Kitobni o'qish: «Leyli və Məcnun», sahifa 7

Shrift:

Gözlərini açdıqda sahildə üzüüstə qaldığını gördü. Dalğalar onu bir-birlərinə ötürə-ötürə vurub sahilə çıxarmışdılar. Taqəti qalmasa da, ətrafa boylanıb Leylisini axtardı. Yağış və dalğalar bütün sahili yumuşdu. Yuxusundakı Leylinin nəhəng heykəlini görməyincə yumruqlarını düyünləyib, sahili döyəclədi. Əllərini dayaq verib qalxmağa çalışanda başı üstündə Leylinin istisini duydu. Günəş çıxmışdı. O, şəfəqləri, şəfəqlər də onu öpə-öpə sarayına yol aldı…

Leyli Şirvan düzündə Qeyslə qaldıqları meşənin yolunu yadında saxlamışdı. Uzaq olduğunu bilsə də, onu heç nə durdura bilməzdi. Yol boyu bir xeyli qaçandan sonra ayaqları artıq sözünə baxmırdı. Ürəyi sürətlə vurur, az qalırdı ki, yerindən çıxsın. Ayaqlarını sürüsə də, dayana bilməzdi. Son nəfəsində də olsa, Qeysə yetişməliydi. Bu gün də ona çatmasaydı, öləcəyini bilirdi! Qoşa çinara çathaçatda Leyli artıq yerimir, qarış-qarış sürünürdü. Çinarların ortasında gülləri qurumuş yataqlarına çatıb üzü üstə qaldı və huşunu itirdi.

Meşədə hər şeyi nəzarətdə saxlayan dərvişlər bir-birlərinə baxdılar – bu o idi! Ağ atlı mələyin yanında keçən dəfə gördükləri o mələk! Onun yıxılıb qalması meşə dərvişlərini əndişələndirdi. Lakin onlar gözləyir, qıza yaxınlaşmırdılar. Bir xeyli keçəndən sonra Leyli ayıldı, əllərini dayaq verib qalxmaq istədi. Taqətsiz olduğundan, ayağa qalxa bilməyib arxası üstə çevrildi.

Təkcə Qeys deyil, buranın daimi sakinləri olan heyvanlar, quşlar da gözə dəymirdilər. Qoşa çinarlar olmasaydı, fikirləşərdi ki, səhv gəlib. Hər şey onda Qeyslə gəldiyi kimi idi, amma bura tərk edilmişdi. Leyli əllərini üzünə aparıb, hönkür-hönkür ağladı, “Hardasan, Qeys, məni qoyub hara getdin, indi mən sənsiz neyləyəcəm?!”

***

Fəttah əl-Şeybaninin dişi bağırsağını kəsirdi. Başını itirdiyindən nə edəcəyini bilmirdi: “Mən Şeybani tayfasındanam, hökmdar Yəzid ibn Məzyəd də bu tayfadandır. Necə olur ki, Bəni Əmir tayfasından birisi, Nofəl əl-Amiri mənə, Şeybanilər tayfasından olan birinə meydan oxuya bilir? Gedəcəm hökmdarın hüzuruna, şikayət edəcəm. Mənim şeybanilərdən olduğumu bilən kimi Nofəl əl-Amirini cəzalandıracaq. Hökmdara deyəcəm ki, Nofəl qızımı qaçırdıb, Məcnunun yanına aparıb”.

O, Bərdəyə, Arran və Şirvanın hökmdarı Yəzid ibn Məzyədin hüzuruna getdi. Əl-ayağı titrəyir, dizləri üstə güclə dururdu. Təzim edib, hökmdara yalvardı:

– Ey xudavənd, mən sənin əmrinlə Bəndovana köçürülmüş bədəviyəm. hökmdarına hər zaman itaətkar qul olmuşam. Amirilər tayfasından olan əl Müləvvəhin oğlu, hər kəsin Məcnun dediyi Qeys qızımın da, mənim də həyatımı məhv edib.

Yəzid ibn Məzyədə onun təbəələri arasında Şirvan çölündəki meşəlikdə bəbir əhliləşdirən, ceyranlarla ot yeyən Məcnun haqqında məlumat vermişdilər. Qeys əl Müləvvəhin Leyli bin-Fəttahın eşqiylə çöllərə düşməsindən, bütün Şirvanın onu Məcnun adlandırmasından xəbərdar idi.

– Onun cünun olduğunu hər kəs bilir. Sənin ağlını itirmiş zavallıdandır şikayətin? – Yəzid ibn Məzyəd qəzəbləndi.

Fəttah əl-Şeybani hökmdarın qəzəbinə tuş gələcəyindən qorxub:

– Yox, yox, hökmdarım, Məcnun xəstə və zavallı bir aşiqdir, mənim qızımı rəzil etsə də, ondan bir xəta gəlməz.

Hökmdar hiss etdi ki, Fəttah əsl şikayətini söyləməkdən qorxur.

– Söylə, gəlişinin səbəbi nədir?

– Şikayətim şahzadə Nofəl əl-Amiridəndir, xudavəndim. O mənim kürəkənim ibn Salamın bir neçə adamını öldürüb, halalca arvadı olan qızım Leylini əlindən alıb, Məcnuna ərə vermək istədi. Önünə keçib, ayaqlarına qapandım, yalvardım, dedim “qızım İbn Salamın artıq kəbinli arvadıdır”. Düzdür, Nofəl əl-Amiri çıxıb getdi, amma o gedəndən iki gün sonra İbn Salam Bağdada çatmamış öldü. Xudavəndi-aləm, onu Nofəl öldürtdürüb. Sapsağlam adam niyə ölsün ki?

– Demək, sənin şikayətin Nofəl Əl Amiridəndir?

– Bəli, xudavənd-aləm! Dünən qızım Leyli də evdən yoxa çıxıb. Mən əminəm ki, onu da Nofəl qaçırıb, Məcnunla birlikdə hardasa gizləyib.

Hökmdar Fəttahın dediklərinə inanmasa da, ədalət naminə Nofəli sorğu-sual etdi.

– Hökmdarım, İbn Salamın evinə söhbət etməyə getmişdim. Onun Leyliylə kəbin kəsdirdiyini bilmirdim. Yavərimi oxla vurduqlarından bizi qətlə yetirmələrinə imkan verə bilməzdim. Leylinin İbn Salamın kəbinli arvadı olduğunu öyrənəndən sonra mən ordan getdim. O gündən bu günə kimi nə Bəndovana, nə də Lökbatana getmişəm. İbn Salamın ölümündən, Leylinin qaçmağından da xəbərim yoxdur.

Hökmdar qəzəbləndi:

– Sənə kim ixtiyar verib ki, təbəələrin evlənib-evlənməmək işlərinə qarışasan?!

– Hökmdarım, mən atasız-anasız qaldığımda məni sizin ən sadiq qulunuz Əl-Müləvvəh böyüdüb. On dörd yaşımadək Müləvvəh və Rüqəyya ana mənə qayğı göstəriblər. Sizin arxanızca Bəndovana ilk köç edən də Müləvvəh və onun qəbiləsidir. Bütün yaxşılıqlarının əvəzində Allah ona bir möcüzə bəxş etdi. Bəli, hökmdarım, Qeys bir möcüzədir. O, Leylini sevir, Leyli də onu. İki sevəni ayırıb, sonra adını Məcnun qoymaq əgər ədalətlidirsə, Allahı sevənlərə Rəbbinə sitayişi qadağan etmək, uzaq tutmaq da ədalətlimi olacaq? Bu nə qədər şirkdirsə, Leylini Məcnundan ayırmaq bir o qədər günahdır.

Nofəlin sözləri İbn Məzyədə çox təsir etmişdi. Xüsusən də bacısı oğlu ilə on dörd yaşına kimi maraqlanmamağı onun yaralı yeri idi. Nofəli yaxşı tanıdığından bilirdi ki, Məcnun qeyri-adi biri olmasaydı, Nofəl onun üçün bu qədər fədakarlıq etməzdi.

– Sən nə üçün Leylinin Məcnuna qovuşmasını istəmirsən? – ibn Məzyəd Fəttahdan soruşdu.

– Cünun, ağlını itirmiş birinə mən necə qız verim?

Yəzid ibn Məzyəd ədalətli qərar vermək üçün Nofələ əmr etdi:

– Sən də, Fəttah da birlikdə gedib Məcnunu və Leylini mənim hüzuruma gətirin. Əgər onların evlənməsinə heç bir maneə olmasa, xeyir-dualarını özüm verəcəm.

Nofəl adamları ilə atını Bərdədən Bəndovana dördnala çapırdı. Fəttah əl-Şeybani də onlarla idi. Əl-Müləvvəhi də götürüb Qeys və Leylinin arxasınca Şirvan düzünə gedəcəkdilər. Hər ikisini Yəzid ibn Məzyədin hüzuruna aparacaqdılar, iki sevgilinin taleyini hökmdar həll edəcəkdi.

Qeys və Leyliyə verdiyi sözü yerinə yetirməməsi Nofəli çox incidirdi deyə indi də tələsirdi. O gündən bəri hər gün Allaha yalvarırdı ki, Ulu Rəbbimiz iki sevəni qovuşdursun. Verdiyi sözü yerinə yetirməmiş o, Qeyslə Leylinin üzünə baxa bilməzdi. Bilirdi ki, adil hökmdar Yəzid ibn Məzyəd ədalətsiz qərar verməz, aşiqləri onun yanına aparandan sonra bu məsələ həllini tapacaq.

Fəttah da artıq çıxılmaz durumda idi. Qızını itirməkdənsə, Qeyslə evlənməsinə razılaşmaqdan başqa çarəsi qalmamışdı. Bir də ki, son qərarı artıq hökmdar verəcəkdi.

Əl-Müləvvəh də xəbəri sevinclə qarşıladı. Nofəlgilə qoşulub yola birlikdə davam etdilər.

Leyli qoşa çinarın altında elə hey “Qeys… Qeys… Qeys…” deyə, sevgilisini səsləyirdi. Səsi get-gedə xırıldayırdı. Meşə dərvişləri qızın əzablarına dözə bilmədilər. Leylinin ətrafına toplanıb, onu əlləri üstündə yuxarı qaldırdılar. Sıraya düzülüb, əsgər dəstəsi kimi addımlayaraq, onu başları üstündə aparmağa başladılar. Xeyli getdikdən sonra Leylini bir neçə gün əvvəl Qeysi gizlətdikləri qumun altındakı sarayın qapısı önündə yerə uzatdılar. Sarayın qapısını açıb, yaxınlıqdakı qum təpəsinin arxasına çəkildilər.

Arzularının ilk bahar çiçəkləri kimi pöhrələndiyi həmin o yaz gününə kimi Qeys həmişə bir arayış içindəydi. Harda axtaracağını bilmədən gözündən daha artıq ruhu ilə aradığını tapdığı gün həm də həyatının ən böyük itkisini yaşamışdı. Leylini tapdığı an qanadlanan Qeys indi ruhu bədənindən uçmuş kimi süstləşir, illərin nəfəsini bir udumda içinə çəkmiş kimi boğulurdu.

Təpənin üstündə oturduğu yerdə başını qaldırıb, düz bərabərindəki topa buluda zilləndi. Gömgöy səmadakı ağappaq bulud topası yayılıb-yayılıb Leyli oldu. Şükranlıq və riqqətlə əllərini üzünün bərabərinə tutdu. “Ya Rəbbim, naşükür bəndəni bağışla! Sən mənə Leylini yox, dünyanı, Cənnəti vermisən. Bağışla məni, ey Rəhman olan!” Ürəyindən keçirdiyi bu sözlər yaş olub gözlərindən selləndi. Geri dönəndə sarayının qapısı açıqdı.

Leylini isti qumlarda uzanmış görüb, onu bağrına basdı. Sevgilisi xəyalındakı kimi, qumluqda gördüyü, qanında, ruhunda, hər zaman onunla olan Leyli idi. Qız gözlərini açdı. Qeys Leylini dikəldib bağrına basdı. Qızın gözləri gülsə də, yanaqlarından yaş süzüldü. Həsrətlə sarılan sevgililərin gözləri ağappaq işıq saçıb, hər ikisinin gözlərini qamaşdırdı. Göy üzündən uzanan işıq seli get-gedə sevgililəri görünməz edir, özləri də işığa çevrilirdilər. Az sonra bu nur topası göylərdən gələn ağ işığın içində itdi və həmin işıq seli gəldiyi yerə çəkildi.

Bu mənzərəni izləyən dərvişlər əllərini qaldırıb birağızdan həmd-səna oxudular:

–Sənə şükürlər olsun, böyük Allah. Mələklərin qovuşdu və göylərə çəkildilər…

Meşə dərvişləri bütün gün sevincdən ağladılar. Allah lütf edib, öz mələklərinin qovuşmasını onlara göstərmişdi. Dərvişlər uğrunda hər cür məhrumiyyətə dözüb getdikləri meşə yollarında əsl həqiqəti tapdılar. Daha burada qalmayacaq, bundan da uzaq, qalın və keçilməz meşələrə gedib bütün ağacları sevib, oxşayacaqdılar. Sevgilərini artırdıqca Allaha da bir o qədər yaxınlaşacaqdılar.

Bəbirxan artıq böyümüşdü. Qum təpəsinin üstünə çıxıb nərildədi. Ana ceyran və ata bəbir də onun səsinə səs verdilər. Sonra bütün heyvanlar Bəbirxanın səsinə səs verdilər. Heyvanlar sanki Leyli və Məcnunun qovuşmasını toy-bayram edirdilər.

Qoşa çinarların yanına çatanda Nofəl Qeys və Leylini əvvəlki yerlərində görmədi. Əsgərlər ətrafa səpələnib, hər yeri axtarmağa başladılar. Heç yerdə onlardan əsər-əlamət yox idi. Yeddi gün, yeddi gecə ətrafdakı meşələr, düzlər, səhralar didik-didik edildi. Nə Leylini, nə də Məcnunu gördüm deyən oldu. Ümidsiz Müləvvəh də, Fəttah da Nofəlin üzünə baxır, kömək umurdular. O isə rahatlıqla gülümsədi:

– Gedək, biz onları tapa bilməyəcəyik. Hökmdar bizi gözləyir. Onların harda olduqlarını hökmdarın hüzurunda deyəcəm. Məncə, onların yerini bilirəm, çox da xoşbəxtdirlər.

Onlar Bərdəyə çatanda qaş qaralırdı. Hökmdarın hüzurunda idilər.

– Bəyəm, onlar iynə olub yoxa çıxıblar?

Nofəl əlini sinəsinə qoyub dedi:

– Hökmdarım, biz onları yer üzündə tapa bilmərik.

İbn Məzyəd təəccübləndi:

– Niyə?

Nofəl hökmdardan izn alıb, sarayın eyvanına çıxdı. İbn Məzyəd, Müləvvəh və Fəttah da onun arxasınca eyvana çıxdılar.

– Ora baxın, – Nofəl əli ilə göy üzünü göstərdi.

Səmada qoşa ulduz bir-birlərinə qovuşub parlaq işıq saçırdılar. Çox keçməmiş Leyli və Qeys göründü. Qollarını bir-birlərinin boynuna dolayıb yer üzünə baxırdılar. Təbəssümləri yer üzünü isidirdi.

–Onlar gəldikləri yerə qayıtdılar. Onlar dünyanın ən parlaq ulduzlarıdır. Ən böyük sevgilər Allahdan yaranıb, Allaha da qayıdırlar…

Epiloq əvəzi

Uzun illər hansısa bir qüvvə mənə deyirdi ki, “Leyli və Məcnun”u yaz. Böyük Nizamidən, Füzulidən sonra bu əsəri yazmağa tərəddüd edirdim.

Bir gün təsadüfən Bəndovana getmişdim. Palçıq vulkanlarının yaxınlığında, qızmar günəşin altında tək-tənha oturub, yenə Leyli və Məcnunu düşünürdüm.

Uzaqdan mənə doğru bir nəfərin gəldiyini gördüm. Bir qədər də irəliləyib, yerində durub qaldı. Əynində min il əvvəl ərəblərin geydiyi paltar vardı. On altı-on yeddi yaşlarında ancaq olardı. Yerimdən dik atıldım. Aman Allahım, bu insan mənim gəncliyimin eynisi idi. Hər kəs o yaşda necə olduğunu yaxşı xatırlayır.

– Sən kimsən? – soruşdum.

– Mən Qeysəm, – dedi.

– Niyə mənim gəncliyimin eynisisən?

– Sən də mənim özümsən. Min il əvvəl Qeys kimi doğuldum, altmış beşdə yenidən sən olaraq doğulmuşam. Yaxşı düşün, beynini qurdala, min il əvvəl başımıza gələn hər şeyi yalnız sən xatırlayacaqsan. Bunu özün yaz. Bu, Leyli və Məcnun haqqında ən doğru hekayə olacaq. Çünki bu bizim öz hekayətimizdir…

Yosh cheklamasi:
16+
Litresda chiqarilgan sana:
17 fevral 2024
Yozilgan sana:
2024
Hajm:
130 Sahifa 1 tasvir
Mualliflik huquqi egasi:
Автор
Формат скачивания:
epub, fb2, fb3, ios.epub, mobi, pdf, txt, zip

Ushbu kitob bilan o'qiladi

Sotuv xitlari
4,3
18