Faqat Litresda o'qing

Kitobni fayl sifatida yuklab bo'lmaydi, lekin bizning ilovamizda yoki veb-saytda onlayn o'qilishi mumkin.

Kitobni o'qish: «Dodaqdan qəlbə», sahifa 4

Shrift:

IV

Saib paşa Bozyaxadakı bağının bir tərəfində, əsas binadan xeyli uzaqda gözəl, kiçik bir köşk tikdirmişdi. O, hərdənbir vali, maliyyə müdiri və komandan kimi böyük vəzifə sahiblərini bağında ziyafətə, axşam məclislərinə dəvət edər, onlara həmin xüsusi binada qonaqlıq verərdi. İzmir qəzetlərindən biri zarafatla bu köşkü “Mərasim binası” adlandırmışdı. Saib paşanın rişxəndi başa düşmədiyini, əksinə bundan xoşlandığını görən havayı yeyən dostları o gündən bu kiçik köşkü belə adlandırırdılar.

“Mərasim binası” hündür bir yerdə idi. Buradan həm Qızıl çöl tərəflər, həm Ərəb dərəsi, həm də Kokarya təpələri arasından körfəzin kiçik bir parçası görünürdü.

Saib paşa “göz bəbəyi və iftixarı” olan Kənana bu “Mərasim binası”nı vermişdi. Köşkün döşədilməsinə şəxsən özü nəzarət etmiş, Kənandan xəbərsiz, Karantindəki evindən buraya mebellə yanaşı, bir piano da gətirtmişdi. Xidmətçilərə, uşaqlara möhkəm-möhkəm: – Kənan bəyi narahat eləməyin, – deyə tapşırmışdı. – Mühüm bir əsər yazır. Asudə fikirləşməyə ehtiyacı var. Bütün dünyanın qəzetləri yenə şəklini çap edəcək, hətta köşkün də fotosunu verəcəklər… Adət belədir.

Onun bu canfəşanlığını görən Kənan:

– Paşa dayım, – deyirdi, – bilmirəm sizin xəcalətinizdən necə çıxacağam.

Dayısı isə ona:

– Eybi yoxdur, oğlum, – deyə cavab verirdi. – İnşallah işini qurtarandan sonra bir bələdiyyə marşı yazarsan.

Kənan işə başlamağa tələsmir, hələlik kefi istədiyi qədər əylənirdi. Ərköyün, yaramaz, dəcəl uşağa dönmüşdü.

Əlləri cibində fit çala-çala dərəni-təpəni dolaşır, yer şumlayan bağbanlara kömək edir, bağarası cığırlarda oğlanlarla oynayırdı.

Bağdakı uşaqların başçısı olmuşdu. Cürbəcür şən, gurultulu oyunlar düzəldir, aşıq-aşıq, gizlənpaç, əsir alma oyunlarını uşaqlardan daha çox həvəslə oynayırdı.

Bir gün yenə başına bir dəstə uşaq toplayıb Şəmi dədə ilə zarafat etməyə getmişdi. Qoca dərviş bu vaxt:

– Zarafat bir yana qalsın, Kənan, – dedi. – Mən sənə heyrət etməyə başlayıram, oğlum… Kiçik ikən quzu kimi dinc idin… Səsini-səmirini eşitməzdik…

Kənan əda ilə çiyinlərini çəkərək:

– Vaxtilə bu balacaların ataları, anaları ilə oynaya bilməmişdim, – dedi, – indi özləri ilə oynayıram, babacığım… Həvəsim qəlbimdə gömülüb qalıbmış nədir, bilmirəm, yəqin indi uşaqlıq günlərinin əvəzini çıxıram.

Bunları deyərkən yavaş-yavaş üzünə, səsinə bir hüzn çökür, gözləri Ərəb dərəsi boğazının uzaq yerlərinə tərəf zillənirdi. O birdən silkindi, dərindən bir ah çəkib yenidən əvvəlki tək nəşələndi:

– Haydı, uşaqlar, getdik, – dedi.

Kənanı yalnız uşaqlar deyil, böyüklər də sevirdi. Onun bu, gənclərə xas tükənməz yaşamaq nəşəsi üzünə, sözlərinə qəribə bir cazibədarlıq verirdi.

Uşaqlarla uşaq olan Kənan, cavanlarla danışanda həyat eşqi və məhəbbəti coşub daşan bir gənc olurdu. Nemət xanımla olan macərası da umulmaz bir sürətlə irəliləyirdi. Gənc qadın bütün vüqar və təmkinini unudur, Kənana məzlum bir uşaq kimi təslim olurdu.

Bir səhər Nemət xanım “Mərasim binası”nın qapısı ağzına gəldi, Kənandan bir kitab istədi.

Kənan:

– Niyə içəri girmirsiniz? – deyə soruşdu.

Nemət xanım qeyri-ixtiyari güldü, “belə şey olar?” demək istədi, ancaq utanıb:

– Münirə məni gözləyir, – dedi.

Kənan dəcəl uşaqlara xas bir cürətlə güldü, əllərini belinə qoyaraq:

– Vay, vay, sən bir səbəbə bax, – deyə əylənməyə başladı.

Bu dəfə Nemət xanım ürəkləndi:

– Əgər əsl səbəbi bilirsinizsə, bəs onda nə üçün soruşursunuz?

Kənan ona yaxınlaşdı.

– Əsl səbəbi bilirəm, ancaq onu boş şey hesab edirəm, – dedi. – Məndən qorxursunuz, elə deyilmi?

Nemət xanım yarızarafat, yarıciddi bir hiddət və heyrətlə etiraz etdi:

– Sizdən? Nə üçün?

– Kim bilir… Bəlkə məsələn, qorxursunuz ki, sizi zorla öpərəm…

Bu xoşagəlməz bir sırtıqlıq idi. Gənc qadın qıpqırmızı oldu, acıqlandı:

– Kənan bəy, rica edirəm… – dedi.

Kənan nə çəkindi, nə də buna əhəmiyyət verdi.

Bayaqkı kimi cəsarət və küstahlıqla gənc qadının biləklərindən tutdu, bir göz qırpımında yanağından öpüb buraxdı.

– Gördünüzmü, bunda qorxulası heç bir şey yoxdur, – dedi.

Bunu o qədər cəld və o qədər dəlicəsinə elədi ki, Nemət xanım Kənana acı, sərt bir söz demək istədisə də bacarmadı, əsəbi qəhqəhələrlə gülərək oradan uzaqlaşdı.

O, ağacların arası ilə qaçarkən Kənan da gülürdü. Sonra onun üzündəki təbəssüm yavaş-yavaş söndü, əlləri cibində fikirli-fikirli içəri keçdi: “Həyat nə qəribədir. Vaxtilə bu qarşıdakı ağaclıqda Leyladan ayrılmışdım… Onu bir dəfə bağrıma bassaydım, illərlə özümü xoşbəxt hesab edərdim. Lakin bunu edə bilmədim, fikirləşdim ki, hər şeydən məhrum, çarəsiz gənc bir oğlanın belə hərəkəti çirkin bir həyasızlıq olar. İndi isə mən özümü bir küçə cahili kimi apardım. Utanmadan, çəkinmədən, çardaqdan bir salxım üzüm dərirmiş kimi bu gənc qadını öpdüm… Özünü hirslənmiş kimi göstərdi… Ancaq əminəm ki, onun mənə acığı tutmadı… Demək, müvəffəqiyyət hər şeyə haqq qazandırır”.

Kənan, günəşə baxan pəncərələri kip örtülmüş yarıqaranlıq otağa girmişdi. Piano üstündə duran kamana baxdı, ona bir dost kimi müraciət edərək:

– Bozyaxada darıxmayacağıq, – dedi. – Bu gözəl gənc qadınla bir-iki aylıq macəramız olacaq… Bütün xoşbəxtliyim kimi bunun üçün də mən sənə borcluyam… Təşəkkür edirəm.

V

– Bozyaxanın bütün üzüm növlərindən dadmısınız, Kənan bəy… İstanbulun xınalı yapıncağından27 istəmirsinizmi?

İlkindi çağı idi. Uşaq, böyük istidən bağın bir küncündəki küknar ağaclarının kölgəsinə toplaşmışdı. Bura Qırxçamlara gedən yolun üstündə kiçik bir meşə qoruğu idi. Yayda hər tərəf od tutub yananda, bura sərin və kölgəli olurdu.

Şamlıq tərəfdən həmişə sərin yel əsir, ağzı gen quyu isə buranı daima rütubətli saxlayırdı. Əslində bağda səbzəvat əkilən yerlə quraqlığa davamsız bəzi meynələr bu quyunun suyu ilə suvarılırdı.

Mancanağa qoşulmuş “Qərib”, bağın bu zəhmətkeş heyvanı və onun uşaq kimi sevilən balası “Kərəm” quyunun ətrafında dolandıqca daş novlardan buz kimi soyuq su axırdı.

O gün quyu başı həmişəkin dən tünlükdü. Ağaclar arasında asılmış bir nənnidə yan-yana iki körpə yatırdı. Sərin həsirlər üzərində yarıuzanmış qız və gəlinlər nə isə toxuyur, yaylıq, örpək qırağı işləyirdilər; bir az o tərəfdə hay-huy başa düşməyən bir dəstə nadinc uşaq ördək kimi palçıqlı çalada oynaşırdı. Quyunun yanında kiçik bir daş hovuz vardı, quyudan çəkilən su ora tökülür, sonra novlara axıb gedirdi. Sərin qalsın deyə üzümləri də burada saxlayırdılar.

– Kənan bəy, İstanbulun xınalı yapıncağından istəmirsiniz?

Bu sualı Nemət xanım gülə-gülə verdi. Su çarxının ağır iniltilərini dinləyə-dinləyə, yavaş-yavaş gözlərini yuman Kənan başını çevirmədən cavab verdi:

– Rica edirəm, daha mənim yanımda üzüm haqqında danışmayın, Nemət xanım…

Nemət xanım mənalı-mənalı gülümsündü:

– Mənim Xınalı yapıncağımı görsəniz dediyinizə peşman olarsınız.

Kənan bir az dikəlib başını Nemət xanıma tərəf çevirdi. Nemət xanımın yanında açıq yaxalı, ağ, qısa paltar geymiş, on dörd-on beş yaşlarında kiçik, sarışın bir qız dayanmışdı.

Kiçik qız gülməmək üçün dodaqlarını dişləyir, incə biləklərini Nemətin əlindən xilas etməyə, qaçmağa çalışırdı. Kənanın onlara tərəf döndüyünü görən kimi qıpqırmızı oldu. Üzünü Nemətin biləyi ilə örtməyə çalışdı.

Gənc qadın onu buraxmadı, zorla Kənanın yanına çəkməyə başladı.

– Kənan bəy, mənim bu Xınalı yapıncağım28 sizin kamanınızın pərəstişkarıdır. Kənan bəy, o, sizinlə tanış olmaq istəyir, ancaq utanır…

Nemət xanım qızın biləklərini buraxdı. Qız daha dartınmırdı. İmtahana girmiş qorxaq tələbə kimi başını aşağı salmış, gözlərini yerə endirmişdi; kirpikləri, dodaqları titrəyirdi.

Kənan ona balaca, ürkək bir uşaqdan artıq əhəmiyyət verməyib güldü:

– Bu nə qəşəng qızdır, – dedi, – qonağınızdırmı?

– Xeyr, bağ qonşumuz Şükrü bəyin qohumudur… Bu sarmaşıqların dalında gizlənib bizə baxırdı. Üsulluca yaxınlaşdım, quş ovlayır kimi tutdum.

Kənan:

– Kiçik xanım izmirlidirmi? – deyə soruşdu.

– Xeyr, İstanbulludur… Eviniz Qalıncadadır29, eləmi, Lamiə?

Lamiə çəkməsinin şiş burnu ilə torpaq topasını yastıladırdı. Başını Nemət xanıma tərəf çevirdi, yenə gözlərini aşağı dikib güclə eşidiləcək bir səslə:

– Xeyr, Paşabağçasındadır30… – dedi.

Kənan bu dəfə Lamiənin özündən soruşdu:

– Nə vaxtdan bəri İzmirdəsiniz, Lamiə xanım?.. Burada çoxmu qalacaqsınız? Ata və ananız İstanbuldadırmı?

Nemət başı ilə Kənana işarə elədi ki, bu söhbəti davam etdirməsin. Sonra qızın əvəzinə özü cavab verdi:

– Lamiə xanım İzmirli sayılır. Anası, atası vəfat etmişdir. Əmisi Şükrü bəy onu bir ata kimi sevir. Nişanlısı ilə toylarına qədər burada qalacaq.

Kənan yavaşcadan güldü:

– Boyu balaca xanım nişanlıdır? O bəxtəvər kimdir, Lamiə xanım?

Lamiə yamanca utandı. Əllərini Nemətin çiyninə qoydu, üzünü biləklərinin arasında gizləyərək incik halda dedi:

– Ah, abla!

Gənc qadın onun qalın tək hörüklü sarı saçlarını, günəşdən yanmış açıq boynunu tumarladı, sonra çənəsindən tutub zorla başını yuxarı qaldırdı:

– Xınalı yapıncağımın nişanlısı bu il məktəbi bitirmiş bir mülazimdir31. İndi Trabzon tərəfdədir. Bir neçə ilə yüzbaşı olacaq. Xınalı yapıncam da o vaxta qədər həddi-büluğa çatacaq. Toyunu da elə burada eləyəcəyik. Lamiə, elə deyilmi?

Qızlar və gəlinlər də söhbətə qoşularaq Lamiəni utandırıb əylənməyə başladılar, Kənan onlardan bir az kənarda dayanmışdı. O, qımışa-qımışa Lamiəyə baxırdı. Qızın nazlı siması, açıq yaşıl rəngli xumar gözləri, düz, yaraşıqlı burnu vardı. Günəş üzünün zərif ağ dərisini qızılı rəngə boyamış, yanaqlarına elə bil çil səpmişdi.

Nemət xanım artıq yuxudan oyanmış və bir az o yanda analarının qucağında axşam yeməyinə başı qarışmış uşaqların boş nənnisində əyləşərək, Lamiəni yanına alıb dizlərinin üstündə oturtmuşdu, gəlincik kimi onun çənəsini, dodaqlarını, yanaqlarını oynadırdı:

– Bu kiçik İstanbul qızı üçün ürəyim gedir, Kənan bəy. Baxın, necə də şirin qızdır? Niyə ona “Xınalı yapıncaq” dediyimi yəqin ki, başa düşürsünüz? (Barmağını qızın gözlərinin altına, kirpiklərinə toxundurdu) Bu çillərə baxın. Qadınlar çildən ölümdən qorxan kimi qorxurlar. Amma bunlar Lamiəyə görün necə yaraşır, lap İstanbulun şəffaf qabığı qırmızı xallı, xınalı yapıncaqlarına oxşayır.

Kənan gülərək:

– Ah, bu Bozyaxa bağları, – dedi. – Təşbehləri də üzümlə bağlıdır.

“Kərəm” su çarxının mütiləri altında ağır bir xəyala dalmış kimi elə bil dalğın-dalğın düşünür, tənəkə növlərdən daş hovuza tökülən köpüklü sular içində soyuqdan buğlanmış kimi görünən rəngbərəng salxımlar allı-yaşıllı büllur yığını, sarı kəhrəba kopalları tək qaynaşırdı.

Nemət xanıma bir salxım müşk üzümü vermişdilər. Gənc qadının artıq üzüm yeyəsi halı yoxdu. Onu zorla Lamiəyə yedirməyə çalışır, nənnidə bir çarpışma gedirdi. Nemət xanım kiçik qızı kip yumduğu ağzını açmağa məcbur etmək üçün burnunu sıxır, qıdıqlayaraq güldürürdü. Nəhayət, Lamiə üsyan etdi. Onun da özünə görə qüvvəsi vardı. Hətta o da zorla Nemət xanıma üzüm yedirtdi.

Çarpışma bitdiyi vaxt gənc qadın yenə Lamiəni yanına aldı, alnına tökülmüş saçlarını düzəldərək:

– Məni qəribə bir şey maraqlandırır, Kənan bəy, – dedi. – Qarşımdakı insanlara baxarkən Allahın onlardan hər birini nədən ötrü yaratdığını düşünürəm… Bu mənə gözəl bir əyləncə olur. Məsələn, tutaq ki, tramvaydayam, beləmi? Qarşımdakı qadınlara birbəbir baxıram… Bunu, deyirəm, Allah hər il evindəki pişiklər ilə bərabər doğmaq üçün, bunu uzun qolları ilə ipə paltar sərmək üçün, bu qoca arvadı gəlinlərini bir-birinin üstünə saldırmaq, onlardan kötək yeyib ah-vay etmək üçün, bu xanımı həmişə ərini qısqanmaq, gözətləmək, hər axşam evdə dava salmaq, bayılıb ağlamaq üçün yaratmışdır. Bizimkilərdən, məsələn, Cəmil bəy mənə elə gəlir ki, yük arabalarına üzüm səbətlərini yığdırmaq, hamballarla savaşmaq, yeznəm Kazım daima plov yeyib oruc tutmaq, Hafiz Əşrəf əfəndi iri, qırmızı burnu ilə daima zökəm olmaq, adını çəkmək istəmədiyim bir tanışım kresloda oturub tovuz kimi özünü dartmaq üçün dünyaya gəlmişdir

Kənan gülərək soruşdu:

– Bəs əriniz Veysəl bəy?

Nemət xanım qollarını yanına saldı, dodaqlarını büzdü:

– Doğrusu, bircə onun nə üçün doğulduğunu, niyə yarandığını başa düşə bilməmişəm.

– Bəs mən?

Nemət xanım incə bir istehza ilə:

– Siz məlum… Bütün aləm deyir… Dünyaya yeni bir ahəng gətirmək üçün…

– Mənə sataşırsınız, Nemət xanım.

– Yaxşı, bəs mən, Nemət abla?

Bunu ciddi bir surətdə Lamiə soruşmuşdu. O, ilk dəfə idi ki, özü danışırdı.

– Bu söhbəti əslində sənin üçün açmışdım, Xınalı yapıncaq… Sonra söhbəti elə-belə uzatdım, başqa səmtə çevirdim… Səni Allah nazlı, yaraşıqlı bir oyuncaq yaratmışdır, Lamiə. Vücudunda, balaca üzündə ciddi heç bir şey yoxdur. Tamam bir oyuncaq, başdan-ayağa bəzəksən…Təkcə alnın bir az ciddi görünür… İncə qaşlarının üstündə azca qabarmış geniş bir alın. Ancaq oraya da bu incə saç qıvrımları tökülmüşdür. Bunlara heç saç demək də doğru deyil, quş tükü kimi yumşaq, zərif şeylərdir… Beləliklə, alnındakı ciddiyyəti də bunlar pozur.

Günəş İlıca təpələrinin arxasına çəkilmiş, bağlara yavaş-yavaş kölgə düşməyə başlamışdı. Cavan bir qadın ağac üstünə sərilmiş paltarını götürdü.

– Daha sərin düşüb, getməyək? – dedi.

Axşamüstü bu vaxtlar arxadakı yoldan Qırxçamlara getməyə, qaranlıq düşüncəyədək orada vaxt keçirməyə adət etmişdilər.

Qırxçamlar yüksək bir təpənin üstündə yaşlı, sıx şam ağacları meşəliyi idi.

Bu qocaman ağaclar çatlamış gövdələri ilə yüksəklərə ucalmış, təpələrində elə bil günəşə qarşı yaşıl çətirlər açılmışdı.

Bu tənha qoruq Bozyaxa qadınları üçün bir bağça kimi idi. Gəlinlər, qızlar burada üst paltarlarını soyunaraq top-top, gizlənpaç, gözbağlıca oynayırdılar. Uşaqlar isə durmadan tökülən, yeri dəniz kimi örtən saralmış şam iynələrinin üstündə yuvarlanardılar

O axşam Lamiəni də özləri ilə bərabər apardılar. Kənanla Nemət xanım lap dalda gedir, Xınalı yapıncaq isə bir az qabaqda yeriyirdi.

Nemət xanım qız eşitməsin deyə yavaş səslə Kənana danışırdı:

– Əslində bu qızcığaza məhəbbətim mərhəmətimdən irəli gəlir… Lamiə əsl nazlı İstanbul qızıdır… Anası üç il bundan əvvəl ölmüşdür… İstanbulda yaxın bir adamı yoxmuş, Kürdüstan qəzalarından birində qaimməqam32 işləyən atası onu yanına apartdırmış… Bu kiçik qız iki il atasına bir ana kimi baxmışdır… Keçən il bir qəza nəticəsində atası da həlak olmuş, qızcığaz oralarda yenə tək qalmışdır… Məzuniyyətə gələn bir zabitə qoşub onu buraya əmisi Şükrü bəyin yanına göndərmişlər. Yazıq qız çox çətinlik çəkir. Şikayət etməməsinə baxmayaraq, başa düşürəm ki, onun üçün yaxşı keçmir… Əmisinin uşaqlarına bir dayə kimi qulluq edir. Buna baxmayaraq, əmisi arvadı yenə şikayətlənir, onu evdə artıq hesab edir.

Lamiə onlardan xeyli uzaqlaşmışdı. Kənan laqeyd bir nəzərlə ona baxdı.

– Yazıq qız… Acınacaqlı haldır, – dedi. – Ancaq daha onun hekayəsini qurtaraq.

– Sizi mütəəssir etdim, Kənan bəy?

Kənan səsini bir az da alçaltdı:

– Onun üçün demirəm, Nemət xanım… Hər halda bu mənasız Xınalı yapıncağın hekayəsindən daha çox əhəmiyyətli olan məsələlər var… Onlardan danışmayaqmı?

Nemət xanım şikayətləndi.

– Uf, Kənan bəy, – dedi – Ağıllanmayacaqsınız? Sizdən bu qədər xahiş edirəm, yenə qulaq asmırsınız… Ərli bir qadına necə də pis şeylər deyirsiniz.

Kənan yavaş-yavaş onda bir xasiyyət halına düşməyə başlayan utanmazlıqla güldü:

– Sizin kimi gözəl bir qadının yanında özümü təmkinli aparsam, ən əvvəl özünüz mənə gülərsiniz, məni axmaq hesab edər, üzümə baxmazsınız… Nemət xanım, rica edirəm söz verəsiniz… Bu gecə ay doğandan sonra bağçaya çıxarsınız, yaxşımı?

– Ay gecə yarısından sonra doğur.

– Elə mən də onun üçün sizə bu qədər yalvarıram.

Lamiə yol kənarından sarı rəngli, fəsə oxşar qəribə bir çiçək tapmışdı. Onu vermək üçün Nemət xanımı gözləyirdi.

Kənan azca duyulan bir əsəbiliklə yavaşdan:

– Ah, Nemət xanım, – dedi. – Bu qızı da bilmirəm haradan gətirdiniz…

* * *

Kənan Xınalı yapıncağa lap düşmən kimi baxırdı. Nemət xanım bu qızı heç yanından ayırmır, hara gedirdilərsə, onu da özləri ilə aparırdı.

Bir gün yenə Qırxçamlara getməyə hazırlaşırdılar. Kənan açıqdan-açığa şikayət etdi:

– Nə deyirsiniz deyin, bu qızın yanımızda olmasına dözə bilmirəm, – dedi, – aramıza bir qaratikan kolu kimi girmişdir.

Nemət xanım gözlərində şıltaq bir təbəssümlə Kənana baxdı:

– Ağıllısınız, Kənan bəy, ancaq heç fənd bilmirsiniz. Başa düşə bilmirsiniz ki, mən Lamiəni qəsdən yanımızca aparıram.

– Niyə?

– Çünki o olmasa, bizim yalnız getməyimizə başqa məna verərlər… Biz də bundan qorxduğumuz üçün tək getmirik. Məsələn, indi bu saat biz tək başına Qırxçamlara gedə bilərdikmi? Lamiənin bir yaxşı cəhəti də var… Yazıq qız çox təmiz ürəklidir. Heç bir şey hiss etmir. Çox nadir hallarda bir şey hiss etsə də, heç kəsə deməyəcəyinə əminəm.

Lamiə bu cəhətdən yaxşı bir yoldaş idi. Həmişə bir yerdə olduqları halda onların söz-söhbətinə çox az qoşulurdu. Bəzən bir yolda yan-yana getdikləri zaman Kənanla Nemət xanım addımlarını daha da yavaşıtmaq ehtiyacı duyurdular. Lamiə bu vaxt onları gözləmədən, hətta başını da çevirmədən yoluna davam edirdi. Bəzən onlar ətrafını tikanlar, kollar bürümüş bir ağac dibində otururdular. Lamiə isə bir şey hiss etdirmədən onlardan ayrılır, yaxındakı daldalara çiçək toplamağa gedirdi.

Qırxçamlar təpəsi dik yamacla bir selli dərəyə enirdi. Yağış olanda burada əmələ gələn sel aşağıdakı şəhid məzarlığından keçərək Qızılçöllə çaya axırdı. Yamac bir-biri ilə qol-qola vermiş kimi görünən, sıx bitmiş cavan şam ağacları ilə örtülmüşdü. Bu gün Nemətlə Kənan bu yoldan dərəyə enmək istəyirdilər. Ağaclar o qədər sıx idi ki, Kənan Nemət xanıma yol açmaq üçün qol-budaqları qucaqlayıb o tərəf-bu tərəfə aralamağa, cavan budaqları qırmağa məcbur olurdu.

Çağıltı ilə axan seldən ətrafa bir sərinlik yayılırdı. Onlar ağacların dibindən süzülüb gələn, zəif saqqız qoxusu verən və yaşıllaşmış kimi görünən sularda əllərini, üzlərini yudular. Arxada qalan qoruq hərdənbir astaca xışıldayır, şam ağacı qoxuları ilə ağırlaşmış ilıq, məstedici bir rayihə duyulurdu.

Kənanla Nemət yıxılmış bir ağac kötüyünün üstündə yan-yana oturmuşdular. Artıq Lamiədən çəkinəsi halları qalmamışdı. Kənan heç bir söz danışmadan Nemət xanımın biləklərini oxşayır, gənc qadın isə zövq, ehtiras içərisində yorğun, bitab bir halda başını Kənanın çiyninə söykəmək, yuxuya getmək istəyirmiş kimi yavaş-yavaş gözlərini yumurdu.

Xınalı yapıncaqda da bu gün qəribə bir sayğısızlıq vardı: o, gəlib Kənangilin qarşısında oturmuş, gözlərini onlardan ayırmırdı.

Kənan yavaş-yavaş əsəbiləşirdi. Nəhayət, bir çarə düşündü. Qızın gözlərinə baxmağa cəsarət etmədən utancaq bir təbəssümlə:

– Lamiə xanım, – dedi. – Dərənin o tərəfində sarıya çalan çəhrayı, bənövşəyi gözəl çiçəklər görünür. Nemət xanıma onlardan bir dəstə bağışlamaq istərdim. Ancaq yaman yorulmuşam… Yaşlı adamam, sən məndən cavansan… Nemət ablana o çiçəklərdən kiçik bir dəstə bağışlamaq istəməzsənmi?

Tanış olduqları vaxtdan xeyli keçməsinə baxmayaraq, Lamiə hələ də Kənanla danışmağa cəsarət etmirdi. Bu gözəl kaman çalan adamı qız yarımallah sanır, ona dinməzcə xidmət etməkdən böyük bir zövq alırdı. Buna baxmayaraq, Xınalı yapıncaq bu gün ona itaət etmir, onları tək qoyub getməkdən qorxurmuş kimi Nemət xanımın üzünə baxırdı.

O da kiçik bir tərəddüdlə qızararaq Kənanın sözünü təsdiq etdi.

– Çox yaxşı olardı, Lamiə, – dedi

Lamiə həvəssiz-həvəssiz yerindən qalxdı.

O tərəddüd içində gedir, tez-tez dururdu, elə bil bir daşdan o birisinə atılmağa cəsarət eləmir, arada çevrilib dala baxırdı. Dərənin o biri tərəfinə keçdiyi vaxt birdən-birə ağlına bir şey gəlmiş kimi durdu, yamacın bir nöqtəsinə tərəf üz tutub səsləndi:

– Çoban, bax qoyunlardan bir neçəsi şəhid məzarlığına doğru gedir.

Lamiə bunu söylədikdən sonra birdən-birə yüngülləşmiş kimi idi. Artıq onlara baxmır, ağacların, kolların içində ceyran kimi atılıb düşürdü. Kənanla Nemət xanım Lamiənın səsləndiyi yerə baxdıqları vaxt xəfifcə titrədilər. Ağacların arasından bir çobanla ağsaqqallı bir bağban onlara baxırdı.

Kənan gənc qadının əllərini buraxdı və:

– Lamiə bizi, özü də bilmədən bir təhlükədən qurtardı, – dedi.

Nemət xanım saralmışdı.

– Xeyr, Kənan bəy, – deyə cavab verdi. – Lamiə bunu bilərəkdən etdi. İndi başa düşürəm kı, o niyə getmək istəmirmiş: təhlükəni duyduğu üçün bizi tək qoymağa qorxurmuş.

– Demək, bu kiçik qız sizi sevdiyimi bilir.

Gənc qadın bir söz demədən önünə baxdı.

Lamiə əlində bir dəstə çiçəklə geri döndüyü zaman azca axsayırdı. Ətəkləri, əlləri toz-torpaq içində idi.

Nemət xanım təlaşla soruşdu:

– Sənə nə olub, Lamiə?

Xınalı yapıncaq gülümsədi.

– Heç. Elə bir şey yoxdur. Ətəyim kola ilişdi, yıxıldım.

Lamiənin ayağı əzilmişdi. Bundan başqa bir tikan kolu da sol biləyini başdan-başa cızmış, qanatmışdı.

Kənan bir ata şəfqəti ilə:

– Vay qızım, – dedi. – Gör nələrə səbəb olduq.

Lamiə məsum bir minnətdarlıqla Kənana baxıb, gülümsündü.

– Ziyanı yoxdur, əfəndim… Sizin əlləriniz kimi kaman çalmır ki.

Nemət xanım Lamiənin qolundan tutaraq yeriməsinə kömək edir, bəzən dik yoxuşlarda onu lap az qala qucağına alırdı.

Çoxdan bəri idi ki, Kənanda qəribə bir xasiyyət əmələ gəlmişdi: özünə aid olmayan hər şeyə, başqalarının kədərinə, iztirabına biganə qalırdı.

Buna baxmayaraq, bu gün Lamiə üçün ürəkdən narahat olduğunu özü də duyurdu: “Nə qəribə bir adam oluram… Bəzən dünyanın dərdi mənə heç bir təsir etmir… İndi isə… zəif əsəbli bir qadın kimi əhəmiyyətsiz bir şeydən narahat oluram”, – deyə düşünürdü.

* * *

Lamiə hər şeyi başa düşürdü. Bu axşam əmidostusu ilə bərabər Saib paşanın bağına qonaq gəlmişdi. Ay işığı olmadığı üçün çardaq altında, ətrafında pərvanələr uçuşan asma lampanın işığında oturmuşdular.

Nemət xanım o gecə çox solğundu. Bir küncdə sakit-sakit oturmuşdu və söhbətə qarışmırdı.

Bu ara ona nə olduğunu soruşdular. Yorğun bir tövrlə:

– Özümü pis hiss edirəm, – deyə cavab verdi. – Başım ağrıyır. Qorxuram bu gecə heç yaxşı yata bilməyəm. – Sonra dalğın bir təbəssümlə əlavə etdi: – Balaca olanda da hərdənbir bu cür xəstələnirdim. Bir çərkəz dayəmiz vardı. Gözəl səsi ilə mənə ninnilər33, türkülər34 oxuyardı. Onun səsi sanki bütün ağrılarımı, dərdlərimi yüngülləşdirərdi.

Lamiə o gecə otağında lampanı söndürdükdən sonra pəncərəni açdı. Bir hiss ona “Kənan bu gecə mütləq gözəl bir şey çalacaq” deyirdi. Lamiə bu hissində yanılmamışdı. Səkkiz-on dəqiqə sonra kaman səsi gəlməyə başladı. Gənc bəstəkar bu gecə milli türk havaları çalırdı. Uzun, gözəl bir parçadan sonra daha gözəl bir ninniyə keçdi. Kənan bu sadə, yekahəng musiqi parçasına ürəkyaxıcı təsirli bir gözəllik verirdi, elə bil ki, ölmüş ananın uzaqlardan gələn səsini dinləyirdik.

Durğun, qaranlıq bir gecə idi. Ağaclarda bir yarpaq belə qımıldanmırdı. Kölgə yığınlarına bənzəyən evlərdə səslər kəsilmiş, işıqlar sönmüşdü.

Lamiə xəyalında bu işıqsız evlərdən birinin açıq pəncərəsini görürdü. Nemət xanım qaranlıqda daha da solğun görünən üzünü çılpaq qollarına söykəmiş, bu gözəl kaman səsini dinləyirdi. Ninni bir peyğəmbər duası kimi təsir edir, Nemət xanımın ağrıları, acıları yavaş-yavaş azalırdı.

Lamiənın artıq şübhəsi qalmamışdı: Kənanla Nemət bir-birini sevirdilər. Bu sevda Lamiəyə bir “Leyli-Məcnun” hekayəsi kimi gözəl görünür, gənc qəlbində sevinclə qarışıq bir riqqət oyadırdı. Elə zənn edirdi ki, onun özünün də bu gözəl əhvalatda bir rolu vardır. Onların bir-birilərini sevmələrini lap əvvəldən elə o, arzu etmişdi.

Kənanı ilk gördüyü gün idi. Nemət xanım gizli bir şey söyləmək üçün üzünü Kənana yaxınlaşdırmışdı. O, yanaqlarında zərif bir allıq, sözlərində canlı bir hərarətlə danışır, Kənan sözlərdən daha çox onları söyləyən dodaqlara diqqət edərək dinləyirdi.

Lamiə büruzə vermədən onlara tamaşa etmişdi. Kənanın xoş, qaraşın üzü, mavi gözləri qarşısında Nemətin ağ çöhrəsi, qara, parlaq gözləri nə qədər gözəl görünürdü! Lamiə özlüyündə onları bir-birinə yaraşdırmış, “Nemət ablam Kənan bəyi sevsə, nə yaxşı olar”, deyə düşünmüşdü.

Lamiə o yaşdakı qızların çox saf, təcrübəsiz davranışı ilə heç bir şeyin fərqində deyilmiş kimi göründüyü halda, Kənanla Nemətin ən kiçik hərəkətlərini, sözlərini, baxışlarını belə nəzərdən qaçırmır, xəyalındakı bu sevda romanını gündən-günə işləyib gözəlləşdirirdi.

İndi daha şübhəsi qalmamışdı. Kənan bu gecə kamanı Nemət xanım üçün çalırdı. Nemət də bunu bilirdi.

Vaxt keçir, kaman isə hələ susmurdu. Lamiənın sevincinə bir az da kədər qarışmağa başlamışdı. Sevmək gözəl şeydi. Ancaq heyif ki, bu hekayət də o biriləri kimi hicranla, bəlkə lap ölümlə bitəcəkdi. Nemət xanım ərli bir qadındı. Kənanla evlənməsi mümkün deyildi. Bu gözəl məhəbbəti onlar ölüncəyə qədər bir-birindən gizli saxlamalı olacaqdılar. Lamiə yaşına görə çox sadəlövh bir qızdı. Onun fikrincə bir gənc sevdiyi qıza öz məhəbbətini ancaq qızın ağ duvağını açdığı gecə deyə bilərdi.

Sevda həyatın yalnız o gecəsinə məxsus bir səadətdi. İnsan o gecə ömründən bütün nəsibini alır, səhər günəş doğduğu zaman artıq Allahdan istəyəcəyi bir şey qalmırdı.

O axşamkı əhvalatdan sonra bu macəra Xınalı yapıncağı daha çox məşğul etməyə başlamışdı. Evdə iş görərkən onları düşünür, əmisinin uşaqlarını əyləndirərkən fikri bu sevda ilə məşğul olur, gecə gözlərində onların bir-birinə yaraşan surətlərinin xəyalı olduğu halda yuxuya gedirdi.

Bir gecə yenə pəncərəni açıb, Kənanın kaman çalmağına qulaq asırdı. Qeyri-ixtiyari olaraq gözlərindən yaş axmağa başladı: “Heyif, ayrılacaqlar… Heç iki ay belə qalmadı. Nemət xanım evinə, Kənan bəy isə kim bilir, haralara gedəcək… Bir-birilərini daha görməyəcəklər” deyir, başını pəncərəyə dayayaraq: “Onlar bu ayrılığa dözəcəklər? Nemət ablam bu gözəl səsləri dinləmədən, Kənan bəyi görmədən necə yaşayacaq?” – deyə hıçqırırdı.

Hər getdikləri yerə onu da aparmalarından çox razı idi. Onları özündən incitmək, məhəbbətlərini görmək zövqündən uzaq olmaq qorxusu qəlbini titrədirdi.

Bu axşam Qırxçamlarda çox yubanmışdılar. Yola çıxdıqları vaxt ətraf əməlli-başlı qaralmış, ay doğmuşdu.

Lamiə əlində Nemət xanımın çətiri qabaqda gedir, dalda onların getdikcə addımlarını yavaşıtdıqlarını hiss edirdi.

Xınalı yapıncaq başını çevirmirdi. Lakin onların arxada ay işığında yola düşmüş kölgələrini görürdü. Kölgələr getdikcə bir-birinə yaxınlaşır, Kənanın qolu Nemət xanımın belindən qucur, gənc qadının başı Kənanın çiyninə düşürdü. Onlar yol ayrıcına çatanda durdular. Kölgələri soldakı baxımsız qalmış bir evin uçuq divarı üstünə kino pərdəsində olduğu kimi aydın düşürdü.

Lamiə Kənanın Nemət xanımı biləklərindən tutaraq köksünə doğru çəkdiyini, onun bitab bir halda dala əyilmiş başını dönə-dönə öpdüyünü gördü. Gənc qız bir şey bəlli etdirməməyə çalışaraq, yeriyərkən əli-ayağı titrəyir, bu busələr öz üzünə, dodaqlarına toxunurmuş kimi həyəcanlı ürpərmələr, həyəcanlı lərzələrlə için-için sarsılırdı.

Bağ qapısında onlardan ayrılarkən üzlərinə baxmaq istəmədi. Nemət bir az əvvəlki busələrin alovundan yanan hərarətli dodaqları ilə onu öpdüyü zaman Lamiə titrəyərək gözlərini yumdu.

Lamiə o gecə uzun müddət yata bilmədi. Kənanla Nemətə qarşı qəlbində duyduğu çox təmiz, incə hissləri sərt bir şeyə toxunub qırılmışdı. İndi onlara həm acığı tutur, həm acıyır, həm də iyrənməyə bənzər bir şey hiss edirdi.

O gecə qərar vermişdi ki, daha bir də onlarla birlikdə gəzməyə getməsin. Lakın ertəsi gün pəncərəsindən düşən səhər günəşinin ziyaları içində hər günkü kimi şən və sakit oyandı; o gün Nemət xanımla Kənanı görəcəyi saatı hər dəfəkindən daha çox səbirsizliklə gözlədi. Bir yerdə gəzməyə çıxdıqları zaman onlardan bir az aralı durmağa çalışdı. Ancaq qəlbi, zehni yalnız onlarla məşğuldu. Gənc qızın bu ilki baharını bu eşqin hekayəti doldurur, o, kədərli bir sevdanın təsiri içərisində dalğın, lakin xoşbəxt yaşayırdı. Bu eşq onu yalnız sevindirmir, onda bir iftixar hissi də oyadırdı. Çünki kimsənin bilmədiyi bu gözəl sirri ancaq o bilirdi. Sonra, əmin idi kı, daima onlarla bir yerdə olmaqla o, bu sevgini himayə edir. Çobanla bağbanın onları dodaq-dodağa görməsinin qarşısını o almamışdırmı? Bir gün küknar ağaclarının altındakı quyu başında onlar, tək qala bilsin deyə, uşaqları dalınca top-top oynamağa o aparmamışdımı?

Ehtiyatsızlıq etdikləri üçün onlara çox acığı da tuturdu. Hətta bir gün Nemət xanımla bu barədə açıq danışmağı da fikrindən keçirmişdi. Amma sonradan onlara haqq vermişdi. Nə etsinlər, bir-birilərini sevirlər. Az sonra isə ayrılacaqdılar.

Bu ayrılıq gününü ağlına gətirdikcə onu ağlamaq tuturdu. Elə bilirdi ki, Kənanın kamanı susduğu gün Bozyaxa da yetim qalacaq, gecələri ağır, yeknəsəq bir kədər qaplayacaq, Ərəb dərəsi çöl kimi kimsəsiz, göy üzü sönük; hər yer, hər şey bomboş olacaq. Nə üçün Nemət xanım Veysəl bəylə evlənməmişdən əvvəl Kənana rast gəlməmişdi? Onların evlənib birləşmələri necə də gözəl olardı!

Lamiə bəzi günlər lap uşaqcasına bir xəyala dalırdı. Paşabağça məhəlləsinə bənzər bir yerdə iki qonşu ev təsəvvür edirdi (o, iki ildi İzmirdə idi, ancaq hələ də bura alışa bilməmişdi. Paşabağçadakı köhnə evləri zehnində gündən-günə gözəlləşirdi. Onun fikrincə insan oradan başqa ayrı heç yerdə tam xoşbəxt ola bilməzdi). Bu iki evdən birisində Lamiə nişanlısı Nazimə ərə gedir, gəlin olurdu. O birisində isə Nemət xanımla Kənan yaşayırdılar. Hər gün, hər saat bir-birilərini görür, lap qohum olurdular, ölüncəyə qədər bir-birilərindən ayrılmırdılar.

Kənan yenə hər gecə kaman çalır, Nemət xanımla onun məhəbbəti gündən-günə artırdı. Lamiə bu gözəl sevginin bir gün zavala uğrayacağını heç cür ağlına sığışdıra bilmirdi. Qızın xülyası bununla bitmirdi. Kənanla Nemətin gözəl, qarayanız üzlü, mavi gözlü, parlaq mirvari dişli bir oğlu, Lamiənin özünün isə Nemət xanıma bənzəyən bir qızı doğulacaqdı. Bunlar böyüdükləri zaman bir-birilərini sevəcəkdilər.

Xınalı yapıncaq bütün günlərini belə düşüncələr, xəyallar içində keçirir, qulağında bu gözəl kamanın səsi, könlündə bu sevdanın həyəcanları ilə yatıb dururdu.

27.Üstü xallı xırda üzüm növü.
28.Üzündəki xırda, ona çox yaraşan çillərə görə Nemət xanım qızı xınalı yapıncaq üzümünə oxşadır.
29.İstanbulda məhəllə adıdır.
30.İstanbulda məhəllə adıdır.
31.1930-cu illərin əvvəllərinə qədərki türk ordusunda leytenant rütbəsi.
32.Türkiyədə qəza rəisinə verilən ad.
33.Layla, mahnı.
34.Heca vəznli qoşa formalı aşıq şeirlərinə qoşulan xalq mahnıları.
28 583,80 soʻm
Yosh cheklamasi:
16+
Litresda chiqarilgan sana:
29 oktyabr 2022
Hajm:
1 Sahifa 2 illyustratsiayalar
ISBN:
978-9952-8451-1-1
Mualliflik huquqi egasi:
JekaPrint

Ushbu kitob bilan o'qiladi