Faqat Litresda o'qing

Kitobni fayl sifatida yuklab bo'lmaydi, lekin bizning ilovamizda yoki veb-saytda onlayn o'qilishi mumkin.

Kitobni o'qish: «Çempion kimi düşün», sahifa 2

Shrift:

Komanda kimi işləməyin əhəmiyyəti

Bir yerə toplanmaq başlanğıc, bir yerdə olmaq

– inkişaf, bir yerdə işləmək

– uğurdur.

Henri Ford

Mən əslində fərdi iş adamı olsam da, komandada işləməyi bacarmağın nə dərəcədə vacib olduğunu həmişə anlamışam. Qlobal mənada biz hamımız bir komandanın üzvləriyik və başqa cür fikirləşiriksə can atdığımız nəticəyə çatmaya bilərik. Komanda işi bu gün uğur və sağ qala bilmək qabiliyyəti ilə dünənkindən daha artıq bağlıdır.

Mən bu barədə fikirləşəndə komanda oyunçularının bir neçə əla nümunəsini xatırlayıram. Televiziya jurnalisti və yazıçı Tom Brokounu çoxları tanıyır. O, çoxlu mükafatlar alıb, həmkarlarının və ictimaiyyətin böyük hörmətini qazanıb. Yadımdadır, «Kandidat» şousunun ekranlara təzəcə çıxdığı və o dəqiqə də populyarlığını artırmağa başladığı (həmin həftə o, reytinqlərdə birinci yerdə idi) zaman məni Yankees-in oyununa baxmaq üçün Corc Steynbrennerin lojasına dəvət etmişdilər. Tom və onun gözəl arvadı da dəvət edilənlər sırasında idilər. O mənə yaxınlaşdı və əli ilə çiynimə toxunub dedi: «Donald, NBS üçün etdiklərinə görə çox sağ ol. Biz sənə çox minnətdarıq».

Onun sözləri komanda ruhunun əla nümunəsidir. Biz bu şəbəkə üçün bir yerdə işləmişdik və o mənə onlar üçün etdiyimə görə təşəkkür edirdi. «Onlar» «bizə» çevrildilər və mən onun məhz nəyi nəzərdə tutduğunu anladım. Bəli, o çox məşhurdur, amma bilir ki, onun proqramı təkcə onun əlinin məhsulu deyil. Mənim proqramım da təkcə mənim deyil. Doğrudan da, illər keçdikcə daha müdrik olduğunuzu hiss edəndə, anlayacaqsınız ki, etdiyiniz şeylərin demək olar ki, hamısı təkcə şəxsən sizə aid deyildir. Tom NBS-də baş verənlərə laqeyd deyil, «Kandidat» şousunun uğuru isə onun komandasına kömək edir. Bu sözlər onun bütöv xarakterli adam olduğun mənə anlatdı və bəlkə də məhz bu xasiyyətinə görə ona həm şirkətdə, həm də ondan kənarda hörmət edir və sevirlər.

Daha bir əhvalat. Los-Ancelesdə Emmy mükafatı təqdim edilərkən («Kandidat» şousu da namizədlər siyahısında idi) səhnənin arxasında dayanmışdım. «Will and Grace» seriyalındakı roluna görə mükafatla yanaşı, həm də sürəkli alqışlar qazanmış Debra Messinq mənim yanımda dayanmışdı. Bu qadından həmişə xoşum gəlib (bəlkə də səbəb onun gur saçları olub?). O mənə yaxınlaşdı və çox nəzakətlə şoumun uğuruna görə mənə təşəkkür etdi. Mən yenə də qarşımda gözəl bir komanda oyunçusunun dayandığını anladım: onun da seriyalı NBS kanalında göstərilirdi.

Artıq bir neçə il keçsə də Jeff Tsukerin kabinetimə girib Saturday Night Live proqramında iştirak etməyimi təklif etdiyi gün indi də çox yaxşı yadımdadır. Məni müsbət cavab verməyə vadar edən səbəblərdən biri də bu şounun NBS-də efirə çıxması və mənim də onun komandasının bir hissəsi olmağım idi. Komanda ruhunu dəyərləndirməmək mümkün deyil və etiraf edim ki, razılıq verdiyimə təəssüf etmirəm. Biz vaxtımızı çox gözəl keçirdik və bu hamımız üçün faydalı oldu.

Mən əminəm ki, şəxsi və peşə həyatında komanda ruhunu saxlamaq çox yaxşı, bəzən gözlənilməz nəticələrə gətirə bilər. Hər şeydən əlavə, həmfikirlərinlə bir yolu getdiyini bilmək əla hissdir. Komandanın gücünə dəyər versəniz, onun mühüm (və nüfuzlu) iştirakçısı olacaqsınız.

Şükranlıq günü

Bəzən bizim öz odumuz sönür və başqa adamın sayəsində yenidən yanır. Hər birimiz içərimizdə alov yandıranlara dərin minnətdarlıq hissi bəsləmişik.

Albert Şveytser

Artıq on səkkiz ildir ki, hər il Roş Xa-Şananın bayram edilməsinə bir gün qalmış Los-Anceles ravvinlərindən biri mənə zəng edir. Mən yəhudi deyiləm, amma mənimlə bir yerdə çoxlu sayda dindar yəhudi işləyir, ona görə də mən onların adət-ənənələri ilə tanışam və bilirəm ki, yəhudilərin yeni ili Roş Xa-Şana bayramından başlayır.

Ravvinin zəngi məndə xüsusi hisslər yaradır: uzun illər əvvəl bu adam və onun arvadı oğullarını itiriblər, bununla belə zəng edirlər ki, özlərinə (elə mənə də) həyatlarında olmuş xeyirxah işləri xatırlatsınlar. Bu adamın davranışı əsl şükranlığın gözəl nümunəsidir. 1988-ci ildə onların üç yaşlı oğlu xəstələnir. Los-Ancelesin həkimləri xəstəliyin öhdəsindən gələ bilmirlər. Bir dəfə uşağın atası mənə zəng edib soruşdu ki, təyyarəmdən istifadə etmək olarmı. Biz tanış deyildik. Ata mənə izah etdi ki, heç bir aviaşirkət onun oğlunu aparmağa cürət etmir, çünki uşağın yaşamasını təmin etmək üçün çoxlu xüsusi avadanlıq lazımdır. Aviadaşıyıcılara bu çox riskli görünürdü. O vaxt mənim öz uşaqlarım da kiçik idilər və mən dərhal onun xahişini yerinə yetirməyə razı oldum. Məgər mən başqa cür hərəkət edə bilərdim?

Mən dərhal təyyarəmi göndərdim. Oğlanı və onun valideynlərini Nyu-Yorka çatdırdılar. Ümid edirdilər ki, Nyu-York həkimləri uşağın əziyyət çəkdiyi ağ ciyər xəstəliyinin öhdəsindən gələcəklər. Bunu etmək mümkün olmadı, amma uşağın valideynləri bu günə qədər də mənə təşəkkür edirlər. Onların minnətdarlığı məni dərindən duyğulandırır.

İndi, ölkədə vəziyyətin çətin olduğu vaxtda, ravvinin zəngi mənə çətin, bəzən faciəli zamanlarda, bədbəxtliklər arasında, xeyir-dua tapmağın yaxşı nümunəsi kimi görünür. Bu ailə və onun sədaqəti hər kəs üçün gözəl nümunədir və mən onlara bunu yada saldıqları üçün təşəkkür edirəm. Hamımız anlamalıyıq ki, həmişə, istər Yeni il, istər Şükranlıq günü, istərsə də həyatımızın ən adi günü olsun, minnətdar olmaq üçün əsasımız var.

Bilik – yeni başlanğıcdır

Hər bir yeni hökumət gənclərə təhsil verməkdən başlanır.

Pifaqor

Pifaqor dünyaya riyazi ölçü ilə yanaşırdı. Mənə, bir biznesmen kimi, belə yanaşma həmişə xoş gəlirdi. O, ağıllıdır. Pifaqor riyaziyyatçı və filosof idi, ona görə də biliklərin vacibliyini anlayırdı. O, qədimlərdə yaşayıb, amma çox şeylər, məsələn, təhsilin şəxsiyyət və cəmiyyət üçün əhəmiyyəti indiyə qədər də dəyişməyib.

Mən yeni bir iş başlayanda anlayıram ki, çox şeyləri öyrənməli olacağam. Bu məni qorxutmur, əksinə mənə güc verir. Bu, növbəti başlanğıc, yeni mərhələ hissinə bənzəyir. Mən qolf meydançaları inşa etməyə başlayanda beynimdən ağlasığmaz dərəcədə böyük yeni məlumat keçirməli oldum, amma fantastik mütləq yenilik hissi duydum: qolf meydançalarının salınmasının incəliklərinə nüfuz etmək xoşuma gəldi. Kimsə otuz il bundan əvvəl mənə bu işlə məşğul olacağımı desəydi onu çox zarafatcıl insan hesab edərdim. Lakin bu məşğuliyyət mənə doğrudan nəhəng ləzzət verir.

Yeni ideya və yeni biliklər üçün açıq olmaq çox vacibdir. Özünü hər şeyi bilən kimi hiss etmək yeni kəşflər və imkanlar qarşısında qapını bağlamaq deməkdir. Qoy bu qapı hər gün nəsə yeni və ruhlandırıcı bir şey üçün açıq olsun. Bəzən yeni günün mənə nə gətirəcəyini sevinclə gözləyirəm və bu, əla başlanğıcdır. Bəzən müəyyən səy göstərmək lazım gəlir, bu halda kitablar və müəyyən təhsil tədbirləri yerinə düşür – onlar daim əl altında olmalıdır. Bəlkə də mənim sadəcə bəxtim gətirib, amma mən heç vaxt darıxmıram. Hətta məncə bu, mənim uğurumun kifayət qədər vacib amilidir.

Vaxtaşırı (tez-tez etsəniz daha yaxşı olar) özünüzdən soruşun: mən nə barəsində daha artıq bilməliyəm? Bəlkə dünya tarixi haqqında? İndiki şəraitdə müəyyən mədəniyyətlərin yaranması və bugünkü vəziyyətini öyrənmək pis olmazdı. Ya da başqa bir şeyi. Mən hər gün beynəlxalq xəbərlərə böyük diqqət verilən qəzetləri və The Financial Times-ı oxumağa çalışıram. Çünki mənim fəaliyyət sahəm dünyada baş verən hadisələri izləməyi vacib edir. Təkcə bu, hər gün mənim ciddi diqqətimi tələb edir. Sizin halınızda bu başqa bir şey ola bilər.

Bizim dövrümüzdə kifayət qədər məlumatlı olmamağa heç cür bəraət qazandırmaq mümkün deyil. Biliklər heç vaxt indiki qədər əlçatan olmayıb və qədim yunanlara qayıdıb yadınıza Sokrat və onun məşhur sözlərini salmaq istəyirəm: «Bir onu bilirəm ki, heç nə bilmirəm». Hörmətli alimə bu sözləri söyləmək asan deyildi, lakin onlar hər gün ona yeni biliklər aparan yolu açırdılar. Başqa sözlə desək, hər gününüzü təmiz vərəqdən başlayın. Şüurunuzu açın və yeni başlanğıca imkan verin.

Mən biznesə başlayanda hər şeyi bildiyimi hesab etsə idim, işə başlamamış iflasa uğrayardım. Belə səhvləri etməyin. Hər bir fəaliyyət sahəsində sualtı qayalar var və əvvəlcə asan görünən şeyin nə qədər çətin ola biləcəyini mütləq görəcəksiniz. Məsələn, Nyu-Yorkda bina tikmək zonalaşdırma, podratçılar bazarı, memarlıq, vergi və həmkarlar təşkilatı qanunvericiliyi, tikinti meydançası üzərindəki hava məkanı haqqında qanunlar və minlərlə başqa məsələlər barəsində biliklərin olmasını tələb edir. Mən çox şeyləri öyrənməli oldum və bunu heç kim mənim yerimə etməyəcəkdi. Mən hər gün yeni şeylər öyrənir, yeni bilikləri tətbiq edir və irəli gedirdim. İnanın ki, heç kim bir günün içərisində inşaatçı olmur.

Heç vaxt elmi darıxdırıcı, təhsili isə ağır yük hesab etməyin. O, doğrudan da müəyyən intizam tələb edir, amma eyni zamanda əsl macəra ola bilər. Ya da sizi yeni yola hazırlaya bilər. Mənim həyat kredomda (və kitabımın adında) hansı əməlin birinci yerdə durduğuna fikir verin. Fikirləşmək birinci addımdır. Bu qabiliyyəti istifadə etmək və inkişaf etdirmək üçün gücünüz çatan hər şeyi edin və böyük sürprizlər gözləyin.

Sürətlə fikirləşməyi öyrənin

Liderin yenilmək hüququ var, qəfildən yaxalanmaq hüququ yoxdur.

Napoleon Bonapart

Mən özündən razı olmaq hissindən və bunun sizin uğur qazanmaq imkanlarınızı necə məhv etdiyindən artıq danışmışdım. Bu həmişə eyni cığırı tutub getmək və heç vaxt ondan kənara çıxmağa səy göstərməməyə bənzəyir. Ona görə də mən sizə daim yeni bir şeyə hazır olmağı təklif edirəm. Bu hal özündən razı olmağın tam əksidir və əslində fəhmli olmaqla eyni şey deməkdir.

Siz çətin vəziyyətlərdə əqli qabiliyyətlərin necə fəallaşdığını görmüsünüz? Sanki əlavə qüvvə verən adrenalin artımı baş verir. Əgər hər günü sizin qüvvələrinizə meydan oxuma kimi qəbul etsəniz nə qədər çox işi çatdırmaq və səmərəli işləmək mümkün olduğuna təəccüblənəcəksiniz.

«Kandidat» şousunun ən aşkar dərslərindən biri sürətlə fikirləşmək zərurətidir. Yerinə yetirmək üçün namizədlərə təklif edilən məsələlərə müəyyən vaxt məhdudiyyəti qoyulur və mən görmüşəm ki, ehtiyatda B planının olması çox vacibdir. A planı işləməsə onlar buna hazır olacaq və vaxt itirməyəcəklər. Onlar perspektivi nəzərə almağa, hazır vəziyyətdə olmağa və qarşılarına qoyulmuş məsələnin öhdəsindən gəlməyə çalışırlar. Bunlar biznesdə uğurun əsas amilləridir.

Mən biznesdə ilk addımlarımı atanda məni maraqlandıran sövdənin şərtlərinin ən kiçik təfsilatlarını öyrənməyə çoxlu vaxt sərf edirdim, elə indi də belə edirəm. Çox vaxt deyirlər ki, mən çox sürətlə hərəkət edirəm və bu doğrudur. Lakin mənim cəld reaksiya vermək qabiliyyətimin səbəbi heç kimin hiss etmədiyi böyük hazırlıq işi aparmağımdır. Siz insanı işləyən zaman görmürsünüzsə, bu o demək deyil ki, o, həmin işi kabinetdən kənarda və ya boş vaxtlarında etmir. Mən diqqətlə hazırlaşıram ki, sonra, məqamı gələndə, sıçrayış edə bilim.

Sürətlə fikirləşmək qabiliyyəti məşq və intizamın nəticəsidir. Buna hazır deyilsənsə irəli atılmaq olmaz. Özünü sıçrayışa hazırlamaq sizin tapşırığınızdır. Təkcə istəklə kifayətlənib onun həyata keçirilməsi üçün çalışmasan heç nə alınmayacaq. Bununla hər gün məşğul olmaq lazımdır. Başqa sözlə, qarşınıza məqsəd qoyun və onun həyata keçməsi üçün çalışın. İdmançılar bilirlər ki, heç kim onların yerinə məşq etməyəcək, biznesmenin də eyni şeyi öyrənməsinə dəyər. Siz özünüzə əmin olmalısınız.

Nə vaxtsa «Ah, bunun haqqında əvvəllər düşünmüş olsaydım!» nidası qopub? Mən bu sözləri həqiqətə çevrilmiş ağıllı və ya qeyri-adi fikirlə toqquşmuş insanlardan eşitmişəm. Sürətlə düşünməyin üsullarından biri özünə «mən əvvəllər bu barədə nəyi düşünməli idim?» sualını verməkdir. Bunu elə bu dəqiqə edin və tezliklə başqalarının sizin ünvanınıza deyəcəyi «Əla ideyadır! Niyə mən bu barədə əvvəllər düşünməmişəm?» sözlərini eşidəcəksiniz. Özünüzə fikirləşmək zəhməti versəydiniz, başınıza nə qədər əla fikirlər gələ biləcəyinə təəccüblə-nərdiniz. Fikirləşməyə vaxt tələb olunur. Sürətlə fikirləşmək bacarığı belə məşq etdirilir. Hər şeyin öz vaxtı var: əvvəl biz addımlayır, sonra qaçır və yalnız bundan sonra irəliyə sıçrayış edirik.

Toro deyib: «Mən insanın öz mövcudluğunu şüurlu istəyi ilə yüksəldə bilməsi kimi şübhəsiz bacarığından daha ümidverici hadisə tanımıram». Bu fikir təkcə ümid yox, həm də güc verir. O, göstərir ki, yaxşı fikirləşmə və bu fikirləşmə prosesini fəaliyyətlə bitirməklə çox şeyə nail olmaq mümkündür. Fəaliyyətsiz fikrin, son nəticədə, heç bir dəyəri yoxdur. Sizin dahi ideyalarınız, onları həyata keçirmək üçün fəal hərəkətlər etməsəniz, elə ideya olaraq da qalacaqlar.

Özünüzün fəhmini yoxlamaq üçün əlverişli şərait gözləməyin. Onu hər gün yoxlayın. Həmişə göz-qulaqda olun. Napoleonun dediyi kimi: «Liderin yenilmək hüququ var, qəfildən yaxalanmaq hüququ yoxdur». Bu dəqiqədən özünüzü lider hesab edin. Bunun mənası sizin özünüzə əmin olduğunuz, biznes və şəxsi həyatınızda taleyin faniliyinin qurbanı olmağa meyilli olmadığınız deməkdir. Əvvəlcədən hazırlaşmağın əhəmiyyətinə dəyər verməmək olmaz və siz bu qaçışda yaxşı vaxt göstərmək istəyirsinizsə, əvvəlcədən məşq etməyə çalışın.

24 129,46 soʻm
Yosh cheklamasi:
16+
Litresda chiqarilgan sana:
18 oktyabr 2022
Hajm:
1 Sahifa 2 illyustratsiayalar
ISBN:
978-9952-8449-8-6
Mualliflik huquqi egasi:
JekaPrint

Ushbu kitob bilan o'qiladi