƏKİNÇİ NƏĞMƏSİ

 
Darı, küncüd, arpa, buğda əkməsəm,
İlin üç fəslində zəhmət çəkməsəm,
Ac qalmazmı gözəl, məsum uşaqlar?
 
 
Mənsiz kətan, kəndir verməz zəmilər,
Çadırsız yelkənsiz qalar gəmilər,
Nazik donsuz yayda uşaqlar ağlar.
 
 
Suvarmasam, yanar otlar, çiçəklər,
Ac qalanda süd verməsə inəklər,
Nədən olar şor, pendir, yağ, qaymaqlar?
 
 
Ot biçməsəm, qırılmazmı qoyunlar?
Hardan olar hasil o vaxtı yunlar?
Qışda nədən olar kürklər, papaqlar?
 
 
Əkinçi hər kəsdən artıq çalışar,
Onun əməyilə insanlar yaşar.
Qida verər məxluqata torpaqlar.
 

QIŞ

 
Bir az əvvəl sağa-sola uça-uça fırlanan,
Parça-parça qarlar indi yavaş-yavaş düşüyor.
Buruq-buruq bacalardan çıxır tüstü, ağ duman,
Küçələrdə it soyuqdan zingildəyir, üşüyor.
Hərdən külək qalxır, yerdən qarı qapıb sovurur,
Gəlib-gedən insanların üz-gözünü qovurur.
 
 
Dağı, daşı qar büsbütün ağ kəfənə bürümüş,
Pəncərənin şüşələri buz bağlayıb donmuşdur.
Dəyirmanın, bulaqların suyu donmuş, qurumuş,
Sərçə, dolaşa yem axtarır, qar üstünə qonmuşdur.
Dövlətlilər isti evdə rahat yeyib yatırlar,
Un almağa ac, yazıqlar paltar-palaz satırlar.
 
 
Allahpayı diləyəni acıqlanıb söyürlər,
“Allah versin, get kəsb elə”, – deyib hər kəs rədd edir.
“Acam, donub ölməkdəyəm” desə, qovub döyürlər.
Bir deyən yox fəhləliyə bunlar getmir, kim gedir?
Bu yazıqlar deyilmidir fabriklərdə çalışan,
Lağımlarda külüng çalan, zəhmətlərə alışan?!
 

YAY SƏHƏRİ

 
Od tutub qırmızı atəşlə yenə yandı üfüq,
Şəfəqin qırmızı rəngilə işıqlandı üfüq.
Bir qədər çaydan uzaq, od qalamış dağda çoban,
Oyadır öz sürüsün otlaya yaylaqda çoban.
Yumuşaq göy çəmənin üstə düşüb şeh gecədən,
İsti yoxdur, hələ var bir balaca meh gecədən.
Ağ dumanlar ucalır göy üzünə dağlardan.
Çox sərindir havası, keçmə bu yaylaqlardan.
Gün çıxır, göydə bulud qırmızı rəngə boyanır,
Kəndlilər çox yorulub, uykudan indi oyanır.
Pəyədən mal-qaranı bəzi çıxardır qırağa,
Bəzi səhrayə gedir işləməyə, bəzi bağa.
 
1.Xəlaiq – burada: bütün canlılar
2.Şükufə – açılmış gül, çiçək
3.Mayıs – may ayı
4.Təmuz – iyul ayı
5.Ziyad – artıq
6.Şüru – işə başlama
7.Savılmaq – sovulmaq sözünün təhrif olunmuş forması, mənası hansısa bitkinin mövsümünün bitməsi, həmin meyvənin, və ya tərəvəzin qurtarması
8.Qəryə – böyük kənd, kiçik şəhər
9.Güşad – genişlik, açıqlıq
10.Məlul – bezmiş; kədərli, qəmli
11.Nırx – ən zəruri ehtiyacları təmin edən mallara hökumət orqanları tərəfindən qoyulan qiymət
12.Uyku – yuxu
13.Dar – ev, bina; məkan, yer
14.Mədyun – minnətdar

Bepul matn qismi tugad.

60 620,79 soʻm