Faqat Litresda o'qing

Kitobni fayl sifatida yuklab bo'lmaydi, lekin bizning ilovamizda yoki veb-saytda onlayn o'qilishi mumkin.

Kitobni o'qish: «Çempion kimi düşün», sahifa 3

Shrift:

Bütövlüyə can atma

Dayanmağı, təəccüb və heyrətdən donub qalmağı bacarmayan insan ölüyə bənzəyir: onun gözləri bağlıdır.

Albert Eynşteyn

Sizə «ümumi mənzərəni görmək» ifadəsi tanışdır? Bəzi adamların ümumi mənzərənin çatışmayan hissələrini görməməsi və ya onlara etinasızlıq göstərməsi, ya da özlərini qeyri-adi heç bir şey olmamış kimi aparması məni heyrətləndirir. Bu, pitsa sifariş verib, onu hər tərəfindən dişlənmiş şəkildə almaq, amma bütöv hesab etmək kimi bir şeydir. Doğrudanmı işin nə yerdə olduğu ilə maraqlanmazdınız?

Mən heç nə ilə maraqlanmayan insanlarla rastlaşmışam. Hərdən beynimdə belə bir sual yaranır ki, görəsən onlar normaldırlar? Bəlkə onlar sadəcə bütöv piroqu (ümumi mənzərəni) almağa cürət etmirlər, özlərini buna layiq saymırlar. İstənilən halda, özünüzü belə aparmağa yol vermək olmaz. Özünüzü dəyərləndirməmək lazım deyil: bu nə biznesdə, nə də şəxsi həyatda fayda gətirmir.

Tamlığa can atmağınız rəqabət qabiliyyətinizi azaldırsa, deməli bu bacarığınız işinizi başlamaq üçün kifayət edəcək qədər inkişaf etdirilməyib. Həyat əsasən sağ qalma və uyğunlaşmadan ibarətdir, bunu hələ Darvin göstərmişdi. Əlbəttə, təbii seçmə üsulu hələ hər şey demək deyil, amma tarixi mənada dünyanın təkamülünün mühüm amilidir. Tarixdə Roma, Osmanlı və digərləri kimi çoxlu imperiyalar olub ki, əvvəl yaranıblar, sonra isə dağılıb gediblər. Bunlar yüzilliklər ərzində mövcud olmuş güclü dövlətlər idi. İndi onlar yoxdurlar və onları ancaq tarixçilər xatırlayırlar. Başqa sözlə, hər şey dəyişir. Biz inkişafdan geri qalmamalıyıq, irəli hərəkət etmək lazımdır, əks halda dünya tarixinin yol kənarında qalacağıq.

The Trump Organization korporasiyasında daim nələrinsə dəyişdiyindən, o mənə daim qidalanmalı və ərzaq ehtiyatlarının yerini doldurmalı olan canlını xatırladır. Şirkət bütöv olmalıdır, ona görə də dəqiq və ahəngdar işləməsi üçün bütün tərkib hissələri bir-birinə tam uyuşdurulmalıdır. Mənim vəzifəm şirkətin tərkib hissələrinin ahəngdar işləməsinə hər gün nəzarət etməkdir ki, mümkün olan məhsulların ən yaxşısı yaradılsın. Mənim nəyisə yaddan çıxarmaq hüququm yoxdur. Mən yol verə bilmərəm ki, bu «piroqun» hansısa tərkib hissələri ikinci növ olsun. Mən bu qaydalara əməl etmək üçün məsuliyyət daşıyıram, çünki onlar mənimkidir.

Özünüzə korporasiya kimi yanaşın. Həyatınızın istisnasız olaraq bütün cəhətlərinə diqqət verin. Siz nədə güclüsünüz? Nəyiniz çatışmır? Ümumi mənzərənin daha cəlbedici görünməsi üçün daha nələr etmək olar. Nə edirsiniz edin, bircə yerinizdə saymayın. Özündən razılıq hissinə dalmayın, yalandan özünüzü aldığınız və ya verdiyinizin yarısının sizə kifayət etdiyi kimi göstərməyin. Bu gün hər şey çox sürətlə dəyişir, ona görə də bu tələyə düşməyi özünüzə rəva görmək olmaz.

Mən dünyanın nə dərəcədə sürətlə hərəkət etdiyini anlayanda ikiqat artıq işləmək qərarına gəldim. Bu mənim tərəfimdən o qədər də böyük qurban deyildi, çünki mən öz işimi sevirəm və həmişə çox işləmişəm. İndi mən həmişəkindən daha xoşbəxt və uğurluyam, amma zamanla ayaqlaşmaq üçün sürəti aşağı salmıram, çünki həyat çox sürətlə keçir. Nyu-York özünün sürəti ilə məşhurdur. Uyğunlaşın, yoxsa uduzacaqsınız. Mən birincini seçdim. Siz də seçin. Mənimlə rəqib olmaq istəyənlər mənim sürətimə dözməli olacaqlar.

Bir dəfə mənim iş yerimə enerjili, yüksək dərəcədə səriştəli və təhsilli cavan oğlan gəldi. Yadımdadır ki, o vaxt mən onun komandamın ən yaxşı oyunçusu olacağını hesab etdim. Necə də yanılmışdım! O, nəyisə izah etməyə həmişə həddindən artıq vaxt sərf edirdi və tezliklə mən onunla görüşməkdən qorxmağa başladım. O, həddindən artıq asta, fikrini əsaslandırmağa çalışan və xırdalıqlara fikir verən idi, lakin lazımi sürəti saxlaya bilmirdi. O, peşəkarlığına baxmayaraq, bizim sürətimizə uyğunlaşa bilmədi, ümumi mənzərəni görə və üzvi surətdə ona qoşula bilmədi. O, işdən çıxanda mən rahat nəfəs aldım. Sizin də başınıza eyni şeyin gəlməməsinə çalışın. Uyğunlaşmağı öyrənin. Daim öyrənməyi öyrənin.

İnsanların çox az hissəsi bitkin bir layihədir. Biz daha çox getməkdə olan prosesə bənzəyirik. Motsart dahi idi, amma o da gərgin işləyirdi. Biz daim qəlpələrdən bütöv bir şey yığmalıyıq. Dərindən fikir versək görərik ki, biz yaratmırıq, quraşdırırıq. Lakin bütövü quca bilmək üçün mənzərəni yaradıcılıqla, ruhla quraşdırmaq lazımdır. Tamlığa can atın və həyata marağınızı saxlayın, onda bütün mükafatları qazanmağa hazır olduğunuzu görəcəksiniz.

Özünüzün ən yaxşı «mən»inə imkan verin

Nailiyyət daha böyük nailiyyətlərə səsləyən öhdəlikdir.

Alber Almyu

Nailiyyət zirvə deyil. Nailiyyət başlanğıcdır. Nailiyyət üçün yaranmış adam daim irəli gedir; o növbəti məsələni öncədən görür və dərhal qarşısına yeni məqsəd qoyur. Bu təşəbbüskarlığı oynamaq mümkün deyil – o ya var, ya yoxdur. Fəaliyyət adamı məsələnin həllinə başlayır və növbəti məqsəd onun fikir obyektinə çevrilir. Onun öz qarşısında öhdəliyi var – daha yaxşı olmaq. Ən yüksək dərəcəli həyat mən buna deyirəm.

Sizin maksimumunuz, sizin ən yaxşı «mən»iniz rahatlıq zonasına müxalifətdə dayanıb. İnkişaf həyatın əlamətidir və inkişafın əlamətləri görünməlidir. Siz şəhər haqqında «canlıdır» sözünü eşitmisiniz. Bu o deməkdir ki, o böyüyür, onda nəsə baş verir, o, bir yerdə dayanmır. İstəyirsinizsə, özünüzə şəhər kimi yanaşın: çiçəklənmək imkanı əldə etmək və yüksək nəticələr göstərmək üçün daxili və zahiri işlər aparın.

Həyatda çoxlu «incə sərhədlər» var və həyatı incəsənət adlandıranlar həqiqətdən uzaq deyillər. Mən artıq demişdim ki, öz işimə incəsənət kimi yanaşıram. Biz, dahi ilə sadəcə qeyri-adi arasındakı incə sərhədi hiss etməyi bacarırıq, amma bəzən o, ələkeçməz, tam sezilməz olur. Leonardo da Vinçinin «Mona Liza»sını şah əsər edən nədir? Bu suala milyon cavab tapmaq olar. Lakin bu heç nəyi dəyişməyəcək, rəsm ağlasığmaz bir yolla bizi ovsunlamaqda davam edir və bizi başqa səviyyəyə, başqa ölçüyə aparır.

Daha yaxşı «mən»imiz bizə xəyalpərəst olmağa kömək edəcək. «Xəyalpərəst» sözünün çoxlu sinonimləri var – məsələn, hava qəsrləri tikən Don Kixot. Adətən bu sözlə izafi dərəcədə idealist əhvala köklənmiş adamları adlandırırlar. Xəyallar müəyyən hədəfə malik olana qədər burada pis bir şey yoxdur. Xəyalpərəstlər dünyanı yeni ölçüyə aparırlar. Məsələn, yüksək texnologiyalar sahəsini və Bill Geytsi, televiziya və Mark Berneti və ya Pablo Pikasso, İqor Stravinski və XX əsrin digər dahi adamlarını götürün. Onlar öz xəyallarının arxasınca getmiş, birincilər olmuş və yeni üfüqlər açmışlar.

Bizim daha yaxşı «mən»imiz çox vaxt bizi keçilməmiş yollarla aparır. Heç kim həyatını yerində saymaqla, tanış cığırdan çıxmadan yaşamaq istəmir. Bu mənasız və darıxdırıcıdır. Bəzən biz nəyisə ancaq təcrübə qazanmaq və güc toplamaq üçün edirik və bu nəsə böyük bir şeyə hazırlıq mərhələsidir. Yadda saxlayın ki, həmişə nə isə böyük bir şeyin astanasında olmaq olar – bu sizin daha yaxşı «mən»inizə aparan yoldur. Həm də bəxtsizlik, boş yerə yaşanmış həyat və s. haqqında fikirlərdən uzaqlaşmağın yaxşı üsuludur.

Məqsədin çərçivələri həmişə tam dəqiq olmur. Bəzən bu, sadəcə, insanın qəbul etməyə hazır olduğu nəsə mühüm bir şeyin qabaqcadan hiss edilməsi olur. Bu o demək deyil ki, kresloda oturub nə baş verəcəyini gözləmək lazımdır; dəyişikliklər çox vaxt siz başqa işlərlə məşğul olanda baş verir. Çalışqanlıq yeni ideyaların maqnitidir, hərəkətsizlik və avaraçılıq isə özünə yalnız pis işləri çəkir.

Fəaliyyət qorxusu insanların ən güclü qorxularından biridir. O bir çox hallarda əsassız itki hissi ilə müşayiət olunur ki, bunun da yeganə səbəbi arzu etdiyimizə nail ola bilməmək variantının da mümkün olduğunu güman etməyimizdir. Uğursuzluq ehtimalı həmişə var, amma nəyəsə nail olmağa çalışırsınızsa, uğur qazanmaq ehtimalı, fəaliyyətsiz qalacağınız haldakından yüksəkdir. Mən radioda uğur qazanacağıma əmin deyildim, amma «Clear Channel» proqramı çox populyar oldu. Deməli, sınaqdan keçirməyə dəyərmiş.

Özünüzün daha yaxşı «mən»inizə imkan versəniz, həyat çox maraqlı macəraya çevrilə bilər. Hər birimiz dünyaya unikal, ancaq bizə məxsus bir şey təklif edə bilərik. Bizim vəzifəmiz bunun nə olduğunu aydınlaşdırmaq və bu layihənin həyata keçirilməsinə öz enerjimizi qoymaqdır. Yerinizdə saymayın. İrəli, hədəfə doğru hərəkət edin.

Müdriklik

Təcrübə – zəhmətsiz qazanıla bilinməyəcək yeganə şeydir.

Oskar Uayld

Mənim yadımda bütövlüklə ancaq bir mövzuya – sizin üçün «müdriklik» sözü hansı məna daşıyır mövzusuna həsr edilmiş balaca kitab qalıb. Müxtəlif peşələrə, ictimai mövqelərə və həyat təcrübəsinə malik olan adamlar bu barədə öz fikirlərini söyləyirdilər. Sorğuda iştirak edənlərin hamısı uğurlu insanlar idilər. Cavablar müxtəlif olsa da eyni bir ortaq məxrəcə gəlirdilər: təcrübə, düzlük və bilik.

Mən həmin kitabı oxuyanda cavan idim və, sözün düzü, indi onun adını xatırlamıram. Kimsə onu məktəb kitabxanasında masanın üstündə qoyub getmişdi, mən də təsadüfən rast gəlmişdim. O vaxtlar mən hələ bunların məndə olması ilə lovğalana bilməsəm, də biliyin də gücünü anladım, təcrübənin də vacibliyini qiymətləndirdim. Düzlüyün isə yeri tamamilə müstəsnadır. Bu keyfiyyət tez-tez etibarlı olmaqla əlaqədar xatırlanırdı və düşünürəm ki, yüksək keyfiyyətin təminatı olacaq ticarət markasına yanaşma tərzimin əsasları məhz o vaxt qoyuldu.

O vaxta mənim atam Nyu-Yorkun şəhər kənarlarında tikinti aparan şirkətinə möhkəm etibar qazandırmışdı. İnsanlar bilirdilər ki, onun işləri müəyyən keyfiyyət səviyyəsinə təminat verir. İnsanlar Trump adlı şirkətlə iş görməyin riskli olub olmayacağını artıq fikirləşmirdilər. Çünki mənim atam vicdanlı adam adını qazanmışdı. Öz biznesimlə məşğul olmağa başlayanda özümə elə bir ad qazanmaq qərarına gəldim ki, ona bankirlər də, digər peşə sahibləri də etibar etsinlər. Mən bilirdim ki, mənim biznesmen düzlüyüm heç kimdə şübhə yaratmamalıdır. İnsanlar bilsələr ki, sizə etibar etmək olar, sizinlə ürəklə işləyəcəklər. Bu çox vacib mülahizədir, xüsusən də öz layihələriniz üçün maliyyə axtaranda.

Siz tələbəsinizsə, öz gələcəyiniz, tamamilə yeni perspektivlər və ya sadəcə növbəti mərhələ haqqında fikirləşməyin əsl vaxtıdır. Özünüzə müəyyən yol nişanələri təyin edin. Hərçənd bu kitabı oxumağınızın özü artıq yaxşı nişanədir. Deməli, siz öz təhsilinizə və bilik qazanmanıza ciddi yanaşırsınız. Mən tələbə olanda bunu daim bizim yadımıza salırdılar və mən də daha çox öyrənmək və ağlımı başıma yığmaq üçün böyük səylər göstərirdim.

Bizə onu da deyirdilər ki, (mən bunu çox sonralar tam anladım) müdriklik iki amilin: təcrübə və biliyin qarşılıqlı təsiri ilə təmin olunur. Bu iki şeyə öyrətmək mümkün deyil, onu ancaq öz qüvvənlə əldə edirsən. Eyni şeyi təcrübə ilə birlikdə gələn fərasət – işin məğzinə nüfuz etmə haqqında da demək olar.

İndi anlayıram ki, mənim şəraiti tez qiymətləndirmək bacarığım qazandığım təcrübənin nəticəsi olan müdrikliyin təzahürüdür. Başqa sözlə, siz öz instinktlərinizə etibar edə bilərsiniz, çünki uğurlu «verilənlər bazası» işləyib hazırlamısınız. Bu müdrikliyi ifadə etmək mənə çox çətindir, bunu özünüz əldə etməlisiniz, amma bu yönəldici sözlər vaxtilə mənə kömək ediblər və onlara diqqət etməyə dəyər.

Müdrikliyə aparan daha bir yol dahi insanların və sizi maraqlandıran sahənin görkəmli nümayəndələrinin həyatı haqqında oxumaqdır. Mən dünya siyasətində görkəmli rol oynamış Uinston Çörçill, Avraam Linkoln və başqaları haqqında oxuyanda çox şey öyrəndim. Onlar həyatın onların qarşısına qoyduğu məsələləri həll etmək üçün son dərəcə hazırlıqlı olmalı idilər. Onların həyatı çox vaxt püşkdən, taledən, tarixi məqamdan asılı olub, amma belə vəziyyətlərin öhdəsindən əla gəlmək üçün təcrübə və bilikləri kifayət edib. Hərəkət və qərar-larınızdan minlərlə, hətta milyonlarla insanın həyatının asılı olduğunu təsəvvür etsəniz, onların çiynində olan məsuliyyət yükü haqqında müəyyən təəssürata malik ola bilərsiniz. Öz problemləriniz sizə sadəcə xırda görünəcəklər, bu isə təfəkkürünüzün üfüqlərini genişləndirməyə imkan verəcək, öhdəlik və peşəkarlığın nə olduğunu daha yaxşı anlamağa yardım edəcək.

Hələ məktəbdə oxuyanda, o vaxtlar özümə təsəvvür etdiyim dünyaya iki şeyin – müharibə və təbiətin güclü təsir etdiyini anlamışdım. Təbiət də müharibə qədər böyük qüvvədir. Müharibə siyasi və mədəni landşaftı dəyişirsə, təbiət də coğrafi landşaftı dəyişməyə qadirdir. Ona görə də mən müharibələri və onların bəşəriyyətə təsirini öyrənməyə çox vaxt sərf etdim. Bu, böyük işdir və mən də mütəxəssis deyiləm, lakin bugünkü vəziyyətə necə və niyə gəlib çıxdığımızı öyrənmək üçün vaxt sərf etməyə dəyər.

Sun Tszının biznes və idarəetmə strategiyası baxımından çox maraqlı olan «Müharibə məharəti» kitabını oxumağı tövsiyyə edirəm. O, ehtimala görə, eramızdan əvvəl VI əsrdə yazılıb və hərbi strategiyaya həsr edilib. Bu kitab uzun illər ərzində hökmdarlara təsir göstərib; onu, başqa görkəmli hərbi rəislər kimi, general Duqlas Mak-Artur da öyrənib. Sözlərim sizə biznes məktəb müəlliminin səciyyəvi olmayan tövsiyəsi kimi görünə bilər, amma inanın ki, bu belə deyil. Bu, çox qiymətli və müasir kitabdır.

Daha bir məşhur kitabda, Makiavellinin «Hökmdar»ında söhbət müharibə və biznesdən daha çox böyük siyasi münaqişələr və rəhbərlərin keyfiyyətlərindən gedir, lakin hakimiyyət anlayışına qoyulan məna mənfi çalar alır. Etika və düzlük görüş sahəsindən yoxa çıxır, ona görə də «makiavelliçi» sözü bu gün mənfi çalar daşıyır. Yaxşısı budur «Müharibə məharətini» oxuyun.

Müdrikliyə aparan yollar çoxdur və çox kitablar sizi bu yola səsləyəcəklər. Əminəm ki, sizin öz üstünlük verəcəkləriniz olacaq, sadəcə ilk addımı atın və mütləq oxumağa və oxunanı dərk etməyə vaxt ayırın. Ciddi sınaqlardan qalib çıxmış insanlardan öyrənəcəksiniz deyə perspektivdə vaxta qənaət etmiş olacaqsınız. Yadda saxlayın ki, sizə birinci növbədə bilik və təcrübə lazımdır. Müdriklik gələcək, bir şərtlə ki, onun gəlməsi üçün şərait yaradasınız. Əvvəldən başlayın, davamı sizi xoş təəccübləndirəcək. Müdriklik sizin şəxsi nailiyyətiniz olacaq.

24 129,46 soʻm
Yosh cheklamasi:
16+
Litresda chiqarilgan sana:
18 oktyabr 2022
Hajm:
1 Sahifa 2 illyustratsiayalar
ISBN:
978-9952-8449-8-6
Mualliflik huquqi egasi:
JekaPrint

Ushbu kitob bilan o'qiladi