Faqat Litresda o'qing

Kitobni fayl sifatida yuklab bo'lmaydi, lekin bizning ilovamizda yoki veb-saytda onlayn o'qilishi mumkin.

Kitobni o'qish: «Dodaqdan qəlbə», sahifa 5

Shrift:

VI

Kənan bir axşam Şəmi dədəgildən gəlirdi. Qonşu bağlardan birinin qapısında göy rəngli çarşab örtmüş bir qadın dayanmışdı. O, divarın üstündən yola sallanmış böyük əncir ağacının kölgəliyində durub, sıx yarpaqlı budaqlardan birini günəşin qabağına tutmaq istəyirmiş kimi üzünə tərəf çəkirdi.

Kənan bu göy çarşablı qadının yanından keçəndə onun Lamiə olduğunu gördü.

Xınalı yapıncaq kiçik, al yanaqlı üzündə utancaq bir təbəssümlə ona baxıb gülümsəyirdi.

Kənan da gülümsəyərək ona tərəf gəldi:

– Az qalmışdı sizi tanımayım, Lamiə xanım. Çarşab örtüb, əməlli-başlı bir xanım olmusunuz… Mübarək olsun.

Lamiə ona baxmağa cəsarət etmirdi. Titrəyərək:

– Mən keçən ildən çarşab örtürəm, – dedi. – Bu gün səhər əmidostumla İzmirə getmişdik…

– Bu istidə nə əcəb?

– Bəli… əfəndim… Çox istidir. İllah da ki, toy evi. Bir görəydiniz. Çox yaman isti idi. Üstəlik örtülü bazara da getməli olduq.

– Siz toya getmişdiniz?

– Bəli, əfəndim. Sonra örtülü bazara da getdik.

– Deməli, bu geyinib-keçinmək toy üçün imiş, Lamiə, barı gəlin də sizin kimi gözəl idimi?

Xınalı yapıncaq bir az da artıq qızardı. Kirpikləri, dodaqları titrəyir, başını yana çevirirdi.

– Haçan gəlmisiniz?

– Elə indicə, əfəndim, mən faytondan sizi gördüm.

– Bəs niyə burada dayanmısınız?

Lamiə əvvəl tərəddüd etdi. Sonra gözlərini aşağı endirərək, utana-utana cavab verdi:

– Sizi gözləyirdim…

– !!!

– Sizə salam gətirmişəm, əfəndim.

– Kimdən?

Lamiə çox utanmasına baxmayaraq gülməkdən özünü saxlaya bilmədi, hələ də tutmaqda olduğu əncir budağını bir az da üzünə tərəf çəkdi:

– Nemət xanımdan, əfəndim, – dedi.

O, bu sözün Kənana təsir edəcəyini düşünürdü. Onda görəcəyinə əmin olduğu həyəcanla özü də titrəyir, göz qapaqları tez-tez açılıb-yumulurdu.

– Təşəkkür edirəm, Lamiə xanım. Nemət xanımı harada gördünüz?

– Peştimalçılar35 başı küçəsindən keçirdik. Onlar da mağazadan çıxırdılar. Onu yaman könlüm istəyirdi, əfəndim.

Lamiə bu gün ilk dəfə olaraq Kənanla bu qədər çox danışmağa cəsarət edirdi.

Bir həftə bundan əvvəl qayınanası ilə baldızı Manisadan Nemət xanıma qonaq gəlmişdilər. Gənc qadın onlar gəlincəyə qədər Qarşıyaxadakı evlərində yaşamalı olmuşdu. Bu əhvalat Lamiə üçün böyük dərd olmuşdu. O, nəinki Nemət xanımsız qalmışdı, daha Kənanın yanına getməyə də cəsarət eləmirdi. Bu uğursuz qonaqların tez çıxıb getmələri üçün gecə-gündüz dua edirdi.

Lamiənin İzmirdən gətirdiyi xəbərlər tək bundan ibarət deyildi. Faytonda gələrkən söyləyəcəyi sözləri bir-bir hazırlamışdı. Elə xəbərləri, elə müjdələri vardı ki, bunlar onun rolunu Kənanın nəzərində böyüdəcək, onu Lamiəyə bu gözəl sevdaya məhrəm bir adam kimi baxmağa məcbur edəcəkdi. Mağazanın yanında Nemət xanımı necə gördüyünü danışarkən Lamiə qəsdən sözü uzadır, onun suallar verəcəyini gözləyirdi. Lakin Kənan bir şey soruşmadı, sözü dəyişdi, Lamiə onun utandığını güman etdi.

– Nemət xanımın nə vaxt gələcəyini bilirsinizmi? – dedi, – Sabah yox, o birisi gün – cümə ertəsi, axşam… Gətirdiyim xəbər üçün mənə nə muştuluq verəcəksiniz, Kənan bəy?

Lamiə ona ilk dəfə idi ki, adı ilə müraciət edir, ilk dəfə idi ki, ondan bir şey istəməyə cəsarət eləyirdi.

Qız sadədilliyi ilə Kənanda bu məsələyə bir maraq oyandırmağa çalışırdı. O, getdikcə cəsarətlənir, sözünə davam etsə də ağlamağa hazırlaşan uşaqlar kimi dodaqları, göz-qaşı titrəyirdi.

– Nemət ablamın yenə buraya gələcəyinə bilsəniz necə sevindim, Kənan bəy… Mən hər şeyi bilirəm… Qorxmayın, heç kəsə bir söz demərəm… Neçə gündür ikinizə də elə yazığım gəlir ki… Dünən gecə fikir verdim… Otağınız qaranlıqdı… Lampanızı yandırmamışdınız, heç kaman da çalmadınız. Yaman qorxdum… “Allah eləməmiş, Kənan bəy xəstə deyil ki”, – deyə fikirləşdim.

Lamiə dərin bir saflıqla bunları danışarkən Kənan gülməmək üçün dodaqlarını dişləyirdi. Çünki onların cürət və cəsarətləri həddini aşmışdı. Pəncərələrin qaranlıq, kamanın səssiz qaldığı gecəni onlar Bucada36 bir oteldə birlikdə keçirmişdilər.

“Kənan bəyin özü üçün olduğu kimi kamanı üçün də yaman darıxmışam. Bu gecə həmin ninnini çalmasını rica et. Mənim əvəzimə də sən qulaq asarsan”, – deyərkən yəqin ki, Nemət xanım da Lamiə ilə bir qədər əylənmək istəmişdi.

Lamiə bu arzunu Kənana söyləyərkən sevincindən titrəyir, Nemət xanım üçün çalınacaq kamanı dinləmək işi ona qürur verirdi.

O, gecə otağına həmişəkindən tez çəkildi. Lampanı söndürdü. Pəncərəni açdı. Nemət xanım üçün çalınacaq ninnini gözləməyə başladı. Lakin saatlar keçir, kaman heç cür dilə gəlmirdi. Kənan o gecə Münir bəyin bağına getmiş, gecə yarısından sonra yorğun bir halda evə qayıtdığı zaman qıza verdiyi söz yadına düşməmişdi.

Lamiə də bunu unutmuş kimi göründü, Kənanı gördüyü vaxt heç bir söz demədi. Lakin ürəyində bu, o gözəl sevda tarixindən ilk qırılmış bir xəyal, pozulmuş ilk əhd olaraq qaldı.

* * *

Sentyabr ayı qurtarmaq üzrə idi. Bağlar isə hələ də iyul ayına məxsus bir istilik içərisində yanırdı, yalnız gecə yarısından sonra hava bir qədər sərinləşirdi.

Kənan artıq avaralıqdan əl çəkmişdi. Əsəri üzərində işi gündən-günə irəliləyir, ona gözlədiyindən artıq nəşə və ümid verirdi. Çox vaxt o, gecələr də işləyirdi.

Əslində kiçik yaşlarından bəri gecənin Kənan üzərində qəribə bir təsiri vardı. Gündüzləri daima bir az keyimiş, yorğun, süst olur, qaranlıq düşəndə, ilk işıqların yanması ilə o da canlanmağa, dirçəlməyə başlardı.

Artıq o, hər gecə bir bağda yığışan qonşuların məclisinə getmir, köşkün qabağındakı çardağın altında, yaxud bağın tənha bir guşəsində təkbaşına gəzib papiros çəkir, yatağına ancaq gecə yarısından sonra şeh düşməyə, bağlardan yavaş-yavaş sərin torpaq qoxusu gəlməyə başladığı zaman uzanırdı.

Saib paşa çardağa tərəf açılan pəncərələrə rəngli şüşələr saldırmışdı. Kənan bu pəncərələri həmişə açıq qoyur, otağında işığı ancaq pianonun üstünə düşən qalın abajurla bir lampa yandırırdı.

Kənan bəzən sübhün şəfəqləri onun lampasının işığını zəiflədənə qədər işləyirdi. İşığın ətrafına pərvanələr, parlaq yaşıl qanadlı gecə cücüləri toplanır, onların yarıişıq divarlara düşən böyümüş, titrək kölgələri otağı səssiz bir həyatla doldururdu.

Gənc sənətkar bu zərərsiz gecə cücülərini çox sevirdi. Bəzən gülümsəyərək düşünürdü: “Otağım da könlümə bənzəyir. Yaşımın artmağına baxmayaraq orada da daima belə səssiz bir həyatın titrəyişlərini duyuram. Orada da daima nə isə xəyala bənzər şeylər çırpınır, titrəyir, gizli bir atəşdə zərif qanadlarını yandırır… Otağım könlümə bənzəyir”.

Bağda “Quzğun” adlı bir qoca it vardı. Gündüzləri “Kərəm”lə bərabər uşaqların həlim, cəfakeş dostu olan “Quzğun”, gecələri qorxunc gözətçiyə çevrilir, bağın dalındakı cığırdan ins-cins buraxmırdı.

“Quzğun” Kənana çox öyrəşmişdi. Gecələri onun qapısı qabağındakı çardaqdan ayrılmırdı. Kənan bəzi gecələr yaşlı köpəyin qəfildən yerindən sıçradığına diqqət etmişdi. Belə hallarda “Quzğun” bir daha geri dönmür, yalnız hərdənbir gündüzlər uşaqlarla oynarkən etdiyi kimi kəsik-kəsik yumşaq səslər çıxarırdı.

Kənan bununla maraqlanmağa başlamışdı. Bir gecə otağından çıxdı, köpəyin getdiyi tərəfə doğru yollandı. Hələ on addım getməmişdi ki, heyrətlə durdu: meynələrin arasındakı tək zeytun ağacının altında ağ paltarlı bir qadın xəyalı dururdu, “Quzğun” onun ayaqları altında kəsik-kəsik zingildəyirdi. Hər halda o, yad adam deyildi. Yoxsa it onu bağa girməyə qoymazdı.

Kənan bir az da irəliləyib bu ağ geyimli qadının Lamiə olduğunu gördü. O da Kənanı tanımışdı. Sakit bir balda dayanaraq onun yanına gəlməsini gözləyirdi.

– Lamiə xanım, bu vaxt burada nə edirsiniz?

Xınalı yapıncaq bu gecə heç çəkinmədən cavab verdi:

– Sizi dinləməyə gəlmişəm, Kənan bəy… Yuxum qaçıb.

– Qorxmursunuz?

– Xeyr… Niyə qorxum?

– Sizə acıqlanmazlarmı?

– Bura özgə yer deyil ki. Bir də, bu saat məni kim görə bilər? Hamı yatıb…

Hamının yatdığı bir vaxtda bağda gəzişən bu gənc qıza Kənanın nədənsə yazığı gəldi. Şəfqətlə soruşdu:

– Yaxşı, bəs sən niyə yatmırsan, Lamiə?

Lamiə yaşına yaraşmayan ağır, mütəəssir bir ciddiyyətlə:

– Mən musiqini yuxudan çox sevirəm, – deyə cavab verdi. – Kənan bəy, bir neçə gecədir nə gözəl şey çalırsınız…

– Mən elə bir şey çalmıram ki… Hələ işləyirəm…

– O daima təkrar etdiyiniz parça nə gözəldir… İndiyə qədər belə bir şey eşitməmişəm… Uzaqdan dinləməklə doymuram. Ürəyimdən başımı pianoya dayayıb o parçanı su kimi içmək arzusu keçir.

Lamiənin incə üzü məsum bir hərarətlə qızarır, yaşıl gözləri bitab bir halda süzülürdü.

Kənanın heyrət və riqqəti getdikcə artırdı. Ahəstə və titrək bir səslə:

– Lamiə xanım, – dedi. – O, neçə gecədən bəri tez-tez çaldığım şey yeni əsərimin ən çox xoşladığım parçasıdır… Ömrümdə bir də ürəyimdən bu qədər gözəl bir fəryad qopacaqmı? Bunu bilmirəm… Lakin indi məni əsl maraqlandıran bu deyil… Məni indi maraqlandıran odur ki, axı siz bunu necə duya bilmişiniz. Bu yaşlanmış, əziyyətlər görmüş, iztirab çəkmiş insanlara məxsus musiqi parçasını Xınalı yapıncağın cavan ruhu necə anlamışdır?

Kənan bir az utanaraq susdu. Bunlar bir qız uşağına deyiləsi şeylərmi idi? O, yavaş-yavaş, bir az ciddi, yaşlı adam tövrü alaraq:

– Yaxşı, Lamiə xanım, – dedi, – gedib yatın… Yuxusuzluq rənginizi saraldar, sonra Xınalı yapıncaq solmuş yarpaqlara bənzər.

Lamiə “nə olsun?” demək istədisə də susdu, yavaşca çiyinlərini çəkdi, sonra qorxa-qorxa rica etdi:

– İcazə verin, çalmağınıza bir dəfə də yaxından qulaq asım.

Kənan gülərək razılıq verdi:

– Yaxşı, Lamiə xanım, gəlin sevdiyiniz parçanı sizə bir dəfə başdan axıra qədər çalım.

Lamiə sevincindən uçurdu. Təşəkkür etmək üçün söz tapmır, yaşıl gözlərində sonsuz bir minnətlə Kənana baxırdı. Ağacların arası ilə yan-yana köşkə tərəf getdilər. “Quzğun” astadan zingildəyir, quyruğunu bulayaraq onların arxasınca gəlirdi.

Kənan şüşəli qapını açarkən bir anlıq tərəddüd keçirdi: Lamiə necə olsa da cavan bir qızdı, onu öz otağına gətirməsi doğru deyildi. Ancaq bu tərəddüd uzun sürmədi Kənan özü ağlına gələn şeydən utandı.

“Mən, olsa-olsa bu qızcığazın atası sayıla biləcək yaşdayam” deyə düşündü.

Lampa qalın abajurun altından ancaq pianonun dillərini işıqlandırır, yarıişıq divarlarda pərvanələrin, yaşıl qanadlı gecə cücülərinin böyümüş kölgələri titrəyirdi.

Kənan bir şey söyləmədən pianonun arxasına keçdi, Lamiənin sevdiyi parçanı yavaş-yavaş çalmağa başladı. Qız ayaq üstündə durmuş, bayaqkı arzusuna nail olmaq istəyirmiş kimi başını yavaşca pianoya dayamışdı.

Kənan parçanı çalıb qurtardıqdan sonra üzünü qıza tərəf çevirdi. Lamiə hələ də sarışın başını pianodan qaldırmır, yorğun bir dalğınlıqla ona baxırdı. Kənanı dinlərkən ağlamışdı, qızarmış çil-çil yanaqlarındakı göz yaşları hələ qurumamışdı.

Kənan onun bu donuq aydınlıq içində daha da açıq rəng alan sarı saçlarını oxşamaqdan özünü saxlaya bilmədi, nəşəli bir riqqətlə güldü:

– Lamiə xanım… Tökdüyünüz bu bir neçə damla göz yaşını əsərim üçün bir uğur sayacağam. Ümid edirəm ki, bu əsərimi də bəyənəcəklər.

– Bəyənməmək mümkündürmü, Kənan bəy!.. İnsan sizin musiqinizi dinlərkən ölmək istəyir.

Lamiə bunu deyərkən titrəyir, bu gözəl səslər içində ölmək zövqünü duyurmuş kimi gözlərini yumurdu. Kənan gülərək onu hədələdi.

– Bax, bir də bu sözü səndən eşitməyim… Dilini kəsərəm, şeytan, – dedi.

Lamiə də artıq gülür, getməyə hazırlaşırdı.

Kənan onu bağın kənarına qədər yola salarkən əsəri haqqında bir xeyli məlumat da verdi:

– Bunu indi yaxşı başa düşmək mümkün deyil, Lamiə xanım. Belə pyesi bir piano, ya bir tək kaman sizə lazımi şəkildə çatdıra bilməz. Bunu orada yüzə yaxın ən mükəmməl musiqi alətindən ibarət orkestrin, gözəl səsli məşhur sənətkarların ifasında dinləmək lazımdır. Burada əsərin dəyərini tamamilə təsəvvür də edə bilməzsiniz. Yaxşı, get, Lamiə, yuxun şirin olsun.

Lamiə çəpəri aşıb öz bağlarına keçmişdi. Kənandan ayrıldığı zaman dərindən içini çəkdi:

– Heyif, bu əsərə sizin dediyiniz şəkildə nə mən, nə də Nemət ablam qulaq asa bilməyəcəyik.

Kənan evə o saat qayıtmaq istəmədi. Arxası üstə qum üzərində uzandı. Ulduzlara baxa-baxa rabitəsiz şeylər düşünməyə başladı: “Bu qızcığaza yazığım gəlir. Bu gecəki gözlənilməz hadisə məni xeyli kədərləndirdi. Zavallı Xınalı yapıncaq otağımdakı işığın qaranlıqlardan çəkib gətirdiyi o səssiz gecə cücülərinə bənzəyirdi… Pianonu çalmağa başladığım vaxt, görünür, yatmaq üzrə imiş, bəlkə də yatırmış. Gecənin dərinliyindən gələn bu səslər onu oyatmışdır, nə istədiyini, nə etdiyini özü də düşünmədən, o, gecə cücüləri kimi bu səslərə doğru gəlməyə başlamışdır. Yaşıl, parlaq qanadlarını lampanın atəşində o qədər dərin bir şövqlə yandıran cücülər kimi bu kiçik məxluq da musiqinin atəşində yanmaq istəyirdi. Bu, hələ yeni yaşamağa başlayan qızcığaz ölümdən söz saldığı vaxt ürəyim sızıldadı… Zavallı Lamiə”.

* * *

Lamiə o gecədən sonra adət etmişdi. Bağlarda səslər kəsilib işıqlar söndükdən sonra evdən çıxır, Kənanı dinləməyə gəlirdi.

Bu, Kənanın əvvəl xoşuna gəlməmişdi. Adamlar qəribə olurlar. Lamiənin onun üçün adi bir qonşu qızından başqa bir şey olmadığını anlamaya, bəlkə hətta dedi-qodu da edə bilərlər. Ancaq bunu bu saf qızcığaza söyləmək hələ bir yana dursun, fikrindən belə bir şey keçdiyini ona hiss etdirməyə də utanırdı.

Bununla belə, Lamiə də o gecədən sonra daha Kənanın otağına gəlməmişdi. O, gəlib çardaq altındakı həsir divanda oturur, “Quzğun”un başını dizləri üstünə alaraq saatlarla musiqiyə qulaq asırdı.

Kənan arada işinə fasilə verərək bir papiros yandırır, pəncərənin içində oturaraq Lamiə ilə söhbət edirdi. Qız ona əməlli-başlı alışmışdı. Artıq o, çəkinmir, həyatından, işlərindən bir böyük qardaş əmniyyəti ilə ona danışırdı. Bir gecə söhbətləri lap dərdləşmə şəklini almışdı, Lamiə ona ən əziz adamlarından (anasından, atasından) və Paşabağçadakı evlərindən danışırdı. Buna sakit gecənin dərinliklərində birdən-birə qalxan, çardaqları xışıldadıb, yerə xeyli quru yarpaq tökən keçici külək səbəb olmuşdu. Kənan yenə pəncərənin yanında papiros çəkirdi. Lamiə gözlərini yumaraq başını küləyin gəldiyi tərəfə çevirmiş, saf və kədərli bir təbəssümlə:

– Nə gözəldir, – demişdi, – İstanbulun küləyi yadıma düşdü.

Kənan gülümsəyərək:

– İstanbulun küləyi, deyirsən? – deyə soruşdu.

O artıq qıza “sən” deyə müraciət etməyə başlamışdı.

– Məgər İstanbulun ayrıca küləyi var?

Lamiə dərin bir səmimiyyətlə başını əydi:

– Əlbəttə, Kənan bəy… Oranın dənizi, küləyi də başqa cürdür… Burada xətirlərinə dəyər deyə başqalarına demirəm… Amma siz məni başa düşərsiniz… Evimizdə olanda axşamlar dəniz tərəfdən xəfif bir külək əsərdi. Mən onu dünyanın hansı yerində olsam tanıyaram… Biz o zaman necə də bəxtəvər idik… Qardaşım, anam, atam sağ idilər… Hamısı birdən necə də cavan öldülər… Məni bu cür yalqız qoydular…

Lamiə dizi üstə yatan “Quzğun”un başını tumarlayır, boynunu azacıq bükərək yaşıl gözləri ilə Kənana gülümsəyirdi.

Ən çox qardaşım Faxir üçün yanıram… O məndən iki yaş kiçik idi… Mənə çox oxşayırdı, ancaq yaman dəcəl idi… Kuklalarımı sındırır, oyuncaqlarım olan şkafı qarışdırır, mənə heç rahatlıq vermirdi… Bir-iki dəfə yazığı döymüşdüm. Bir kərə atam bizə şüşə qutular içində bəzəkli konfetlər gətirmişdi… Faxir özününküləri o saat yedi.

– Hamısını yemə, sonra vermərəm, ağlarsan, – dedim. Qulaq asmadı. Mən qəsdən öz konfetlərimi saxladım. Axşamüstü dəniz kənarına getdiyimiz vaxt yeməyə başladım, Faxir mənə yalvarıb ağlayırdı.

“Oho!” deyə ona acıq verirdim… Sonra başqa bir insafsızlıq elədim, Kənan bəy.. “Oyun çıxardıb, məni güldürə bilsən sənə bir konfet verərəm” dedim… Qardaşım həm ağlayır, həm o gözəl üzü ilə qəribə-qəribə hərəkətlər edirdi… Görün, mən nə pis qızam, Kənan bəy? Ondan sonra da ona konfet vermədim. Bacı da belə şey edərmi? Faxiri bir gün məktəbdən xəstə gətirdilər. Qardaşım bir həftə sonra yatalaqdan öldü. Xəstə vaxtında məni onun yanına buraxmaq istəmirdilər. Mən fürsət tapdıqca o yatan otağa girir, “Faxir, yaxşı ol, öz pulumdan sənə o konfetlərdən alacağam” deyirdim. Anamla atama da çox heyifim gəlir. Amma onlar barəsində sonralar mənə dərd ola biləcək bir şey eləməmişdim. Ancaq Faxir… Yəqin elə bunun üçün uşaqların nazına, şıltaqlığına bu qədər dözə bilirəm. Əmimin uşaqlarına, bilirsiniz, necə yaxşı baxıram? Düzdür, əslində bu elə mənim borcumdur. Elə deyilmi, Kənan bəy? Evlərində yaşayıram; hər halda əmim, xüsusilə əmidostum mənə baxmağa borclu deyillər. Mənə elədikləri yaxşılıqların əvəzini çıxmaq üçün bir şey eləməliyəm, elə deyilmi? Səmihə ilə Fikrətə dayə kimi baxıram. Nə istəyirlərsə edirəm. Kimin əvvəl öləcəyi məlum deyil ki, Kənan bəy. Sonradan peşmançılıq çəkməkdənsə…

* * *

Yayın son, aylı gecələrindən biri idi. Təpələr, evlər, ağaclar, qayalıqlar nura qərq olmuş göy üzünün əsmər sədəflərə bənzəyən səthi üzərində bütün cizgiləri ilə aydın görünürdü. Bozyaxa açıq qurğuşun rəngində bir barelyefi andırırdı. Göz işlədikcə uzanıb gedən çılpaq bağlara düşmüş ay işığı sularda əks edirmiş kimi görünürdü.

Kənan Lamiənin zərif kölgəsini çardaq altında görməyə əməlli-başlı alışmışdı. Ona elə gəlirdi ki, Lamiə burada olanda daha yaxşı işləyə bilir, daha gözəl şeylər tapır. Lamiənin bəzi halları Kənana öz uşaqlığını xatırladırdı. O da vaxtilə çərşənbə axşamları təkyədə qoca minbaşının ud çalmağını dinlərkən gözlərini bu cür yumar, bu cur titrəyərək saralardı. Həyatlarındakı oxşayış təkcə bundan ibarət deyildi. Lamiə yenə bir gecə ona atasından söz açmışdı:

– Mən şərqə getdiyim vaxt on iki yaşında idim. Atama anam kimi qulluq edirdim… Orada xidmətçilərimiz vardı. Yeməyimizi bişirir, paltarımızı yuyurdular. Mən atamın köynəklərini, yaylıqlarını öz əlimlə ütüləmək üçün inad edir, ona qəhvəni özüm hazırlayım deyə, səhərlər çox tez oyanırdım… O da mənə anamdan danışırdı. Sağ olsaydı, indi bəlkə İstanbula qayıtmışdıq və Paşabağçadakı evimizdə olurduq.. Atam hərdən jandarm nəfərləri ilə bir yerdə təftişə çıxırdı. Bir gün bir dərədən keçərkən atı selə düşür… Sular atamı beş dəqiqəlik bir yerə qədər sürükləyib aparır. Dəyirmançılar haraya gəlib onu selin əlindən alırlarsa da, ancaq iş-işdən keçmiş imiş. Sel yazıq atamı bir qayaya çırpmış, başı, döş sümükləri ağır bir halda zədələnmişdi. On günə kimi xəstə yatdı. Həkim dostları çox çalışdılar. Ölən gününədək mən də xəstəxanada qaldım. Gecələri səhərə qədər yatmırdım. Nəhayət, bir gecə halı ağırlaşdı. Məni zorla çölə çıxartdılar, canı çıxana qədər yanına buraxmadılar. O qədər sarsıldığıma baxmayaraq həmin gün də mən atama analıq etdim. Ağlaya-ağlaya sandıqları açdım, bir ölü üçün nə lazımsa öz əlimlə tapıb çıxartdım. Onu mənə son dəfə bir də göstərmək istəmirdilər. Bir qaimməqam həkimi vardı. Ayaqlarına düşdüm. Mənə yazığı gəldi, əlimdən tutaraq atamın yatağı yanına apardı. Üzünə baxa bilmədim. Yıxılıb ayaqlarını öpdüm.

Lamiənin səsi titrəyir, gözləri yaşla dolurdu. Kənan onun sarı saçlarını dərin bir şəfqətlə oxşadı:

– Hələ çox cavansan, Lamiə, keçər-gedər, – dedi. Sonra kədərlə və dalğın təbəssümlə əlavə etdi:

– Sən heç olmazsa son dəfə ayaqlarını öpə bilmisən. Mən isə heç atamın harada və necə öldüyünü də bilmirəm…

VIII

Oktyabrın ortaları idi. İlk yağışlar başlamış, köçəköç düşmüşdü. Bağlarda səhərə qədər vida məclisləri qurulur, məşəllər yandırılıb, musiqi çalınırdı. Buna baxmayaraq Bozyaxaya ağır bir kədər, toy gecəsindən sonrakı səhərlərdə olduğu kimi yorğun bir məhzunluq çökmüşdü.

Ağaclar yarpaqlarını tökmüş, hər tərəf çılpaq və səssiz-səmirsiz olmuşdu. Qurumuş çardaqlarda saralmış salxımlar sallanırdı. Solğun günəşin altında sıra-sıra uzanıb gedən yarpaqsız meynələr böyük bir yanğından çıxmış kimi qara və pis görkəm almışdı.

Bağların payızı yenə də Kənana bir yorğunluq və üzüdanlaqlı uşaqlığının süstlüyünü gətirmişdi. Əsərini tamamlamış, İstanbula qayıdıb getməsinə bir neçə gün qalmışdı.

Gündüzlər böyük küçə qapısının yanında saatlarca oturur, palçıqlı yollarda inilti salıb keçən yüklü öküz arabalarına, təkərlərin buraxdığı izlər içində çürüyən yarpaqlara tamaşa edirdi.

* * *

– Xınalı yapıncaq da başqa üzümlər kimi mənə bu gün bir az saralmış kimi göründü. Görəsən nə olub?

Quyu başında, küknar ağacları yanında idilər. “Kərəm” yenə başını sallayaraq ağır-ağır dolanır, kiçik daş hovuzda axıra qalan üzümlər soyuyurdu. Lamiə uşaqlardan birini “Kərəm”in belinə mindirmişdi. Yıxılmasın deyə uşağın belindən tutur, dalğın-dalğın düşünərək yeriyirdi.

Qız birdən-birə cavab vermədi. Yaşıl, süzgün gözlərini Kənana tərəf çevirdi:

– Sabah səhər biz də İzmirə qayıdırıq, Kənan bəy!

– Deməli, daha bir-birimizi görməyəcəyik.

– Bəli… Elədir…

Lamiə nə isə soruşmaq istəyir, ancaq tərəddüd edirdi. Nəhayət cəsarət elədi:

– Gələn il yenə buraya gələcəksiniz, eləmi, Kənan bəy?

– İndidən bir şey deyə bilmərəm. Bəlkə də… İşlərim imkan verərsə…

– Bəs Nemət xanım… Kim bilir, bir-biriniz üçün nə qədər darıxacaqsınız… Mütləq gələrsiniz, deyirəm, Kənan bəy.

Kənan qızın bu sadəlövh inamını azaltmaq istəmədi:

– Bəli, güman edirəm ki, gələ biləcəyəm.

– Ona məktub yazacaqsınız, eləmi?

– Əlbəttə…

– Mənə də yəqin salam yazarsınız.

– Əlbəttə, Lamiə.

– Nemət xanım çox fikir eləsə, mən ona təskinlik verərəm. Narahat olmayın, Kənan bəy.

– Neçə gündür ki, sizi görmürəm.

– Bir az xəstə idim… Sonra, köçməyə hazırlaşırdıq… Bilirsiniz ki, məndən başqa evdə işə kömək edəcək bir adam yoxdur. Kənan bəy, sizdən böyük bir xahişim var…

– Çox böyükdürmü?

– Nemət xanım üçün bir gecə o ninnini çalacaq idiniz. Yadınıza düşürmü, unudub çalmamışdınız. Bu gecə onu çalarsınızmı?

– Yaxşı, Lamiə… Ancaq bunu Nemət xanım üçün yox, sənin üçün çalacağam… Ona qulaq asa-asa yatarsan, yaxşımı?

– Çox sağ olun… Sabah səhər sizinlə vidalaşmağa gələrəm, Kənan bəy.

– Çox gözəl olar… Belə, Lamiə xanım, görürsünüz, sizinlə əməlli-başlı möhkəm dost olduq.

* * *

Kənan ertəsi gün günortaya yaxın oyanmışdı. Otağın pəncərələrini açdığı vaxt sarı lentlə pəncərə taxtasının kənarına bağlanmış kiçik bir dəstə bənövşə gördü. Bunun kim tərəfindən buraya bağlandığını o dəqiqə başa düşdü. Lamiəyə verdiyi sözü ancaq indi xatırladı. Narahat bir halda əlini başına çəkərək:

– Vay, zavallı qız, – dedi. – Gecə ondan ötrü ninni çalmağı necə də yadımdan çıxardım. Kim bilir, indi məndən nə qədər inciyib.

Bir az kənarda qoca bir bağban yer qazırdı. Kənan pəncərədən onu səslədi:

– Hüseynağa, sən bilmirsən qonşumuz Şükrü bəygil İzmirə köçüblər, ya yox?

– Səhər tezdən getdilər, bəy. O kiçik xanım buraya gəlmişdi. Xahiş elədi ki, sənə salamını yetirim.

Kənan kiçik bənövşə dəstəsini qoxulayaraq:

– Yazıq Lamiəcik, – dedi. – Məndən bir şey istədi, onu da unutdum.

Çiçəkləri nə edəcəyini bilmir, bir əlindən o biri əlinə keçirirdi. Sonra bir stulun üstünə çıxıb çiçək dəstəsini divarda hündür bir yerdə mıxdan asdı.

35.Peştimal – qətfə deməkdir. Burada isə İzmir küçələrindən birinə işarədir.
36.İzmirdə otellər, restoranlar olan bir məhəllə.

Bepul matn qismi tugad.

28 583,80 soʻm
Yosh cheklamasi:
16+
Litresda chiqarilgan sana:
29 oktyabr 2022
Hajm:
1 Sahifa 2 illyustratsiayalar
ISBN:
978-9952-8451-1-1
Mualliflik huquqi egasi:
JekaPrint

Ushbu kitob bilan o'qiladi