Faqat Litresda o'qing

Kitobni fayl sifatida yuklab bo'lmaydi, lekin bizning ilovamizda yoki veb-saytda onlayn o'qilishi mumkin.

Kitobni o'qish: «Dodaqdan qəlbə», sahifa 3

Shrift:

Məktəbdə Cavad adlı bir yoldaşı vardı. Xasiyyətləri, təbiətləri, hətta zövqləri arasında qətiyyən uyğunluq yox idi. Cavad şən, kələkbaz, zəkalı bir əsilzadə oğlu idi. Buna baxmayaraq bir-birilərini çox sevirdilər.

Cavad yoldaşını bir az şənləndirib əyləndirmək, bir az həyata bağlamaq istəyirdi. Lakin bütün səyi boşa çıxırdı. O, bəzən Kənana:

– Sən hissiz deyilsən, Kənan, – deyirdi. – Bunu başa düşmək üçün kaman çalmağına qulaq asmaq da vacib deyil, elə bir dəfə halına, üzünə baxmaq kifayətdir. İndi ki, belədir, nə üçün heç bir şeydə gözün yoxdur. Niyə bu qədər süstsən?

Kənan yavaşca çiyinlərini çəkir, həmişə olduğu kimi dalğın təbəssümlə:

– Nə bilim… Belə doğulmuşam, – deyə cavab verirdi.

Kənan heç də belə doğulmamışdı. Ondakı əməl, ondakı yaşamaq həvəsi dünyalara sığışmayacaq qədər böyükdü. Lakin o, həyatının yoxsulluq və müvəffəqiyyətsizlik içində keçəcəyinə vaxtından çox tez inanmış, bəxtindən küsmüşdü. O, yarımçıq səadətdən xoşlanmazdı. Axıra qədər içib qurtaracağına əmin olmadığı bir qədəhi dodaqlarına aparmazdı.

Onun fikrincə sənət kimi həyatda da iki yol arasında durub qalmaq mümkün deyildi. Həyatda müvəffəq olanlar istədikləri, bacardıqları kimi yaşarlar, o birilər – bədbəxtlər isə qaranlıq bir guşəyə çəkilib məhrumiyyətlərini gizlətməyə çalışırlar.

Dünyada ən çox iyrəndiyi insanlar zənginlərin və xoşbəxtlərin dövrəsində yaşayan, onların səadətlərinin tör-töküntüləri ilə bəxtiyar olmağa çalışanlardı. Adi bir daxmanın pəncərəsində yaraşıqlı pərdə, yaxud gənc bir qadının paltar və qab-qaşıq yumaqdan qırışmış barmağında üzük görəndə həmişə acıyar, gülərdi. Bunlar nəyə lazımdır? İnsan öz halını başa düşməli, əldə edə biləcəyi bir şeyi mümkünsə sevməməli, mümkün deyilsə, bu arzunu könlündə gizlətməlidir.

Sonralar Kənanda qəti bir qərar şəkli alan bu fikir, onun varlığında lap kiçik yaşlarından hakim bir hiss kimi yaşayırdı. Hələ balaca uşaq ikən bu hisslə bütün hüquqlarından vaz keçmiş, zəngin, qayğısız dayıuşaqlarından, onların evindəki dəbdəbəli mühitdən bu hisslə uzaq dolanmış, nəhayət, eşqini, Leylasından bu məqsədlə gizlətmişdi.

Kənan qəlbindəki sirləri yalnız musiqi ilə ifadə edirdi. Kaman onun əlində, yeniyetmə bir gəncin qəlbindən necə gəldiyinə heyrət ediləcək qədər canlı, dərin bir iztirabla inləyirdi.

O, edadi kimi, mühəndislik məktəbini də çətinliklə bitirmiş, ancaq buna baxmayaraq kaman çalmaqda çox irəli getmişdi. İzmirə qayıtmaq istəmirdi. Çünki indi anası da orada yoxdu. Mələk xanım Əfifəni Seydiköydə, bir tacir oğluna ərə vermiş, toydan bir il sonra özü də oraya köçmüşdü.

Kənanın İstanbulda bir elə tanınmış adamı olmadığına görə yaxşı qulluq tapıb, irəli getməyə imkanı yoxdu. Dostları ona musiqi müəllimliyi eləməyi məsləhət görmüş, ona rüşdiyyə məktəblərində bir neçə yerdə nəğmə dərsi və yoxsul məhəllələrdə iki-üç yerdə kaman müəllimliyi tapmışdılar.

Beşiktaşda kimsəsiz bir qadının evində bir otaq tutmuşdu. Yağış bilmir, palçıq demir, qoltuğunda kaman səhərdən axsama qədər məktəbdən məktəbə, evdən evə qaçırdı. Əslində onu üzən cismani yorğunluq deyildi. O, hər gün bir az da alçaldığını, həssas qürurunu bir az da itirdiyini hiss edirdi.

Məktəblərdə onun sənətinə əhəmiyyət vermirdilər. Rüşdiyyə məktəblərinin birində bir müdir vardı ki, indi də xəstələnib eləyəndə, həmin müdir əyri qılçaları, lopa bığı, kifir görkəmi ilə gəlib gözünün qabağında durardı. Bu adam nədənsə Kənanı həmişə əsarətdə saxlamağa çalışırdı. Onun həlimliyini, vüqarını başqalarından fərqli olaraq, izzəti-nəfsini qorumağa çalışdığını görəndə daha da qızışırdı. Dərs zamanı atmilçəyi kimi Kənanın yaxasından əl çəkmirdi, tez-tez söhbətə qarışır, xəbərdarlıqlar edir, göstərişlər verirdi.

– Əfəndim, niyə bunların səsi çıxmır? Təntənəli mərasimlərdə biabır oluruq. Nədir o, memar Qasım məktəbi, əfəndim… Onları görəndə ağzımın suyu axır. Keçən Fateh mərasimində17 məktəbimiz Ayasofya məscidinin qabağında dayanmışdı… Bir olan Allah haqqı, memar Qasım məktəbinin qayalar tərəfdə oxuduğu marşı biz burada, Ayasofyada eşidirdik. Allah yaman gözdən saxlasın, çox yaxşı bir müəllimləri var. Uşaqlar orkestrin səsini batırırdı. Hərçənd siz də bacarıqlısınız, ancaq nədənsə yavaş oxutdurursunuz… Heyif, bizim prinsipə ziddir… Bir az cəhd edin.

Sonra bu müdir əfəndi bir nümayişdə Kənana tapşırdı ki, qoluna və belinə məktəbin qırmızı-yaşıl lentini bağlayıb, şagirdlərin qabağına düşsün və küçədə bağıra-bağıra marş oxusun, komanda versin. Kənan bundan boyun qaçırdığına görə müdir onu işdən çıxartdırdı.

Başqa bir müdir, oğlunun sünnət toyunda kaman çalmadığına görə Kənandan incimişdi, ona görə də beş-on gün sonra belə bir şikayət raportu yazmışdı: “Dediyimiz müəllim, gənclərə vətənpərvəranə milli şərqilərlə təsir etmək əvəzinə, elmi tərbiyə prinsiplərinə zidd olaraq başına bir dəstə toplayıb onlarla güzəran-dolanacaq söhbətləri edir”. Maarif müdiri raportu yoxlamağı əyyaşlıqda ad çıxarmış bir müfəttişə tapşırmışdı. Kənan bu yoxlama gününü də unudulmaz xatirələr sırasına yazmışdı.

Müfəttişin çox içki içməkdən şişmiş üzünü qan laxtaları, göyərmiş burnunu isə irinli sızanaqlar basmışdı, dili pəltəkləşmişdi. Müfəttiş küncdə kresloda oturub, bir tərəfdən Kənanı sorğu-sual edir, bir tərəfdən də əlində balaca bir qayçı şalvarının pürçümlənmiş balaqlarını düzəldirdi.

– Əzizim, raportdan belə çıxır ki, sizin bilik təcrübəniz mübahisə doğurur. Zati-aliniz vətənpərvəranə milli marşlar bilmirmi?

– Bəzilərini bilirəm, əfəndim.

– Bəs nə üçün uşaqlara öyrətmirsiniz?

– Bir-ikisini bilirlər, əfəndim.

– Qənaəti-vicdaniyyəmi bildirmək məcburiyyətində olduğum üçün bilik və iqtidarınız haqqında bir qərara gəlməyim lazımdır… Sıxılmayınız, canım… Müəllim tayfası sərbəst olmalıdır.

Kənan dalğın bir nəzərlə pəncərədən görünən xarabalığa baxır, cavab vermirdi.

– Bəs onda necə edək?

– …

– Məni çətin vəziyyətdə qoyursunuz.

– Xeyr, əfəndim… Əksinə, bu işi çox asanlıqla qurtaracağıq. Bu saat işdən çıxmağım haqqında ərizə yazacağam.

* * *

İndi Kənan ancaq evlərdə verdiyi dərslərdən gələn qazanc ilə dolanmaq məcburiyyətində qalmışdı, buna görə də yaman sınıxmışdı. Həzin nəqarət kimi ağzına belə bir söz düşmüşdü; hər evin qapısını döyərkən başını aşağı salır və öz-özünə:

– Ah, nə qədər alçalıram, – deyirdi.

Bu iş insanlığı və heysiyyəti kimi səhhətinə də təsir edir, zəif vücudunu, xəstə əsəblərini daha da pozurdu.

Axı övladlığa götürülmüş qızlardan yetişmiş xanımlara bir-iki hava oxutmaq, qonşu oğlanlarına özlərini göstərməyə tələsən məhəllə qızlarına kaman çalmağı öyrətmək onun işi deyildi.

Görürsən ki, süpürgə tutmağı bacarmayan məhəllə arvadları iyirmi gündə şərqi havası çalmaq istəyirlər. Kamanı qrammofondan fərqləndirə bilməyən ailə başçıları “iki aydır dərsə başlamısınız, bir az cəhd eləyin, bunu bir aya qurtaraq” kimi sözlər söyləyirdilər. “O biri müəllim bizə türkülər, şərqilər çalardı. Siz niyə çalmırsınız?” – deyə şikayət edənlər də olurdu.

Kənan bəzən də elə sözlər eşidirdi ki, bu onu həm güldürür, həm də mütəəssir edirdi.

– Bu, çala bilmək nə yaxşı şeydir. Adam həm əylənir, həm də pul qazanır.

– Mədihə, başını ört. Ayişə xanım, mən mətbəxə gedirəm, sən Mədihənin yanında qal…

– Bir az üzünüzü o tərəfə çevirin, dəhlizdən qonaqlar keçəcək.

– Sifətiniz mənə tanış gəlir. Bilmirəm harada görmüşəm. Dəllal Arif əfəndinin toyuna gələn kamançalan siz idiniz?

– Siz subaysınız? Niyə evlənmirsiniz? Yəqin, sizə də bir qız verən olar.

– Bayram payınızı ayırmışdıq, xidmətçi axmaq, bilməyib götürüb gözətçiyə verib.

– Bu gün quzu və halva bişirmişdik. Sizin də payınızı saxlamışıq.

– Qızın köhnə müəlliminin gözəl səsi vardı, həm çalır, həm də oxuyurdu. Onda dərs qızın başına daha yaxşı girir…

– Könlünüzə dəyməsin, kaman çalmaq qaraçılara yaraşır.

Məktəbi bitirməsindən iki il idi ki, keçirdi. Kütahiyədə18 ona bir yol mühəndisliyi təklif elədilər. Kənan sərsəri musiqi müəllimliyindən canını qurtardığına xeyli sevindi, İstanbulu məmnuniyyətlə tərk etdi. Artıq öz ixtisasında işləyərək dolanacaq, musiqini isə yalnız özü üçün çalacaqdı. Lakin çox keçmədən bu ümidinin də boşa çıxdığını gördü. Kütahiyədəki həyatı ona İstanbuldakından daha solğun, daha mənasız göründü. İstanbulda heç olmasa boş vaxtlarında dinc idi. Belə vaxtlarda bir tərəfə çəkilib tək-tənha xəyala dalmasına heç kəs mane olmurdu. Burada o da mümkün deyildi. Qonşuları, yoldaşları, xüsusən amirləri onu lap cana gətirirdilər. Onlar Kənanı tək qoymur, nə vaxt məşğul olmaq bəhanəsi ilə evinə çəkilsə, tez basının üstünü alırdılar. Kənan uşaqlığında olduğu kimi yenə həlim və yumşaq təbiətli idi. Heç kəsin könlünü qırmaq istəmirdi, üzə durmurdu. Yoldaşlarının könlünü xoş etmək üçün istədikləri havaları çalırdı. Onlar isə getdikcə daha da həyasızlaşırdılar. Kənanı lap qəsəbə çalğıçısına çevirmişdilər.

Kənan buraya gələndə şəhərdə kələkbaz və dərvişanə həyat sürən bir mütəsərrif19 vardı. O əylənməyi, zövqü çox sevir, tez-tez eyş-işrət məclisləri, gecə əyləncələri düzəldirdi. Sərxoş olanda pencəyini çıxarıb ortaya atılır, əllərinə qaşıq bağlayıb, aydınlı20 baş vergi katibini də qabağına salaraq saatlarla atılıb-düşürdü.

Kənan həmişə çaldığı uşaq havalarını bir maşın kimi hissizcə ifa edərək öz-özünə düşünürdü: “Dayım haqlı imiş, musiqini sevənlər mütləq alçalmağa, çalğıçı olmağa məhkum imişlər. O qədər səyim, cəhdim boşa getdi. Yaman düşkünləşmişəm. Həyatım da ruhum kimi səfil olub”.

Bir neçə ay sonra bu mütəsərrifin əvəzinə başqasını təyin etdilər. Yerinə gələn acıqlı, sərt bir qoca idi. O, işə başlayandan bir neçə gün sonra Kənanı yanına çağırdı:

– Musiqi gözəl şeydir, ancaq rəsmi vəzifəyə mane olmamaq şərtilə. Onsuz da deyirlər ki, işçilər avaralığa meyil edirlər. Bunun da işə təsiri olur… Bu gecə məclislərinə son qoyulmasını, sizin kamanınızla məmur yoldaşlarınıza başçılıq etməmənizi tələb edirəm. Zatən, rəsmi işiniz də xeyli çox və ağırdır.

Bu ara Kənan köhnə yoldaşı Cavaddan bir məktub aldı. Oxumaq məqsədilə Avropaya getmiş Cavad orada işlərini yoluna qoymuş, hətta xırda ticarətlə də məşğul olmağa başlamışdı. Həyatından razılıq eləyir, Kənanı da yanına çağırırdı. O yazırdı: “Kütahiyədəki vəzifən çətin tapılan hind parçası deyil ki! Bir-iki yüz lirə tapa bilsən, durma gəl. Biz burada ucuz və rahat yaşamağın təhərini öyrənmişik. Özün ağıllı adamsan. Sənə işini asanlaşdıran başqa yollar da göstərə bilərəm. Burada həm bir neçə il gözün-könlün açılar, həm də əməlli-başlı bir konservatoriyada sevdiyin peşənin dalınca gedərsən. Mühəndisliyin dadını hər halda bilmisən. Sən kamanından yenə əl çəkmə, sənin fövqəladə istedadının olduğuna inamım var. Bəxtin gətirsə, bir vaxt böyük adam olarsan”.

Kənan bu məktubu alandan bir neçə həftə sonra, anasını və Əfifəni görmək üçün bir aylığa izin alıb Seydiköyə getdi. Bir axşam anasının yanında bu məktubdan söz açdı.

Bu dəfə oğlunun halı Mələk xanımın heç xoşuna gəlməmişdi. Gözünə xəstə kimi dəyirdi. Bət-bənizi saralmışdı. Əhvalından, görünüşündən düşkün bir qocaya oxşayırdı.

Kənan nə üçün bu qədər düşmüş, niyə bu yaşda yaşamaqdan bezmiş, yorulmuşdu? Onu bir az xoşbəxt görmək, kədərli gözlərinə bir qədər həyat və nəşə vermək üçün əcəba bir çarə yox idimi?

Mələk xanım gecələr yatağında uzun müddət bunları düşünür, gizlin-gizlin oğlunun bilinməyən dərdinə ağlayırdı. Cavadın məktubu çarəsizlik içində çırpınan anaya ümid çırağı kimi göründü.

– Yoldaşın bəlkə haqlıdır, Kənan. Bir neçə illiyə Avropaya get. Bəlkə dediyi kimi oldu.

Kənan anası ilə razılaşdığını açıb demirdi, onun əllərini sığallayaraq gözlərini yerə dikmiş halda:

– Mənim məsum, saf və zavallı anam, – deyə bildi.

– Niyə elə deyirsən, Kənan?

– Məni dünyaya bir quş olaraq gətirsəydin, bu bəlkə də mümkün olardı. Əngin göylərdə qanad çalar, uçardım. Yorulanda ağacların budaqlarına, gəmilərin dorlarına qonar, dincələrdim. Susayanda atəşimi çayların suyu ilə söndürər, acanda Allahdan başqa kimsənin malı olmayan yabanı ağacların meyvəsi ilə keçinərdim. Qiyamət səyahət olardı, elə deyilmi, ana?

Kənan dediyinə peşman olub susmuş, bu gizli dərdi üçün gizli bir əfv istəyirmiş kimi anasının gözlərini öpməyə başlamışdı.

Mələk xanım onun nə demək istədiyini anlamışdı. Oğlunun saçlarını, çənəsini oxşayaraq:

– Kənan, – demişdi, – mən Kəməraltındakı kiçik dükanımızı sənin üçün saxlayırdım. Bir gün özümüzə layiq yaxşı bir qızla evlənəcəyini düşünürdüm. Bu ümidim boşa çıxdı. Gəl dükanı sataq, bundan gələcək bir neçə yüz lirəni götür, get dostunun yanına.

– Nə danışırsan, ana? Mən heç nə istəmirəm. Mənim həyatım artıq puç olub. Mən də atamın gününə düşmüşəm… Fikir eləmə, ana, yəqin ki, həmişə belə davam etməyəcək. Yaşım artdıqca bu məğlub vəziyyətimə bəlkə də alışaram. Kim bilir, bəlkə taleyimlə razılaşacağam. Kim bilir, bəlkə ömrümüzün axırlarında bir az xoşbəxt də olduq.

Kənan anasını bu fikrindən döndərmək üçün günlərcə çalışdı. Ancaq Mələk xanım bu son ümidindən əl çəkmir, uşaq kimi ağlayır, yalvarırdı.

Nəhayət, Kənan razı oldu. Madam ki, bu fikir anası üçün xoş bir təsəlli idi, zavallı qadının bu son məşum xəyalına to-xunmağın nə mənası vardı?

* * *

Saib paşa dükanın satılmasından gələn bir-iki yüz lirəni Kənanın lap üç ayda xərcləyəcəyini söyləmiş, dördüncü ay İzmirə qayıda bilməsi üçün gəlmək biletini də bəri başdan almağı məsləhət görmüşdü. Paşanın bu təxmini doğru çıxmadı. Kənan dörd il Avropada qaldı. Dolanmasına kömək etmək üçün Cavad ona kiçik bir iş tapmışdı. Kənan işdən sonra qalan bütün vaxtını incəsənətə həsr edirdi. O, çox böyük bir səylə çalışırdı. Onu əldən salan və əsəblərini pozan acı xəyallara qapılmağa vaxtı qalmırdı. Münzəvi, ürkək ruhu yavaş-yavaş açılmağa başlamışdı. Hətta bəzən kiçik macəraları da olurdu. Leyladan sonra tamamilə boş, unudulmuş qəlbində yeni hisslər yanıb-sönürdü. Tanış-bilişləri onun ağır, ciddi, lakın munis, yumşaq təbiətini sevirdilər. Gözəl, qəşəng çöhrəsində hələ də uşaqlıqdan qalan o məzlumluq nişanəsi onu bir çox adama sevdirmişdi.

Kənan sənət dünyasında qeyri-adi bir sürətlə yüksəlirdi. O, yalnız kaman çalmağını yaxşılaşdırmaqla qalmamışdı. Musiqi sahəsində xeyli geniş axtarışlar da aparırdı. Məşhur bir musiqi ustadının təşəbbüsü ilə verdiyi ilk konsert ona böyük müvəffəqiyyət qazandırdı. Görkəmli bir musiqi tənqidçisi onun haqqında kütlənin rəyini bu sözlərlə ifadə etmişdi:

“Bu gənc türk musiqişünasının kamil ustadlıq mərtəbəsinə yaxınlaşmış bir virtuoz olduğunu hamı gördü. Ancaq mən onda başqa keyfiyyətlər də görürəm. Hüseyn Kənan yalnız başqalarının bəstələdiyi parçaları, başqalarının ruhunu yüksək surətdə anlayıb ifadə etməklə kifayətlənməyəcək. Onun özünün də bizə söyləməli gözəl, təmiz, dərin şeyləri var. Düzdür, sadə bəstələnmiş “Şərq gecələri”ndə bəzi xamlıq və qəribəliklər, xoşagəlməz tərəddüdlər, hətta təbəssüm doğuran ibtidailiklər yox deyil. Bunu inkar etmək olmaz. Bəs bu bir az bəsit, bir az mütərəddid musiqi hansı məziyyəti ilə bizi özünə bu qədər aludə etdi, niyə bizim ruhumuzu bu qədər təlatümə gətirdi? Bu gənc hələlik kəkələyir, lakin gələcəkdə çox gözəl danışacaq, gözəl şeylər söyləyəcək. Kənanın məmləkətinin obrazlı dili ilə söyləyəcək olsam, deyərəm ki, bu gənc hələ təzə pərvazlanan quşa bənzəyir. Onun tərəddüdlərindən, hətta müvəqqəti süqutlarından qorxmamalıyıq. İstedadı onu çox irəli aparacaq”.

* * *

Tale artıq Kənanın üzünə gülməyə başlamışdı. Onun bu müvəffəqiyyəti İstanbulun günü-gününə, dəqiqəsi dəqiqəsinə bənzəməyən bu gözəl buqələmunumuzun sənətkarı sevən xoş vaxtına təsadüf etmişdi. Şəhər dörd-beş il bundan əvvəl yarıac yola saldığı Kənana indi bir dahi, bir büt kimi ağuşunu açmışdı. Avropa onu böyük sənətkar kimi tanıdıqdan sonra bu gəncin istedadına şübhə etmək, onun musiqisinə laqeydlik göstərmək olmazdı.

Şişlinin21 sənətkarlar salonlarından tutmuş Balıqlı22 yarmarkasındakı palikaryalara23, Sandıqburunun24 əhli-dillərinə qədər hamı “Şərq gecələri”ni dinləmişdi, bu musiqi pianodan tutmuş qrammofona qədər bütün çalğı alətlərində aylarca çalınmışdı.

Bu müvəffəqiyyət, əvvəllər Kənanı bir qədər çaşdırdı, o hələ də müvəffəqiyyətinə inanmırdı:

– Mümkün deyil, bu hal davam edə bilməz, – deyirdi. Odur ki, Kənan bu şöhrətinə əvvəllər etinasızlıq göstərmiş, yaşayışını dəyişdirməməyi qərara almışdı.

İndi onun İstanbulda bir çox hamiləri, xeyirxah dostları meydana çıxmışdı. Varlı bir tacir ona ali musiqi məktəbi açmaq, böyük miras almış veyil, lakin gözüaçıq birisi, “opera truppası” düzəltmək üçün ona xeyli pul təklif etmişdi. O vaxt ictimai işlər naziri vəzifəsini tutan bir musiqişünas paşa da onu xüsusi dəftərxanasına müdir qoymaq istəmişdi. Sənəti ilə ona təklif olunan vəzifə arasında heç bir yaxınlıq görməyən Kənan şaşqın-şaşqın paşanın üzünə baxanda o:

– Nə zərəri var, oğlum, – demişdi. – Mən də musiqişünasam, lakin bu mənim vəzifəmi ifa etməyimə mane olurmu?

Gənc bəstəkar bu cür namünasib təklifləri rədd etmiş və yenə əvvəllərdə olduğu kimi dərs deyib yaşamaq istəmişdi. Amma indi İstanbulun bütün kübar və varlı adamları onun tələbəsi olmağa can atırdı. Kənandan dərs almayan xanım qızların musiqi təhsili yarımçıq sayılırdı. Kənan ümid etdiyindən daha çox pul qazanmağa başlamışdı.

İlk zamanlar həyat tərzi kimi əvvəlki dərdli və bədbin görünüşünü saxlamışdı. Böyük faciələrdən xilas olmuş adamlar kimi ürəyində bir səksəkə, uzun müddət soyuqda qalanlar tək daxilində onu heç cür tərk etməyən bir ürpəniş vardı.

Kənan öz-özünə düşünürdü: “Bu müvəffəqiyyət mənə balaca vaxtımda, gəncliyimin ilk zamanlarında niyə qismət olmadı. Qəlbim söndü, həvəslərim söndü, həyatım ömürlük şikəst oldu… İndi bunlar nəyimə lazımdır…”

Ancaq Kənan yanılırdı, ruhi aləmindən yaxşı baş açmırdı. Özünü yorğun və bezgin bir adam sanan bu gənc əslində təzəcə yaşamağa başlayırdı. Təbiət öz işini görürdü, Kənanın riqqətə, şəfqətə, ümid və sevgiyə möhtac ruhu bir az gecikmiş bahar qüvvəti və hərarəti ilə yavaş-yavaş açılırdı. Əsl sönənlər, əsl ölənlər isə vaxtilə çox gənc bir hərarət və əməllə yaşayan yoldaşları, qohumları idi. Onlar vücudlarını yıpratmış, qəlblərini yormuş, ömürlərinin həyəcan və məhəbbət nəsibini vaxtsız tükətmişdilər. Onlar indi vücudları, üzlərinin cizgiləri belə qabalaşmış iş adamları, yaxud yorğun, bezgin insanlardı. Onlar üçün həyatda heç bir gizli guşə, heç bir yeni hiss qalmamışdı. Halbuki Kənan uşaqlıq dövrünün, ilk gəncliyinin ağır, qaranlıq yuxusundan hələ yenicə oyanır, körpə gözləri kimi məsum mavi gözləri həyata və işığa hələ təzəcə açılırdı.

On beş yaşında ikən o, yorğun qocalara bənzəyirdi. İndi otuz yaşından sonra isə on beş yaşlı məktəbli uşaqlar kimi yeni hisslərlə titrəməyə başlamışdı. Eşitdiyi tərif və təqdirlər nəticəsində onda əvvəllər mövcud utancaqlıq və ürkək mərdimgirizlik yavaş-yavaş keçib gedirdi. Danışığında şən bir ahəng, sərbəstlik vardı, uca və zərif vücudunun hərəkətlərində bir canlanma duyulurdu.

Hətta bir balaca ərköyünləşmişdi də. Uzun müddət şəfqətdən məhrum qalmış uşaqlar kimi bir az nazlanmağı da sevirdi. Yorğun çöhrəsi gündən-günə gözəlləşir, kamanından axıb gələn nəğmələr kimi təzə, cazibəli bir şirinliyə malik olurdu.

Bir neçə il əvvəl, İstanbulda günlərini tənhalıq içində keçirən Kənanın, indi hətta işlərini görüb qurtarmağa vaxtı çatmırdı.

Yoldaşları, dostları onu bir gün belə rahat buraxmır, üzüyumşaqlığından istifadə edərək onu hətta bir az səfahətə də alışdırırdılar.

Bu yay həm əsərini bitirmək, həm də anası və bacısını görmək üçün Seydiköyə getməyi qərara almışdı. Saib paşa qiyamət qopartdı, İstanbula teleqramı teleqram üstündən yağdırdı: “Gözünün işığı, iftixarı” olan Kənanı görmək istədiyini bildirdi.

Böyük dayısının üstündən adlayıb keçmək vicdansızlıq, hörmətsizlik olardı. Odur ki, gənc sənətkar dayısının təkidinə müqavimət göstərə bilmədi. Düşündü ki, dayısının sözünü yerə salsa ona “lovğa nankor” deyərlər.

Bir də ki, Bozyaxanı, illər boyu yoxsul, sönük həyat keçirdiyi yerləri, ömrünün indiki xoşbəxt çağında bir daha görmək istəyirdi.

III

Gəminin üçüncü fiti eşidildi, gedənləri ötürməyə gələnlər asma pillələrlə düşüb qayıqlara oturmuşdular.

Münir bəy bir az kənarda Cavidanla söhbət eləyən Kənanı səslədi:

– İki dəqiqə də geciksən gəmidə qalacağıq. Düşək, Kənan…

Şahzadə Vəfiq paşa Kənanın əlini sıxdı, ürəkdən, çox səmimi:

– Haydı, cavan ustad, – dedi. – Söhbətinizin ardını iki aydan sonra davam etdirərsiniz… İşləyin, inanıram ki, operanızla böyük müvəffəqiyyət qazanacaqsınız.. Bu qışı İstanbulda keçirmək istəyirdik… Ancaq əsərinizin ilk tamaşasına baxmaq məsələsi ortaya çıxdı. Kənan bəyin müvəffəqiyyətini görmək bir səyahət zəhmətinə dəyər; elə deyilmi, Cavidan?

Qız xoş bir təbəssümlə:

– Əlbəttə, atacan, – dedi. – Buna söz ola bilməz.

Sonra əlini Kənana uzatdı:

– Əsəriniz haqqında bizə bir neçə kəlmə də olsa, məlumat verərsiniz, yaxşımı?

Kənan Cavidanın əlini öpdü, gülərək onun öz sözünü təkrar etdi:

– Əlbəttə, buna söz ola bilməz, əfəndim.

Münir bəy asma pilləkənlə enərək arxasınca gələn Kənana yavaşca:

– Kənan, deyəsən, arxamda şadlığından rəqs edirsən? – dedi. – İkimizi də dənizə yıxarsan.

Gəmi yavaş-yavaş hərəkət etməyə başlamışdı. Kənan gəmi pərlərinin yaratdığı dalğalar içində qalxıb-enən qayıqdan hələ də yaylıq sallayırdı.

Münir bəy məmnun halda, bir az da mənalı-mənalı gülümsünərək:

– Allah mübarək eləsin, Kənan, – dedi. – İndi xeyir iş barədə fikirləşmək lazımdır… İnşallah özün kimi sənətkar, arvadın kimi gözəl uşaqların olar.

Kənan qızararaq gülümsədi, söhbətin nədən getdiyini başa düşmürmüş kimi:

– Nə üçün? – deyə soruşdu.

Yandan gələn bir dalğa Münir bəyin şalvarını islatdı, o yaylığı ilə qurulaya-qurulaya:

– Mənim izah eləməyimə lüzum varmı, oğlum? – dedi

– Xeyr… Ancaq sizi inandırıram ki, o barədə heç bir şey danışmamışıq.

– Bəli, bu da həmin o “buna söz ola bilməz” qəbilindəndır.

Münir bəy sonra ciddi və ağır bir səslə sözünə davam etdi:

– Fövqəladə bir hadisə üz verməsə, bu işi baş tutmuş hesab etmək olar. Düzdür, paşa bu barədə açıqca bir şey söyləmədi, ancaq səndən xoşu gəlir. Fikir vermədinmi? Sənətin bəxş elədiyi nəcibliyin heç bir nəcibliklə müqayisə edilmədiyini neçə dəfə təkrar etdi… Qıza gəlincə… Bunu, yəqin ki, sən məndən yaxşı hiss etdin… Bir sözlə, iki gündə ikisinin də ürəyini fəth eləmisən… Bu izdivaca heç bir maneə yoxdur… Bununla belə mənim fikrimi bilmək istəsən mən buna sizin qədər də tərəfdar deyiləm… Mənim də başqa cür mülahizəm var… Mühitləriniz tamamilə başqa-başqadır, zövqləriniz də, təbii ki, elə. Cavidanın xasiyyəti ümumiyyətlə, yaxşıdır. Ancaq onu həddindən artıq ərköyün böyütmüşlər… Sənə gəlincə… Eh, mən də gör nə boş-boş şeylər danışıram. Mənə heç qulaq belə asmırsan. Nəzərin, fikrin başqa yerdədir. Hər halda xoşbəxt olmağını istəyirəm. Dayın bu məsələni eşidəndə, kim bilir, nə qədər razı qalacaq…

– Rica edirəm, ona heç şey deməyin.

– Baş üstə… İndi, Bozyaxaya bir yerdə qayıdarıq, elə deyilmi, Kənan?

– Xeyr, mən sabah gələcəyəm. Axşam məni Qarşıyaxaya25 qonaq çağırıblar.

– Sən elə hər axşam qonaq gedirsən. Bəs nə vaxt işləyəcəksən?

– Bu axırıncısı olacaq, Münir bəy əfəndi. Sabahdan etibarən qollarımı çırmalayıb işə başlayacağam.

– “İnşallah” deyək ki, elə olsun.

Qayıq körpüyə yan aldı. Kənan cəld hərəkətlə qayıqdan sahilə atıldı və əlini Münir bəyə uzatdı.

* * *

Qarşıyaxaya səfər edən axırıncı gəmi sahildən aralananda axşam olmuşdu. Menemen26 ovalığından sərin və ahəstə bir yel əsir, hələ tamamilə sönməmiş qürub şəfəqləri körfəzdəki xırdaca dalğalara incə, qızılı naxışlar vururdu.

Kənan azca kefli idi. İki-üç yoldaşı ilə bir az pivə içmişdilər. O, gəminin sürahisinə dirsəklənib üzünü İzmirə tərəf çevirmişdi. Sahil küçəsinin dəbdəbəli gecə həyatı yavaş-yavaş canlanmağa başlayırdı. Yaxında görünən kazino, onun əlvan kağızlardan düzəldilmiş fənərləri misilsiz Çin rəsmlərinə bənzəyirdi. Burada Kənanın mahnılarından birini çalırdılar. Kənan bu parçanı ilk dəfə eşidirmiş kimi, dərin bir həzlə dinləyir, küləyin havaya dağıtdığı ən kiçik hissələri də eşitsin deyə səs gələn tərəfə boylanırdı.

Gəmi uzaqlaşmış, kazinodan bir rəngli ziya xəyalı, musiqidən isə güclə eşidilən bir nəfəs qalmışdı. Kənan hələ də gözlərini kazinonun olduğu nöqtədən ayırmırdı. Bu dəfə lap yaxında başqa bir kaman sızıldamağa başladı. Yenə həmin havanı çalırdılar.

Kənan başını geri çevirdi. Çalan qoca və kor bir dilənçi idi. O, göyərtəyə qalxan pilləkənin sürahisinə söykənmişdi. Onun iri şapkası yanındakı uşağın əlində idi. Qoca uzun saçlarını küləyin ixtiyarına vermişdi. Çatlamış, köhnə, o qədər də yaxşı köklənməmiş bir kamanı vardı. Bununla belə, Kənan bu qoca dilənçidə bir sənətkar ruhu sezdi.

Pilləkənin üstündən asılmış fənər qocanın geniş, qırış-qırış olmuş alnına işıq salırdı. O isə sönmüş gözləri ilə başqa bir aləmə baxırmış kimi, başını yuxarı qaldıraraq çalırdı. Hərdən yayı yorğun-yorğun aşağı salır, dərin bir nəfəs aldıqdan sonra yenidən çalmağa başlayırdı.

Çalınan yazıq, qoca bir korun sınıq, vecsiz kamanı idi. Lakin Kənan öz mahnısında bu qədər dərin xəyal və məhəbbət olduğunu indiki kimi heç vaxt duya bilməmişdi.

Yanında birisinin dərindən köks ötürdüyünü eşitdi. Bu, matəm paltarı geyinmiş yaşlı bir qadındı. Üzünü gizlədib ağ bir yaylıqla gözlərinin yaşını silirdi. O biri tərəfdə çalbığlı, hündür bir kişi yorğun-yorğun qollarını yanına salmışdı. Kənan bir az əvvəl nəşə ilə gülüb danışan, açıq rəngli paltar geyinmiş iki məktəbli qıza baxdı. İndi onlar da susmuşdular. Biri sarışın başını rəfiqəsinin çiyninə söykəyib, dərin bir kədərlə qaranlığı seyr edirdi. Kənan şikəst sənətkara bir də baxdı. Fənərin donuq haləsi altında əvvəlki vəziyyətdə dayanmış qoca başını bir az yuxarı qaldırıb çalırdı, dodaqlarında bir xəyal, cavanlara məxsus bir təbəssüm dolaşırdı.

Kənan getdikcə artan məstlik içərisində öz-özünə düşünürdü: “Bu yazıq da bir vaxt cavan olmuşdur. Gözləri bəlkə o vaxt görürmüş… Yəqin ki, onun da bir Leylası varmış… Ehtimal ki, o da mənim kimi Leylasının gözlərinin həsrəti ilə gizli-gizli ağlamışdır… Kim bilir, həyatında nə cür müsibətlər görmüşdür… Ancaq bu dəqiqə özünü xoşbəxt hiss etdiyinə şübhəm yoxdur… Nə olsun ki, indi gözləri görmür? Mənim də saatlarca qaranlığa çəkildiyim, saatlarca özümü bilə-bilə korluğa vurduğum vaxtlar olur… Xəyal aləmimi daha yaxşı görə bilmək üçün ətrafımdakı dünyanın işıqlarına qəsdən göz yummurammı? Bu saat bu yazıq kişi xoşbəxt görünür… Ona bu səadəti mən vermişəm: o, itirmiş olduğu dünyanı görür, mənim sayəmdə o, sevdiklərini görür, Leylasını görür… Həyatının göz yaşları ilə axıda bilmədiyi acılarını mənim musiqimlə axıdır… Bunu bircə o edirmi? Bu yaslı qoca qadınla bu məktəbli qızları da bu dəqiqədə xoşbəxt edən mənəm. Bu qadının itirdiyi hər kim isə – su çiçəkləri kimi zərif bir qızımı, qəzaya qurban getmiş cavan bir oğlumu, ömrünün ən gözəl çağlarını qolları arasında keçirdiyi sevimli ərimi, hər kim isə bu qadın, indi onu görür, onunla yaşayır.

Bu kiçik məktəbli qızları bu saat xoşbəxt edən mənəm. Dünyada bəlkə heç vaxt görməyəcəkləri xəyali sevgililərini bu dəqiqədə onlara mən göstərirəm, ömürlərinin səadəti bəlkə elə bu dəqiqədə mənim göstərdiyim röyadan ibarət olaraq qalacaq”.

Qoca kamanı daha çalmırdı. Sahil yaxınlaşırdı. Qarşıyaxa körpüsündən dənizə tökülən işıqlar gəminin ətrafında üzür, pərlərin əmələ gətirdiyi dalğacıqlarda elə bil ulduz qaynağı köpüklənirdi.

Kənan hələ də bu məstedici xəyaldan ayrıla bilməmişdi: “İndi bu saat mən dünyanın, kim bilir nə qədər ölkəsində yaşayıram… Nə qədər adam mənim bəstələdiyim mahnılarla gülür, ağlayır, sevir, xoşbəxt olur… Özüm də artıq yaşamağa, xoşbəxt olmağa başlayıram. Sevirəm, sevdiyimi söyləməkdən çəkinmirəm. Hərçənd ki, səadətim gecikmişdir, qəlbimdə bir çox şey dağılıb məhv olmuşdur… Böyük hisslər duymağa qabiliyyətim yoxdur. Leylanı sevdiyim zamanlarda olan vəfa və ehtirasım qalmamışdır. Məhəbbət macəralarım isə indi göydə axıb-keçən ulduzlara bənzəyir, qəlbimə ötəri bir işıq saldıqdan sonra sönüb gedirlər.. İzmirə getdiyim gün Nemət xanımı Bozyaxadakı bağda qonaq gördüm. Üzünə baxar-baxmaz bu gənc, gözəl və bədbəxt qadını sevməyə başladım. Ərinin, bu qədər gözəl, incə olan bir qadını başlı-başına buraxmasına heyrət etdim. Həm də səmimi bir saflıqla…

Ertəsi axşam Münir bəyin köşkündə şahzadə Cavidana rast gəldim. Şahzadə qızın misilsiz gözəlliyi qarşısında Nemət xanım birdən-birə sönük bir xatirəyə çevrildi. Nişanlı gözü ilə baxdığım Cavidanı ehtiraslı bir eşqlə sevir, səmimi bir saflıqla fikirləşirdim ki, bu qəşəng qızdan ayrı düşsəm, necə yaşayaram.

İndi də qonaq getdiyim evdə məni gözləyən madmazel Lilianı, bu açıq alagözlü, italiyalı artisti düşünürəm. Zavallı Cavidana indidən xəyanət edirəm… Bəli, qəlbim böyük sevdalara, coşqun ehtiraslara ləyaqətini itirmişdir, indi başa düşürəm ki, Leyla məni vaxtı ilə yamanca məhv etmiş, qəlbimi xarabaya döndərmişdi… Sevgi indi qəlbimdən dodaqlarıma çıxmışdır… O artıq birinin digərini unutdurduğu busələrlə bir nəğmə, bir təbəssüm kimi yalnız dodaqlarımda yaşayacaq… Bununla belə, bəlkə xoşbəxt olmaq üçün əsl çarə elə budur. Sevdanı dodaqlarımdan o yana buraxmamaq, zəhər kimi qəlbə axmasına yol verməmək”.

17.İstanbulu fəth etmiş (1453) Sultan Məhəmməd Fatehə həsr edilən bayram.
18.Qərbi Anadoluda vilayət mərkəzi olan bir şəhər.
19.Osmanlı dövlətində məmur. Bu, validən kiçik, qəza rəisindən böyük vəzifə sayılırdı.
20.Aydın – Qərbi Anadoluda, Böyük Menderes çayı vadisində vilayət mərkəzi olan şəhər.
21.İstanbulda əsasən zəngin, kübar ailələrin və görkəmli sənət adamlarının yaşadığı məhəllə.
22.İstanbulda balıq bazarı.
23.İstanbulda yunanlı gənclərə verilən ad. Burada xırda alverçilər nəzərdə tutulur.
24.İstanbulun əsasən yoxsul peşəkarlar və fəhlələr yaşayan məhəlləsi.
25.İzmir civarında, dəniz sahilində, zəngin ailələrin yaşadığı məhəllə.
26.İzmirin şimal-qərbində bol suyu, məhsuldar torpaqları ilə məşhur ovalıq.
28 583,80 soʻm
Yosh cheklamasi:
16+
Litresda chiqarilgan sana:
29 oktyabr 2022
Hajm:
1 Sahifa 2 illyustratsiayalar
ISBN:
978-9952-8451-1-1
Mualliflik huquqi egasi:
JekaPrint

Ushbu kitob bilan o'qiladi